Məhkəmə qərarları › İş №2-1(103)-2216/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2216/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2216/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və s.tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5395/2021 saylı iş üzrə qəbul etdiyi 25 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5395/21 saylı, 26 iyun 2021-ci il tarixli qərarı ilə iddiаçı İddiaçı iddiası qismən təmin edilmiş, ona sabiq dövlət qulluqçusu kimi pensiyanın dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991 -ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda Azərbaycan SSR Tədarük Nazirliyinin (sonradan Çörək Məmulatarı Nazirliyi) X5, X8 Komitəsinin Azər Aqro Sənaye Tikinti Birliyi, 1 nömrəli ixtisaslaşdırılmış “Aqrosənayeixtisasquraşdırmatəchizat” tresti və həmin qurumlarda (müəssisələrdə) mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf 15.10.2021-ci il tarixli məhkəmə iclasında apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı İskəndər oğlu xx.xx.1944-cü il təvəllüdlüdür, hazırda 77 yaşı var. O, 16.04.1971-01.07.1971-ci ildə Azərbaycan SSR-nin Tədarük Nazirliyi Material Texniki Təchizat İdarəsində mühəndis, 01.04.1974-29.11.1976ci ildə həmin nazirliyin Plan Maliyyə İdarəsində böyük mütəxəssis, 29.11.1976-15.01.1987ci ildə həmin nazirliyin X2 rəisi kimi işləmişdir. 01.04.2006-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsi tərəfindən 1 aprel 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 01.04.2006-cı il tarixdən 30.12.2020-ci il tarixədək 14 il 8 ay sabiq dövlət qulluqçusu kimi pensiya almışdır. Dövlət Sosial Müdafiə Fondunun daxili nəzarət departamenti tərəfindən Fondun Xətai rayon şöbəsində apardığı audit yoxlaması zamanı iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişi 31.12.2020-ci il tarixindən etibarən dayandırılmışdır. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən ona ünvanlanan 27.04.2021-ci il tarixli məktubla bildirilmişdir ki, 1974- 1976-cı illərdə Azərbaycan SSR Tədarük Nazirliyinin Plan-maliyyə şöbəsində böyük mütəxəssis, 1976-1987-ci illərdə Azərbaycan SSR Tədarük Nazirliyi tabeliyində X2 rəisi vəzifələrində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsi haqqında müraciətinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. "Azərbaycan SSR Tədarük Nazirliyinin məsələləri haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1970-ci il 5 mart tarixli 79 nömrəli qərarına Əlavəyə əsasən Azərbaycan SSR Tədarük Nazirliyinin mərkəzi aparatının strukturu təsdiq edilmişdir. Həmin Əlavəyə əsasən Plan-maliyyə şöbəsi Azərbaycan SSR Tədarük Nazirliyinin mərkəzi aparatının strukturunda nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparıldığından 1974-1976-cı illərdə Azərbaycan SSR Tədarük Nazirliyinin Plan-maliyyə şöbəsində böyük mütəxəssis vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxildir. Yuxarıda adı çəkilən Əlavəyə əsasən Azərbaycan SSR Tədarük Nazirliyinin mərkəzi aparatının strukturunda İnformasiya hesablama mərkəzi nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş arxiv çıxarışlarından müəyyən edilir ki, Azərbaycan SSR Tədarük Nazirliyinin 25 may 1973-cü il tarixli 169 nömrəli əmrinə əsasən İnformasiya hesablama mərkəzi Azərbaycan SSR Tədarük Nazirliyinin yanında yaradılmış Resept və qiymət mərkəzinin yenidən təşkili əsasında formalaşmışdır. Azərbaycan SSR Tədarük Nazirliyinin 01 fevral 1973-cü il tarixli 32 nömrəli əmrinə əsasən həmin mərkəzin saxlanma xərcləri onun xidmətlərindən istifadə edən qarışıq yem müəssisələrininin ayırmaları hesabına həyata keçirilmişdir. Büdcə vəsaiti hesabına maliyyələşmədiyindən, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda Azərbaycan SSR nazirliklərinin yanında fəaliyyət göstərmiş qurumlarda mövcud olmuş vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığından 1976-1987-ci illərdə Azərbaycan SSR Tədarük Nazirliyi yanında X2 rəisi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajına daxil deyildir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 23.04.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 13 mart tarixli 2787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1268 nömrəli Sərəncamına əsasən Nazirliyin Aparatında təminedici şöbənin müdirinin vəzifə maaşı 1470 manat, yardımçı şöbənin müdirinin vəzifə maaşı 1290 manat, Nazirliyin yanındakı dövlət agentliklərində təminedici şöbənin müdirinin vəzifə maaşı 975 manat, yardımçı şöbənin müdirinin vəzifə maaşı 925 manat təşkil edir. İddiaçı ona təyin edimiş sabiq dövlət qulluqçusu kimi pensiya ödənişinin dayandırılmasına dair cavabdeh orqanın hərəkətilə bağlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, pensiyasının yenidən hesablanaraq almadığı hissəsinin bərpa edilərək ona ödənilməsi, sabiq dövlət qulluqçusu kimi pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi, vurulmuş maddi və mənəvi zərərə görə kompensasiyanın və məhkəmə xərclərinin ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən, sabiq dövlət qulluqçusu kimi pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, qalan hissədə isə rədd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı həmin qərardan apelyasiya şikayəti verməmiş, cavabdeh isə apelyasiya şikayətində sözügedən qərarı iddianın təmin edildiyi hissədə mübahisələndirmişdir. Beləliklə, hazırki apelyasiya baxışının predmetini İddiaçı sabiq dövlət qulluqçusu pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair hüquqi mübahisə təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin ediməsi əsası ilə razılaşmır və hesab edir ki, məhkəmənin qərarı həmin hissədə ləğv edilməli, ləğv edilən hissədə yeni qərar qəbul edilərək, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” AR Qanunun: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materialllarında olan Dövlət Sosial Müdafiə Fondunun Xətai, Sabunçu rayon filallarında və Bakı şəhəri 2 saylı xidmət nümayəndəliyini əhatə edən şöbələrdə Qanunun 9 və 20-ci maddələrinə əsasən təyin olunmuş pensiya işlərinin araşdırılması haqqında 24.12.2020-ci il tarixli xidməti məruzəyə əsasən (həmin məruzə cavabdeh tərəfindən məhkəməyə imzasız və möhürsüz olaraq təqdim edilmişdir), araşdırma zamanı nöqsanlar və yol verilmiş nöqsanlar nəticəsində artıqödəməyə yol verildiyi aşkarlanmışdır. Xətai rayon filialı üzrə araşdırma nəticəsində 51 pensiya işi üzrə ümumilikdə 773.711, 23 manat artıqödəmə aşkar edilmişdir. Belə ki, Xətai rayon filialı üzrə nöqsan aşkar edilmiş 21 pensiya işi Qanunun 9 və 20-ci maddələri üzrə pensiya hüququ olmadığından ləğv edilməli olduğu və nəticədə 354825, 52 manat artıqödəmə olduğu aşkar edilmişdir. Filial tərəfindən təyin olunmuş 5 pensiya işinin həmin qanunun 20-ci maddəsi ilə əmək pensiyası hüququnun olmadığı və 154812, 29 manat artıqödəməyə yol verildiyi, 16 pensiya işinin həmin qanunun 9-cu maddəsi ilə əmək pensiyası hüququnun olmadığı və 200013, 23 manat artıqödəməyə yol verildiyi aşkarlanmışdır. Bu və başqa qeyd edilənlərə nəzərə alınaraq aşkar olunmuş artıq ödəmələrin vətəndaşların pensiya məbləğindən tutulması, pensiya hüququ ləğv olunacaq pensiya işləri üzrə artıq ödəmənin bərpa olunması və şübhə doğuran pensiya işləri üzrə stajların həqiqiliyinin yerində sənədlərin əslləri ilə üzləşdirilməsi üzrə qanunamüvafiq tədbirlər görülməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına həvalə edilmişdir. Qeyd olunan sübuta istinad edərək, birinci instansiya məhkəməsi qeyd etmişdir ki,” iddiaçıya 01.04.2006-cı ildə dövlət qulluqçusu kimi pensiyasının təyin edilməməsinin qanuni əsasları olmuşdur. Lakin bununla belə, iddiaçıya sabiq dövlət qulluqçusu kimi 01.04.2006-cı il tarixdə pensiya təyin edilmiş və 30.12.2020-ci il tarixədək həmin pensiyanı almışdır. Odur ki, məhkəmə bu hissədə müdaxilənin qanuniliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməyi zəruri hesab edir. Müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı: Müdaxilə dövlət büdcəsindən səmərəli istifadə məqsədi daşıdığından qanuni məqsəd hesab edilə bilər.” Kollegiya bu mövqe ilə razılaşaraq qeyd edir ki, məhkəmə sözügedən inzibati aktın qəbul edilməsinin dövlətin maraqlarına toxunduğunu qəbul etsə də, digər tərəfdən iddia tələbini qismən təmin etməsini əsaslandırarkən bildirmişdir ki, “... İddiaçının 16.04.1971- 01.07.1971-ci ildə Azərbaycan SSR-nin Tədarük Nazirliyi material texniki təchizat idarəsində mühəndis, 01.04.1974-29.11.1976-ci ildə həmin nazirliyin plan maliyyə idarəsində böyük mütəxəssis, 29.11.1976-15.01.1987-ci ildə həmin nazirliyin X2 rəisi kimi işlədiyi dövr dövlət qulluğu stajı kimi nəzərə alınmaraq ona pensiya təyin edilmişdir. Odur ki, həmin pensiyanın ömürlük ödənilməsinə etimad hüququ olmuşdur.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçı və cavabdeh orqan arasında etimad hüququnun qorunmalı olması mövqeyində haqlı olsa da, iddiaçının pensiyasının ödənilməsinə ömürlük etimad hüququ olması hissəsində qanunvericilik normalarını düzgün təfsir etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin etimad prinsipinə əsaslanaraq, dövlətin maraqlarına toxunan qanunsuz inzibati aktın hüquqi nəticələrinin fiziki şəxs üçün ömürlük bərpa edilməli olması nəticəsinə gəlməsi düzgün yanaşma olmamışdır. Kollegiya vurğulayır ki, “İnzibati icraat haqqında” qanununun 67-69-cu maddələri etimad hüququnun qorunması prinsipinin praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. Sözügedən Qanunun 67.8-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçıya sabiq dövlət qulluqçusu kimi qanunsuz olaraq pensiya təyin edilməsinə dair cavabdeh orqanın qanunsuz əlverişli inzibati aktı dövlətin maraqlarına toxunduğundan ləğv edilməli idi. Məhkəmə kollegiyası sözügedən qanunsuz əlverişli inzibati aktın ləğv edilməsinə dair inzbati aktın olduğu təqdirdə məhkəməyə təqdim edilməsinə dair cavabdeh AR ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu ünvanlamış, lakin məhkəmə iclasında iştirak edən nümayəndə məhkəməyə bu cür inzibati aktı təqdim edə bilməmişdir. İşin hallarından göründüyü kimi, iddiaçıya dövlət qulluqçusu qismində pensiya ödənişinin dayandırılmasına əsas olan inzibati hüquqi akt mövcud deyildir. “İnzibati icraat haqqında” qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qanunun 64.3-cü maddəsinə əsasən, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçıya sabiq dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə əsas olan inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilmədiyindən öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qismən ləğv edilərək, ləğv edilən hissədə yeni qərar qəbul edilərək, iddia həmin hissədə təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5395/2021 saylı iş üzrə qəbul etdiyi 25 iyun 2021-ci il tarixli qərarı qismən - iddia tələbinin təmin edildiyi hissədə ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçı sabiq dövlət qulluqçusu kimi pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Azad İmanov Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar