Məhkəmə qərarları › İş №2-1(103)-2216/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2216/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2216/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1564/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X1 əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə, yəni 2015-ci ildə onun şəxsi hesab vərəqəsində yazılmış 31.840,99 manat vergi borcunun qanunun tələblərinə uyğun olaraq, vaxtı keçdiyinə görə silinməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ilə qədər yaşadığı ünvanın yaxınlığında kiçik mağazada ərzaq satışı ilə məşğul olaraq, sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. O dövrlərdə olan vergi orqanının məmurları əsassız olaraq, ona qarşı vergi yoxlaması aparmış, süni surətdə vergi borcu yaratmışdır. Həmin vaxtdan iddiaçı sahibkarlıq fəaliyyətindən əl çəkmiş və mağazanı təhvil vermişdir. Lakin işlədiyi dövrdə ən yüksək məbləğdə hesabat verməklə vergi ödəmişdir. İddiaçı qeyd etmişdir ki, ondan sonra həmin obyektdə sahibkarlıqla məşğul olan şəxslər onun qədər vergi ödəyə bilməmişdirlər. O, sahibkarlıqdan əl çəkdikdən sonra, 7 ildən çox vaxt keçməsinə baxmayaraq iddiaçının şəxsi hesab vərəqəsində yuxarıda göstərdiyi məbləğdə vergi borcu pulu qalmaqda davam edir. Bu səbəblə müvafiq qaydada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi xx.xx.2023-cü il tarixdə onun müraciətinə cavab verərək, iddiaçının vergi borcunun silinməsi məsələsinə baxılmasını qeyd etmiş, lakin heç bir müsbət nəticə olmamışdır. Bu səbəblərə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1564/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, 31.740,99 manat vergilər üzrə ümidsiz borcun silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə bağlı bildiririk ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-6025/2021 saylı Qətnaməsinə əsasən, cavabdeh X3 qarşı 31.418,33 manat dəyərində vergi, sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət olunmuşdur. Qeyd etmək istərdik ki, həmin Qətnamə öz qüvvəsini almış və cavabdeh tərəfindən hər hansı şikayət edilməmişdir. Həmçinin, vergi borcunun ödənilməsi barədə tələbin icraya yönəldilməsi ilə bağlı sənədlər hazırlanarkən İddiaçı məxsus **-LR-*** nömrə nişanlı nəqliyyat vasitəsinin olması barədə məlumat sənədlərə əlavə edilmiş, lakin baza məlumatlarına əsasən həmin nömrə nişanlı nəqliyyat vasitəsi barədə də məlumat müəyyən edilməmiş, Xətai rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, borc əmlaka yönəldilən məbləğ üzrə vərəqəyə işləndiyindən tələb etmə müddəti keçmiş borc sayıla bilməz və xx.xx.2020-ci il tarixli **********586000 nömrəli “Vergi borcunun ödənilməsinə” dair Bildiriş üzrə 13.0.2020ci il tarixə dövlət büdcəsinə ümumilikdə ödəniləcək borc 31.840,98 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-6025/2021 saylı Qətnaməsinə və VM-nin 93-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə müvafiq borclar ümidsiz borc kimi silinir. Lakin indiki halda, həmin məhkəmə qərarından 5 illik müddət keçməmişdir. VM-nin 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüquqlarına aid edilmişdir. Həmçinin VM- nin 23.1.8-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək vergi orqanının hüquqlarına aid edilmişdir. Qeyd olunanlara baxmayaraq, cavabdeh tərəfindən borcun alınması istiqamətində VM-ə qeyd olunan imkanlardan istifadə edilməsinə baxmayaraq, bu mümkünsüzlüklə nəticələnmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün Kollegiya qərarın qanuniliyini tam yoxlayır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun12 yanvar 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki: Hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarınıntutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə VM-in 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. İş materiallarından müəyyən edilir ki: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, məlum olduğu kimi qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi hesab olunur. Bildiririk ki, hazırda vergi orqanı tərəfindən dövlət büdcəsi qarşısında yaranmış vergi borclarınızın qanunvercilikdə nəzərdə tutulmuş qaydada alınması ilə əlaqədar araşdırma aparılır. Odur ki, qeyd olunanlar üzrə qanunamüvafiq araşdırmalar yekunlaşdıqdan sonra üzidsiz borclarınızın silinməsi məsələsinə baxıla bilər. İddiaçıya xx/xx/2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 31,840.98 manat, o cümlədən vergilər üzrə 23,246.52 manat, maliyyə sanksiyaları üzrə 100.00 manat, faizlər üzrə 8,494.46 manatborcunun olduğu barədə “Vergi borcunun ödənilməsinə dair” bildiriş göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 6025/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə müəyyən etdi hissəsində qeyd edilmişdir ki, “Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan İddiaçı (VÖEN: **********) 31418,33 manat məbləğində (o cümlədən, vergilər üzrə 23246,52 manat, faizlər üzrə 8171,81 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixli **********335300 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir”. Göründüyü kimi, İddiaçı xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə (VÖEN: **********) 31418,33 manat məbləğində (o cümlədən, vergilər üzrə 23246,52 manat, faizlər üzrə 8171,81 manat, vergi borcu vardır. Yaranmış borc məbləğinin dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə xx.xx.2017-ci il tarixli **********335300 nömrəli bildiriş göndərilmişdir. Bundan əlavə, məhkəmə qətnaməsi ilə təmin edilmiş vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlmasına səbəb olan vergi borcu xx.xx.2018-ci il tarixə yaranmış borclardan ibarətdir ki, bu da Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətinin başa çatması deməkdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-6025/2021 saylı Qətnaməsinə və VM-nin 93-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə müvafiq borclar ümidsiz borc kimi silinir. Lakin indiki halda, həmin məhkəmə qərarından 5 illik müddət keçməmişdir. Cavabdehin qeyd edilən dəlilini əsassız hesab edən Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə hər hansı məhkəmə qərarı təqdim edilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanıda bu hal öz təsdini tapmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli e-2-2(113)-6025/2021 saylı Qətnamə isə, borcların və s. dövlət büdcəsinə alınması ilə yox, vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı olmuşdur. Odur ki, cavabdehin qeyd edilən dəlili əsassızdır. Apellyasiya şikayətində qeyd edilmişdir ki, borc əmlaka yönəldilən məbləğ üzrə vərəqəyə işləndiyindən tələb etmə müddəti keçmiş borc sayıla bilməz. Qeyd edilən dəlillə razılaşmayan Kollegiya bildirir ki, borcun əmlaka yönəldilən məbləğ üzrə vərəqəyə işlənməsinin müddət axımının dayanmasına səbəb olması və ya həmin müddətin yenidən hesablanması ilə bağlı qanunverici hər hansı istisna müəyyən etməmişdir. Əlavə olaraq Kollegiya qeyd edir ki, cavabdehin əmlakın siyahıya alınmasına dair qərar qəbul etmək, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi hüquqları olsada, 5 il ərzində bu hüquqlarından istifadə etməmişdir. Qeyd edilənlərə əsasən və Konstitusiya Məhkəməsinin yuxarda qeyd edilən plenum qərarına istinadən Kollegiya bildirir ki, iddiaçıya cavabdeh tərəfindən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulması ilə bağlı Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətin bitməsi səbəbindən həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəliləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prоsеssuаl Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dяyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1564/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar