Məhkəmə qərarları › İş №2-1(103)-2217/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2217/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2217/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Baxışova Vüsalə Ələkbər qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “qərarın ləvğ edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2-1(112)- 5624/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, “İcraata başlamaq haqqında” 18.09.2020-ci il tarixli qərarın ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1363/2019 saylı 01.02.2019-cu il tarixli icra sənədinin onu vermiş məhkəməyə qaytarması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, icra sənədində X1 və istifadə hüququnun tanınacağı mənzilin nömrəsi göstərilməmişdir. Həmin ünvanda yerləşən İddiaçıya məxsus mənzilin nömrəsi isə 82-dir. Habelə “İcraata başlamaq haqqında” 18.09.2020-ci il tarixli qərarda da borclu qismində İddiaçı deyil, "xxxx" Şirkəti göstərilmişdir. Bu səbəbdən icra məmurunun ona məxsus olan 82 saylı mənzilin boşaldılmasına yönələn hərəkətləri qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2-1(112)-5624/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2-1(112)-5624/2021 saylı qərardadının ləğv edilməsini, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2-1(112)-5624/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli 2(005)2819/2018 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdeh "xxxx" Şirkətinə qarşı (İddiaçı maraqlı şəxs qismində cəlb edilməklə) 04.03.2009-cu il tarixli 05-03B nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verilmiş ünvan 1 ünvanda inşa edilən 3 nömrəli yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101,5 kv.metr olan 2 otaqlı mənzilə iddiaçının sahiblik və istifadə hüququnun tanınması barədə iddiası təmin edilməmişdir. J.Zeynalovanın apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1363/2019 saylı 01.02.2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iddiaçı X2 ünvan 2 ünvanda inşa edilən 3 nömrəli yaşayış binasının 16-cı mərtəbəsindəki ümumi sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı mənzilə sahiblik və istifadə hüququnun tanınması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2035/2020 saylı 04.08.2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra həmin məhkəmə tərəfindən verilmiş 01.02.2019-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xətai rayon İcra şöbəsi (bundan sonra – Cavabdeh) tərəfindən 18.09.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İddiaçı (bundan sonra – İddiaçı) 29.03.2021-ci il tarixdə ərizə ilə Cavabdehə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1363/2019 saylı 01.02.2019-cu il tarixli icra sənədinin onu vermiş məhkəməyə geri qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə, inzibati orqanın mübahisələndirilən hərəkətləri icra sənədinin icrası qaydasında həyata keçirilən fəaliyyətlə bağlıdır. Belə olan halda, yuxarıda qeyd olunanlara əsasən hazırkı mübahisəyə inzibati mübahisə kimi ayrıca iddia qaydasında inzibati məhkəmədə baxıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. «İcra məmurları haqqında» AR Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müəssisə, təşkilat, idarə və vətəndaşlara icra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir. Məhkəmələrin mülki, inzibati və iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik icra işi çərçivəsində icra məmurunun hərəkətlərindən şikayətə iddia qismində inzibati məhkəmə icraatı qaydasında baxılmasını yox, ona icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2-1(112)-5624/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Vüsalə Baxışova Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar