Məhkəmə qərarları › İş №2-1(103)-2218/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2218/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2218/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “tibbi göstərişin təyini” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6049/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə iddiaçının minik avtomobilinə tibbi göstərişin verilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Xanıbəy oğlu xx xxxxxxxx 2000-ci il tarixində Lerik rayonu, Çayrud kəndində anadan olmuşdur. İşğal altında olan torpaqların azad edilməsi uğrunda 27 sentyabr 2020-ci ildən etibarən keçirilən hərbi əməliyyatlarda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəal iştirak etmiş, xx.xx.2020-ci il tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən bədən xəsarəti almışdır. İlk tibbi yardım Füzuli RMX-da göstərildikdən sonra Elmi-Tədqiqat Travmatologiya və Ortopedia İnstitutuna təxliyə olunmuş, xx.xx.2020- xx.xx.2020-ci il tarixinədək akademik Topçubaşov adına X9 “Sol budun yuxarı 1/3-də odlu silah yaralanması, kompartman sindromuna görə bud və baldırda fassiotomiyadan sonrakı vəziyyət, sol oturaq sinirin kontuzion zədələnməsi” diaqnozu ilə stasionar müalicə almışdır. Ümumilikdə, xx.xx.2020-xx.xx.2021ci il tarixlərində X8 Mərkəzində, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində MedEra Hospitalında, xx.xx.2021-ci il tarixində MN MHP-də, xx.xx.2023-xx.xx.2023-ci il tarixlərində isə Respublika Reabilitasiya Mərkəzində müalicə və müayinə olunmuşdur. İddia ərizəsinə qoşma kimi əlavə olunmuş “Əlillik haqqında arayış”-dan da göründüyü kimi, xx.xx.2021-ci il tarixində hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silahla yaralanma, sol budun yuxarı və orta 1/3nin dəlib keçən güllə yaralanması, sol aşağı ətrafın dərin parezi, yeriş funksiyasının pozulması ilə sol oturaq sinirin postravmatik neyropatiyasının qalıq əlamətləri Astiqmatizm, OU- Miop astiqmatizm diaqnozu ilə 5 il müddətində üçüncü dərəcə əlilliyi müəyyən olunmuşdur. Əlilliyin səbəbi yuxarıda qeyd etdiyi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması arayışda göstərilmişdir. Daha sonra iddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununda nəzərdə tutulan reabilitasiya vasitələri ilə təmin olunma hüququndan istifadə etmək üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də, həmin müəssisə müraciətinə cavab olaraq 18 oktyabr 2023- cü il tarixli, 317-4/2-D-27416/2023-CÜ məktubunda həyata keçirilən araşdırmanın nəticəsinə görə minik avtomobilinə tibbi göstəriş verilməsinin mümkün olmamasını qeyd etmiş, bunun əsaslarına isə cavab məktubunda yer verməmişdir. Qeyd edir ki, iddiaçı həmin məktubu 2 noyabr tarixində cavabdeh müəssisənin binasına gedərək oradan əldə edə bilmişdir. Halbuki, “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri ilə bağlı “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin olunma şərtləri və qaydası”na əlavənin 57-ci hissəsinə əsasən, minik avtomobilinin verilməsi üçün əsas olan tibbi göstərişlərdən biri kimi “bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” çıxış edir. Yuxarıda qeyd olunan “Əlillik haqqında arayış”-da diaqnoz kimi “sol budun yuxarı və orta 1/3-nin dəlib keçən güllə yaralanması, sol aşağı ətrafın dərin parezi” müəyyən olunmuşdur ki, bu da reabilitasiya vasitələri ilə təmin olunma qaydasına və şərtlərinə uyğun gəlir. Müvafiq diaqnozu iddia ərizəsinə əlavə olunan digər tibbi sənədlər də təsdiqləyir. Nəticədə əlillik statusu müəyyən olunmuş bir şəxs kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununda təsbit olunmuş hüququ pozulmuş, bu isə həmin müəssisənin üzərinə pozulmuş hüququnun bərpası üçün minik avtomobilinə tibbi göstərişin verilməsinə məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etməyini zəruri etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6049/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) İddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silahla yaralanması (xx.xx.2020) .Sol budun yuxarı və orta 1/3-nin dəlib keçən güllə yaralanması.Sol aşağı ətrafın dərin parezi.Yeriş funksiyasının pozulması ilə, Sol oturaq sinirin postravmatik neyropatiyasının qalıq əlamətləri Astiqmatizm, OU - Miopik astiqmatizm OU = = 0.9 (onda doqquz ).; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2);” səbəbi ilə 5 il müddətinə 3-cü dərəcəli əlillik dərəcəsi verilmişdir. Məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə 57-ci bəndində qeyd edilmişdir ki, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir. İddiaçıya əlilliyin təyin olunmasına əsas olmuş diaqnoz “sol budun yuxarı və orta 1/3- nin dəlib keçən güllə yaralanması, sol aşağı ətrafın dərin parezi” müəyyən olunmuşdur ki, bu da reabilitasiya vasitələri ilə təmin olunma qaydasına və şərtlərinə uyğun gəlir. Beləliklə, iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi yuxarıda qeyd edilən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara uyğundur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “sol budun yuxarı və orta 1/3-nin dəlib keçən güllə yaralanması, sol aşağı ətrafın dərin parezi” diaqnozu ilə əlillik təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bildirirlər ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Həmçinin, vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq sol aşağı ətrafda bükücü qrup pəncə əzələlərində əzələ gücü~3,0 baladək azalmış, açıcı qrup əzələlərdə- 5,0 bal kimi qiymətləndirilmişdir. Diz refleksi hər iki aşağı ətrafda canlı çağrılmış, sol Axil refleksi çağrılmamışdır. Baldır əzələlərində atrofiya, hipotrofiya müşahidə olunmamışdır. Təzahür edən distal parez izlənilmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6049/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirakı təmin edilməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarından görünür ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi barədə daxil olmuş müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza ve Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Bildirirlər ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər tibbi göstəriş olduğu halda növbəlilik qaydasında dövlət büdcəsi vəsaiti hesabına minik avtomobili ilə təmin edilirlər. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq, minik avtomobilinin təyinatına tibbi göstərişin müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olub. Təqdim edilən tibbi sənədlər və həyata keçirilən araşdırmanın nəticəsinə görə göndərişdə qeyd edilən diaqnoz yə ağırlaşmalar reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına əsas vermədiyindən minik avtomobilinə tibbi göstəriş verilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir; - xx.xx.2000-ci il təvəllüdlü İddiaçı dair “Odlu silahla yaralanması (xx.xx.2020). Sol budun yuxarı və orta 1/3-nin dəlib keçən Qüllə yaralanması. Sol aşağı ətrafın dərin parezi, yeriş funksiyasının pozulması ilə. Sol oturaq sinirin postravmatik neyropatiyasının qalıq əlamətləri Astiqmatizm, OU - Miopik astiqmatizm OU -0.9 (onda doqquz)." diaqnozlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 0284003AANE7 nömrəli göndərişi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir; - Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən İddiaçı üçün xx.xx.2021-ci il tarixdə “Avtomobil və motorlu araba almaq üçün” 0284003AANE7 nömrəli Forma 088 doldurularaq göndərilmişdir; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********0 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq sol aşağı ətrafda bükücü qrup pəncə əzələlərində əzələ gücü~3,0 baladək azalmış, açıcı qrup əzələlərdə 5,0 bal kimi qiymətləndirilmişdir. Diz refleksi hər iki aşağı ətrafda canlı çağrılmış, sol Axil refleksi çağrılmamışdır. Baldır əzələlərində atrofiya, hipotrofiya müşahidə olunmamışdır. Təzahür edən distal parez izlənilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarının “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir (30.1); Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (30.2); Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (30.3). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli № 213 Fərmanının 1.1.18-ci bəndinə əsasən həmin Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən: - 1.2-ci bəndinə əsasən şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. - 1.4-cü bəndinə əsasən Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X4 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X7 tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. - 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X5 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. - 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, “Odlu silahla yaralanması (xx.xx.2020). Sol budun yuxarı və orta 1/3-nin dəlib keçən Qüllə yaralanması. Sol aşağı ətrafın dərin parezi, yeriş funksiyasının pozulması ilə. Sol oturaq sinirin postravmatik neyropatiyasının qalıq əlamətləri Astiqmatizm, OU - Miopik astiqmatizm OU -0.9 (onda doqquz )." diaqnozlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 0284003AANE7 nömrəli göndərişi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçı barəsində “Avtomobil və motorlu araba almaq üçün” 0284003AANE7 nömrəli Forma 088 doldurularaq göndərilmiş, lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının qərarına əsasən ona “avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş”in verilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi isə əlillik təyinatına əsas verən diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin təyinatına əsas vermədiyi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarının “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin 57-ci bəndində minik avtomobilləri aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:

1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;

2. ağciyər çatışmazlığı, İİ dərəcəli;

3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;

4. hemiplegiya, nəzərəçarpan hemiparez;

5. nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom;

6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;

7. hər iki aşağı ətrafın fillik xəstəliyi;

8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;

9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;

10. hər iki bud-çanaq oynağının ankilozu;

11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr;

12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə);

13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2 -dən böyük) olduqda;

14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;

15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. Məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (30.2); Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (30.3). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153- VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli № 213 Fərmanının 1.1.18-ci bəndinə əsasən, həmin Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə 57-ci bəndində qeyd edilmişdir ki, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin olunmasına əsas olmuş diaqnoz “sol budun yuxarı və orta 1/3-nin dəlib keçən güllə yaralanması, sol aşağı ətrafın dərin parezi” müəyyən olunmuşdur ki, bu da reabilitasiya vasitələri ilə təmin olunma qaydasına və şərtlərinə uyğun gəlir. Göründüyü kimi iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi yuxarıda qeyd edilən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara uyğundur. İşin hallarına əsasən müəyyən edilir ki, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2. qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6049/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6049/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar