Məhkəmə qərarları › İş №2-1(103)-2218/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2218/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2218/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8166/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli artıq ödəməyə görə qərarının ləğv edilməsi, yeni hesablanma aparılmazdan öncəki pensiya ödənişinin bərpa edilərək artımla birlikdə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı DOST Mərkəzinə müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2006-cı il müddətə kimi onun 40 il 2 ay 44 gün deyil 36 il 3 ay 7 gün sığorta stajının olmasını və artıq ödəmələr olmasını bildirmişdir. Qərarı onunla əsaslandırmışlar ki, xx.xx.1966-cı il tarixindən xx.xx.1967-ci il tarixinədək 803 saylı Ordubad Körpü Tikinti Qatarı və xx.xx.1967-ci il tarixindən xx.xx.1969-cu il tarixinədək X4 işlədiyim müddətlərdə əmək kitabçasında doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olma tarixlərində qaralamalar olduğu üçün) sözügedən dövrün sığorta stajınıza daxil edilməsi nəzərdə tutulmayıb. Həmin ərəfədə iddiaçı işləməklə yanaşı qiyabi təhsil alırdı. Çox güman ki, sessiya müddətlərində akademik məzuniyyətlə bağlı əmək kitabçasında belə səhflərə yol verilib. Əfsuslar olsun ki, sovet hakimiyyəti illərində gənc olduğum və kifayət qədər təcrübəsi olmadığı üçün bununla bağlı işlədiyi müəssisəyə müraciət etməmişdir. O, xx.xx.2024-cü ildə sözügedn qərarı 4 saylı Bakı DOST Mərkəzindən alan zaman etirazını bildirsə də bu onların səlahiyyətləri çərçivəsində olmadığından ancaq məhkəməyə müraciət edilməsini bildirdilər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.1966-xx.xx.1967, xx.xx.1967-xx.xx.1969-cu illərin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı cavabdeh orqan tərəfindən onun xx.xx.2011- ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra, iddiaçının pensiya işinə daxil olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsistemində olan məlumatlara əsasən əmək fəliyyəti dövrü, o cümlədən 19 11.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək hərbbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 36 il 3 ay 7 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2454,91 manat (2011-ci il tarixə indeksləşdirilmiş), pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 447.93 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1966-cı il tarixdən xx.xx.1967- ciil tarixədək və xx.xx.1967- ci il tarixdən xx.xx.1969-cu il tarixədək olan dövrün doldurulma qaydaları pozulduğu üçün (işə daxilolma və işdən azadolma tarixlərində qaralamalar olduğu üçün) sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 463,16 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə əsasən 479,82 manata, eyni zamanda Qanunun maddəsının tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən bou, 35 manata, xx.xx.2024-cü il tarixdən 611,99 manata çatdırılmışdır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə S Abdullayev işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1683,01 manat pensiya kapitalı əsasında onun əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2024-cü il tarixdən 635,36 manat müəyyən edilmişdir. Qanunun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. İddiaçının müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, ona yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.2006-cı il tarixinədək sığorta stajı 36 il 3 ay 7 gün nəzərə alınmalı olduğu halda, 40 il 2 ay 44 gün nəzərə alınmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyansının məbləğində xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətdən 3 il əvvələ) xx.xx.2024-cü il tarixədək artıqödəmə müəyyən olunmuşdur. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “İnzibatı icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qanunun 61.5-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: 61.5.1. inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; 61.5.2. inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; Qanunun 63.1-ci maddəsinə əsasən inzibatı orqan öz təşəbbüsü ile və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Belə ki, pensiya təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qusurlu olmasına gətirib çıxara bilər. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Hazırki qərara qanunla nəzərdə tutulmuş müddətlərdə münasibət bildirilməməsi onun nəticələrinin şərtsiz qəbul edilməsi kimi qiymətləndirilir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar 'inzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin inzibati aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi iddiaçıya pensiya ilk dəfə təyin edilərkən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1966-cı il tarixdən xx.xx.1967-ci il tarixədək və xx.xx.1967-ci il tarixdən xx.xx.1969-cu il tarixədək olan dövrün doldurulma qaydaları pozulduğu (işə daaxilolma və işdən azadolma tarixlərində qaralamalar olduğu üçün) həmin dövrlər də staja yalnışlıqla daxil edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8166/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/1-A-39460/2024 nörməli qərarı ləğv edilmiş və xx.xx.1966-xx.xx.1967, xx.xx.1967-xx.xx.1969-cu illər nəzərə alınmaqla İddiaçı pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8166/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2011-ci il tarixli 99 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixindən ömürlük 163.08 manat dəyərində yaşa görə pensiya təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X7 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarxli 3-17- 1/1-A-39460/2024 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdə təyin olunmuş pensiya yenidən hesablanaraq 670.00 manatdan 635.36 manata azaldılmışdır. Yenidən hesablanmanın səbəbi 37-3-1 i/ç göstərilmişdir. Qeyd hissəsində “Vətəndaşa pensiyanın ilkin təyinatı zamanı sosial sığorta satajı 40il 2ay 44gün nəzərə alınmış, lakin, yenidən hesablama zamanı 36 il 3ay 7gün nəzərə alınmalı idi. (vətəndaşın əmək kitabçasında 3-cü səhifədə 2-ci və 3-cü qeyddə qəbul və xitam illərinə düzəliş edilmişdir. Bu səbəbdən həmin illər sosial sığorta stajına daxil edilmədi.” göstərilmişdir. Artıq vermə - 1726,61 manatdır. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 02/633 nömrəli 12 iyul 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, 803 saylı Ordubad Körpü Tikinti Qatarın sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində və Ordubad Rayon Dövlət Arxivində mühafizə edilmir. İddiaçı Mincivan Dəmiryolu hərəkət şöbəsinə işə qəbul edilməsi, məzuniyyətə çıxması barədə məlumatların qeyd olunduğu xx.xx.2024-cü il tarixli, 13/1002 nömrəli arxiv arayışını, xx.xx.1967-ci il tarixli 77 nömrəli, xx.xx.1971-ci il tarixli, 211 nömrəli əmrlərin və Ordubad Rayon Dövlət Arxivinin 09 iyul 2024-cü il tarixli 24 nömrəli məktubunun surətləri məhkəməyə göndərilmişdir. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 13/1002 saylı xx.xx.2024-cü il tarixli Arxiv arayışından görünür ki, İddiaçı Mincivan Dəmiryolu hərəkət şöbəsinə xx.xx.1967-ci il tarixli 77 N-li əmrlə işə “Qapançı” qəbul edilməsi, xx.xx.1971-ci il tarixli 211 N-li əmrlə sessiyaya getdiyi üçün xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək məzuniyyətə getməsi əmr kitablarında göstərilmişdir. Qeyd: Mincivan Dəmiryolu hərəkət şöbəsinin 1972-ci ilə dair əmr kitabları, əməkhaqqı cədvəlləri, həmçinin 803 N-li Ordubad Körpü Tikinti Qatarının sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən işdən çıxması haqqında məlumat mövcud deyil. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət X1 əmrlər kitabından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixli 77 N-li əmrlə işə qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A-51175/2024 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2011-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1 -ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiya işinizə daxil olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 36 il 3 ay 7 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 2454,91 manat (2011-ci il tarixinə indeksləşdirilmiş), pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (müraciət etdiyiniz tarixdən 3 il əvvəl) 447,93 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1966cı il tarixindən xx.xx.1967-ci il tarixinədək və xx.xx.1967-ci il tarixindən xx.xx.1969-cu il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olma tarixlərində qaralamalar olduğu üçün) sözügedən dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım empinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 463,16 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4-cü maddəsinə əsasən 479,82 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 550,35 manata, xx.xx.2024cü il tarixindən 611,99 manata çatdırılmışdır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2008-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 1683,01 manat pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2024-cü il tarixindən 635,36 manat müəyyən edilmişdir. Qanunun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Müraciətinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, sizə yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.2006-cı il tarixinədək sığorta stajınız 36 il 3 ay 7 gün nəzərə alınmalı olduğu halda, 40 il 2 ay 44 gün nəzərə alınmışdır. Nəticədə Qanunun 39.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyanızın məbləğində xx.xx.2021-ci il tarixindən (xx.xx.2024- cü il tarixli müraciətinizdən 3 il əvvələ) xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73- cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hüquq münasibətlərinin yarandığı dövrü tənzimləyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1.Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Hazırkı işin hallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixli 99 nömrəli qərarı ilə İddiaçı xx.xx.2011-ci il tarixindən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh yenidən inzibati icraat zamanı iddiaçıya əmək kitabçasında qeyd edilmiş və pensiya təyin edilərkən nəzərə alınmış xx.xx.1966-cı il tarixindən xx.xx.1967-ci il tarixinədək və xx.xx.1967-ci il tarixindən xx.xx.1969-cu il tarixinədək olan dövrləri çıxmaqla yenidən hesablamışdır. Əsas kimi isə əmək kitabçasında qeyd olunmuş xx.xx.1966-cı il tarixindən xx.xx.1967-ci il tarixinədək və xx.xx.1967-ci il tarixindən xx.xx.1969-cu il tarixinədək olan dövrün doldurulma qaydasının pozulması (işə daxil olma və işdən azad olma tarixlərində qaralamalar olduğu üçün) olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi arxiv sənədləri, o cümlədən əmrlər, əmək haqqı cədvəlləri nəzərə alına bilər. Başqa sözlə, qanunvericilikdə xx.xx.2006-cı il tarixədək iş stajının hesablanması zamanı işçinin işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün əmək kitabçası olduğu halda əmək kitabçası ilə yanaşı həmin dövrə əmrlər və ya əmək haqqı cədvəllərinin təqdim edilməli olmasına dair imperativ tələb yoxdur. Əmək kitabçası bilavasitə işçi kimi müəssisə, idarə və təşkilatda işləyən şəxs barəsində, onun əmək fəaliyyətinin əsas dövrləri qeyd edilməklə tərtib edilir. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. Bu baxımdan 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Hazırkı işin materiallarından iddiaçının iş stajını təsdiq edən əmək kitabçasının mövcud olduğu müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək kitabçasında 2-3-cü səhifələrində iddiaçının 803 N-li Ordubad Körpü Tikinti Qatarına xx.xx.1966-cı il tarixdə işə qəbul edildiyi, xx.xx.1967-ci il tarixdə işdən azad edildiyi, həmçinin Mincivan Dəmiryolu hərəkət şöbəsinə xx.xx.1967-ci il tarixdə işə qəbul edildiyi, xx.xx.1969-cu il tarixdə işdən azad edildiyi barədə qeydlər göstərilmiş, həmin qeydlər şöbənin təmsilçisinin imzası və müəssisəyə aid möhürlə təsdiq olunmuşdur. Sonrakı əmək fəaliyyəti dövrü mübahisələndirilən dövrün qeydlərinin ardınca yazılmış, qeydlərin tarix və nömrə ardıcıllığı pozulmamışdır. Əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliliyinə şübhə ediləcək hallara rast gəlinməmişdir. X6 Respublikasının Dövlət Arxiv İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim ediyi Arxiv arayışından, Əmrlər kitabından çıxarışdan görünür ki, İddiaçı Mincivan Dəmiryolu hərəkət şöbəsinə xx.xx.1967-ci il tarixdə işə “Qapançı” qəbul edilmiş, xx.xx.1971-ci il tarixli 211 N-li əmrlə sessiyaya getdiyi üçün xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək məzuniyyətə getməsi əmr kitablarında göstərilmişdir. Mincivan Dəmiryolu hərəkət şöbəsinin 1972-ci ilə dair əmr kitabları, əməkhaqqı cədvəlləri, həmçinin 803 N-li Ordubad Körpü Tikinti Qatarının sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən işdən çıxması haqqında məlumat mövcud deyil. Birsözlə hazırkı halda Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən təqdim edilən Arxiv arayışı, əmrlər kitabından çıxarışın surəti ilə iddiaçının əmək kitabçasındakı qeydlərin bir qismi (Mincivan Dəmiryolu hərəkət şöbəsinə xx.xx.1967-ci il tarixdə işə qəbul edilməsini) təsdiq edilsə də, Mincivan Dəmiryolu hərəkət şöbəsinin 1972- ci ilə dair əmr kitabları, əməkhaqqı cədvəlləri, həmçinin 803 N-li Ordubad Körpü Tikinti Qatarının sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən işdən çıxması haqqında məlumatın mövcud olmaması bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən dövrə aid arxiv sənədlərinin tam olaraq bu və ya digər səbəbdən təqdim edilə bilməməsi iddiaçının ziyanına təfsir və tətbiq edilə bilməz. Qeyd edildiyi kimi əmək fəaliyyəti ilk növbədə işə qəbul və işdən çıxma barədə əmrlər barədə qeydlərin edildiyi əmək kitabçası əsasında müəyyən olunur. İş stajının sübuta yetirilməsi ilə bağlı həddən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyula bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, yaşa görə əmək pensiyasının ilkin təyinatı zamanı bəhs edilən dövrlər düzgün olaraq iddiaçının sosial sığorta stajına aid edilməklə ona pensiya təyin edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının pensiyasının yenidən hesablanmasını şərtləndirən halları araşdırmadan, əmək kitabçasında olan müvafiq qeydlərdə edilən düzəlişlərin əsasını aydınlaşdırmadan qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8166/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8166/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar