Məhkəmə qərarları › İş №2-1(103)-2219/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2219/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2219/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Vəzir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndələri X7 və Vəkil (vəkil), cavabdehin nümayəndələri X6, X1 iştirakı ilə İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «qərarın ləğv edilməsi, iddiaçının yenidən şəhadətləndirilməsi tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-291/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 10 iyun 2020-ci il tarixi 162 nömrəli qərarının ləğv edilməsi və «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 7.2 bəndinin “e” yarımbəndi 7.2 bəndinin “ç” yarımbəndi ilə əvəz olunmaqla qərar qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, sığorta haqqı və əməliyyata görə lazım olan 25.000 manat pul vəsaitinin ödənilməsi və dövlət hesabına əməliyyatın edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... İddiaçı orta məktəbi bitirdikdən sonra 28 sentyabr 2017-ci il tarixdə müddətli hərbi xidmətə çağrılmış, Dövlət Sərhəd Xidmətinin 2001 saylı X9 Diviziyasının 5-ci zastavasında xidmət keçmişdir. 2 ay hərbi müdavim olduqdan sonra atıcı peşəsinə yiyələnmişdir. 19 fevral 2018-ci il tarixdən hərbi hissə komandirinin N saylı əmri ilə baş atıcı, 30 oktyabr 2018-ci il tarixdən isə 0256 saylı əmirlə baş rabitəçi təyin olunmuş və 6 aprel 2019-cu il tarixədək heç bir qüsura yol vermədən və komandirlər tərəfindən heç bir intizam tənbehi almadan hərbi xidməti başa vurmuşdur. Hərbi xidmətdə olduğu müddətdə başında güclü ağrılar, bədənində isə allergiyalar olduğuna görə N dəfə hərbi hissənin tibb məntəqəsində müalicə almışdır. Birinci dəfə 24 mart 2018-ci il tarixdən 3 aprel 2018-ci il tarixədək, ikinci dəfə isə 9 fevral 2019-cu il tarixdən 13 fevral 2019-cu il tarixədək müalicə almışdır. Hərbi xidmət başa çatdıqdan sonra Müdafiə Nazirliyinə N nömrəli hərbi hissəyə müddətdən artıq xidmət etmək üçün sənədlərini təqdim etmiş, Nazirliyin Mərkəzi Hərbi Həkim Komissyasında tibbi müayinə zamanı ona xx.xx.2019-cu il tarixdə “Xroniki Qlomerulonefrit. Xroniki böyrək xəstəliyi İV mərhələ“ diaqnozu qoyulmuşdur. Həkim ondan bu vəziyyətdə necə hərbi xidmət keçdiyi barədə məlumat aldıqdan sonra təcili uroloqa deyil, həkim-nefroloqa müraciət etməli olduğunu bildirdikdə o, yenidən müayinə olunmaq üçün 8 avqust 2019-cu il tarixdə “Leyla Şıxlinskaya” Klinikasına müraciət etmişdir. Daha sonra, 16 avqust 2019-cu il tarixdə Azərbaycan Tibb Universitetinin X2 müayinə olunmuş və yuxarıda qeyd olunan diaqnoz orada təsdiq olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə xidməti zamanı xəstəliyinin səbəb-əlaqəsinin təyin etməsi üçün göndəriş verməsini bildirmiş, nəhayət, 17 fevral 2020-ci il tarixdə Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası göndəriş vermiş və o, 28 fevral 2020-ci il tarixdə Hərbi Həkim Komissiyasında müayinə olunmuşdur.Həmin Komissiyanın qəbul etdiyi 10 iyun 2020-ci il tarixli 162 saylı qərarı qərar həqiqəti əks etdirmir. Cavabdehlər vaxtında və düzgün qaydada iddiaçını hərbi xidmətə apararkən və bundan sonra onu müayinə və müalicə etmiş olsaydı, bu gün iddiaçının səhhəti xroniki böyrək çatışmazlığının 4-cü mərhələsinə qədər pisləşməzdi. Komissiyanın 10 iyun 2020-ci il tarixli 162 saylı qərarına görə iddiaçının xəstəliyi ümumi xəstəlik kimi yazılmışdır. Həmin qərarda qeyd olunur ki, 6 avqust 2019-cu il tarixdə Silahı Qüvvələrin Baş Klinik Hospitalında hərbi xidmətini başa vurduqdan 3 ay sonra müayinədən keçərkən bu xəstəlik aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 7.2 bəndinin “e” yarımbəndi 7.2 bəndinin “ç” yarımbəndi ilə əvəz olunmalıdır. Çünki, həmin bənddə deyilir ki, hərbi xidmət başa çatdıqdan sonra 1 il keçənədək təyin olunmuş xroniki, tədricən proqressivləşən xəstəlik olduqda həmin xəstəliyin başlanğıcı hərbi xidmət dövrünə aid edilir. Cavabdeh Dövlət Sərhəd Xidməti məhkəməyə ünvanladığı iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddia əsassızdır. Belə ki, Xidmətin (2017 – 2019-cu illər) sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu İddiaçı “Naxçıvan” X3 hərbi xidmətdə olduğu müddətdə 24 mart 2018-ci il tarixdən 3 aprel 2018-ci il tarixədək “allergik dermatit”, 9 fevral 2019-cu il tarixdən 13 fevral 2019-cu il tarixədək “hər iki əlin barmaqlarının səthi mikozu” diaqnozu ilə sərhəd diviziyasının tibb məntəqəsində müalicədə olmuş, yaxşılaşma ilə xidmət yerinə göndərilmişdir. Hərbi xidmət dövründə Sərhəd Diviziyasından kənarda heç bir tibb müəssisəsində müalicədə olmamış, böyrəklə əlaqədar şikayəti olmamışdır. İddiaçının müraciətləri əsasında Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında Beyləqan rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 17 fevral 2020-ci il tarixli 158 nömrəli göndərişinə əsasən onun “Xroniki qlomerulonefrit. Xroniki böyrək xəstəliyi İV mərhələ” diaqnozlu xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinə baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamə”nin 7.2-ci bəndinin “e” yarımbəndinə əsasən “Ümumi xəstəlik” hesab edilmişdir. Həmin Əsasnamənin 7.2-ci bəndinin “e” yarımbəndində əsasən “Ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədilə özünə yetirmişsə; əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. Göründüyü kimi, iddiaçının hazırkı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi DSX Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən düzgün tovsif edilmişdir. İddia ərizəsində qeyd edildiyi kimi, iddiaçının hazırkı xəstəliyinin həmin Əsasnamənin 7.2ci bəndinin “ç” yarımbəndində dəyişilməsi mümkünsüzdür. Belə ki, həmin yarımbənddə “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaralanmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-291/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia “sığorta haqqı və əməliyyata görə lazım olan pul vəsaitinin ödənilməsi və iddiaçının dövlət hesabına əməliyyat olunması” hissəsində və cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə münasibətdə mümkün sayılmamışdır. Eyni zamanda, məhkəmənin 2-1(112)-291/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına münasibətdə qərarın ləğv edilməsi və yenidən şəhadətləndirilmə tələbinə dair hissəsində təmin edilmiş, cavabdehin 10 iyun 2020-ci il tarixli 162 nömrəli qərarı ləğv edilmiş və İddiaçı «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci bəndinin “ç” yarımbəndi üzrə şəhadətləndirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi dəqiqləşməsi də nəzərə alınmaqla Azərbaycan Rspublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbinə uyğun verilmiş hesab edilir və şikayəti üzrə apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, iddiaçı xidmət etdiyi dövrdə böyrəklə əlaqədar heç bir şikayət bildirməmiş, 2018-ci ildə “allergik dermatit”, 2019-cu ildə “hər iki əlin barmaqlarının səthi mikozu” diaqnozu ilə sərhəd diviziyasının tibb məntəqəsində müalicə almışdır. Odur ki, iddiaçının hal-hazırki diaqnozuunu hərbi xidmətlə əlaqələndtirmək qeyri-mümkündür. AR Nazirlik Kabinetinin 2008-ci il 29 fevral 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2 bəndinin 7.2 bəndinin “e bəndinin “e” yarımbəndi 7.2 bəndinin “ç” yarımbəndi ilə əvəz edilməsi ona görə mümkün olmamışdır. Əsasnamənin 7.2-ci bəndinin “ç” yarımbəndlərində deyilir ki, “hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət, orqanlarında xidmətkeçmə dövrünə aid etmək mümkündürsə” kimi qeyd edilmişdir. Bununla da iddiaçının Dövlət Sərhəd Xidmətinə qarşı olan “qərarın ləğv edilməsi, iddiaçının yenidən şəhadətləndirilməsi barədə iddia tələbi əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini, iddiaçının nümayəndələri isə apellyasiya şikayətinin əsassız olmasının məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiq olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçı xx.xx.2017-ci il tarixindən 6 aprel 2019-cu il tarixinədək Dövlət Sərhəd Xidmətində müddətli hərbi xidmətdə olmuş, xidmət dövründə xx.xx.2018-3.04.2018, xx.xx.2019-xx.xx.2019 tarixlərində müalicə almış, xidmətdən buraxıldıqdan sonra Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi müayinə olunarkən ona “Xroniki Qlomerulonefrit. Xroniki böyrək xəstəliyi İV mərhələ “diaqnozu qoyulmuş, sonradan yenidən 8 avqust 2019-cu il tarixdə “Leyla Şıxlinskaya” Klinikasında, daha sonra isə 16 avqust 2019-cu il tarixdə Azərbaycan Tibb Universitetinin X2 müayinə zamanı qeyd olunan diaqnoz təsdiq olunmuş, bundan sonra o, hərbi xidmət zamanı xəstəliyinin səbəbəlaqəsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin göndərişi əsasında 28 fevral 2020-ci il tarixdə cavabdeh Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasında müayinə olunaraq, barəsində 10 iyun 2020-ci il tarixli 162 saylı qərarı ilə onun xəstəliyinin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 1.9-cu bəndinə əsasən vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. İddiaçı konkret halda, cavabdehin həmin qərarının ləğv edilməsi və onun «Hərbihəkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci bəndinin “ç” yarımbəndi üzrə şəhadətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İşdən görünür ki, iddiaçı mübahisələndirilən 10 iyun 2020-ci il tarixli qərarı ləğvi tələbinə dair iddia tələbini məhkəmədə xx.xx.2020-ci il tarixində qaldırmışdır. Cavabdehin həmin qərarında, ondan şikayət vermə müddəti və qaydası (hüquqi müdafiə vasitələri) göstəriliədiyi nəzərə alınmaqla, iddiaçı tərəfindən şikayət vermə müddəti buraxılmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının xidmət etdiyi dövrdə böyrəklə əlaqədar heç bir şikayətinin mövcud olmadığını, onun 2018-ci ildə “allergik dermatit”, 2019-cu ildə isə “hər iki əlin barmaqlarının səthi mikozu” diaqnozu ilə sərhəd diviziyasının tibb məntəqəsində müalicə aldığını bildirərək qeyd etmişdir ki, iddiaçının xəstələyi Azərbaycan Respublikası Nazirlik Kabinetinin 2008-ci il 29 fevral 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbihəkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin “ç” yarımbəndinin təsiri altına düşür. Aşağıdakılara əsaslara görə məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamə”nin 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. Əsasnamənin qeyd olunan “c” bəndinin tələbindən göründüyü kimi, hərbi-həkim komissiyası tərəfindən hərbi xidmətkeçmə dövründə alınmış xəstəliyin səbəb əlaqəsi sənədlər üzrə müəyyən edilir. Birincisi, iş materiallarında olan, iddiaçının tibbi müayinəsinə dair sənədlərə əsasən müəyyən olunur ki, 06.04..2019-cu il tarixdə xidmətini başa vurduqdan sonra, xx.xx.2019cu il tarixində Müdafiə Nazirliyin hərbi-həkim Komissiyasında, xx.xx.2019-cu il tarixində Leyla Şıxlinski” Klinikasında, xx.xx.2019 və və xx.xx.2019-cu il tarixlərdə ATU X2 müayinə və müalicə olunarkən, iddiaçıda “Xroniki Qlomerulonefrit. Xroniki böyrək xəstəliyi İV mərhələ“ diaqnozu ilə xəstəliyinin mövcud olduğu aşkar olunmuşdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının həmin xəstəliyinin hərbi xidmət dövründə alındığını müəyyən edilməsi məqsədilə məhkəmənin 3 sentyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X4 8 dekabr 2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş T299/2021 saylı 16 noyabr 2021-ci il tarixli rəyində ekspert tərəfindən onun qarşısında qoyulmuş beş sual üzrə gəldiyi nəticələr aşağıdakılardan ibarət olmuşdur:

1. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı bel nahiyəsində sağda aparılmış cərrahi əməliyyat yarasının sağalmış izi olan çapıq toxuma aşkar olundu. ATUnun X2 26 noyabr 2019-cu il tarixdə nefroloq tərəfindən müayinə olunarkən ona “xroniki qlomerulonefrit, xroniki böyrək xəstəliyi İV mərhələ” diaqnozu qoyulmuş və 8 dekabr 2020ci il tarixdə Respublika Diaqnostika Mərkəzinin Böyrək Xəstəlikləri və Transplantasiya şöbəsində böyrək transplantasiyası əməliyyatı icra edilmiş, 15 yanvar 2021-ci il tarixdə TSEK-də müayinə edilərkən isə “Z94. Otransplantasiya olunmuş böyrəyin olması” diaqnozu ilə ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir; 2-4. Vətəndaş İddiaçı 2017-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyasında heç bir xəstəliyin aşkar edilmədiyini, düçar olduğu “xroniki qlomerulonefrit” xəstəliyinin törədicilərinin virus, bakteriya, göbələk və sair infeksiyaların olmasını, xəstəliyin patogenez və klinik gedişini, xroniki prosesin yaranmasının 12 aya qədər davam etməsini, böyrək patologiyasının onda 2019-cu ilin avqust ayında laboratorinstrumental müayinə üsulları (qanın, sidiyin analizi, böyrəklərin KT və ultrasonoqrafık müayinələri) ilə aşkar edilməsini nəzərə alaraq qeyd etmək lazımdır ki, o, həmin xəstəliyə hərbi xidmətdə olarkən düçar olmuşdur. Xəstəliyin törədicisi barədə hazırda konkret fikir söyləmək mümkün olmadı. Lakin onun 2019-cu ilin fevral ayında “hər iki əl barmaqlarının səthi mikozu (göbələyi)” xəstəliyindən sonra yaranmasını da inkar etmək olmaz;

5. Vətəndaş İddiaçı 2018-ci və 2019-cu illərdə tibb məntəqəsində müalicədə olduğu “allergik dermatit və hər iki əl barmaqlarının səthi mikozu (göbələyi)” xəstəlikləri laborator müayinələrin (qan, sidik, nəcis və s.) əsasında deyil, xəstənin şikayətləri və kliniki müayinələri əsasında müəyyən edilmişdir. Məhkəmə tibb eksperti tərəfindən tədqiqat zamanı müəyyən edilən nəticələrdən göründüyü kimi, ekspert tədqiqat zamanı belə nətcəyə gəlmişdtir ki, iddiaçı “xroniki qlomerulonefrit, xroniki böyrək xəstəliyi İV mərhələ” xəstəliyinə hərbi xidmətdə olarkən düçar olmuşdur. Eksperti gəldiyi bu nəticəni: onun 1. iddiaçı 2017-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyasında heç bir xəstəliyinin aşkar edilməməsi; 2. düçar olduğu “xroniki qlomerulonefrit” xəstəliyinin törədicilərinin virus, bakteriya, göbələk və sair infeksiyaların olması, xəstəliyin patogenez və klinik gedişi, xroniki prosesin yaranmasının 12 aya qədər davam etməsi; 3. böyrək patologiyasının onda 2019-cu ilin avqust ayında laboratorinstrumental müayinə üsulları (qanın, sidiyin analizi, böyrəklərin KT və ultrasonoqrafık müayinələri) ilə aşkar edilməsi ilə əsaslandırmışdır. Ekspert tərəfindən məhkəmənin 5-ci sualına verdiyi cavabı təhlil olunduqda isə aydın olur ki, cavabdehin hərbi xidmət dövründə iddiaçının böyrəyindən şikayət etmədiyini, iki dəfə müayinəsi zamanı onda başqa xəstəlik aşkar olunduğunu bildirən dəlilləri heç də onun böyrək xəstəliyinə hərbi xidmət dövründə tutulduğunu inkar etmir. Çünki, ekspert tədqiqatı ilə müəyyən olunur ki, cavabdehin qeyd etdiyi, 2018-ci və 2019-cu illərdə iddiaçının tibb məntəqədə müalicə olunarkən ona qoyulmuş “allergik dermatit və hər iki əl barmaqlarının səthi mikozu (göbələyi)” diaqnozlu xəstəliyi laborator müayinələrin (qan, sidik, nəcis və s.) əsasında deyil, yalnız xəstənin şikayətləri və kliniki müayinələri əsasında müəyyən edilmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, əgər həmin vaxt iddiaçıya laborator müayinələr (qan, sidik, nəcis və s.) əsasında diaqnoz qoyulmuş olsaydı, onda çox böyük ehtimalla onda xroniki böyrək xəstəliyi aşkar olunacağı labüd olardı. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası, iddiaçının hərbi xidmətdən sonrakı tibbi müayinə sənədləri ilə aşkar olunan məlumatlara, o cümlədən, məhkəmə tibbi ekspertizası rəyində gəlinmiş nəticələrə inandırıcı yanaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəifndən həmin məlumatların, iddiaçının həmin xəstəliyinin hərbi xidmət dövründə alınmasını təsdiq edən sübut əhəmiyyətli məlumatlar kimi, qiymətləndirilməsi əsaslıdır. Belə olan halda isə iddiaçının mübahisələndirilən həmin xəstəliyinin “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin “ç” yarımbəndində təsbit olunan meyarlara uyğun gəlir. Belə ki, Əsasnamənin 7.2-ci bəndinin “ç” yarımbəndindən isə görünür ki, “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: - əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; - əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; - əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; - əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Beləliklə də iddiaçının tələbində haqlı olduğu sübuta yetirilir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin mübahisələndirən qərarı ilə onun xəstəliyinin qeyd edilən Əsasnamənin 7.2-ci bəndinin “ç” yarımbəndi ilə deyil, “e”(Ümumi xəstəlikdir) yarımbəndi ilə şəzadətləndirilməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 70.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işin hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan cavabdehin apellyasyia şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 291/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-291/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Anar Tanrıverdiyev

İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar