Məhkəmə qərarları › İş №2-1(103)-222/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-222/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-222/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı “təhsil illəri sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş məbləğin ödənilməsi» tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı “təhsil illəri sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş məbləğin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4425/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxxxxx 1962-ci il tarixdə anadan olmuş, x xxxxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək Sumqayıt şəhərində texniki peşə məktəbində təhsil almış, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə 1983-cü ildə başlamışdır. Müxtəlif idarələrdə, müxtəlif işlərdə, o cümlədən güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işləmişdir. Sonradan iddiaçı ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********0 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, x xxxxxx 2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yeraltı və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 52 yaşına çatdıqda və (x xxxxxx 2006-cı il tarixədək) azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ qazanırlar. Şöbəyə təqdim edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx xxxxxxx 1962-ci il təvəllüdlüdür, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 20 il ümumi sosial sığorta stajına qarşı 19 il 3 ay 12 gün sosial sığorta stajı olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sosial sığorta iştirakçıları sığortaçı, sığortaedən və sığortaolunanlardır. Sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. İddiaçı x xxxxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək və x xxxxx 1998-ci il tarixdən xx xxxxx 2000-ci il tarixədək məcburii dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığından, tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X1rşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək, ona 52 yaşdan, yəni xx.xx.2014cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əmək fəaliyyətinin böyük bir hissəsi güzəştli şərtlərlə pensiya hüququ verən xüsusilə zərərli olan sahədə olmuşdur. x xxxxxx 2006-cı il tarixədək o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 nömrəli Siyahı üzrə 10 ildən artıq güzəştli iş stajına, həmçinin iş materiallarına əsasən 20 ildən artıq ümumi iş stajına malikdir. Lakin həmin qurum tərəfindən ona pensiya təyin olunmamış və imtinaya səbəb kimi təhsil müddətinin nəzərə alınması göstərilmişdir. Halbuki, x xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü abzasının “g” bəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüquqi verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4425/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qiymətləndirməsi yanlışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı işlədiyi peşənin Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıya aid olduğunu iddia edir, həmin siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış şəxslərin pensiyaya çıxması üçün 20 il ümumi, 10 il isə güzəştli şərtlərlə iş stajının olması və 52 yaşı doldurmaları tələb edilir. İddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.1983-cü il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.2001-ci il tarixədək çalışmışdır. 2006-cı ilin yanvar ayının 1-dək onun ümumi stajı 20 ildən az edir və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin təsir dairəsinə düşmür. Həmçinin iddiaçı təhsil aldığı müddətin də əmək stajına daxil edilməsini iddia edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən təhsil müddəti əmək stajına daxil edirdi. Lakin hazırda belə bir müddəa «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda öz əksini tapmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə cavabdeh apellyasiya şikayəti verdiyi üçün birinci instansiya məhkəməsinin qərarı iddianın cavabdehə qarşı təmin olunduğu hissədə yoxlanılır. Belə ki, məhkəmə qərarı iddianın təmin olunmadığı hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Buna görə də hazırki apellyasiya baxışının hədlərini məhkəmə qərarının iddianın təmin edildiyi hissədə qanuniliyi və əsaslılığının yoxlanılması təşkil edir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı təhsil aldığı xx.xx.1978- xx.xx.1980-ci illərin də nəzər alınmaqla ona xx.xx.2014-cü ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması və keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısına əsasən 10 il zərərli əmək sahəsində, 20 il isə ümumi əmək stajı mövcud olmalıdır. xx.xx.2006-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə texniki peşə məktəbində aldığı təhsili təsdiq edən sənədi, hərbi biletini, əmək kitabçasını və iş yerindən arayışı təqdim etmişdir. Həmin sənədlərdən müəyyən olunur ki, İddiaçı xx xxxxxxx 1962-ci il tarixdə doğulmuş, 1978-ci ilin sentyabr ayından 1980-ci ilin dekabr ayınadək Sumqayıt şəhərində texniki peşə məktəbində təhsil almış, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuş, 1983-cü ildən əmək fəaliyyətinə başlamış və 2006-cı ilin 1 yanvar tarixinədək müxtəlif işlərdə (vəzifələrdə), o cümlədən “Azərkimya” İB “Üzvi sintez” Zavodunda ayrı-ayrı sexlərdə aparatçı çalışmışdır. İddiaçı x xxxxxx 2006-cı il tarixədək 10 ildən çox işlədiyi aparatçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahının “Vİİİ. Kimya istehsalı” bölməsində1080A10 kodu altında (Tam iş günü “üzvi əridicilər, laklar və onların qatışıqları, . . ., kalium, onların oksidləri, . . . ”lə işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının 2006-cı ilin 1 yanvar tarixinədək 19 il 3 ay 12 gün ümumi sığorta stajı, o cümlədən 10 ildən artıq “xüsusilə zərərli və ağır” sayılan işdə stajı toplanmış olur. Cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərkən ümumi sığorta stajı ilə bağlı qanunun tələbinin təmin olunmadığına istinad edir. Buna görə də hazırki vəziyyətdə iddiaçı təhsil aldığı müddətin əmək stajına daxil edilərək ona qanunla nəzərdə tutulmuş güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Belə olan halda iddiaçı 01.01.200-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının təhsil aldığı müddətin əmək stajına daxil edilməsinin hazırda qüvvədə olan qanunda öz əksini tapmaması” barədə dəlilini əsassız sayır və onu qəbul etmir. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi iddiaçının 52 yaşının tamam olduğu vaxt, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığını, onun müraciətinin isə xx.xx.2019-cu il tarixdə olduğunu nəzərə alaraq pensiyanın ödənilməmiş hissəsinin yalnız xx.xx.2016-cı ildən sonrakı dövr üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4425/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı iddianın təmin edildiyi hissədə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4425/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşad Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar