Məhkəmə qərarları › İş №2-1(103)-222/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-222/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-222/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-866/2021 saylı, 27.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006 – 2009-cu illərdə Bakı Biznes Kooperasiya Kollecinin “mühasibat uçotu və audit” fakültəsində oxumuşdur. Ona bu barədə 30 dekabr 2009-cu il tarixdə BB-İİ seriyalı 097295 saylı diplom verilmişdir. 2015-ci ci ilin avqust tarixində Ukrayna Respublikasının Xarkov şəhərinə getmiş və Xarkov Milli İqtisadiyyat Unveristetinə müsahibə yolu ilə kollec diplomu əsasında və kolleclə Unveristetin keçirilmiş fənlərdə yaranan (kollecə göndərilmiş rəsmi sorğuya əsasən) imtahan fərqlərini verərək 2-ci kursa, qiyabi olaraq uçot və audit fakültəsinə daxil olmuşdur. İddiaçı 2016-cı ilin 10 – 31 may tarixlərində Unveristetə sessiyaya çağırılmış və 14 – 25 may 2016 tarixlərində sessiyada iştirak etmişdir. Universitetdə həmin vaxt ailəli və ciddi iş rejimində işləyən tələbələrə güzəşt olunurdu. Sessiyanı bitirdikdən sonra təhsil haqqı cox olduğundan Unveristetdən akademik arayış əsasında çıxaraq, 2016 cı il oktyabr ayında Kiyev Milli Ticarət-X3 X11 və Audit fakültəsinə fərq imtahanlarını verərək 3-cü kursa qiyabi qəbul olmuşdur. 17 – 28 aprel 2017-ci il tarixlərdənövbəti sessiyaya çağrılmış, 16 – 27 aprel 2017-ci il tarixlərdə sessiyada iştirak etmişdir. 2017-ci ilin 27 noyabr – 24 dekabr taixlərində qış sessiyasına çağırılmış, lakin həmin vaxt xəstə olduğundan (həkimdən arayış var), sessiyaya gedə bilməmişdir. 2017-ci ilin mart ayının 12-dən 27-dək yaz sessiyasına çağrılmışdır. Qış sessiyasında iştirak etmədiyinə görə, kəsiri olduğu üçün dekanatlıq ondan vaxtından tez gəlməyini tələb etmiş və sessiya müddətindən əvvəl 5 mart 2018-ci il tarixdən 6 aprel 2018 ci il tarixədək Xarkova gedərək qalan imtahanları vermiş, həm də sessiyada iştirak etmişdir. Orada olduğu müddətdə 28 mart 2018-ci il tarixdən 6 aprel 2018-ci il tarixədək olan, birinci dövlət imtahanındada (imtahan 4 aprel 2018-ci il tarixə çəkilmişdir) iştirak etmişdir. 30 aprel 2018-ci il tarixdən 7 may 2018-ci il tarixədək Yardımlı rayon "xxxx" MMC-də ixtisası üzrə (tələb belə olduğu üçün) təcrübə keçmişdir. Praktikanın sənədlərini 8 may 2018-ci il tarixdə İnsitituta təqdim etmişdir. 8 may 2018-ci il tarixdən 15 may 2018-ci il tarixədək axırıncı Dövlət imtahanına çağırılmış və 12 may 2018-ci il tarixdən 16 may 2018-ci il tarixədək axırıncı Dövlət imtahanında (imtahan 14 may 2018-ci il taixdə olmuşdur) iştirak etmişdir. 2018-ci ilin oktyabr ayında diplomu almışdır. 20 may 2019-cu il tarixdə tələb olunan qaydada Təhsil Nazirliyi Akreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmiş və A78C219F3501261 nömrəsi ilə qeyiyyata alınaraq “Şəxsi kabinet” açmışdır. 11 iyun 2019 cu il tarixdə şəxsi kabinetə gələn bildirişlə “müsahibə”yə dəvət olunmuşdur. Müsahibədə 15 dəqiqə ərzində tədris dilindən sual-cavab olunmuş və müsahibədən keçdiyi bildirilmişdir (Müsahibə kamera vasitəsilə lentə alınırdı). Sonradan isə ona bildirilmişdir ki, onun sənədlərini araşdıraraq təhsil aldığı müəssisəyə təhsil normativini bilmək üçün sorğu göndərilmişdir. Bundan sonra o, institutla əlaqə saxlamış və İnstitutdan belə bir sorğunun gəlmədiyini bildirmişlər. Hər dəfə o (iddiaçı), Akkreditasiya və Nostrifikasiya İdarəsi ilə əlaqə saxlalarkən ona “sorğu göndərilib, cavab yoxdur” deyirdilər. 2020-ci ilin yanvar ayının 24-də özü ilə ona təhsil müəssisəsi tərəfindən göndərilən sessiyaya çağırış vərəqlərinin götürərək Akreditasiya və Nostrifikasiya İdarəsinə, şöbə rəisinin qəbuluna getmişdir. Qəbulda şöbə rəisinə çağırış vərəqlərini təqdim etmiş və ona yaxın vaxtlarda əlaqə saxlayacaqlarını bildirmişlər. 27 yanvar 2020-ci il tarixdə mobil telfonuna İdarənin əməkdaşı zəng edərək demişdir ki, verilən çağırış vərəqələri onları qane edir, ona görə də sorğu göndərməyə ehtiyac yoxdur və yaxın vaxtlarda işiə müsbət rəy veriləcək. Struktur dəyişiklik olduğuna görə şəhadətnamə verilməsinin keçikməsinin mümkünlüyü də bildirilmişdir. Onun şəxsi kabinetinə Akkreditasiya və Nostrifikasiya İdarəsindən 12 mart 2020-ci taixdə mənfi rəy göndərilmişdir. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 919-İQ cfqks Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentfiyi haqqında» Sazişin 5-ci maddəsinə əsasən Tərəflər razılığa gəlmişlər ki, Azərbaycan Tərəfi Ukraynada verilmiş diplomları Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və təhsilin məzmununa görə uyğun gəldiyi halda, təhsilin davam etdirilməsinə və ixtisas dərəcəsinə uyğun olaraq işə girmək üçün hüquq verir. Göründüyü kimi, ikitərəfli Sazişin şərtlərinə görə, Ukraynanın ali təhsil müəssisəsi Tərəfindən verilmiş “bakalavr” dərəcəsi üzrə diplomunun tanınması üçün iddiaçının aldğı təhsil Azərbacan Respublikasının təhsil standartlarına uyğun gəlməlidir. Azərbaycan Respubliasında isə təhsilin qanunvericiliklə müəyyən edilən dövlət standartları isə aşağıdakı kimidir: «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərar ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Eyni zamanda Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-866/2021 saylı, 27.05.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-866/2021 saylı, 27.05.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, Mənsimli X5 Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutunun “Uçot və audit” fakültəsində təhsil aldığı müddət ərzində 80 (səksən) gün təhsil sessiyasında iştirak etməli idi. İş materiallarında olan sərhədkeçmə məlumatları ilə müəyyən olunur ki, O, 70 (yelmiş) gün müddətində təhsil sessiyasında iştirak etmişdir. Xəstəliyinə görə təhsil sessiyasında 10 (on) gün müddətinə az iştirak elmiş, lakin 2018-ci ildə bütün proqramları tamamlamışdır. Qeyd etmək istəyirik ki, 70 (yetmiş) gün müddət 80 (səksən) gün müddətin 87,5 faizidir. Hesab edirik ki, həmin müddət nəzərdə tutulmuş proqramın mənimsənilməsi üçün kifayətdir. Bundan əlavə məhkəmənin özünün istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117 nömrəli 24 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.9-cu bəndinə görə, tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. ...Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180 - 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Dərs həftəsinin 5 gün olduğunu nəzərə alsaq iddiaçı həmin ölkədə 14 həftə müddətində olmuşdur. Tələbənin auditoriya və aııditoriyadankənar həftəlik yükünün həcminin 45 saat olduğunu nəzərə alsaq ümumi auditoriya dərslərinin həcmi 14 x 45 = 630 saat təşkil edir. 630 saatı 3 ilə bölsək hər ilə 210 saat düşür. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180 — 240 saat nəzərdə tutulduğu üçün bir il üçün 210 saat dərs yükü kafidir. Həmçinin İddiaçı 2009cu ildə Bakı Biznes Kooperasiya Kollecinin “Mühasibat uçotu və Audit” fakültəsini bitirmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-866/2021 saylı, 27.05.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-866/2021 saylı, 27.05.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının diplomuna əlavəyə əsasən onun təhsil proqramı (qiyabi) 4 il nəzərdə tutulmuşdur. İddiaçı kollec diplomuna əsasən S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinə qəbul olaraq 2015 – 2016-cı illərdə həmin təhsil müəssisəsində təhsil almışdır. Daha sonra 2016-cı il həmin ali təhsil müəssisəsindən Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutuna köçürülərək bakalavr təhsilini 3 ilə (2015 – 2018-ci illər) başa vuraraq 2018-ci ildə bitirmişdir. Bununla əlaqədar ekspert rəyində qeyd edilir ki, təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur: 1-ci il 2015 – 2016-cı illərdə S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti – 12 gün, 2-ci il 12 gün, 3-cü il 1 ay 3 gün. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinı faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükü yerinə yetirmək qeyri-mümkündür. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikasının 31 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Təhsil haqqında» AR Qanununun 1.0.7, 1.0.8, 13.1-ci maddələrini, AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2, 1.6, 3.6, 3.7-ci bəndlərini, AR Nazirlər Kabinetinin 117 nömrəli 24 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.5, 2.7, 2.8, 2.9-cu bəndlərini, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.36 və 27.4-cü maddələrinin 6 noyabr 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasını tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı cavabdeh Təhsildə X2rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, «Təhsil haqqında» AR Qanununun 1.0.7-ci maddəsinə görə bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.36-cı maddəsinin 6 noyabr 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən nostrifikasiya – təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prosedurudur. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinin 6 noyabr 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasənXarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabiolduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. AR Nazirlər Kabinetinin 117 nömrəli 24 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.5-ci bəndinə görə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. Həmin Qaydaların 2.8-ci bəndinə görə əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə görə tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180 – 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Növbəti apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək iddiaçı ilə eyni vaxtda həmin təhsil müəssisəsində təhsil almış X4, X8 və X6 diplom üzrə ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verildiyini bildirmişdir. Qeyd olunan şəxslərin diplom üzrə ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi ilə əlaqədar toplanmış sənədlərə baxış keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən cavabdehə sorğu ünvünlanaraq X4, X8 və X6 diplom üzrə ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi ilə əlaqədar toplanmış sənədlərin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Tələb olunan sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim olunan sənədlərə baxış keçirilərək müəyyən olunmuşdur ki, X4 1-ci il 1 ay, 2ci il 15 gün, 3-cü il 1 ay 27 gün həmin ölkədə olmuşdur. 2015-2016-cı illərdə S.Kuznets adına Xarkov Milli İqtisad Universitetində 7 ay 20 gün olmaqla 1 il təhsil almışdır. X8 1-ci il 20 gün, 2-ci il 21 gün, 3-cü il 1 ay 2 gün, 4-cü il 1 ay 8 gün həmin ölkədə olmuşdur. X9 1-il 16 gün, 2-ci il 22 gün, 3-cü il 1 ay 2 gün, 4-cü il 1 il 6 gün həmin ölkədə olmuşdur. Beləliklə, həmin şəxslər qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət etmişlər. Həmin müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükü yerinə yetirmək mümkündür. İddiaçıya Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti tərəfindən 30.06.2018-ci il tarixdə təqdim olunmuş B18 seriyalı 075220 nömrəli diplom əlavəsinin 3.2-ci bəndinə əsasən iddiaçı qiyabi formada təhsil almışdır. İddiaçının tədris aldığı təhsil proqramı 4 il müddətindədir. Həmin əlavənin 4.3-cü bəndinə əsasən iddiaçının tədris aldığı təhsil proqramına əsasən tədris yükü 240 AKTTS kreditindən və ya 8640 akademik saatdan ibarətdir. Lakin, iddiaçı 1-ci il 12 gün, 2-ci il 12 gün, 3-cü il 1 ay 3 gün həmin ölkədə olmuşdur. İddiaçı cəmi 3 il təhsil almışdır. İddiaçının təhsil aldığı dövrdə Azərbaycan Respublikasının hüdudlarındən kənarda olma vaxtları barədə aidiyyəti orqandan məhkəmə icraatında alınmış yazılı məlumat da onun diplomu verən təhsil müəssisəsinin olduğu Ukraynada təhsil proqramına münasibətdə qısa müddət qalmasını təsdiqləyir. Bundan başqa, iddiaçının birinci təhsili tam ali təhsil sayıla bilməz, sonrakı təhsili isə, qiyabi formada olduğundan, 3 illik təhsil müddəti Azərbaycan Respublikasının təhsil standartı ilə ziddiyyət təşkil edir. Belə olan halda, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər ərzində ona təqdim olunmuş ali təhsil haqqında sənədin əlavəsində göstərilmiş tədris yükünü (60 fənnin tədrisi, kurs işləri – 360 saat) yerinə yetirməsi mümkün deyil və ali təhsil sahəsində dövlət standartlarının tələbləri ilə uyğunsuzluq təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-866/2021 saylı, 27.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar