Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-222/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “medalla təltif olunma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2010/2024 saylı, 22 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Suqovuşanın və Laçının azad olunmasına görə” medalları ilə təltif edilməsi üçün müvafiq təqdimatın səlahiyyətli orqana göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xətai rayon Hərbi Komissarlığının çağırışı əsasında 44 günlük Qarabağ müharibəsində xx.xx.2020-ci ildən iştirak etməyə başlayıb, xx.xx.2020-ci ildə ordudan tərxis olunub. Həmin müharibədə Laçın rayonunun və Suqovuşanın erməni işğalçılarından azad edilməsi üçün aparılan döyüş əməliyyatlarında iştirak edib. Bu barədə hərbi biletinin 6-cı və 7-ci səhifələrində qeyd edilmişdir. Habelə, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. Onunla eyni döyüşlərdə iştirak etmiş döyüş yoldaşları Laçın rayonunun və Suqovuşanın azad edilməsinə görə medallarla təltif edilməsinə və onun da onlarla eyni döyüşlərdə iştirak edərək əlində silah vuruşmağına baxmayaraq, adı həmin medallarla təltif edilməyi üçün siyahılara daxil edilməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2023-cü ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2023-cü ildə, xx.xx.2022-ci ildə, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə, xx.xx.2022-ci ildə verilmiş cavablarda onun təltif olunmağı məsələsinə hərbi hissənin təltif komissiyasında baxılacağı bildirilmiş, lakin ilk müraciətindən bir il keçməsinə baxmayaraq, həmin müraciətə bu günə qədər baxılmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Müdafiə Nazirliyinin Təltif komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların və digər şəxslərin təltif edilməsi məsələsinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, onların xidmət etdikləri hərbi hissə komandirləri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırdıqları və yuxarı qərargahlarda müsbət qərar qəbul edilmiş təltif sənədləri əsasında baxılır. İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. Vətən müharibəsindəki xidmətinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün əvvəlki müraciəti N nömrəli hərbi hissəyə göndərilmiş, hərbi hissənin cavab məktubuna əsasən Vətən müharibəsi iştirakçılarının yenidən təltif olunması zamanı, iddiaçının təltif olunmağı məsələsinə hərbi hissənin təltif komissiyasında baxılacağı bildirilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi yazılı etiraz onunla əsaslandırılmışdır ki, qanunvericilik normalarının tələbindən görünür ki, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin Qanuna əsasən “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnaməyə əsasən “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun və Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Həmçinin, hərbi qulluqçular vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər, müvafiq medalla təltif edilmə isə məhz Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir. Hərbi qulluqçuların müvafiq medalla təltif edilməsi ilə bağlı sənədlərin hazırlanması qaydaları və proseduru, təltif edilmə ilə bağlı təqdimatın verilməsi və təltif edilmə ilə bağlı qaydalar müvafiq Təlimatda öz əksini tapmışdır. Belə ki, ilk öncə müvafiq təltif sənədlərin hazırlanması və tərtibi həyata keçirilir ki, bununla bağlı ümumi rəhbərliyi müvafiq cavabdeh inzibati orqanın kadrlar idarəsi tərəfindən həyata keçirilir. Daha sonra həmin sənədlərə müvafiq komissiyada baxıldıqdan sonra müsbət qərar qəbul olunduğu halda, həmin təltif sənədləri Azərbaycan Respublikası Müdafiə nazirinə təqdim olunur, haqqında müsbət qərar qəbul edilmiş təqdimatlar əsasında medal ilə təltif olunma barədə Azərbaycan Respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Azərbaycan Respublikasının orden və medalları Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir. Təltiflə bağlı Müdafiə Nazirliyinin təqdimatı tövsiyə xarakteri daşıyır. Hərbi qulluqçuların müvafiq medalla təltif edilməsi məhz Azərbaycan respublikasının Prezidentinin səlahiyyətinə aid olmuş, yalnız həmin təltif sənədlərinin hazırlanması və bununla bağlı təqdimat verilməsi cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmuşdur. İndiki halda isə iddia tələbinin predmeti məhz müvafiq medalın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasından ibarət olduğundan, həmin tələbin predmeti mahiyyət etibarilə cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmadığından, nəticə etibarilə cavabdeh inzibati orqan məhz həmin tələbə cavab verməli şəxs qismində çıxış etməmişdir. Müvafiq Sərəncamla hərbi qulluqçuların təltif edilməsinə əsas Laçın rayonu və Suqovuşanın uğrunda gedən döyüşlərdə iştirak etməsi halı ilə yanaşı, həmçinin, onların göstərdiyi igidlik, şücaət göstərilməsi halları olmuşdur. Eyni zamanda, hərbi qulluqçuların medalla təltif edilməsi ilə bağlı qaydalarda da şəxsin medalla təltif olunması onun xidməti vəzifələrinin icrası zamanı göstərdiyi rəşadət, fədakarlıq və digər xidmətlərinin olması kimi hallarla əlaqələndirilmişdir. Bu halda, hərbi qulluqçuların həmin medalla təltif edilməsi əsası kimi çıxış edən hərbi qulluqçunun şücaət və igidlik göstərməsi halı məhz cavabdeh inibati orqanın qiymətləndirilməsi əsasında müəyyən edilməklə, onun xüsusi diskresion səlahiyyət forması kimi qiymətləndirmə azadlığı ilə ehtiva olunur. Belə ki, N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 1041 nömrəli məktubunda iddiaçının təltif olunması məqsədəuyğun hesab edilmədiyi qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2010/2024 saylı, 22 aprel 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Suqovuşanın azad olunması uğrunda döyüşlərdə iştirak edib və bu barədə hərbi biletində qeyd vardır. Medalın əsasnaməsində birmənalı şəkildə göstərilmişdir ki, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməlidirlər. Lakin cavabdeh qanunsuz olaraq onu həmin medalla təltif etməkdən imtina etmişdir. O, Laçının azad olunması uğrunda döyüşlərdə də iştirak edib və bu barədə hərbi biletində qeyd vardır. Medalın əsasnaməsində birmənalı şəkildə göstərilmişdir ki, Laçının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməlidirlər. Lakin cavabdeh qanunsuz olaraq onu həmin medalla təltif etməkdən imtina etmişdir. Onunla eyni döyüşlərdə iştirak etmiş döyüş yoldaşları Laçın rayonunun və Suqovuşanın azad edilməsinə görə medallarla təltib edilməsinə və onun da onlarla eyni döyüşlərdə iştirak edərək əlində silah vuruşmağına baxmayaraq, onun adının həmin medallarla təltif edilməyi üçün siyahılara daxil edilməməsi barədə məhkəmə iclasında bildirdiklərini məhkəmə nəzərə almamış, bu məsələni - yəni onunla birlikdə vuruşan şəxslərin həmin medallarla təltif edilməsinə baxmayaraq, onun hansı səbəbdən həmin medallarla təltif edilməməyini araşdırmamışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - N nömrəli Hərbi Hissənin Komandirinin 279 nömrəli, xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Səfərbərlik hazırlığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarələrindən (şöbə, bölmə) çağırılmış və N nömrəli hərbi hissədən gəlmiş aşağıda adları çəkilən hərbi vəzifəlilər xx.xx.2020-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilsinlər və vəzifələrə təyin olunsunlar:
151. əsgər İddiaçı, 5-ci taborun 15-ci bölüyün 1-ci taqımın 1-ci manqanın tuşlayıcısı. - N nömrəli Hərbi Hissənin Komandirinin xx.xx.2020-ci il tarixli, 310 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı, 5-ci taborun 15-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının tuşlayıcısı vəzifəsindən - 4-cü taborun 11-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. - N nömrəli Hərbi Hissənin Komandirinin xx.xx.2020-ci il tarixli, 368 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasında elan edilmiş qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılmış aşağıda adları çəkilən hərbi qulluqçuları səfərbərlikdən tərxis edildiklərinə görə 31 dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilmişlər:
369. əsgər İddiaçı - 4-cü taborun 11-ci bölüyünün 3-cü taqımının 1-ci manqanın tuşlayıcısı – Xətai rayon idarəsinə. - N nömrəli hərbi hissə tərəfindən iddiaçı barəsində tərtib edilmiş arayışməlumatından görünür ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində N nömrəli hərbi hissədə əsgər rütbəsi ilə, tuşlayıcı vəzifəsində xidmət etmiş, xx.xx.2020-ci il tarixli, 310 nömrəli əmr əsasında Talış, Suqovuşan ərazilərində döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir. - N nömrəli Hərbi hissənin xx.xx.2024-cü il tarixli, 188/2 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, ehtiyatda olan əsgər İddiaçı, 05 noyabr 2020-ci il tarixindən 11 noyabr 2020-ci il tarixinədək döyüş əməliyyatları zamanı bilavasitə iştirak etmiş və məzuniyyətdə, ezamiyyətdə, hospitalda və hərbi hissəni özbaşına tərk edənlərin siyahısında olmadığından, həmin döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin icrası ilə bağlı ona verilmiş tapşırıqları icra etməsi istisna olunmur. İddiaçı Laçın və Suqovuşan rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə medalla təltif olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Müdafiə Nazirliyinin Təltif komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların və digər şəxslərin təltif edilməsi məsələsinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, onların xidmət etdikləri hərbi hissə komandirləri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırdıqları və yuxarı qərargahlarda müsbət qərar qəbul edilmiş təltif sənədləri əsasında baxılır. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci hissəsində Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən təsis edilən medalların adları, o cümlədən “Suqovuşanın azad olunmasına görə” medalı;... “Laçının azad olunmasına görə” medalı; qeyd edilmişdir. Qanunun 3-cü hissəsinə əsasən orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən, orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Əsasnamənin 2-ci bəndinə əsasən “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsinə görə “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Göründüyü kimi iddiaçının təltif edilməsini xahiş etdiyi medalları ilə döyüş əməliyyatlarında iştirak etmiş şəxslər Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 223 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatda qeyd edilir ki, silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunması Azərbaycan Respublikasının ordenlərinin statusuna və medalları haqqında əsasnamələrə uyğun olaraq (əlavə № 1) hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimsəməyə, qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. -7-ci maddəyə əsasən Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin icra aparatına (Administrasiya) göndərilir. -11-ci maddəyə əsasən Azərbaycan Respublikası Silahlı X1 21-ci maddəsinə əsasən öz tabeliyində olan hərbi qulluqçuları bu Əsasnamənin 3-cü maddəsində göstərilmiş xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququ alay (briqada) komandirlərinə, onlara bərabər və böyük komandirlərə, əlahiddə tabor (İİİ dərəcəli gəmilər divizionu) komandirlərinə, həmçinin tabor (İİİ dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətlərinə malik olan əlahiddə hissə komandirlərinə (rəislərinə) verilir. -19-cu maddəyə əsasən əgər Azərbaycan Respublikasının ordenlərinin statutunda və medalları haqqında əsasnamələrdə təltifə təqdim edilmənin digər qaydaları nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim edilmiş şəxslərə Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq olunmuş (Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli əmri ilə elan olunub) «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 5 №-li əlavəsinə uyğun formada təqdimat hazırlanır. -Təqdimatın əsaslandırılmasının İİ bölməsində nəticədən əvvəl son abzasda təltifə təqdim edilmiş şəxsin ünvanı, yaxud onun ailəsinin, yaxın qohumunun qohumluq dərəcəsi, soyadı, adı və atasının adı göstərilməklə ünvanı göstərilir. -22-ci maddəsinə əsasən təqdimatlar üç nüsxədə tərtib olunur. Hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimatların birinci və ikinci nüsxələri birbaşa rəislərin rəyi Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin)- Müdafiə Nazirliyinin, idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. Təqdimatların birinci və ikinci nüsxələri bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. Təqdimatın üçüncü nüsxəsi onun tərtib olunduğu hərbi hissədə saxlanılır. Təqdimatların surətləri saxlanılmayan kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə daxil olmuş təltif sənədləri Müdafiə nazirinin əmri ilə yaradılmış təltif komissiyasına təqdim edilir. Təltif komissiyasında baxılaraq haqqında müsbət qərar qəbul edilmiş təltif sənədləri qərar qəbul olunması üçün Azərbaycan Respublikası Müdafiə nazirinə məruzə olunur. Təlimatın tələbindən göründüyü kimi, hərbi qulluqçunun medal ilə təltif edilməsi üçün ilk növbədə onun alay komandiri tərəfindən şəxs təltif olunmağa təqdim edilməli, həmin təqdimata təltif komissiyasında baxılmalı, müsbət qərar qəbul edildikdə təltif sənədləri Azərbaycan Respublikası Müdafiə nazirinə göndərməli və yalnız onun qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 14/4544 nömrəli məktubundan görünür ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. İddiaçı əlavə olaraq “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunması barədə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə rəsmi qaydada heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 188/2 nömrəli arayışında qeyd edilir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, ehtiyatda olan əsgər İddiaçı 05 noyabr 2020-ci il tarixindən 11 noyabr 2020-ci il tarixinədək döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və məzuniyyətdə, ezamiyyətdə, hospitalda və hərbi hissəni özbaşına tərk edənlərin siyahısında olmadığından döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin icrası ilə bağlı ona verilmiş tapşırıqları icra etməsi istisna olunmur. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı N saylı hərbi hissədə qulluq keçən hərbi qulluqçularının “Laçının azad olunmasına” və “Suqovuşanın azad olunmasına” görə medallarla təltif olunması məqsədilə həmin hərbi hissədən göndərilən xx.xx.2020-ci il tarixli adlı siyahının müvafiq qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi ilə bağlı məhkəmənin sorğusuna Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N fevral 2025-ci il tarixli, 186/2-719/2025 saylı məktubunda qeyd edilir ki, 31 dekabr 2020-ci il tarixdə tərtib olunmuş adlı siyahı 26 yanvar 2025-ci il tarixdə 186/1-1046/2025-ci il tarixli akt əsasında məhv olunduğundan göndərmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi onun döyüş əməliyyatları və digər xidməti zamanı qiymətləndirilməsi ilə bağlı inzibati orqanın diskresion səlahiyyətidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İnzibati icraatın aparılmasının bərabərlik prinsipini özündə əks etdirən 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarının araşdırılması zamanı cavabdehin inzibati orqanın diskresion səlahiyyətlərinin hədlərinə əməl edilməməsi halı müəyyən edilməmiş, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2010/2024 saylı, 22 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2010/2024 saylı, 22 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov