Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2220/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının yaşayış yeri üzrə qeydiyyatının bərpa edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2-1(112)-2568/2021 saylı qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (bundan sonra – Nizami RPİ) qarşı «iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra iddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının yaşayış yeri üzrə qeydiyyatının bərpa edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsində mübahisəyə mahiyyəti üzrə 17.06.2021-ci il tarixdə baxılmış və məhkəmənin həmin tarixli 2-1(112)-2568/2021 saylı qərarı ilə iddia təmin edilərək, cavabdeh Bakı şəhəri Nizami RPİ-nin İddiaçı ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması hərəkətləri qanunsuz sayılmış, İddiaçı Telman qızının ünvan 1 ünvanına qeydiyyatının bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nizami RPİ-nin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinə 25 iyun 2021-ci il tarixdə X3 ərizə ünvanlayaraq, onun hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını, Bakı İnzibati Məhkəməsinin iş üzrə 2-1(112)-2568/2021 saylı, 17.06.2021-ci il tarixli qərarının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2-1(112)-2568/2021 saylı qərardadı ilə 3-cü şəxs qismində işə cəlb olunmaya dair ərizə təmin olunmamışdır. Həmin qərardaddan narazı qalan X3 şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2-1(112)-2568/2021 qərardadının ləğv edilməsini, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin evin onun tərəfindən satın alınması, evin kommunal xidmətlərinin onun adına rəsmiləşdirilməsi və digər hallar onun qanunla qorunan maraqlarına toxunduğundan həmin evə dair iddia qaldırmaq üçün subyektiv hüququ yaranmışdır. Apellyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi şikayətə uyğun izahat verərək Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2-1(112)-2568/2021 qərardadının ləğv edilməsini, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2-1(112)-2568/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin hazırkı inzibati məhkəmə icraatına cəlb olunması üçün əsaslar mövcud deyil. Bu qənaət ondan irəli gəlir ki, iş üzrə qəbul olunmuş məhkəmə qərarının onun qanunla qorunan maraqlarına toxunma ehtimalı yaranmır. Çünki, ərizəçinin müvafiq yaşayış sahəsinə subyektiv hüququ - qeydiyyatı, onun adına verilmiş order, müqavilə, mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Baxılan iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5243/2019 saylı 25.12.2019-cu il tarixli qərarı ərizəçinin qanunla qorunan hər hansı maraqlarına toxunmadığından məhkəmə haqlı olaraq ərizənin təmin olunmamasına dair qərara gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qanunvericiliyin tələblərinə əsasən müəyyən olunur ki, ərizəçinin subyektiv hüququnun yaranması üçün mübahisəli yaşayış sahəsinə dair ərizəçinin mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmalı idi. Ərizəçinin mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmadığından birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X1 tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2-1(112)-2568/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2220/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2220/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver