Məhkəmə qərarları › İş №2-1(103)-2220/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2220/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2220/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndələri X10 və X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-318/2024 saylı 24 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə doğulmuşdur. İddiaçı aktiv əmək müqaviləsi aşkarlandığı üçün Məşğulluq haqqında Qanununa əsasən onun işsiz kimi qeydiyyata alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı (FİN: xxxxxxx) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində elektron anketi xx.xx.2020-ci il tarixində yaradılmış və müvafiq anket xx.xx.2020-ci il tarixində təsdiqlənərək E. Məlikov MAS-da işaxtaran kimi qeydiyyata alınmışdır. İddiaçı E. Məlikova müvafiq altsistemdə işsiz statusu xx.xx.2022-ci il tarixində verilmişdir. İddiaçı ona “COVİD -19 pandemiyası ilə əlaqədar 190 manat birdəfəlik ödəmənin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh imtina verərkən İddiaçı aktiv əmək müqaviləsinin aşkarlandığına istinad etmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin aylıq 190 AZN-lik kompensasiyasını ödəməkdən imtina qərarının ləğv edilməsinə, sərəncamın olduğu kimi icra edilməsinə, yəni ona müavinətin verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10489/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı müavinətin ödənilməsi tələbinə dair inzibati iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işsiz kimi daha əvvəlki tarixdən qeydiyyata alınma tələbinə dair 2-1(112)-14106/2022 nömrəli inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3667/2023 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işsiz kimi daha əvvəlki tarixdən qeydiyyata alınma” tələbinə dair iddiası mümkün sayılmadığından, və qeyd olunan qərardaddan prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verilmədiyindən Bakı İnzibati Məhkəməsinin 1633/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat təzələnmişdir Daha sonra iddiaçının “Xüsusi karantin rejiminin Bakı şəhəri üzrə tətbiq edildiyi dövr, yəni 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üzrə (5 ay) işsiz statuslu şəxs qismində hər aya 190 manat məbləğində birdəfəlik ödəmənin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı karantin vaxtı Dövlət tərəfindən təqdim edilən 190 AZN maddi yardımı nazirliyin texniki problemlərinə görə ala bilməmişdir. Nazirliyin elektron sistemində əmək müqaviləsi aktiv görsənir. Halbuki həmin əmək müqaviləsindən sonra çoxlu sayda yeni əmək müqavilələri olub. Qanunvericiliyə əsasən hər bir yeni əmək müqaviləsi avtomatik olaraq köhnəsinin xitam edilməsi sayılır və ümumiyyətlə həmin vaxt dövlət portallarında onun işsiz statusunun olması sübut olaraq göstərir ki o, işsizdir. Bundan əlavə, həmin ərəfədə övladı dünyaya gəldi və dövlət tərəfindən verilən birdəfəlik müavinəti ala bilmir. Ümumlikdə karantin müddətində işsiz olduğu üçün 6 ay 190 azn hər aya görə müvinət almalıdır. Cəmi 1140 AZN. O, heç yerdə işləmir. O, hardasa əmək müqaviləsi ilə işləsəydi, həmin iş yerindən DSMF-ə pensiya ödənişləri olardı, pensiya ödənişləri olmasa həmin şirkət cərimələnərdi. Lakin guya ki, işlədiyi şirkətdən heç bir ödəniş edilmir. Ona görə ki, həmin şirkət bağlıdır və fəaliyyət göstərmir. Bununla aydın olur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi süni olaraq əsassız səbəblər gətirib, vəzifə borcunu vaxtında yerinə yetirmədiyi üçün Nazirliyin Əmək Müfəttişliyi vəzifə borcunu yerinə yetirmədiyi üçün bu problem yaranıb. Bu problemi həll etməkləri, ən azından nazirlikdə hansısa məmurun məsuliyyətsizliyini üzə çıxardacaq və nazirliyin fəaliyyətinə ləkə gətirəcək. Bu səbəbdən problemi həll etmirlər və gözləyirlər ki, bu çətin vaxtda məhkəməyə müraciət etməsin. Lakin bu çətin vaxtda onun həyat yoldaşı işləmir, özü işləmir, ailəsi gənc ailədir və balaca uşağı olduğundan, məcburiyyətdən və çarəsizlikdən ümüdlə məhkəməyə müraciət edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq X8 orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra MEİS) “Məşğulluq” altsistemində” (bundan sonra MAS) işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçı barəsində yuxarıda qeyd edilən Qaydanın 3.8-ci yarımbəndinə əsasən araşdırma aparılan zaman iddiaçının aktiv əmək müqaviləsinin olması (xxxxxxx000100) müəyyən edilmiş və bu səbəbdən də iddiaçıya birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-318/2024 saylı 24 yanvar 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Xüsusi karantin rejiminin Bakı şəhəri üzrə tətbiq edildiyi dövr, yəni 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üzrə (5 ay) işsiz statuslu şəxs qismində hər aya 190 manat məbləğində birdəfəlik ödəmənin iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışıdır. Həmin qərardan narazı qalan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı barədə Qaydaya əsasən həm müvafiq altsistemdə aktiv əmək müqaviləsi bildirişi mövcud olması, həm də müvafiq sistemdə işsiz statusunun olmaması səbəbindən ona birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur. Göründüyü kimi, Qaydada uyğun olaraq müvafiq altsistemdə aktiv əmək müqaviləsi bildirişinin mövcud olması iddiaçıya birdəfəlik ödəmənin verilməməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi də bu məqama diqqət yetirməmiş və həmin dövrdə aktiv əmək müqaviləsi bildirişi olan iddiaçıya birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul etmişdir. Bundan əlavə, Qaydanın adından da göründüyü kimi, yalnız işsiz kimi qeydiyyatda olan şəxslərə şamil edilmişdir. Müvafiq altsistemlərdən əldə edilən məlumata əsasən İddiaçı “işsiz” statusu 14 iyun 2022-ci il tarixində verilmişdir. 8 aprel 2020-ci il tarixdən 14 iyun 2022-ci il tarixinədək İddiaçı “işaxtaran” kimi qeydiyyatda olmuşdur. Qeyd olunmalıdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Hazırda Qanuna uyğun olaraq X8 tərəfindən işsiz şəxslərə, onların işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədilə sms-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Məşğulluq Mərkəzi iş aparır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədilə özünüməşğulluğa cəlb edir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə olan halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı barəsində araşdırma aparılan zaman iddiaçının aktiv əmək müqaviləsinin olması müəyyən edilmiş və bu səbəbdən də iddiaçıya birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir. Cavabdehin digər nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi “iddiaçının “Xüsusi karantin rejiminin Bakı şəhəri üzrə tətbiq edildiyi dövr, yəni 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üzrə (5 ay) işsiz statuslu şəxs qismində hər aya 190 manat məbləğində birdəfəlik ödəmənin ona verilməsi” ilə bağlı olmuşdur. Bununla bağlı onlar cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən aktiv əmək müqaviləsinin aşkarlanması əsası ilə tələbin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı (FİN: xxxxxxx) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində elektron anketi xx.xx.2020-ci il tarixində yaradılmış və müvafiq anket xx.xx.2020-ci il tarixində təsdiqlənərək İddiaçı MAS-da işaxtaran kimi qeydiyyata alınmışdır. İddiaçı E. Məlikova müvafiq altsistemdə işsiz statusu xx.xx.2022-ci il tarixində verilmişdir. “Məşğulluq haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: (-); 1.1.6. işsiz şəxs-işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtaran-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs; (-). Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli sərəncamı: 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra-pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılsın. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”: (-). 2-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”: (-). İİ. Məşğulluq və sosial rifaha dəstək sektoru üzrə işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi istiqamətində (-). 4. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi- ƏƏSMN-2020-ci ilin aprel, may ayları (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası.

1. Ümumi müddəalar 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

2. Birdəfəlik ödəmənin verilməsi şərtləri 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: [2] 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyrimaddi aktivləri və s.) olanlara. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

3. Birdəfəlik ödəmənin verilməsi qaydası 3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. 3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. 3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. 3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. 3.5. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. 3.6. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir. 3.7. Birdəfəlik ödəmənin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir. 3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə yeni məzmunda 2-1-ci hissə əlavə edilmişdir. 23 iyun 2020-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyun 2020-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 805) ilə 2-1-ci hissədə “Birdəfəlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik” sözləri ilə əvəz edilmişdir. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3-cü bəndin birinci abzasına “ödənişləri alan” sözlərindən sonra “, habelə bu bənddə göstərilən meyarlara cavab verən” sözləri əlavə edilmişdir. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.10-cu yarımbəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na yeni məzmunda 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 3.8-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 3.8. Bu Qaydanın 2.3.9-cu və 2.3.10-cu yarımbəndlərinə uyğun olaraq, işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılır. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 iyul 2020-ci il tarixli 245 nömrəli qərarı: “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 216 nömrəli Qərarının adında və 1-ci hissəsində “şəhərləri” sözü “, Mingəçevir, Şəki, Yevlax şəhərləri” sözləri ilə və “Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları” sözləri “Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. Azərbaycan Respublikasının ərazisində koronaviruss (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2020-ci il tarixli 506 nömərli qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdehin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində elektron anketi xx.xx.2020-ci il tarixində yaradılmış və müvafiq anket xx.xx.2020-ci il tarixində təsdiqlənərək İddiaçı MAS-da işaxtaran kimi qeydiyyata alınmışdır. İddiaçı müvafiq altsistemdə işsiz statusu xx.xx.2022-ci il tarixində verilmişdir. İddiaçı ilə X3 arasında xx.xx.2014-cü il tarixdə xxxxxxx000100 nömrəli əmək müqaviləsi bağlanılmış və həmin müqavilə altsistemdə xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur. X1 vergi ödəyicisi kimi fəaliyyətini xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırmışdır, həmçinin X3 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək vergi orqanına muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatları) təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X12 Xidməti tərəfindən İddiaçı adına “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumat təqdim edilmiş və həmin əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, xxxxxxx000100 nömrəli əmək müqaviləsi (əlavə iş yeri) xx.xx.2014-cü il tarixdən X3 ilə bağlanılmışdır. Həmin əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Digər məhkəmə sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən ********** nömrəli VÖEN-nin X2 məxsus olması, xx.xx.2021-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırılması, 18 12.2014-cü il tarixdə vergi uçotunun ləğv olunması, xx.xx.2021-ci il tarixdə “Fəaliyyətinə xitam verilmiş fiziki şəxsin fəaliyyətinin bərpası” barədə ərizəyə əsasən bərpa edilməsi və fəaliyyətinin hazırda aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Həmçinin məhkəmə sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Eyni zamanda bildiririk ki, xx.xx.2023-cü il tarixə olan uçot baza məlumatlarına əsasən vergi ödəyicisi X3 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək vergi orqanına muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatları) təqdim edilmədiyindən, müvafiq dövrlər üzrə məktubunuzda qeyd edilən məlumatların təqdim edilməsi mümkün olmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən görünür ki, cavabdehin imtinasının dəlili kimi göstərdiyi əmək müqaviləsi üzrə iddiaçı işləməmişdir. Ona görə də İddiaçı adına fiziki şəxs X3 (VÖEN **********) tərəfindən “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş xxxxxxx000100 nömrəli əmək müqaviləsinin aktiv qalması və bu səbəbdən iddiaçıya işsiz statusunun verilməsi barədə qərarın qəbul edilməməsi iddiaçının məsuliyyətində olmamışdır. Odur ki, Xüsusi karantin rejiminin Bakı şəhəri üzrə tətbiq edildiyi dövr, yəni 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üzrə (5 ay) işsiz statuslu şəxs qismində hər aya 190 manat məbləğində birdəfəlik ödəmənin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını iddiaçı tələb etməkdə haqlı olmuşdur. Lakin iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı tələbindən imtina edən cavabdeh onun verilməsi proqramının başa çatdırılaraq icrası müddəti bitdiyini, bir aydan az müddət ərzində 600 min şəxsi əhatə etdiyini, ayrılmış vəsaitin həmin dövrdə təyinatı üzrə istifadə olunması və iddiaçının aztəminatlılıq meyarlarına uyğun olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş və sonradan müəyyən dəyişikliklər edilmiş “Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na görə iddiaçıların birdəfəlik yardım almaq hüquqları olmuş, onların birdəfəlik yardım almayan şəxslərin kateqoriyasına aid olmasına dair işdə hər hansı sübut olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli sərəncamı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2-1-ci bəndində, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda birdəfəlik ödəmənin cari ilin aprel və may ayları üçün ödənilməsinin nəzərdə tutulması qeyd edilmişdir. Cavabdeh hesab edir ki, birdəfəlik ödəmə 600 min şəxsi əhatə etmiş və ayrılmış vəsait təyinatı üzrə istifadə olunduğundan iddia əsaslı sayıla bilməz. 190 manat birdəfəlik ödəmənin yalnız 600 min şəxsə aid edilməsi, həmin ödəməni almaq hüququ olan şəxslərdən yalnız 600 mininə ödənilməli olması barədə hər hansı rəsmi sənəd mövcud olmamışdır. Cavabdeh bu imtinası ilə hamının qanun və inzibati orqan qarşısında bərabər olması və inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə “İnzibati icraat haqqında” Qanunun 12. 1və 12.2-ci maddələrinin tələbini nəzərə almamışdır. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçılara Nazirlər Kabinetinin müvafiq Qərarları ilə nəzərdə tutulmuş 190 manat birdəfəlik ödənilməsindən imtinası əsassız olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Belə ki, cavabdeh iddiaçıların hansı sənədlər əsasında aztəminatlı olmamalarını təsdiq edən halın mövcudluğunu sübut edə bilməmişdir. Halbuki, İPM-in 14.3-cü maddəsinə əsasən bu halda sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Həmin maddəyə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddia tələbinin təmin olunmasından cavabdehin imtina etməsi əsassız olmuşdur. Odur ki, Nazirlər Kabinetinin sonradan qəbul etdiyi adı çəkilən qərarlarında, o cümlədən 23 iyun 2020-ci il tarixli 216 nömrəli, 7 avqust 2020-ci il tarixli 283 nömrəli və 23 dekabr 2020-ci il tarixli 506 nömrəli qərarlarında 190 manat birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulduğuna görə cavabdehin şikayətinin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə əsaslı olduğundan, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarda da (2-1(102)-354/2022 saylı xx.xx.2022-ci il tarixli qərar) hüquqi mövqeyi belə əsaslandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-318/2024 saylı 24 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-318/2024 saylı 24 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X14 Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar