Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2222/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X11 Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X6) “qərarın ləğv edilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-214/2021 №-li qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X15 cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə Binəqədi Bələdiyyəsinin sənədlərinə inzibati nəzarət qaydasında baxılarkən məlum olmuşdur ki, 8-ci m/r, S.Axundov küçəsi 36 saylı yaşayış binasının yaxınlığında vətəndaş Azadxan Xanməmmədova sahibkarlıq fəaliyyəti üçün Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 187 saylı qərarı ilə 100 kv.metr torpaq sahəsi ayrılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin qərar qanunsuz tərtib olunmuş, qərar qəbul edilərkən bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmamışdır. Qərarın ləğv edilməsi üçün X15 tərəfindən Binəqədi Bələdiyyəsinə xx.xx.2019-cu il tarixli, 09/6- 33 saylı təklif məktubu göndərilmiş, təklif Binəqədi Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 07 saylı iclasında müzakirə olunaraq təmin edilməmişdir. Daha sonra iddiaçı «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 1, 3.1, 8.3-8.5-ci maddələrinə, həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2007-ci il tarixli 9-T nömrəli əmri ilə ilə təsdiq edilmiş X15 haqqında” Əsasnamənin 7.5-7.6-ci bəndlərinə, Mülki Məcəllənin 139.1-ci və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” lanunun 6.5-ci maddələrinə, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 5 və 8-ci bəndlərinə istinadən hesab edir ki, cavabdeh Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2-1(112)-165/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1120/2020 saylı,xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2-1(112)-165/2020 saylı qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-214/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Binqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş X1 fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 187 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ləğv edilmişdir. Həmin qərardan üçüncü şəxs X6 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-214/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, cavabdeh ilə üçüncü şəxs arasında 23 iyul 2007-ci il tarixdə “X9 bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 8 mkr. S.S.Axundov küçəsi, 36 saylı yaşayış binasının yanında 100 kvm. torpaq sahəsinə dair” müqavilə bağlanmışdır. xx.xx.2007-ci il tarixli, AJV 063615 №-li kassa mədaxil orderinin qəbzinə əsasən üçüncü şəxs tərəfindən 100 kv.metr torpaq sahəsinə görə 1000 (bir min) manat Binəqədi Bələdiyyəsinin hesabına mədaxil edilmişdir. 8 mkr. S.S.Axundov küçəsində 36 saylı yaşayış binasının yanında sahibkarlıqla məşğul olmaq üçün üçüncü şəxsə təklif olunan torpaq sahəsinin (100 kv.m.) X7 Mülkiyyətinin idarə edilməsi şöbəsinin mühəndis-memarı tərəfindən tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının xx-xx/1940 saylı, 15 noyabr 2007-ci il tarixli və 12-x- 88 saylı, 19 dekabr 2013-cü il tarixli məktublarına əsasən, Bakı şəhər sakini olan üçüncü şəxs A.Xanməmmədova sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılması nəzərdə tutulmuş torpaq sahəsinə dair etiraz etməmişdir. AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X13 kənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən rəy tərtib olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 38 saylı, 17 fevral 2015-ci il tarixli sərəncamına əsasən binanın tikintisinə icazə verilmişdir. AR FHN X17 Xidmətinin YTNƏŞ- 0316 saylı, xx.xx.2017-ci il tarixli aktına əsasən, obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2-6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AR Dövlət Tikinti Normalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının, 2.09.04-87 “İnzibati və məişət binaları” Tikinti Norma və Qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası" Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı, Xarici Xətlər və qurğular” Tikinti Norma və Qaydalarının və “X4 Qaydaları”nın yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir. 03 iyul 2017-ci il tarixdə Ö/001368 nömrəli “İstisamara hazırlıq aktı” tərtib olunmuş, tikinti obyektinin mövcud vəziyyətində istismarına 62 nömrəli, 22 dekabr 2017-ci il tarixli icazə verilmişdir. A.Xanməmmədova ayrılmış torpaq sahəsində bina tikilmiş, həmin binanın tikilməsinə də dövlət orqanları razılığını bildirmiş və torpaqdan istifadə olunmasından iddiaçının da xəbəri olmuşdur. Torpağın A.Xanməmmədova ayrılmasından 14 il, torpaq sahəsi üzərində bina tikilməsindən 5 il keçdikdən sonra iddiaçı tərəfindən ona qarşı belə bir iddia qaldırılması həm İnzibati İcraat haqqında AR Qanununun, həm Torpaq Məcəlləsinin, həm də Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə ziddir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasınin 2-1(103)-2327/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin qərrarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs A.Xanməmmədov həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 451/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının 15 sentyabr 2022-ci il tarixli iclasında iştirak edən üçüncü şəxs A.Xanməmmədov apellyasiya şikayətini dəlillərinə uyğun müdəfiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir(Hazırkı məhkəmə iclası barədə məlumatlı olsa da məhkəməyə gəlməmişdir). Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdeh bələdiyyənin nümayəndəsi E.Məmmədov üçüncü şəxsin apellyasiya şikayəti ilə razılaşaraq şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumatlandırılmış iddiaçı məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 09./3-168 saylı məktubunda işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alaraq işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün sayımışdır. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, Ali Məhkəmənin qərarından tirəli gələn göstərişləri qaydasında iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia mümkün sayılmamalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn ilk göstərişi ondan ibarətdir ki, “...təkrar baxışda apellyasiya məhkəməsi sözügedən tarixləri tərəflərlə müzakirə etməli, tərəflərin onları qəbul edib-etmədiyi ilə bağlı məsələni dəqiqləşdirməli, xüsusən inzibati nəzarət orqanının etdiyi təklifin qəbul edilməməsinə dair bələdiyyə qərarının konkret hansı tarixdə X14 daxil olduğunu, eləcə də iddianın hansı tarixdə qaldırıldığını (iddia ərizəsinin məhkəməyə və ya poçta verilməsi tarixi) dəqiq müəyyən etməli və nəticəsindən asılı olaraq 15 günlük iddia qaldırılması müddətinə riayət edilib-edilmədiyinə qiymət verməklə ilk növbədə iddianın mümkünlük məsələsini həll etməlidir.” Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişlər nəzərə alınmaqla, cavabdeh bələdiyyənin 31 may 2019-cu il tarixli 07 saylı ümumi iclas protokolunun Mərkəzə 8 iyun 2019-cu il tarixdə daxil olması, eləcə də, Mərkəzin iddia ərizəsinin birinci instansiya məhkəməsinə və ya poçta 16 iyul 2019-cu il tarixdə təqdim edilməsi barədə məlumatların həqiqiliyinin müəyyən olunması üçün cavabdeh X14 xx.xx.2022-ci il tarixli sorğu göndərilərək, müvafiq arayışın və bununla bağlı müvafiq sübutların (sənədlərin) təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. X15 tərəfindən məhkəmənin həmin sorğusu xx.xx.2022-ci il tarixli 09/3-167 nömrəli cavab məktubu ilə aşağıdakı kimi cavablandırılmışdır: “ Binəqədi bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 07 nömrəli iclas protokolu Mərkəzə xx.xx.2019-cu il tarixdə daxil olmuş və xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair” iddia ərizəsi xx.xx.2019-cu il tarixdə poçta verilmişdir.” İddiaçının məktubunda qeyd olunan həmin məlumatlar və məktuba əlavə olunmuş bələdiyyənin 14 iyun 2019-cu il tarixli göndərmə məktubunun, həmin məktubun göndərildiyi zərfin və iddia ərizəsinin məhkəmyə göndərilməsini təsdiq edən reyestr göstəricilərinə ( poçt orqanın qəbul etdiyi tarixə və ştrixkodv) əsasən öz təsdiqini tapır. Əslində, iş materiallarından da görünür ki, bələdiyyənin həmin iclasın protokolunun 18 iyun 2019-cu il tarixdə X14 daxil olduğu (i.v.117) və Mərkəzin iddia ərizəsinin isə 16 iyul 2019-cu il tarixdə məhkəməyə daxil olduğuna dair məhkəmə dəftərxanası tərəfindən aparılmış qeydiyyatla da təsdiq olunur (i.v.1). Göründüyü kimi, iddiaçının məhkəmə sorğusu ilə məhkəməyə təqdim etdiyi məlumatlar, habelə, işdə də olan sübutlarla müəyyən edilən hallar üst-üstə düşür. Beləliklə, tədqiq olunan sənədlərlə müəyyən olunan hallar onu göstərir ki, iddiaçı bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı ona ünvanladığı təklifi sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə müzakirə olunmuş və bu barədə tərtib olunmuş 07 nömrəli iclas protokolu iddiaçıya göndərilmiş və sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul olunmuş, iddia ərizəsinin isə məhkəməyə göndərilməsi üçün xx.xx.2019-cu il tarixində, yəni, 21 gün sonra poçta təhvil vermişdir. İddia ərizəsi poçta təhvil verilərkən qüvvədə olan qanunvericiliyin tələbləri isə aşağıdakılardan ibarətdir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qanunla nəzərədə tutlan başqa qayda ilə isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanunu isə aşağıdakılar nəzərədə tutulur: Maddə 8.3. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Maddə 8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Maddə 8.5. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Qeyd edilənlərdən isə göründlüyü kimi, iddiaçı cavabdehin xx.xx.2007-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi sonuncunun ona təqdim olunmuş xx.xx.2019-cu il tarixli 07 nömrəli iclas protokolu xx.xx.2019-cu il tarixdə daxil olduqdan 21 gün sonra xx.xx.2019-cu il tarixində hazırkı iddia ərizəsini poçta təhvil verilmiş, bununla da, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Qanunun qeyd olunan 8.5-ci maddəsi ilə müəyyən olunan 15 günlük iddia müddətini buraxmışdır. İPM-in 35.1-ci maddəsi nəzərdə tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, iddia mümkün sayılır. Sözügedən normanın mənası onu ehtiva edir ki, iddia qanunvericiliklə müəyyən olunan tələblər, o cümlədən, qanunla müəyyən edilən iddia müddəti çərçivəsində qaldırıldığı halda məhkəmə icraatı mümkün ola bilər. Əks halda, həmin iddianın əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna olunur ki, belə olan halda da məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda, iddiaçı tərəfindən qanunla müəyyən edilən müəyyən olunan 15 günlük iddia müddəti buraxıldığı halda, onun bələdiyyəyə qarşı hazırkı iddiası əsaslandırılmış iddia kimi qiymətləndirlə və məhkəmə icraatı mümkün sayıla bilməz . Birinci instansiya məhkəməsi tərəfindən isə işə baxılarkən qeyd olunanlara diqqət yetirilməmiş, iddiaçı tərəfndən qanunla müəyyən edilən iddia müddəti buraxıldığı halda, işə mahiyyəti üzrə baxılaraq iddia təmin edilmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası üçüncü şəxs A.Xanməmmədovun apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-214/2021 №-li qərarı ləğv olunmalı, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X3 apellypasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-214/2021 №-li qərarı ləğv olunsun. X11 iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2222/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2222/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver