Məhkəmə qərarları › İş №2-1(103)-2222/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2222/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2222/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndələri X14 və X6, Üçüncü şəxsin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) qarşı "torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3038/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixdə Şerebrovski adına NQÇİnin "xxxx" yaşayış sahəsindən ona ayrılmış 152 saylı sahədə tikib başa çatdırdığı evə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Serebrovski adına NQÇİ-nin "xxxx" bağçılıq təsərrüfatından xx.xx.1995ci il tarixdə ayrılmış 152 saylı 0,05 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, uzun illər neft sahəsində işlədiyinə görə iddiaçıya Serebrovski adına NQÇİ-nin "xxxx" bağçılıq təsərrüfatından xx.xx.1995-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 152 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsini abadlaşdırmış, ev tikib şəhid ailəsi olaraq orada yaşayırlar. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə baglı cavabdehə müraciət etmiş, lakin müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********96 saylı, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, İdarənin arxiv məlumatlarına əsasən "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazi hüdudlarından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Qeyd olunanlarla yanaşı torpaq sahəsinin ölçüsü və bağ sahəsinin nömrəsi təqdim olunan üzvlük kitabçasında əks olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3038/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən də görünür ki, həmçinin, birinci instansiya məhkəməsi də müəyyən etmişdirki, iddiaçının adı üzvlərin siyahısında mövcud deyil və mütəxəssis rəyi və aidiyyəti digər sənədlər, o cümlədən xəritədən çıxarışdan da aydın olur ki, bağ sahəsi ayrıc aktına yaxın məsafədə yerləşsə də faktiki olaraq ayrıc aktından kənarda yerləşir. Lakin, birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarından səhv nəticə çıxararaq, düzgün olmayan qərar qəbul etmişdir. İddiaçının adı üzvlər siyahısında yoxdur, bağ sahəsi ayrıc aktından kənarda yerləşir, mübahisəli torpaq sahəsinin Dövlət mülkiyyətində olmaq, Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərdə yerləşməsi ilə bağlı müvafiq sənədlər təqdim edilsə də, məhkəmə qərarda həmin sənədlərə istinad etməmişdir. Məhkəmə yalnız X16 və Ekspertiza Mərkəzi MMC-nin natamam mütəxəssis rəyinə istinad etməklə iddia tələbini təmin etmişdir. Cavabdeh inzibati orqanın mübahisəli bağ sahəsinin qeydiyyata alınmaması ilə bağlı istinad etdiyi hallara qiymət verməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda istinad edilən imtinanın dəlillərinə münasibətdə hesab etmişdir ki, işin qeyd olunan faktiki halları, iddianın təminini istisna edən faktiki hallar qismində çıxış etmədiyindən, həmin halların mövcud olması, cavabdehin imtinasının əsaslı olması anlamına gəlmir. Əvvəla qeyd etmək istəyirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlərlə bağlı ayrıc aktından kənarda olan torpaq sahələrinə dair iddia tələblərinin təmin edilməməsinə dair məhkəmə praktikası mövcuddur. Hesab edirlər ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, hazırki işin materiallarından görünür ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinasının əsaslarından biri mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazi daxilində, yerləşməsi ilə əlaqələndirmiş və məhz buna görə Dövlət Neft Şirkəti həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında verdikləri izahatda, həmçinin məhkəməyə təqdim edilən xəritələrdən çıxarışda torpaq sahəsinin Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərə aid olmasını bidirsələr də, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda ümumiyyətlə SOCAR tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmişdir. Mübahisəli torpaq sahəsi Dövlət mülkiyyətində olub,"xxxx" bağçılığa ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda, Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazidə yerləşir. İş materiallarında olan mütəxəssis rəyi natamamdır, buna görə də, məhkəmə tərəfindən sübut qismində qəbul oluna bilməz. Birinci instansiya məhkəməsi araşdırmamışdır ki, “X16 və Ekspertiza Mərkəzi” MMC hansı kordinatlar əsasında belə nəticəyə gəlmişdir ki, mübahisəli torpaq sahəsi SOCAR-ın daimi istifadəsinə verilmiş ərazi hüdudları daxilində yerləşmir və təyinatı yaşayış məntəqələrinin torpağıdır? Mübahisəli torpaq sahəsi Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərdən geri qaytarılmışdırmı? MMC hansı sənədlər əsasında belə nəticəyə gəlmişdir? Çünki, işin içində olan sənədlərin hamısında eyni zamanda üçüncü şəxs və cavabdeh iddia edir və bu barədə məhkəməyə müvafiq sənədləri təqdim edərək göstərir ki, mübahisəli torpaq sahəsin Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərdə yerləşməklə, təyinatına görə sənaye təyinatlı torpaq sahəsidir. Lakin məhkəmə qərarda həmin rəylə bağlı üçüncü şəxsin arqumentlərini nəzərə almamış və buna qiymət verməmişdir, nəticədə düzgün qərar qəbul etməmişdir. İş materiallarında mübahisəli torpaq sahəsinin vahid elektron baza məlumatlarına, həmdə SOCAR tərəfindən təqdim edilmiş xəritələrdə Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilər daxilində yerləşməsi sübuta yetirilsə də, məhkəmə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətini təmin etməkdən imtina etsə də, birinci instansiya məhkəməsində araşdırma zamanı qəbul edilmiş məhkəmə aktı ilə razılaşmış və apellyasiya şikayəti ilə müraciət etməmişdir. Hazırda yalnız 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmə aktı tam olaraq yoxlanılır. İnzibati işdən görünür ki, iddiaçıya Serebrovski adına NQÇİ-nin "xxxx" bağçılıq təsərrüfatından xx.xx.1995-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 152 saylı bağ sahəsi ayrılmışdır. İddiaçıya Serebrovski adına NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlığının 10 iyul 1995-ci il tarixli, 117 saylı üzvlük kitabçası verilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında aşağıdakı hallara istinad etmişdir: 1) İdarənin arxiv məlumatlarına əsasən "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. 2) torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazi hüdudlarından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. 3) torpaq sahəsinin ölçüsü və bağ sahəsinin nömrəsi təqdim olunan üzvlük kitabçasında əks olunmamışdır. İddiaçı hazırda inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını mübahisələndirir və sözügedən bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını və üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası cavabdehin “idarənin arxiv məlumatlarına əsasən "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır” imtina əsasına münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə araşdırması zamanı məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən “Qum adası” NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlığın arxiv qovluğu təqdim edilmişdir. Həmin arxiv qovluğunda mövcud olan üzvlərinin siyahısı 15 dekabr 1985-ci il tarixlidir, halbuki iddiaçıya məxsus 117 nömrəli üzvlük biletindən görünür ki, o, “Qum adası” NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlığına 10 iyul 1995-ci il tarixdə üzv kimi qəbul edilmişdir. Üzvlük biletinin əsli apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiaçının yalnız 10 iyul 1995-ci il tarixdə “Qum adası” NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlığına üzv kimi qəbul edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən 15 dekabr 1985-ci il tarixli siyahıya istinad edilərək iddiaçının adının "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında olmaması əsası ilə onun müraciətinin təmin edilməsindən imtinası əsaslı və məntiqə uyğun hesab edilə bilməz. Bununla yanaşı iddiaçı məhkəmə araşdırması zamanı əmək kitabçasını təqdim edərək, həqiqətən də “Xəzərdənizneft” trestində uzun illər sürücü vəzifəsində işlədiyini və iş yeri üzrə yaradılmış bağçılıq-yoldaşlığa üzv seçilərək ona qeyd edilən bağ sahəsinin verildiyini və həmin bağ sahəsində 1995-ci ildən ev tikərək istifadə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin “torpaq sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazi hüdudlarından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi” imtina əsasına münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, eyni hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıya ayrılmış bağ sahəsinin qonşuluğunda yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Qum adası” NQÇİ-nin b/y-nın Bloq “V” 08 saylı bağ sahəsinə X5 adına (daşınmaz əmlakın reyestr nömrəsi **********59), Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağ massivi, “B” bloklu, 46 saylı bağ sahəsinə X3 adına (daşınmaz əmlakın reyestr nömrəsi **********19), Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 44 saylı bağ sahəsinə X7 adına (daşınmaz əmlakın reyestr nömrəsi **********21), Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, "xxxx" b/y-nın 40 saylı bağ sahəsinə X9 adına (daşınmaz əmlakın reyestr nömrəsi **********55) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bununla bağlı qeyd olunan şəxslərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə baxmayaraq, iddiaçının həmin sənədlər əsasında bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi barədə müraciətinin təmin edilməsindən torpaq sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazi hüdudlarından kənarda yerləşməsi əsası ilə imtina edilmiş, nəticədə etimad hüququnun qorunması və bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Bununla da məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1842/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İş materiallarında olan “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.1987-ci il tarixli protokolundan çıxarışdan görünür ki, X9 xahişi nəzərə alınmaqla ona 500 kv.m torpaq sahəsi olan 40 saylı bağ sahəsi daimi istifadə etmək üçün verilmişdir. İş materiallarında olan “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.1997-ci il tarixli protokolundan çıxarışdan görünür ki, X7 xahişi nəzərə alınmaqla ona 500 kv.m torpaq sahəsi olan 44 saylı bağ sahəsi daimi istifadə etmək üçün verilmişdir. İş materiallarında olan AR Dövlət Torpaq və Xəritəçəkməkomitəsi Torpaq sahənin plan və ölçüsündən görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı Qərarı və “Qum adası” NQÇİ-nin b/y-nın xx.xx.1989-cu il tarixli 02 saylı protokolu ilə 500 kv.m torpaq sahəsi X8 daimi istifadə etmək üçün verilmişdir. İş materiallarında olan JN-26753D KOD 00600046 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 20/396 saylı Qərarı və “Qum adası” NQÇİ-nin b/y-nın xx.xx.1999-cu il tarixli 3 saylı protokolu ilə Zığ massivində yerləşən “B” bloku 46 saylı bağ sahəsi X10 mülkiyyətinə verilmiş, alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsinin 0,03 hektarını X15 X1, həmin müqavilə əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağ massivi, “B” bloklu, 46 saylı 0.03 ha bağ sahəsinə X3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənədlər əsasında hazırki cavabdeh inzibati orqan tərəfindən inzibati icraat qaydasında yuxarıda adları qeyd olunan şəxslərin mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almış və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışlarda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaq sahələri olduğu qeyd edilmişdir. Həmçinin iş materiallarındakı ortofotogörüntüdən də aydın olur ki, iddiaçı ilə qonşuluqda yerləşən həmin bağ sahələri də "xxxx" b/y-nın ayrıc aktından kənarda yerləşmişdir. Beləliklə, eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq İddiaçı müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da inzibati orqan öz praktikasında vətəndaşlara münasibətdə bərabər davranmamışdır. Məhkəmə kollegiyası həmçinin cavabdehin “elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması” dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan “X16 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 39 nömrəli, 20 fevral 2024-cü il tarixli məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, Serebrovski adına NQÇİ-nin "xxxx" bağçlıq sahəsində yerləşən 152 saylı sahədə İddiaçı istifadəsinə ayrılmış bağ sahəsi dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqlarıdır, koordinatları rəyə əlavə olunmuş ortofoto görüntüsündə qeyd edilir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, sahəsi 0,550 hektardır, bağların sxematik xəritəsindən kənarda yerləşir. İddia olunan bağ sahəsinin digər bağ sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmadı. İddia olunan bağ sahəsinin neft kəmərlərinin mühafizə zonasında yerləşməməsini müəyyən etmək mümkün olmadı. Lakin nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 №-li Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Fərmandan da göründüyü kimi, əgər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmirdirsə bu zaman vətəndaşın Siyahıda nəzərdə tutulmuş sənədlərə malik olması, onun həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas verir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli daşınmaz əmlaka dair hüquqları 1995-ci ildən etibarən yarandığından və həmin dövrdə torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsi ilə bağlı cavabdeh və üçüncü şəxs tərəfindən sübutlar məhkəməyə təqdim edilmədiyindən qeyd edilən əsasla iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeyd alınmasından cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, sözügedən torpaq (bağ) sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3038/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar