Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2222/2025 20.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya əlilliyin təyin edildiyi xx.xx.2020-ci ildən əvvəlki 3 il üçün ödənişin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12161/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlilliyin təyin edildiyi xx.xx.2020-ci ildən əvvəlki 3 il üçün ödənişin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci ildə anadan olmuş və səhhətində anadangəlmə problemlər olmuşdur. TSEK tərəfindən keçirilən sonuncu müayinəyə görə xx.xx.2020-ci ildə iddiaçıda ağırlaşmış M41 skolioz, ağırlaşmış M24.5 oynaqların kontrakturası və Q68 digər anadangəlmə sümük-əzələ deformasiyaları diaqnozu olduğundan, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət təyin olunmuşdur. Bu müddətdən xx.xx.2023-cü ilədək həmin müavinəti almağa davam etmişdir. Həmçinin 5 nömrəli uşaq poliklinikasında dəfələrlə müayinədə olmuşdur və nəticə olaraq xəstəliyinin doğulduğu andan yarandığı poliklinikanm verdiyi cavabda əksini tapmışdır. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən müvafiq müddətlərə təyin edilir. Qeyd olunanlara əsasən, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün ödənişin həyata keçirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-12161/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci ildə anadan olmuşdur və səhhətində anadangəlmə problemlər olmuşdur. TSEK tərəfindən keçirilən sonuncu müayinəyə görə xx.xx.2020-ci ildə iddiaçıda ağırlaşmış M41 skolioz, ağırlaşmış M24.5 oynaqların kontrakturası və Q68 digər anadangəlmə sümük-əzələ deformasiyaları diaqnozu olduğundan, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət təyin olunmuşdur. Həmin vaxtdan xx.xx.2023-cü ilədək müavinət almağa davam etmişdir. Qeyd olunanlara əsasən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün ödənişin həyata keçirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə qeyd olunan inzibati aktın qəbulu ilə bağlı imtinanın mübahisələndirilməsinə dair müraciət etmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən müvafiq müddətlərə təyin edilir. Maddədə qeyd olunduğu kimi, onu almaq hüququnun yarandığı gün onun doğulduğu andan hesab edilməlidir. Məhkəmə işə baxan zaman belə qənaətə gəlmişdir ki, əlillik altsisteminə əsasən iddiaçının ilkin əlilliyi xx.xx.2020-ci il tarixdə müəyyən edildiyi üçün ona əlilliyin təyin edildiyi tarixdən əvvəlki 3 il üçün - xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövr üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən işə düzgün baxılmadığından apellyasiya instansiyası məhkəməsində mahiyyəti üzrə yenidən baxılmalıdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı cavabdehə qarşı əlilliyin təyin edildiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün ödənişin edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı tərəfindən apellyasıya şikayəti verilmişdir. Şikayət əsassızdır. Azərbaycan Respublikası Nəzirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş '’Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qıymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 7.0.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.3-cü maddəsinə müvafiq olaraq 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanları məhdudluğu müddətinə təyin olunurdu. Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, bu Qanun qüvvəyə mindiyi gündən sonra onu almaq huququ yaranan gündən təyin edilir. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişi əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin altsistemi vasitəsilə həyata keçirilir. “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2005-ci il təvəllüdlü iddiaçının xx.xx.2020-ci il tarixdən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi üçün ona hamin tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət təyin edilmiş, ödənişi xx.xx.2023-cü il tarixədək davam etdirilmişdir. "Əlillik” altsisteminə əsasən iddiaçının ilkin əlilliyi xx.xx.2020ci il tarixdə müəyyən edildiyi üçün ona əlilliyin təyin edildiyi tarixdən əvvəlki 3 il üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövr üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 06 iyul 2024-cü il tarixli məktubda qeyd olunur: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 7.0.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.3-cü maddəsinə uyğun olaraq 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin olunurdu. Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2020-ci il tarixindən 18 yaşınadək sağlamlıq imkanlarınızın məhdudluğu müəyyən edildiyi üçün Sizə həmin tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət təyin edilmiş, ödənişi xx.xx.2023-cü il tarixinədək davam etdirilmişdir. MEİS-in “Əlillik” altsisteminə əsasən ilkin əlilliyiniz xx.xx.2020-ci il tarixində müəyyən edildiyi üçün Sizə ərizənizdə qeyd etdiyiniz dövr üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0103003AABGM nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixində ilkin qiymətləndirilmiş və göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, İddiaçı xx.xx.2020-ci il tarixindən 18 yaşınadək (xx.xx.2023-cü il tarixinədək) sağlamlıq imkanları məhdud uşaq hesab olunmuşdur (tibbi-sosial ekspertiza sənədi əlavə edilmişdir). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət (xx.xx.2022-ci ilədək qüvvədə olmuşdur). 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda (xx.xx.2022-ci ilədək qüvvədə olmuşdur). 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə (xx.xx.2022-ci ilədək qüvvədə olmuşdur). İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2005-ci ildə doğulmuşdur. İddiaçının əlillik vəziyyəti xx.xx.2020-ci il tarixində ilkin qiymətləndirilmiş, xx.xx.2020-ci il tarixindən 18 yaşınadək (xx.xx.2023-cü il tarixinədək) sağlamlıq imkanları məhdud uşaq hesab olunmuş və ona xx.xx.2020-ci il tarixdən «sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət» təyin edilərək ödənişi xx.xx.2023-cü il tarixədək (sağlamlıq imkanlarının məhdudluğu müddətinə) davam etdirilmişdir (müavinət işi iş materiallarına əlavə edilmişdir). Hazırda iddiaçı ona xx.xx.2020-ci ildən əvvəlki 3 il üçün ödənişin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbindən göründüyü kimi, müavinətlər ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçı xx.xx.2020-ci il tarixindən 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq hesab olunmuş, həmin tarixdən onun müavinət almaq hüququ yaranmış və həmin vaxtdan ona müavinət təyin edilərək ödənilmişdir. Göründüyü kimi, iddiaçının müavinət almaq hüququ xx.xx.2020-ci il tarixindən yaranmış və hüququnun yarandığı xx.xx.2020-ci il tarixindən əvvəlki dövrlər üçün müavinət almaq hüququ mövcud olmamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanuni və əsaslıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12161/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2222/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2222/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver