Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2223/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona əlillik dərəcəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1513/2021 saylı 26 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 20 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1513/2021 saylı 26 aprel 2021-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, İddiaçı əlilliyinin təqdim edilmiş sənədlər əsasında məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, 26.04.2020-ci il tarixli məhkəmə qərarı cavabdeh Agentliyə 16 may 2021-ci il tarixdə daxil olmuşdur. İddiaçı cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürüldüyünü, apellyasiya şikayətinin qərarın icra olunması üçün onun tərəfindən idarəyə verildikdən sonra verildiyini bildirmiş və buna görə də apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 izahatında 26.04.2021-ci il tarixli məhkəmə qərarının Agentliyə 18 may 2021-ci il tarixdə poçt vasitəsilə daxil olduğunu və buna görə apellyasiya şikayətinin vaxtında verildiyini bildirmiş, apellyasiyanın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin 26.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1513/2021 saylı 26 aprel 2021-ci il tarixli qərarı 3 may 2021-ci il tarixli məktubla poçt vasitəsilə cavabdehin iş materiallarındakı ünvanına göndərilmiş və 16.05.2021-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “X.S.Həsənova” yazılaraq imza edilməklə (i.v.82) qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Belə olan halda 26.04.2021-ci il tarixli qərardan apellyasiya şikayəti verilməsi üçün cavabdehə münasibətdə son müddət 16.06.2021-ci il tarix hesab olunur. Lakin hazırki işdən müəyyən olunur ki, cavabdehin şikayəti məhkəməyə müddət ötürülməklə 29.06.2020-ci il tarixdə daxil olmuşdur. Həmin şikayətin məhkəməyə göndərildiyi poçt zərfinin (i.v.99) üzərindəki ştempeldən görünür ki, cavabdeh orqan tərəfindən şikayət 21.06.2021-ci il tarixdə rabitə orqanına təhvil verilmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 “Poçt göndərişlərinin izlənməsi“ sənədini məhkəməyə təqdim edərək 26.04.2021-ci il tarixli məhkəmə qərarının Agentliyə 18.05.2021-ci il tarixdə daxil olduğunu, apellyasiya şikayətinin isə qanunla müəyyən edilmiş 30 gündük müddət daxilində verildiyini bildirmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla iş materiallarında olan poçt xəbərnaməsinə əsasən (i.v. 82) cavabdeh tərəfə göndərilmiş məhkəmə qərarı “X.S.Həsənova” tərəfindən 16.05.2021-ci il tarixdə qəbul edilmişdir. Digər tərəfdən, cavabdehin nümayəndəsinin təqdim etdiyi “poçt göndərişlərin izlənməsi” barədə sənəddə SS728889311AZ saylı xəbərnaməli məktubun ünvan sahibinə 16.05.2021-ci il tarixdə daxil olduğu, alıcıya isə həmin məktubun 18.05.2021-ci il tarixdə çatdırıldığı müəyyən olunsa da, həmin məktubun məhz cavabdeh Agentliyə göndərilmiş 26.04.2021-ci il tarixli məhkəmə qərarının məktubu olduğunu müəyyən etmək mümkün deyildir. Bundan başqa, iş üzrə aydın olur ki, 26.04.2021-ci il tarixli məhkəmə qərarı 16.05.2021-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən alındıqdan sonra qanunla müəyyən edilmiş 30 günlük müddət daxilində ondan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə mindiyi üçün icra edilməsi məqsədilə cavabdehə iddiaçı vasitəsilə çatdırılmaq üçün 17.06.2021-ci il tarixdə verildikdən sonra ondan apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki işdə 26.04.2021-ci il tarixli məhkəmə qərarının 18.05.2021-ci il tarixdə cavabdeh orqana təqdim edildiyi təqdirdə, ondan şikayətin 21.06.2021-ci il tarixdə verildiyi və bununla da qanunla müəyyən edilmiş 30 gündük prosessual müddətin ötürüldüyü, cavabdehin həmin məhkəmə qərarını mübahisələndirmək üçün lazımi operativliyi vaxtında göstərmədiyi və bunda maraqlı olmadığı müəyyən olunur. Həmçinin cavabdehin nümayəndəsi həmin prosessual müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh məhkəmə qərarından şikayət vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən və həmin müddətin üzrlü səbəblərlə bağlı ötürüldüyü halda onun bərpası ilə bağlı müvafiq ərizəni təqdim etmədiyindən şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1513/2021 saylı 26 aprel 2021-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-2223/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2223/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver