Məhkəmə qərarları › İş №2-1(103)-2223/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2223/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2223/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(113)-1514/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təyin olunmuş sosial müavinətinin dayandırılaraq bərpasından xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və ödənilən sosial müavinətin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(113)-1514/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı təyin edilmiş sosial müavinətin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək təmin olunması, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əhmədli iş üzrə icraat xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Filial tərəfindən iddiaçının yaşa görə sosial müavinatının dayandırıldığı tarixdən bərpa edildiyini bildirərək bu barədə Filialın “X1 Sisteminin Sosial Ödənişlər Altsistemi”ndən çıxarışı məhkəməyə təqdim edərək, tərəflər arasındakı mübahisə aradan qaldırıldığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, ona həmin elektron çıxarışın bir nüsxəsi təqdim edildikdən və tanış olduqdan sonra iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, cavabdehin orqanın iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməlidir. Belə ki, cavabdeh Filialın nümayəndəsinin məhkəməyə təqdim etdiyi işə xitam verilməsi barədə ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Filialın xx.xx.2023-cü il tarixli, 3-17-1/1-M-137877/2023 nömrəli qərarı ilə iddiaçıya hüququnun yarandığı xx.xx.2021-cu il tarixdən təyin olunmuş, xx.xx.2021-ci il tarixdən isə dayandırılmış yaşa görə sosial müavinəti bərpa edilmişdir. İddiaçının qeyd olunan mövqeyindən göründüyü kimi, cavabdeh tərəfindən onun müavinəti bərpa olunduğundan iş üzrə icraata xitam verilməsinə razıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar