Məhkəmə qərarları › İş №2-1(103)-2223/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2223/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2223/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X2 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1575/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın aylıq məbləğinin qanunvericiliyin tələblərinə uyğun yenidən hesablanaraq müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 avqust 1965-ci il tarixində doğulmuşdur. Əmək kitabçasına görə 26 aprel 1982-ci il tarixdən 12 oktyabr 1983-cü il tarixinədək “Azneft” İB-nin Boru-prokat bazasında fəhlə vəzifəsində işləmiş, 15 oktyabr 1983- cü il tarixdən 06 dekabr 1985-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 04 fevral 1986-cı il tarixdən N.Nərimanov adına NQÇİ-də neft-qaz çıxarma üzrə operator, 10 oktyabr 1986-cı il tarixdən 17 avqust 1989-cu il tarixinədək “Aznefttikinti” trestinin Dəmir-beton zavodunda formaçı, 22 avqust 1989-cu il tarixdən 01 may 1998-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-də təmirçi-çilingər və sementləşdirici qurğuların maşinisti, 01 may 1998-ci il tarixdən 17 avqust 2009-cu il tarixinədək “X1 İdarəsi”ndə sementləşdirici qurğuların maşinisti, 18 avqust 2009-cu il tarixdən bu günkü günə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin Qobustan Nəqliyyat İdarəsində sementləşdirici qurğuların maşinisti vəzifələrində işləyir. 20 avqust 2017-ci il tarixdə 52 yaşı tamam olduğundan, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası həmin tarixdən DSMF-in Qaradağ rayon şöbəsi tərəfindən ilkin olaraq 195,92 manat təyin edilmişdir. Sonrakı artımlar da nəzərə alınmaqla hazırda pensiyanın aylıq məbləği 295,0 manat təşkil edir. Hesab edir ki, pensiyasının aylıq məbləği düzgün hesablanmamış, yəni pensiya təyin edilərkən, pensiya kapitalının qanunvericiliklə nəzərdə tutulmuş 80% artırılması nəzərə alınmamışdır. Belə ki, pensiya almaq hüququ yarandığı 20 avqust 2017ci il tarixinədək fərdi hesabının sığorta hissəsində 55720,74 manat pensiya kapitalı qeydə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinin tələbinə görə aylıq pensiya haqqı hesablanarkən pensiya kapitalı 80% artırılmaqla məbləğ müəyyən edilməli idi. Yəni PK (pensiya kapitalı) = 55720,74+ (55720,74x0,8(80%)=44576,59) = 100297,33. Bu zaman aylıq pensiya haqqının ilkin məbləği 355,66 manat (100297,33:282(63 il 06 ay-52il =138+144)) olmalı idi. Bu səbəbdən də pensiyasının aylıq məbləğinin, sonrakı artımlar da nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinin tələblərinə uyğun yenidən hesablanaraq müəyyən edilməsinə zərurət yaranmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçıya təyin edilmiş pensiya haqqının qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanmaqla müəyyən edilməsi və səhv hesablama nəticəsində bu günədək ona ödənilməmiş məbləğinin ödənilməsi barədə cavabdehə müraciətinə imtina cavabı əsassız olaraq verilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1 /2-Ə110243/2023 nömrəli məktubda ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun olaraq hesablandığı qeyd edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçının pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 55720,74 manat pensiya sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun qaydada hüququnun yarandığı tarixə 197,59 manat (55720,74 : 282 ay (63 il 6 ay- 52 il +144 ay )) məbləğində müəyyən edilib. Əlavə olaraq “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 305,58 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 350,50 manata artırılaraq ödənilir. Beləliklə, yuxarıda sadalanan əsaslara görə və qanunvericiliyin tələbləri baxımından iddia təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1575/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pensiyasının aylıq məbləği düzgün hesablanmamış, yəni pensiya təyin edilərkən, pensiya kapitalının qanunvericiliklə nəzərdə tutulmuş 80% artırılması nəzərə alınmamışdır. Belə ki, pensiya almaq hüququ yarandığı 20 avqust 2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində 55720,74 manat pensiya kapitalı qeydə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinin tələbinə görə aylıq pensiya haqqı hesablanarkən pensiya kapitalı 80% artırılmaqla məbləğ müəyyən edilməli idi. Yəni PK (pensiya kapitalı) = 55720,74+ (55720,74x0,8(80%)=44576,59) = 100297,33. Bu zaman aylıq pensiya haqqının ilkin məbləği 355,66 manat (100297,33:282(63 il 06 ay-52il =138+144)) olmalı idi. Bu səbəbdən də pensiyasının aylıq məbləğinin, sonrakı artımlar da nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinin tələblərinə uyğun yenidən hesablanaraq müəyyən edilməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X2 pensiya işinə baxış keçirərək əlavə olaraq qeyd etdi ki, 2017-ci ilin 1 iyulunda qanunvericiliyə edilən dəyişikliklə pensiya kapitalı 90 faizə qaldırıldı, gözlənilən pensiya ödənişi ilə bağlı isə Qanunun 45-ci maddəsi tətbiq edildi. 45-ci maddənin mahiyyəti ondan ibarətdir ki, vətəndaş pensiyaya çıxdığı zaman pensiya məbləği hesablanan zamanı şəxsin yaşı ilə həmin dövrdə kişilərin pensiya yaşı neçə idisə aralarında olan fərq nəzərə alınmaqla müəyyən edildi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyası: -Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.10 pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.8. fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 10.2. yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. (29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 5.2. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

İşdə olan materiallardan göründüyü kimi iddiaçıya 20 avqust 2017-ci il tarixindən DSMF-nin Qaradağ rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya hüququnun yarandığı 20 avqust 2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 55720,74 manat pensiya sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun qaydada həmin tarixə 197,59 manat (55720,74:282 ay (63 il 6 ay- 52 i 1=138 ay+144 ay)) məbləğində müəyyən edilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 305,58 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 350,50 manata artırılaraq ödənilir. İddiaçıya pensiya təyin olunduqdan sonra 6 il işləməyi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixində Qanunun 37.3.1-ci maddəsinə əsasən 20 avqust 2023-cü il tarixindən yenidən hesablanaraq 350,50 manatdan 729,45 manata artırılıb. Birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən kollegiya qeyd edir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli № 377 saylı Fərmanına əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. İşin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2017-ci il tarixinədək iddiaçının istifadə olunmamış pensiya kapitalı (yəni 50%) xx.xx.2017-ci il tarixindən 80% artırılaraq 90%-ə çatdırılmaqla iddiaçının pensiya təyinatında nəzərə alınmışdır. xx.xx.2017-ci il tarixinədək istifadə olunmamış pensiya kapitalı (yəni 50%) xx.xx.2017-ci il tarixindən 80% artırılaraq 90%-ə çatdırılmaqla vətəndaşın pensiya təyinatında nəzərə alınmış, məhz bu səbəbdən hesablanmış pensiya kapitalının bir daha yenidən 80% artırılaraq hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir. Oxşar iş üzrə AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(102)-264/2024 nömrəli qərarında da mövqe bu formada əsaslandırılmışdır. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1575/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar