Məhkəmə qərarları › İş №2-1(103)-2224/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2224/2022

07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2224/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-97/2022 saylı, 12 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli **********466300 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-97/2022 saylı 12 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli **********466300 nömrəli qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləvğ edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021 -ci il tarixli 9/4992 nömrəli ekspert rəyində ekspert tərəfindən formal olaraq heç bir sənədə istinad edilmədən vergi ödəyicisinin dəqiqləşdirilmiş bəyannaməsinə əsaslanaraq 1900 manat mal qalığının olduğu bildirilir. Həmçinin ekspert rəyində vergi orqanının məhkəməyə təqdim etdiyi etirazı köçürməklə, vergidən yayınma halının baş vermədiyini qeyd etmişdir. Birinci instansiyanın burada doğru təhlil etmədiyi hallar ondan ibarətdir ki, sahibkarın müvafiq dövrdə ƏDV-yə cəlb olunması barədə hər hansı əməliyyatı olmadığını qeyd edir. Belə ki, əvvəl də qeyd edildiyi kimi vergi orqanının kameral qərar üzrə hesablamasının əsasını məhz əvvəlki dövrlərdə mal qalığı kimi bəyan edilən məbləğin daha sonra heç bir hesabatda əks etdirilməməsi olmuşdur. Halbuki, vergi ödəyicisi tərəfindən əvvəlki dövr üzrə bəyan edilən mal qalığı növbəti hesabat dövründə ya təqdim edilərək müvafiq qaydada bəyannamədə öz əksini tapmalı, ya Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən qeyri- kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ilə bağlı rəsmiləşdirilməsi həyata keçirilməli və ya növbəti dövrdə də mal qalığı olaraq təsbit edilməli idi. Lakin hazırkı iş üzrə mövcud olan mal qalığı qeyd edilən heç bir hala uyğun əks olunmamasına baxmayaraq, məhkəmə tərəfindən sözügedən hal ümumiyyətlə araşdırılmamışdır. Belə olan halda, məhkəmə tərəfindən işin əsasının təşkil edən hala hüquqi qiymət verilmədən qanunsuz və əsassız yekun qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbinin təmin edilməsinin əsası kimi qeyd edir ki, mal qalığının olub-olmaması ilə bağlı aktlar və qərarlar tərtib edilməmiş, eyni zamanda satılmış mallara ticarət əlavəsi tətbiq edilməklə müvafiq dövr üzrə vergiyə cəlb edilən dövriyyənin 2,2 min manat göstərilməsi ilə bağlı hesabatlar və ya digər sənədlər iş materiallarında öz əksini tapmamışdır. 2018-ci ilin may ayının ƏDV bəyannaməsi üzrə hesablama xx.xx.2018-ci il tarixdə vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsinin əlavəsində göstərilmiş 59 008,15 manat dəyərində olan mal material qalığına əsasən aparılmışdır. Tərəflərindən yenidən aparılmış araşdırma zamanı, vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixli **********46630 nömrəli qərar qəbul edildikdən sonra, vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə 2016-2017-ci il üçün yenidən dəqiqləşdirilmiş gəlir vergisi bəyannamələri təqdim edilərək, ehtiyatlar sətrinin hərəkət və ilin sonuna olan mal qalığında müəyyən dəyişiklər edildiyi müəyyən edilmişdir. Belə ki, 2016-cı ilin gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3-cü (Ehtiyatlar) sətrinin ləğv edilmiş sütutuna yenidən məbləğ əlavə edilərək, dövr ərzində daxil olma sütunundakı əvvəl göstərilmiş məbləğ azaldıldığından, nəticədə ilin sonuna qalan mal qalığı azalmışdır. Eyni zamanda, 2017-ci ilin gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.3-cü (Ehtiyatlar) sətrinin hesabat dövrünün əvvəlinə və dövr ərzində daxil olma sütunlarındakı əvvəl göstərilmiş məbləğlər də azaldıldığından, ilin sonuna qalan mal qalığı azalmışdır (Təhlil üçün müqayisə cədvəli tərtib edilmişdir). Vergi ödəyicisi tərəfindən bəyan edilmiş məlumatların üzərindən 2 il ötdükdən sonra heç bir əsas, izahat və təsdiqedici sənədlər təqdim edilmədən yenidən dəyişiklik edilərək vergi orqanına təqdim edilmiş bəyannamələr vergi orqanı tərəfindən qəbul edilməmişdir. Belə ki, təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamənin araşdırılması zamanı vergi ödəyicisinin 1 nömrəli əlavədə dövr ərzində daxil olmuşdur xanası üzrə il ərzində əldə edilmiş malların maya dəyərini deyil, satılmış malın maya dəyərini, yəni 6825,7 manat, təqdim edilmiş mallar xanasında isə 9751 manat satılmış malların dəyərini satış qiymətini qeyd etmiş, beləliklə dövrün sonuna 1900 manat mal qalığı müəyyən etmiş, lakin, 1 nömrəli əlavədə mallar üzrə müvafiq olaraq ilin əvvəlinə 2016-cı ilin sonuna mal qalığı (əldə edilmiş malların maya dəyəri), daxil olmuşdur xanasında dövr ərzində ümumilikdə əldə edilmiş malların maya dəyərini, təqdim edilmiş xanasında isə satış dəyəri deyil dövr ərzində təqdim edilmiş malların maya dəyərini, əldə edilmiş dəyərini qeyd etməklə ilin sonuna mal qalığı müəyyən etməli idi. Qeyd olunanlara əsasən dövrün sonuna müəyyən edilmiş 1900 manat mal qalığının düzgün olmadığı müəyyən edilmişdir. Həmçinin tərəflərindən iddia tələbinin mümkün sayılmaması barədə vəsatət təqdim edilsə də, buna münasibət bildirilməmişdir. Tərəflərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirmiş, məhkəmə qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarından görünür ki, vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2018-ci il tarixli məktub göndərildikdən sonra, cavabdeh tərəfindən “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********466300 nömrəli Qərar qəbul olunmuşdur. Həmin mübahisələndirilən qərarın məzmunundan görünür ki, may 2018-ci il dövr üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçının şəxsi hesab 10.790,00 manat vərəqəsinə əlavə dəyər vergisi hesablanmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Vergi Məcəlləsinin 12.2-ci maddəsinə əsasən vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər. Vergi Məcəlləsinin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Vergi Məcəlləsinin 12.4-cü maddəsinə əsasən vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 159.6-cı maddəsinə əsasən vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. İş materiallarından görünür ki, cavabdeh orqanının 04 sentyabr 2018-ci il tarixli **********466300 saylı qərarında 2018-ci ilin əvvəlinə müəyyən edilən mal qalığı ilə xx.xx.2018-xx.xx.2018-ci il ərzində alınmış malların cəminin həmin dövr ərzində satılmış mallara ticarət əlavəsi tətbiq edilməklə müvafiq dövr üzrə vergiyə cəlb edilən dövriyyə arasındakı fərqin olması vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olması qeyd edilmiş, daha sonra xx.xx.2018-ci il tarixli **********195000 saylı qərarla 2018-ci ilin may ayı üzrə 10.700 manat məbləğində iddiaçıya ƏDV hesablanmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının şəxsi hesabına 10.700 manat ƏDV-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olmadan hesablanması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/955 nömrəli xx.xx.2020-ci il tarixli Ekspert Rəyindən görünür ki, X3 barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 04 sentyabr 2018-ci il tarixli, **********466300 saylı qərarı ilə hesablanmış ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Qeyd edilən qərardadın təsviri hissəsindən müəyyən olunur ki, 2017-ci ilin mənfəət vergisinin bir saylı əlavəsində mal qalığı göstərilsədə, 2018-ci ilin kameral qaydada bəyannəməsində 3400 manat olması, həmcinin 2017-ci ilin mənfəət vergisinin 1 saylı əlavəsində göstərilən mal qalığına dair məlumatın olmaması qeyd olunmuşdur. İşin hərtərəfli və ədalətli araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ümumilikdə 2017-ci ilin sonuna və 2018-ci ilin əvvəlinə mal qalığınının olubolmaması xx.xx.2018-ci-xx.xx.2018-ci il ərzində alınmış malların nə qədər təşkil etməsi, satılmış mallar üzrə müfvafiq dövr ərzində vergiyə cəlb edilən dövriyyənin nə qədər təşkil etməsi, müvafiq dövr üzrə vergiyə cəlb edilən dövriyyə arasında fərqin olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/4992 nömrəli xx.xx.2021-ci il tarixli Ekspert Rəyindən görünür ki, 04 sentyabr 2018-ci il tarixli **********466300 saylı qərarı ilə hesablanmış 10700 manat ƏDV məbləği düzgün hesablanmamışdır. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarından olan bəyannaməyə əsasən 2017-ci ilin sonuna və 2018-ci ilin əvvəlinə 1900 manat mal qalığı müəyyən olunur. Eyni zamanda hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarına əsasən vergiyə cəlb edilən dövriyyə arasında fərq və ümumiyyətlə vergidən yayınma halı müəyyən edilməmişdir. Göründüyü kimi, 04 sentyabr 2018-ci il tarixli **********466300 saylı qərarda və vergi orqanının etirazında göstərilənlərlə bağlı sənədlər (yəni dövriyyə və s ilə bağlı) iş materiallarında mövcud olmadığından, mal qalığının olub-olmaması ilə bağlı aktlar və qərarlar tərtib edilmədiyindən birinci instansiya məhkəməsi cavabdeh orqanın qərarının əsassız və qanunsuz olması qənaətinə gəlməkdə haqlı olmuşdur. Həmçinin, 2018-ci ilin may ayına hesablanmış 10700,0 manat məbləğində ƏDV-nin hesablanmasına əsas olmuş dövriyyə 2018-ci il üzrə kameral qaydada tərtib edilmiş bəyannamədə öz əksini tapmamışdır. Eyni zamanda, satılmış mallara ticarət əlavəsi tətbiq edilməklə müvafiq dövr üzrə vergiyə cəlb edilən dövriyyənin 2,2 min manat göstərilməsi ilə bağlı hesabatlar və ya digər sənədlər iş materiallarında öz əksini tapmır. Cavabdeh apelyasiya şikayətində müvafiq vergi qərarının iddiaçının elektron ünvanına göndərilməsi və xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən oxunmuş olmasını iddiaçı tərəfindən qərarın alınmasını təsdiq edən hal kimi qeyd edir. Kollegiya qeyd edilən halın iddiaçı tərəfindən qərarın alınması kimi qəbul edilməsini əsassız hesab edir. “Elektron imza və Elektron sənəd haqqında” Qanun: 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. 3.3. Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 3.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir. 3.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. 3.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduqda elektron sənəd və ya onun bu Qanunun 25.1-ci maddəsinin tələblərinə cavab verən surəti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydiyyata alınır və ya təsdiq edilir. 3.7. Məlumat bildirişinin və elektron sənədin istifadəsi bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir. Yuxarda qeyd edilən normalardan da göründüyü kimi, elektron sənəd yuxarıda qeyd edilən tələblərə cavab verdiyi halda cavabdeh tərəfindən qərarın təqdim edilməsi və iddiaçı tərəfindən alınması kimi qəbul edilə bilərdi. Lakin cavabdeh tərəfindən göndərilən elektron sənəd həmin tələblərə cavab vermir. Belə olan halda, cavabdehin prosessual müddətin iddiaçı tərəfindən ötürülməsi ilə bağlı göstərdiyi dəlil əsassızdır. Azərbaycan Pespublikası İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-97/2022 saylı, 12 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar