Məhkəmə qərarları › İş №2-1(103)-2225/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2225/2022

12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2225/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair arayışın (çıxarışın) verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2884/2022 saylı 28 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 09-12 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2714A nömrəli müqavilə üzrə atası X5 adına olan 40A saylı bağın özəlləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini göstərməklə, bağ sahəsinin özəlləşdirilməsi və bağ sahəsinə iddiaçının atasının mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. İddiaçı tərəf növbəti dəfə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə əlavə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 40A saylı bağ sahəsi ilə bağlı iddiaçının atası X5 adına arayışın (reyestrdən çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ona atasından miras qalmış Bakı şəhəri, Çöl-Şüvəlan bağ massivində 40A saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının atası ilə bağlanmış 25 fevral 1980-ci il tarixli 2714A saylı müqavilə İdarənin arxivində aşkar edilməmiş, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi 39 və 40 saylı bağların ərazisidir, həmçinin bağ sahəsinin nömrəsi bağların bölgü sxeminə dair sxematik xəritədə qeyd edilməmiş, sxematik xəritədə qeyd olunmadığı və arxiv cizgisi olmadığı üçün texniki baxış zamanı bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmin bağ sahəsi Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının babası X6 arasında bağlanmış 25 fevral 1980-ci il tarixli 2714A saylı müqavilə əsasında sonuncunun istifadəsinə verilmiş, həmin tarixdən hal-hazıradək iddiaçının ailəsinin istifadəsindədir. İddiaçı atasının vərəsəsidir, hazırda bağ sahəsi onun istifadəsindədir. Bağ sahəsi barədə İdarənin əməkdaşlarının səhlənkarlığı səbəbindən onun arxivində məlumat olmaması, bağ sahəsinin nömrəsinin bağların bölgü sxeminə dair sxematik xəritədə qeyd edilməməsi imtina üçün əsas deyil. Həmçinin, göstərilən bağ sahəsinin 39 və 40 saylı bağların ərazisi olması doğru deyil, həmin bağ sahələri də onun babasının adınadır, onlara ayrılmışdır. 40a saylı bağ sahəsi mövcuddur, bağ sahəsinin yerləşmə yeri müəyyəndir, hər üc bag sahəsi öz hasarı daxilindədir. Cavabdeh imtina üçün qanunla müəyyən olunmuş əsaslara deyil, formal tələblərə əsaslanmışdır. Bununla da, qanunun tələblərini pozaraq qanunsuz şəkildə hüquqların qeydiyyatından imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11055/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2884/2022 saylı, 28 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 40a saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.1980-cı il tarixli, 2714a nömrəli müqavilə barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ümumi bağ sahəsi 39 və 40 saylı bağın ərazisidir. Bununla yanaşı bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa, texniki baxış keçirilən zaman bağ sahəsinin nömrəsi sxematik xəritədə qeyd olunmadığından və arxiv cizgisi olmadığından bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı Şəhər İK X4 ilə iddiaçının mərhum atası X8 arasında bağlanmış 25 fevral 1980-ci il tarixli 2714a saylı müqavilədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 40a saylı bağ sahəsi sonuncunun qanuni istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 740 nömrəli məktubdan görünür ki, X5 xx.xx.2012-ci tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin oğlu İddiaçı olması barədə məlumat verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 40a saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi təqdim edilən xx.xx.1980-cı il tarixi 2714a nömrəli müqavilə barədə idarənin arxivində məlumat aşkar olunmadığı, elektron kadastr məlumatlarına əsasən göstərilən ümumi bağ sahəsinin 39 və 40 saylı bağın ərazisi olduğu, həmçinin, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyi, bundan başqa, texniki baxış keçirilən zaman bağ sahəsinin nömrəsi sxematik xəritədə qeyd olunmadığından və arxiv cizgisi olmadığından bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmadığı göstərilmişdir. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 40A saylı bağ sahəsi ilə bağlı iddiaçının atası X5 adına arayışın (reyestrdən çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, surəti iş materiallarına əlavə edilmiş Bakı Şəhər İK X4 ilə iddiaçının mərhum atası X8 arasında bağlanmış 25 fevral 1980-ci il tarixli 2714a saylı müqavilə Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 40a saylı bağ sahəsi sonuncunun qanuni istifadəsində olmasını təsdiqləyən əqddir. Sözügedən bağ sahəsinə dair həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçının mərhum atası X8 həmin bağın qanuni istifadəçisi olmuş və onun altındakı torpaq sahəsinə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 25-ci maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Cavabdehin imtinasında qeyd olunan dəlillərə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, müqavilənin DƏDRX arxivində olmaması iddiaçının iradəsindən asılı deyil və həmin əqdin mötəbərliyini mütləq mənada şübhə altına alan hal deyil. Eləcə də qeyd olunmalıdır ki, elektron kadastr məlumatlarına görə bağ sahəsinin başqa əraziyə düşməsi, nömrəsinin sxematik xəritədə göstərilməməsi də iddiaçının iradəsindən asılı olan hal deyil və bu qəbildən olan uyğunsuzluqların aradan qaldırılması, habelə müvafiq mərzçəkmə işləri çərçivəsində torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Bundan başqa nəzərə alınmalıdır ki, müvafiq sahədə formalaşmış inzibati praktikaya görə əvvəllər hər hansı nömrə ilə işarələnmiş bağ sahəsinin bölünməsi və ya ondan müəyyən hissənin ayrılması zamanı bağ nömrəsinə hərflər əlavə olunmaqla yenidən nömrələnmə (məsələn 40a, 40b və s.) prosedurları aparılmışdır. Odur ki, iddiaçının iddia etdiyi 40a saylı bağ sahəsinin nömrəsi 40 saylı bağ sahəsinin ərazisi daxilində yerləşməsi uyğunsuzluq qismində qəbul olunmamalıdır. Belə olan halda birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qanununvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının atası X5 «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (bağ sahəsinə dair verilən icarə müqaviləsi) mövcud olmuş, lakin o, bu əmlak üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən vəfat etdiyi üçün və həmin sənədlər onun qanun üzrə vərəsəsi olan iddiaçı tərəfindən təqdim edildiyindən iddiaçıya həmin əmlak üzərində hüququn X5 adına qeydiyyata alınması barədə çıxarış verilməlidir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində “bağ sahəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ümumi bağ sahəsi 39 və 40 saylı bağın ərazisidir” barədə dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 39 saylı bağ sahəsi X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqı Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ƏXM 561 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, həqiqətən onun təqdim etdiyi hüquq müəyyənedici sənədlər mərhum X3 aid olan ünvan 2 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət və ya digər hüquqlarının Mülkiyyət qanunvericiliyinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Göründüyü kimi mübahisəli bağ sahəsinin qonşuluğunda olan 39 saylı bağ sahəsinə dair artıq çıxarış verilmiş, digər 40 nömrəli bağ sahəsinə isə çıxarışın verilməsi ərəfəsindədir. Həmcinin iddiaci İddiaçı təqdim ediyi sənədlər 39 və 40 saylı bag sahələrinin qeydiyyata alınmasına maneyə törətmir və bag sahələri mülkiyyətcilərin öz istifadəsindədir. Həmin bağ sahələrinin isə 40a nömrəli bağ sahəsi arasında torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı hər hansı mübahisələndirilən hal iş materialları ilə aşkar olunmamış, eyni zamanda 40a nömrəli bağın icarəyə verilməsinə dair müqavilənin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində “bağ sahəsinin nömrəsi sxematik xəritədə qeyd olunmadığından və arxiv cizgisi olmadığından bağ sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır” barədə dəlilinə münasibətdə isə qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 40A saylı bağ sahəsinin yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunvericiliyin tələblərini formal mülahizələrdən çıxış edərək iddiaçının müraciətini təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Qeyd edilən bağ sahəsinin miras qoyanın qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh bağ sahəsinin qeydə alınmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Buna görə də iddiaçının tələb etdiyi bağ sahəsinə dair hüquqların iddiaçının atasına məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2884/2022 saylı 28 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Səadət Bəktaşi Hakimlər: Azər Hüseynov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar