Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2225/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq arayışının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2364/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv. metr torpaq sahəsinin mərhum atası X4 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv. metr torpaq sahəsi Bakı şəhəri İcra hakimiyyəti X2 ilə mərhum atası X6 arasında bağlanmış “Stasionar xidmət obyektinin təşkili haqqında” xx.xx.2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə atasının icarəsinə verilmiş və Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə atasının həmin torpaq sahəsinə mülkiyyət hüququ tanınmaqla torpaq sahəsinin atasının adına rəsmiləşdirilməsi qət edilmişdir. Lakin atası həmin qətnamə əsasında 2000 kv. metr torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışı almamış vəfat etmişdir. X11 qeyd edilən torpaq sahəsində 200000 manat dəyərində sahəsi 277 kv. metr və 85000 manat dəyərində sahəsi 27 kv. metr olan dəmir məmulatları istehsalı sexləri tikdirmiş və dövlət vergi orqanlarında qeydiyyatda dayanmaqla sahibkarlıq fəaliyyəti göstərmişdir. Eyni zamanda həmin torpaq sahəsinin yanındakı ərazidə rayon icra hakimiyyətinin rəhbərliyinin razılığı ilə əlavə olaraq sahəsi 150000 manat dəyərində 74 kv. metr, 55000 manat dəyərində 21 kv. metr olan dəmir məmulatları istehsal edən digər sexlər tikdirmiş və həmin sexlərdə də sahibkarlıq fəaliyyəti göstərmişdir. Atası 01 may 2015-ci ildə vəfat etmiş və o, vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 39 saylı notariat kontoruna müraciət etmişdir və vərəsəlik işi açılmışdır. Eyni zamanda, Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Atasına məxsus olan yuxarıda qeyd edilən dəmir məmulatları sexlərini atası vəfat etdikdən sonra o işlətmişdir. Vərəsəlik işi ilə bağlı olaraq notarius tərəfindən cavabdehə sorğu verilsə də, cavabdeh qurum cavab verməkdən imtina etmişdir. Eyni zamanda məhkəmə qərarının icrası cavabdehə göndərilsə də, cavabdeh qurum belə bir öhdəlik müəyyən edilmədiyi səbəbini əsas gətirməklə qərarın icrasından yayınmışdır. Hal-hazırda cavabdehin arayış verməməsi nəticəsində o, sözügedən torpaq sahəsinə dair vərəsəlik hüququnu rəsmiləşdirə bilmir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılmasına şərait yaradılmamışdır. Belə ki, sözügedən torpaq sahəsi iddiaçının istifadəsində deyil. Eyni zamanda torpaq sahəsinə dair Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2- 1140/2006 saylı qətnaməsindən İdarə tərəfindən xx.xx.2018-ci il tarixində apellyasiya şikayəti verilmişdir, lakin nəticəsi barədə heç bir məlumat daxil olmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********78 saylı cavab məktubu ünvanlanmışdır. Bundan başqa, “Elektron məhkəmə” portalından əldə edilmiş məlumata əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2018-ci il tarixli, 2(103)- 5514/2018 saylı qətnaməsi ilə Sabunçu Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli, 2- 1140/06 saylı qətnaməsi ləğv olunmuş, iddiaçı X3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin X1rşı torpaqa mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018- ci il tarixli, 2(102)-7518/2018 saylı qərarı ilə iddiaçı X3 hüquqi varisi X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2018-ci il tarixli. 2(1031-5514/2018 saylı qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2364/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş AR Ali Məhkəməsinin qərarı ilə iddiaçının mübahisəli ərazidə yerləşən tikililərə mülkiyyət hüququ birmənalı şəkildə tanınmışdır. Qanunvericiliyin tələblərinə əsasən bu halın yenidən sübuta yetirilməsinə ehtiyac yoxdur və məhkəmə bu halı qəbul etməyə bilməz. Ancaq işə baxan məhkəmə qeyd edilən haldan yan keçmək üçün qeyd edir ki, guya iddiaçının iddiasının məhkəmələr tərəfindən rədd edilməsinin hüquqi əsası ondan ibarət olmuşdur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə olan hüququnu təsdiq edə bilməmişdir. Ali Məhkəmə mübahisəli torpaq sahəsi üzərində olan tikililərə mülkiyyət hüququnu tanıdığından hazırki iddianın mahiyyəti məhz həmin tikililər yerləşən torpaq sahəsinə aiddir və hazırda iddia tələbinin mahiyyəti məhz həmin torpaq sahəsindən bəhs edir ki, iddiaçı qeyd edilən torpaq sahəsinə dair hər hansı bir formada özəlləşdirmə olduğu halda üstün mövqeyə sahib olmuşdur, lakin onun bu hüququ dövlət orqanı tərəfindən nəzərə alınmamışdır. Məhkəmə işə baxan zaman cavabdehin etirazını qəbul etmiş və qətnaməni həmin etiraz əsasında formalaşdırmışdır, halbuki etiraz iddianın mahiyyətindən kənara çıxmışdır, belə ki, hazırki iddia vərəsəlik hüququndan irəli gələrək iddiaçı vərəsəlik hüququnun reallaşdırılması üçün tələb edilən müvafiq arayışın verilməsi ilə bağlı olsa da, faktiki olaraq həmin arayışın verilməsi üçün cavabdeh orqanda qüvvədə olan icra sənədi mövcuddur ki, tələb həmin icra sənədinə əsasən verilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı vaxtilə atasının istifadəsində olan torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuş və həmin əsaslar aşağıdakılardan ibarətdir: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013- cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətində iddiaçı yeganə dəlil kimi onun mərhum atası X3 Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 a saylı evin yan tərəfində yerləşən 2000 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə məhkəmə qətnaməsinin və onun əsasında verilmiş icra sənədinin mövcudluğuna istinad edərək qeyd olunan torpaq sahəsinin mərhum atası X4 məxsus olması barədə arayış verilməsini tələb edir. İş materiallarından həqiqətən də görünür ki, stasionar xidmət obyektinin təşkili haqqında 10 iyun 2006-cı il tarixli 04 saylı müqaviləyə əsasən Bakı şəhəri, Zabrat 2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 a saylı evin yan tərəfindən yerləşən 2000 kv.m torpaq sahəsi 10 il müddətinə Bakı şəhər İcra Hakimiyyətinin X2 tərəfindən X4 icarəyə verilmiş, daha sonra X6 qeyd olunan icarə müqaviləsini əsas götürməklə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı İdarəsinə qarşı Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 a saylı evin yan tərəfində yerləşən 2000 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1140/2006 saylı, 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 a saylı evin yan tərəfində yerləşən 2000 kv.m torpaq sahəsinə X3 mülkiyyət hüququnun tanınaraq həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi qət edilmiş, qətnamənin icrası ilə bağlı icra vərəqəsi tərtib edilərək Nərimanov Rayon İcra şöbəsinə göndərilmişdir. Lakin iş materiallarından görünür ki, daha sonra Sabunçu Rayon İcra Hakimiyyəti maraqlarına toxunan şəxs kimi həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının17 may 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1140/2006 saylı, 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçı X3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin X1rşı torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd olunmuşdur. Apellyasiya instansiya məhkəməsi qətnaməni ləğv edib, iddianı rədd edərəkən mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh kimi keçən Bakı şəhər İcra Hakimiyyətinin X2nin mübahisəli torpaq sahəsi üzərində hər hansı sərəncam vermək, yaxud həmin torpaq sahəsini kiminsə mülkiyyətinə vermək hüququ olmadığından həmin birlik tələbə cavab verməli olan şəxs kimi cavabdeh ola bilməzdi, digər tərəfdən iş üzrə cavabdeh kimi göstərilmiş Birlik Bakı şəhərinin yaşıllaşdırılması ilə məşğul olduğu üçün hər hansı torpaq sahəsini icarə müqaviləsi əsasında yalnız sahənin yaşıllaşdırılması məqsədilə verə bilərdi, lakin iddiaçı həmin torpaq sahəsindən ərazinin yaşıllaşdırılması məqsədilə deyil, ticarət fəaliyyəti ilə məşğul olmaq üçün qapı-pəncərə sexi kimi istifadə etmişdir. Daha sonra X3 hüquqi varisi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının17 may 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmiş, lakin AR Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-7518/18 saylı, 20 noyabr 2018-ci il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının17 may 2018-ci il tarixli qətnaməsini kassasiya şikayətinə münasibətdə dəyişdirmədən saxlanılmışdır. Beləliklə, iddiaçının mərhum atasına məxsusluğuna dair arayışın verilməsini tələb etdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər mövcud olmadığından, iddiaçının apellyasiya şikayətində istinad etdiyi yeganə əsas isə iş materialları ilə təkzib olunduğundan kollegiya hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2364/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2225/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2225/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver