Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2225/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X20 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X8 və X19 ibarət tərkibdə, X15-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Xətai Bələdiyyəsi 3-cü şəxs qismində cəlb olunmaqla) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4450/2024 saylı 02 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, istifadədə olan 0,013830 ha torpaq sahəsi olan 40F nömrəli ev üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı həmin fərdi yaşayış evinin altındakı torpaq sahəsi üzərində də mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********68 saylı məktubu ilə bildirmişdir ki, istifadədə olan 0.1383 ha torpaq sahəsi üzərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, 40F saylı fərdi yaşayış evi Xətai Rayon İcra Hakimiyyəti başçısının 730 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışa, Xətai Rayon Xətai Bələdiyyəsinin torpaqların alqı-satqısına dair 50 nömrəli xx.xx.2006-cı il tarixli aktına və 05/59 nömrəli xx.xx.2006-cı il tarixli qərarına əsasən X11 adına ilkin hüquqi qeydiyyata alınmışdır. Sözügedən sənədlərdə Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, 40F saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 133 kv.m olması göstərilmişdir. Əlavə olaraq, qeyd olunan fərdi yaşayış evinə dair ilkin texniki pasport xx.xx.2014-cü il tarixdə X11 adına tərtib edilmişdir. İstifadədə olan 0.1383 ha torpaq sahəsi üzərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, 40F saylı fərdi yaşayış evi hazırda X7 xüsusi mülkiyyətindədir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə nümayəndəsi vasitəsilə cavabdeh quruma yenidən müraciət etmiş, lakin inzibati orqan onun müraciətinin təmin olunmasından imtina etmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən, xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli çıxarışla 328.6 kv.m. fərdi yaşayış evinin üzərində inşa edildiyi, hal-hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanında istifadədə olan 0,013830 kv. metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Xətai Bələdiyyəsi (adi cəlbetmə) 3cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2022-ci il tarixdən iddiaçının faktiki istifadəsindədir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilk dəfə Xətai rayon Xətai Bələdiyyəsinin torpaqların alqı-satqısına dair 50 nömrəli xx.xx.2006-cı il tarixli aktına və 05/59 nömrəli xx.xx.2006-cı il tarixli qərarına əsasən X11 adına ilkin hüquqi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İstifadəsində olan torpaq sahəsi **********48-10301 reyestr nömrəli texniki pasportla təsdiq edilir. Qeyd edilmiş əsaslarla iddiaçı ona məxsus fərdi yaşayış evinin altındakı faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Əsas kimi bildirilmişdir ki, qeyd edilən torpaq sahəsi bələdiyyə torpaqlarına aid olmamışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli və ********** nömrəli, xx.xx.2023-ci il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********33 xaricolma nömrəli və xx.xx.2023-cü il tarixli, **********41 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş arxiv arayışından görünür ki, “Torpaqların alqı-satqısına dair” akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 730 saylı sərəncamında istinad edilən Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin 05/59 saylı, xx.xx.2006-cı il tarixli qərarı təqdim edilməmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdır. Torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Məlumat üçün bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, faktiki göstərilən torpaq sahəsi üzərində inşa edilmiş tikili qeyri-yaşayış binası kimi istifadə edilir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4450/2024 saylı 02 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanında istifadədə olan 0,013830 kv.metr torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Təqdim edilmiş arxiv arayışından görünür ki, “Torpaqların alqısatqısına dair” Akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 730 saylı sərəncamında istinad edilən Xətai Rayon Xətai Bələdiyyəsinin 05/59 saylı, xx.xx.2006-cı il tarixli qərarı təqdim edilməmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması və həqiqi yerləşmə yeri məhkəmə tərəfindən araşdırılmamışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan yaşayış evinə çıxarış verən cavabdeh eyni zamanda xx.xx.2022-ci il tarixində onun istifadəsində olan torpaq sahəsinə dair texniki pasportunu və xx.xx.2022-ci il tarixində torpaq sahəsinin plan-cizgisini tərtib etmişdir. Cavabdeh idarənin özünün tərtib etdiyi həmin sənədlərlə iddiaçının istifadəsinə olan torpaq sahəsinin yerləşmə cizgisi göstərilməsinə baxmayaraq cavabdeh apellyasiya şikayətində torpaq sahəsinə dair yerləşmə aktının təqdim olunmamasına əsaslanmışdır. Hansı ki cavabdehin bu dəlilləri özlərinin tərtib etdiyi sənədlərlə təkzib olunur. Apellyasiya şkikayətinin növbəti dəlili kimi cavabdeh ona istinad etmişdir ki, Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 730 saylı sərəncamında istinad edilən Xətai Rayon Xətai Bələdiyyəsinin 05/59 saylı xx.xx.2006-cı il tarixli qərarı təqdim edilməmişdir. Cavabdeh Apellyasiya şikayətində növbəti əsas kimi istinad edir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə elektron kadastr baza məlumatlarında aşkar edilməmiş və həqiqi yerləşmə yeri məhkəmə tərəfindən araşdırılmamışdır. Torpaq sahəsində yerləşən yaşayış evini reyestrdə qeydə alan cavabdeh evin yerləşdiyi torpaq sahəsinin qanuni əsaslarla onun istifadəsinə verildiyini qəbul etməsinə baxmayaraq hazırda heç bir əsas olmadan öz mövqeyinə zidd nəticəyə gəlmişdir. Əgər torpaq sahəsinin ona verilməsi mübahisə doğururdusa, o zaman həmin torpaq sahəsinin qanuni əsaslarla onun istifadəsinə verilməsi haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıla bilməzdi. Yuxarıda qeyd edildiyi kimi, torpaq sahəsinin həqiqi yerləşmə yeri cavabdehin özünün verdiyi plan-cizgidə, eləcə də məhkəmə tərəfindən alınmış mütəxəssis rəyində ətraflı şərh olunmasına baxmayaraq, cavabdeh açıq aşkar iş materiallarını və məhkəmənin topladığı sübutları təkzib etməyə çalışır. Şikayətin bu dəlili işin faktiki halları ilə tam təkzib olunur. Bələdiyyənin qərarına əsaslanan Xətai Rayonu İcra Hakimiyyəti başçısının verdiyi xx.xx.2007-ci il tarixli 730 nömrəli sərəncam hal hazırki gündə də qüvvədədir və cavabdeh idarə bu sərəncamı mübahisələndirməmişdir. Digər bir tərəfdən Xətai Bələdiyyəsi ilə Rasim Qocayev arasında xx.xx.2006-cı il tarixində torpağın alqı-satqısına dair tərtib olunmuş akt iş materiallarına əlavə edilmişdir. Bələdiyyə ilə bağlanılmış alqı-satqı müqaviləsi hazırda da qüvvədə olduğundan və həmin torpağın alqı-satqısına dair aktın surəti iş materiallarına əlavə edildiyindən istifadəsində olan torpaq sahəsinin bələdiyyə tərəfindən verilməsi istisna olunmur.Tərtib olunmuş alqı-satqı aktı torpağın verilməsinə dair bələdiyyənin iradə ifadəsi olduğundan cavabdehin bələdiyyə qərarının təqdim olunmaması barədə dəlilləri əsassızdır. Göründüyü kimi, artıq iş üçün əhəmiyyətli olmayan, lakin cavabdeh tərəfindən apellyasiya şikayətinin əsasını təşkil edən dəlilləri tamamilə əsassızdır və işin nəticəsinin süni surətdə uzadılması məqsədi daşıyır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərarının elan edilməsi 12 dekabr 2024-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan və həmin iddianın mümkün sayılması üçün əsas şərtlərdən biri olan- həmin tələblə cavabdeh quruma müraciət olunması və imtinanın alınması tələbinə əməl olunduğundan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanında istifadədə olan 0,013830 kv. metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “0.1383 ha torpaq sahəsi üzərində yerləşən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, 40F saylı fərdi yaşayış evi Xətai Rayon İcra Hakimiyyəti başçısının 730 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışa, Xətai Rayon Xətai Bələdiyyəsinin torpaqların alqı-satqısına dair 50 nömrəli 18.01,2006-cı il tarixli aktına və 05/59 nömrəli 18.01,2006-cı il tarixli qərarına əsasən X11 adına ilkin hüquqi qeydiyyata alınmışdır” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “fərdi yaşayış evinin Xətai Rayon İcra Hakimiyyəti başçısının 730 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışa, Xətai Rayon Xətai Bələdiyyəsinin torpaqların alqı-satqısına dair 50 nömrəli xx.xx.2006-cı il tarixli aktına və 05/59 nömrəli xx.xx.2006-cı il tarixli qərarına əsasən X11 adına ilkin hüquqi qeydiyyata alınması” ilə bağlı olmuşdur. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Xətai Rayon Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 05/59 nömrəli qərarından görünür ki, təsdiq edilmiş cizgi planına uyğun olaraq Xətai rayonu Z.Yusifov küçəsindəki 40 saylı binanın yaxınlığında cizigidə göstərilən ərazidə vətəndaş X11 adına fərdi yaşayış evinin tikintisi məqsədilə 133 kv.m. ölçüdə torpaq sahəsinin ayrılması qərara alınmışdır. X22 ilə Bakı şəhəri Xətai bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Torpaqların alqı-satqısına dair akt”dan görünür ki, Bakı şəhəri Xətai bələdiyyəsi Xətai rayonunda yerləşən 133.kv.m. olan torpaq sahəsini X4. Bakı şəhəri, Z.Yusifov küçəsindəki 40 saylı evin yaxınlığında vətəndaş X17 məxsus mansardı olan 2 mərtəbəli fərdi yaşayış evinin eskiz layihəsi də məhkəmə kollegiyasına təqdim olunmuşdur. Xətai rayon İcra Hakimiyyəti başçısının 730 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Z.Yusifov küçəsindəki 40 saylı evin yaxınlığında vətəndaş X17 məxsus ümumi torpaq sahəsi 133.kv.m., ümumi sahəsi 222,7 kv.m. yaşayış sahəsi 72 kv.m., köməkçi sahəsi 150,7 kv.m. açıq eyvan 24,1 kv.m.-dən ibarət olan fərdi yaşayış evi istismara qəbul edilmişdir. Sonradan ******* nömrəli xx.xx.2016-cı il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən “satıcı” X22 ünvan 4 ünvanında yerləşən istifadəsində olan 0,01383 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 227 kv.m, yaşayış sahəsi 72 kv/m, yardımçı sahəsi 150,7 kv.m olan 2 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evini ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx/xx/2014 tarixdə verilmiş **********48-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə X1. xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, hədiyyə verən X18 hədiyyə alan X13 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 227 kv.m. olan fərdi yaşayış evini tam mülkiyyət üzrə hədiyyə alanın mülkiyyətinə verir. xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, hədiyyə verən X21 hədiyyə alan İddiaçı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 328,6 kv.m olan fərdi yaşayış evini tam mülkiyyət üzrə hədiyyə alanın mülkiyyətinə verir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2022-ci ildə tərtib edilmiş texniki pasportdan görünür ki, torpaq sahəsinin ümumi sahəsi faktiki olaraq 0,01383 ha, tikinti altı sahə 0,01383 ha təşkil edir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, istifadədə olan 0,013830 ha torpaq sahəsi olan ev 40F üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, bələdiyyə qərarı və həmin qərarın davamı olaraq bağlanmış alqı-satqı müqaviləsinə əsasən Xətai rayonunda yerləşən 133.kv.m. olan torpaq sahəsi X5, sonuncu tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və həmin fərdi yaşayış evi X3, daha sonra isə adı çəkilən fərdi yaşayış evi sonuncu tərəfindən Daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən X13, sonuncu isə öz növbəsində İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 11-ci abzasına əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə, bu hal torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 75-ci maddəsinin tələbinə görə bu Məcəllənin 73-cü maddəsinin 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Belə olan halda məhkəmə kollegiyası bələdiyyə tərəfindən X5 torpaq sahəsi ilə bağlı hər hansı qeydin (hüququn satan şəxsdə saxlanılması və s. barədə qeydin) həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin istər X2 barədə alqı-satqı müqaviləsində, istərsə də, daha sonra X10 və İddiaçı adına bağışlanılmasına dair müqavilələrdə əks olunmadığını nəzərə alaraq və yuxarıda sadalanan maddi hüquq normalarının məzmununa əsasən hesab edir ki, fərdi yaşayış evinin mülkiyyətçisi həmin fərdi yaşayış evini satarkən (daha sonra isə həmin fərdi yaşayış evi iddiaçının adına bağışlanılarkən) altındakı torpaq sahəsi ilə bağlı hüquqları fərdi yaşayış evini sonuncu dəfə əldə etmiş iddiaçıya keçmişdir. Buna görə də iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin altındakı torpaq sahəsi üzərində də mülkiyyət hüququnun qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, cavabadeh inzibati orqan iddiaya dair etirazında əlavə olaraq ““Torpaqların alqı-satqısına dair” aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsini, həmçinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 730 saylı sərəncamında istinad edilən Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin 05/59 saylı, xx.xx.2006-cı il tarixli qərarının təqdim edilməməsini, idarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar edilməməsini, torpaq sahəsinə dair yerləşmə cizgisinin təqdim edilməməsini və faktiki göstərilən torpaq sahəsi üzərində inşa edilmiş tikilinin qeyri-yaşayış binası kimi istifadə edildiyini” bildirmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla hazırki iddia üzrə hüquqmüəyyənedici sənəd qismində çıxış edən X14 adına verilmiş Xətai rayon Xətai Bələdiyyəsinin 05/59 saylı, xx.xx.2006-cı il tarixli qərarı apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuşdur. Həmin qərarın məzmunundan görünür ki, Xətai rayonu Z.Yusifov küçəsindəki 40 saylı binanın yaxınlığında vətəndaş X11 adına fərdi yaşayış evinin tikintisi məqsədilə 133 kv.m. ölçüdə torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin təsdiq edilmiş cizgi planı mövcud olmuşdur. Hazırki vəziyyətdə həmin cizginin təqdim edilməməsi iddiaçının təqsiri deyil və yalnız bu hal iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas vermir. Həmçinin iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi üzərində inşa edilmiş tikilinin qeyri-yaşayış binası kimi istifadə edilməsi faktı da özü-özlüyündə sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınıb, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün mane olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, bu barədə qanunvericilikdə hər hansı qadağa müəyyən edilməmişdir. Cavabdehin etirazında göstərdiyi “idarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar edilməməsi” barədə dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin müraciətinə əsasən “X23 və Ekspertiza Mərkəzi” MMC tərəfindən göndərilmiş 28 nömrəli 30 yanvar 2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdi ki, təqdim olunan ərazidə bir tikili yerləşir, iddia olunan torpaq sahəsi bələdiyyəyə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşməklə yaşayış məntəqələrinin torpaqlarına aiddir, tikilinin yerləşdiyi torpaq sahəsi 0,014437 kv.m.-dir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqlarına aiddir, tikilinin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, sahəsi 0,014437 kv. metrdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə ayrılmış torpaqların hüdudları daxilində yerləşir. Mütəxəssis rəyinə qoşma olaraq “X23 və Ekspertiza Mərkəzi” MMC tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerləşmə cizgisi göndərilmişdir. Yerləşmə cizgisində faktiki sahənin 0,014437 ha, sənəd üzrə 0.013830 ha olduğu göstərilmişdir. Beləliklə, yuxarıda qeyd olunan rəyin məzmununa görə, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi- fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Xətai Bələdiyyəsinin inzibati ərazi hüdudlarının daxilində yerləşdiyi müəyyən olunur. Digər tərəfdən, cavabdeh qurum etirazında həm də “Torpaqların alqı-satqısına dair” aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurumun yuxarıda qeyd edilən səbəbdən iddiaçının tələbinin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Bu baxımdan torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ əsasında dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin altındakı 0,013830 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınıb bu barədə reyestrdən çıxarışın verilməsi barədə düzgün nəticəyə gəlsə də, qərarının nəticəsi hissəsində üzərində mülkiyyət hüququnun qeydə alınması göstərilən torpaq sahəsinin ölçüsünü texniki səhvə yol verərək 0,013830 ha əvəlinə 0,013830 kv.m. kimi göstərmişdir. Məhkəmə kollegiyası bu halı kobud prosessual pozuntu kimi qiymətləndirmədiyi üçün hesab edir ki, həmin yol verilmiş texniki səhvə görə yalnız bu hal məhkəmə qərarının ləğv edilməsi üçün əsas vermir. Odur ki, məhkəmə qərarı yuxarıda göstərilən əsaslandırmaya görə torpaq sahəsinin ölçüsü 0,013830 ha göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubları və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4450/2024 saylı 02 fevral 2024-cü il tarixli qərarı torpaq sahəsinin ölçüsü 0,013830 ha göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4450/2024 saylı 02 fevral 2024-cü il tarixli qərarı torpaq sahəsinin ölçüsü 0,013830 ha göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X26 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2225/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2225/2024
12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver