Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2225/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2726/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-54549/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi və həmin qərar əsasında “Kameral yoxlamalı məbləğ” xanasında qeyd olunmuş 6.741.27 manat məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2- 3/254549/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN: **********) kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi üzrə 6538,09 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin vergi orqanı şəxsi hesab vərəqəsinin “kameral yoxlanılmalı məbləğ” xanasında qanunsuz olaraq 6.741,27 manat əks olunmuşdur. Hesablamanın əsası kimi, xərclərin qəbul edilməməsi olmuşdur. İddiaçı fərdi sahibkar kimi fəaliyyət göstərir. İddiaçının 2022-ci il üzrə də əsas fəaliyyəti ehtiyyat hissələrinin satışından ibarət olmuşdur. 2022-ci il üzrə iddiaçı elektron qaimə-fakturalar ilə ümumulikdə 41.066,78 məbləğində mal təqdim etmişdir. Buna baxmayaraq, iddiaçı zəruri mal-materialların alınmasını isə Sədərək Ticarət Mərkəzindən və digər qeyri-rəsmi olan bu tipli yerlərdən həyata keçirmiş və bu səbəbdən də alınmış mal-materialların bir hissəsinə dair hər hansı rəsmi təsdiqedici sənədləri mövcud olmamışdır. İddiaçının qeyd olunan gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi 34.222,31 xərclərin (şərti rentabellik norması tətbiq olunmaqla müəyyən edilmiş) sənədlərlə təsdiq olunmadığından vergi orqanı tərəfindən qəbul edilməmişdir. Hesablanmış vergi məbləği həddindən artıq çoxdur və reallığı əsk etdirmir. Belə ki, alınmış malların alış sənədləri təqdim edilməsi mümkün olmasa da, faktiki olaraq həmin mallar alınmışdır və onların alınmasına xərc çəkilmişdir. Vergi ödəyicisinin müvafiq hesabat dövrü üzrə fəaliyyətində vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə təqdim edilmiş malların alınmasını təsdiqləyən xərc sənədlərinin olmadığı halda, cavabdeh gəlir (mənfəət) vergisini müvafiq əlaqəli məlumatlar, o cümlədən vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumatlar əsasında, eləcə də onun gəlir və ya xərclərini müəyyən etmək mümkün olmadığı hallarda, müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalar (şərti rentabellik norması) əsasında hesablamalı idi. Lakin vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vasitələrindən istifadə etməmişdir. Vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmadığı hallarda gəlirin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququnu təmin etməmişdir. Vergi orqanı iddiaçının gəlirlərini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normalarının tələblərinə əməl etməmişdir. Vergi Məcəlləsinin müvafiq maddələrinin və Nazirlər Kabinetinin 55 saylı qərarının tələbinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə müəyyən edilən dövriyyəyə uyğun olaraq 2022-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Lakin vergi orqanı qeyd olunan bəyannamə üzrə hesablamanı qəbul etməmişdir. Göründüyü kimi, artıq vergi ödəyicisinin xərc sənədləri olmadığı halda Nazirlər Kabinetinin qərarı ilə şərti rentabellik norması əsasında vergilərin hesablanması praktikası vahid məhkəmə təcrübəsində öz əksini tapmışdır. Bundan əlavə şəxsi hesab vərəqəsinin aşağı hissəsində qanunsuz olaraq mövcud olan kameral yoxlanılmalı məbləğ xanasında 6538,09 manat məbləği əks olunmuşdur. Vergi qanunvericiliyində isə kameral yoxlanılmalı məbləğ ifadəsi yoxdur. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlanılması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-54549/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla İddiaçı 2022-ci ilin gəlir vergisi üzrə 6538,09 manat vergi məbləği hesablanmışdır. İşin faktiki halları barədə qeyd edildi ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyıcisinin, o cümlədən riskli əməliyyatların Meyarları'nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəfinizdən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə xx.xx.2024-cü il tarixli, **********713700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 6.538,09 manat vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********029700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası, haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2726/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qərarı (hakim: M.Hacıbəyova) ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 16.1.4-1-ci və 16.1.7. maddəsinin tələblərinə görə bu Məcəllənin 14-1.9-cu maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalarda nəzərdə tutulmuş sənədləri vergi orqanının tələbi ilə təqdim etmək və qanunvericiliklə müəyyən edilmiş müddətdə uçot sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunmuşdur. Həmçinin məhkəmə qanunvericiliyin qeyd olunan normasını təhlil edərkən yanlış nəticəyə gəlmiş, belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququnu vergi orqanının üzərinə vəzifə kimi qoymuşdur. Halbuki, Vergi Məcəlləsinin 37.4-cü maddəsində açıq şəkildə qeyd olunmuşdur ki, kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Məhkəmənin də qeyd etdiyi kimi vergi ödəyicisinin xərclərinə dair hər hansı təsdiqedici sənədi olmamış və beləliklə vergi ödəyicisi tərəfindən çəkdiyi xərcləri müəyyən etmək mümkün olmamışdır. qanunvericilikdə vergi ödəyicisi vergi güzəştlərindən istifadə etməsi üçün şərt müəyyən edilmişdir. Belə ki, ancaq gəlir və xərclərinin uçotunu aparan mikro sahibkarlar bu güzəştdən yararlana bilərlər. Lakin hazırkı, iş üzrə vergi ödəyicisi qanunvericiliyin normalarını pozaraq xərclərinin uçotunu aparmamasına baxmayaraq 2022-ci il gəlir vergisi bəyannaməsini təqdim edərkən öz gəlirlərinə 75 faiz güzəşt tətbiq etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi həm vergi ödəyicisinin mühasibat uçotunu aparmamasını əsas gətirərək vergi orqanının üzərinə verginin hesablanmasını şərti rentabellik əsasında hesablamalı olmasını qeyd edir, həm də öz qərarının əsaslandırmasına əks fikir qeyd edərək bildirir ki, vergi orqanı tərəfindən 75 faiz güzəştin tətbiq edilməməsi əsassızdır. Hesab edilir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan halları ətraflı araşdırmadan qanuni və əsaslı olmayan qərar qəbul etdirmişdir Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh hazırki iddiaya cavab verməli orqandır. xx.xx.2024cü il tarixli inzibati akt iddiaçı tərəfindən məhkəmədə xx.xx.2024-cü il tarixdə iddia qaldırılmaqla mübahisələndirilmişdir. İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarına diqqət çəkir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; ... 13.2.82-ci maddəsinin xx.xx.2024-сü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən riskli vergi ödəyicisi –müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 15.1.8. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 24.1.1. Vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir; 53.1. bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir - 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. - 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - 67.14. Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. - 83.9 Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. - 109.9 Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü,14.1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və Şərtləri”nin 1.3-cü bəndinin xx.xx.2024-cü il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir, xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. Həmin Qayda və Şərtlərin 1.4-cü bəndinin xx.xx.2024-cü ilə qədər olan redaksiyasına əsasən əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur, xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 30 iyul 2024-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallardamənfəətin(gəlirin)hesablanmasıQaydaları- na əsasən: Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. - 6.1. vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. Əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. Ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. İnzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə: Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı riskli vergi ödəyicilərinin siyahısına daxil edilmiş vergi ödəyicisidir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********633100 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. İş materallarından göründüyü kimi, 22 iyul 2024-cü il tarixli, **********713700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba əsasən kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Lokal Gəlirlər Baş İdarəsinin 3-21-2-3/2-54549/2024 nömrəli, 12 avqust 2024-cil il tarixli qərarına əsasən 2022-ci il hesabat dövrü üçün gəlir vergisi üzrə 6.538,09 manat əlavə vergi hesablanmışdır. Qərarda göstərilmişdir ki, “təqdim edilən bəyannamənin “xammal və materiallar” (1226.3-cü), “malın dəyəri” (1226.4-cü), “enerji xərcləri” (1226.7-ci), “qaz xərcləri” (1226.8ci), “yanacaq xərcləri” (1226.9-cu), “su və kanalizasiya xərcləri” (1226.10-cu), “rabitə xərcləri” (1226.11-ci), “mühafizə xərcləri” (1226.12-ci), “reklam xərcləri” (1226.14cü), “bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “elmi-tədqiqat, layihə axtarış və təcrübə konstruktur işlərinə çəkilən xərclər” (1230-cu) quot: nəqliyyat xərcləri quot: (1233-cü), “digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (34222.31 manat), əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisi bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 nömrəli əlavəsinin “hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (riskin sığorta və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (0.00 manat) bəyannamənin 1 nömrəli əlavəsinin “hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0manat) çıxılması nəticəsində yaranan (0.00 manat) məbləğin müqayisəsi nəticəsində 34222.31 manat məbləğində sənədlərlə təqdim edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir”. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Birinci instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçı 2022-ci il üzrə elektron qaimə fakturalar ilə ümumilikdə 41066,78 manat məbləğində mal təqdim etmişdir. Alınmış mal-materialın bir hissəsinə dair hər hansı rəsmi təsdiqedici sənədlər mövcud olmamış, şərti rentabellik norması tətbiq olunmaqla çəkilən xərc 34222,31 manat müəyyən edilmişdir. İnzibati orqan çəkilən xərcləri sənədlərlə təsdiq olunmadığına görə qəbul etməmişdir. Cavabdeh xərcləri təsdiq edən sənədlərin olmadığına istinadən, xərcləri nəzərə almadan qərarla iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 6538,09 manat əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Lakin hesablamanın bu qaydada tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Yəni, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Cavabdeh iddiaçıya vergi hesablanarkən Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad olunduğunu qeyd etsə də, onun tərəfindən verginin həmin maddənin tələbləri qaydasında hesablandığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh gəlirin əldə edilməsi ilə bağlı rəsmi sənədlərlə təsdiqini tapan xərcləri qəbul etməklə kifayətlənmiş, Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Əslində cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən mənfəətini (gəlirini) müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-943/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarının 51 və 52-ci bəndlərində qeyd edilmişdir ki, - “Kassasiya instansiyası məhkəməsinin analoji işlər üzrə qərarlarında əks olunmuş vahid mövqeyə əsasən qeyd edilməlidir ki, iddiaçının mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi ilə sübuta yetirməlidir. Həmçinin, cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, onda həmin şəxsin gəlirlərini də nəzərə almamalı idi. Bundan başqa, iddiaçının mal aldığı şəxsin də gəlirləri azaldılmalı idi. Lakin cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının və iddiaçıya mal satan şəxsin gəlirini qəbul etmişdir və onun bu davranışı əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Başqa sözlə, gəlir qəbul olunursa, onun əldə olunmasında iştirak edən xərcin mövcudluğu da qəbul edilməlidir(Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2208/2023, 2- 1(102)-10/2024, 21(102)-92/2024 nömrəli işlər üzrə qərarları). Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar”. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalananlar iddiaçı barədə qəbul edilmiş iddiaçıya əlavə gəlir vergi hesablaması barədə iddiaçının mübahisələndirdiyi qərarın qanunsuz əlverişsiz inzibati akt olmasını təsdiq etdiyi üçün həmin qərarın ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır. Məhkəmə kollegiyası iddia tələbinin kameral yoxlanılmalı məbləği ilə bağlı hissəsinə münasibətdə həmçinin qeyd edir ki, vergi ödəyicisinə aid şəxsi hesab vərəqəsinin son qrafalarında kameral yoxlanılmalı məbləğ kimi 6741,27 manat qeyd edilmiş, cap tarixinə saldo -7610,79 manat göstərilmiş və cəmi ödənilməli borc kimi 14352,06 manat qeyd edilmişdir. Cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi apellyasiya araşdırması zamanı tələbin qeyd edilən hissəsinin mümkünsüz sayılmalı olduğunu və şəxsi hesab vərəqəsində qeyd edilən halın vergi ödəyicisinin hüquqlarını pozmadığını bildirmişdir. Lakin məhkəmə kollegiyası iddiaçının tələbin göstərilən hissəsində həmin məbləğin mübahisələndirilməsində hüquqi marağının mövcud olduğu qənaətindədir. Belə ki, son olaraq vergi ödəyicisinə məxsus şəxsi hesab vərəqəsində məbləğlər cəmlənərək ödənilməli borc şəklində göstərilmişdir. İddia tələbinin qeyd edilən hissəsində iddiaçının haqlı olması ilə bağlı məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Vergi məcəlləsində “kameral yoxlanılmalı məbləğ” ifadəsi yoxdur. Vergi orqanının təqdim edilmiş bəyannamələri qəbul etməmək hüquq konkret olaraq VM-nin 72.6-cı maddəsində sadalanmışdır (72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda.72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda). Hansı ki, hazırki mübahisədə həmin hallar mövcud deyildir. Digər hallarda vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmçinin qeyd edilməlidir ki, vergi orqanı bəyannamə göstəriciləri ilə razı olmadığı halda VM-nin 37.2-ci maddəsinə uyğun olaraq 30 və ya 60 iş günü ərzində araşdırma aparıb yenidən kameral qaydada hesablama həyata keçirə bilər.Lakin təqdim edilmiş bəyannamə üzrə vergilər üzrə vərəqə hissəsində əks olunan məbləği qanunvericilik normalarında əsası olmadan şəxsi hesab vərəqəsinin sonluğunda yerləşdirdikləri kameral yoxlanılmalı məbləğ xanasına əlavə edə bilməzlər. Birinci instansiyası məhkəməsi qərarında tələbin qeyd edilən hissəsinə münasibətini əsaslandırmasa da gəldiyi nəticə digər əsaslara görə düzgün olduğundan, şikayətin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Qeyd olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-54549/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar hüquq normalarının pozulması ilə qəbul edildiyindən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2726/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2225/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2225/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver