Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2226/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Şərafət Asif qızı Məmmədova və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-2549/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quliyeva (Abbasova) Zəminə Teymur qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar onun hüquqlarının pozulmasına səbəb olur. İddiaçı qeyd edir ki, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunu qüvvəyə minənədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmasını təsdiq edən bir çox sübut var (arayışlar, aktlar). Digər tərəfdən isə o, Azərbaycan Respublikasının ərazisində doğulduğundan və həmin anda onun hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olduğundan, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsas yaranır. Cavabdeh iddiaya etiraz təqdim edərək göstərmişdir ki, sözügedən şəxs xx.xx.1998ci il tarixədək ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlağına mənsubiyyətinə səbəb ola bilər ki, o, Qaydaların 2.2.1-ci yarımbəndinə nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisi tərk etməyən şəxs olsun. Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. İşin hallarından da görünür ki, şəxs (xx.xx.1998-ci ildə 18 yaşı tamam olmuş və eyni zamanda 1997-ci ildə nikaha daxil olmuşdur)1998-ci ilin oktyabr 7-dək (yuxarıda göstərilən qanun qüvvəyə minənədək) tam həcmdə fəaliyyət qabiliyyətli şəxs olmuşdur və sonradan Rusiya Federasiyasına getmiş, hal-hazırda həmin ölkənin vətəndaşıdır. Lakin, şəxs Azərbaycan Respublikasının ərazisində anadan olduğundan, o, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər. (bunun üçün sözügedən şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı ASAN Xidmətin miqrasiya şöbəsinə müraciət edir, müvafiq sənədlərin siyahısını həmin Xidmətdən və ya migration.gov.az vebsaytından əldə edə bilər). Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-2549/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)- 2549/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Lənkəran şəhər İcra Hakimiyyəti başçsının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Lənkəran rayonunun Mamusta kəndində doğulmuş xx.xx.1980-ci il təvəllüdlü Quliyeva (Abbasova) Zəminə Teymur qızı 1980-ci ildən 1997-ci ilə kimi Lənkəran rayonunun Mamusta kəndində yaşamış və 1986- 1997-ci illərdə Mamusta kənd tam orta məktəbində təhsil almışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 20 dekabr 2021-ci il il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1980-ci il təvəllüdlü Quliyeva (Abbasova) Sevin Teymur qızı barəsində DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat yoxdur. Lənkəran şəhər Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1980-ci il təvəllüdlü Quliyeva (Abbasova) Sevin Teymur qızının hazırda Azərbaycan Respublikası ərazisində qeydiyyatda olması barədə heç bir məlumat aşkar edilmədi. Eləcə də onun xx.xx.1998-ci il tarixədək Lənkəran rayonu ərazisində qeydiyyatda olması və qeydiyyatda olmasına əsas verən sənədlər saxlama müddətləri bitdiyi üçün məhv edildiklərindən həmin sənədlərin surətlərinin göndərilməsi mümkün deyildir. Mlilli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialının arxiv arayışında qeyd olunmuşdur ki, X8 filialında saxlanılan Mamusta kənd icra nümayəndəliyinin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında X2 təsərrüfatının olması və həmin təsərrüfatda onun adı qeyd edilmişdir. Bundan başqa iddiaçının 1997-ci ilin dekabr ayından 1998-ci il aprel ayınadək Rusiya Federasiyasında olması və həmin vaxtdan 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikasının ərazisində olmasını təsdiq edən Lənkəran şəhər İcra Hakimiyyəti başçsının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və həmin kənddə yaşayan sakinlər tərəfindən tərtib olunmuş akt təqdim edilmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu (bundan sonra – miqrasiya uçotu) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında bu Məcəllə ilə nəzərdə tutulmuş məlumatların, habelə onların yerdəyişməsi haqqında məlumatların qeydə alınması və ümumiləşdirilməsi sahəsində fəaliyyətdir. 6.2-ci maddəsinə əsasən miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması formalarından biridir və Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sərbəst hərəkət etmək, ölkə ərazisində olma və yaşama yeri seçmək və digər hüquq və azadlıqlarının təmin olunmasına, habelə Azərbaycan Respublikasının miqrasiya sahəsində milli maraqlarının həyata keçirilməsinə və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir. 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq dövlət orqanları, diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq xarici dövlətin qanunvericiliyinə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, onların qanunla qorunan hüquq və mənafelərini qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə etməyə, Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının: 1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 4.1-ci bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1.bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2.1988-ci il yanvarın 1dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1.doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5.Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ərarvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.3-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Quliyeva (Abbasova) Sevin Teymur qızının xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən yalnız Lənkəran şəhər İcra Hakimiyyəti başçsının Mamusta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdır. Halbuki, iddiaçının adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmasını təsdiq edən mötəbər dəlil (vətəndaşların qeydiyyatını həyata keçirən orqan tərəfindən təsdiqedici sənəd) təqdim olunmamışdır. Bu halı isə qanunvericilikdə birbaşa şərt kimi nəzərdə tutulduğundan iddiaçının adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmaması onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Yalnız o halda iddiaçının qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun. Belə bir halın mövcudluğu isə iş materialları ilə öz təsdiqini tapmamış, iddiaçının həmin Qaydanın 2.2.1ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə onun Rusiya Federasiyasının vətəndaşı olmasını təsdiq edən sənədlər olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hətta iddiaçının xx.xx.1998ci il tarixədək Azərbaycan Respublikasının ərazisində yaşamasını nəzərə alsaq belə, bu hal onun Azərbaycan Respublikasının vətəndaşlığının mənsubiyyətinə tanınması üçün əsas vermir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan qanunvericilik ikili vətəndaşlığın olmasını istisna edir. İkili vətəndaşlıq dedikdə, şəxsin iki dövlətin vətəndaşlığına mənsub olması başa düşülür. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinin əvvəlki redaksiyasından fərqli olaraq yeni redaksiyada ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunmuşdur. Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. 10-cu maddənin ikinci hissəsinə görə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 1 ay müddətində bu barədə yazılı məlumat verməlidir. “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi vətəndaşlıqdan məhrum etməyə deyil, şəxsin öz seçimi əsasında Azərbaycan vətəndaşlığının itirilməsinə aid olur. Bu dəyişikliklər vətəndaşlığın itirilməsinin hüquqi əsaslarını özündə əks etdirir. Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci bəndi ilə müəyyən olunmuş müddəada söhbət hər hansı xarici ölkədə üzərinə öhdəlik götürülməsindən gedir. Belə ki, əgər o şəxs başqa ölkənin ordusunda, seçkili orqanlarında iştirak edirsə, o artıq üzərinə öhdəlik götürür. Qanunvericiliyin müddəalarından görünür ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına yazılı məlumat verməlidir. Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Göründüyü kimi qanunvericilikdə bir başa xarici ölkənin vətəndaşı olması səbəbində Azərbaycan Respublikasının vətəndaşlığının mənsubiyyətinin tanınmasının mümkün olmaması göstərilməsə də, həmin əsasın Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsinə əsas olduğu üçün, ikili vətəndaşlığının yol verilməməsi qənaətinə gəlmək olur. Məhkəmə iddiaçının dəlil kimi gətirdiyi ikinci əsasa - xx.xx.1980-ci ildə Azərbaycan Respublikasının ərazisində doğulması və valideyinlərinin Azərbaycan Respublikasının vətəndaşları olmasıd münasibətdə bildirmişdir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş doğum haqqında akt qeydindən göründüyü kimi İddiaçı xx.xx.1980-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində anadan olmuş, onun valideyinləri X3 və X4 Azərbaycan Respublikasının vətəndaşıdır. Doğrudur ki, iddiaçı “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 4.1.4.1ci yarımbəndinə (doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa) əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanına bilər. Lakin, iddiaçı hazırda könüllü olaraq digər xarici ölkənin vətəndaşlığını qəbul etdiyindən və qüvvədə olan qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikasının ərazisində ikili vətəndaşlığa yol verilmədiyindən, iddiaçının hazırki mərhələdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması mümkün deyildir. Odur ki, hazırda iddiaçıya münasibətdə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 4.3-cü bəndi tətbiq edilə bilməz. Beləliklə, cavabdehin imtinası əsaslıdır və birinci instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-2549/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2-1(103)-2226/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2226/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver