Məhkəmə qərarları › İş №2-1(103)-2227/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2227/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2227/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçıin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2682/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 avqust 2020-ci il tarixli DMX İQ-14/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qansunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə İddiaçıin 25 may 2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Pakistan vətəndaşı və Khyber Pakhtunkhwa vilayətinin Mardan şəhərinin sakinidir. Etnik mənsubiyyətinə görə Puştdur. Ərizə-anketdə göstərilmiş anket məlumatları təsdiqləyir. 28 yaşlı qadın cinsinə aid Pakistan vətəndaşıdır, etnik mənsubiyyətinə görə Pəncabidi. Ərizəçi subaydır. O, sünni təriqətinin üzvüdür. X4 tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. O, uzun müddətdir Pakistanda hakimiyyət dairələri tərəfindən öz dini etiqadı ilə bağlı dəfələrlə hədələnib və həmin vaxtdan hakimiyyət dairələri tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxub. O, 2022-ci ildən Pakistanı tərk etmişdir, Azərbaycana gəlmişdir. 25 may 2022-ci il tarixdə sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini qeydiyyata alıb və onunla müsahibə aparıb. O, bildirib ki, təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. Dövlət Miqrasiya Xidməti 22 avqust 2022-ci il tarixli İQ-14/1 saylı qərarı ilə onun iddiasının əsaslı olmadığına istinadən onun sığınacaq vəsatətini rədd etmişdir. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra onun şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-cbəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (Komissiyanın 12 saylı protokolu). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2682/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuş və ciddi posessual pozuntulara yol vermişdir. Belə ki, iddiaçının dəlilləri mötəbərliyin daxili və xarici amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir, biri-birilə ziddiyyət təşkil etmir. İddiaçının izahatları ona verilən suallar çərçivəsində olub. İzahatlar müfəssəl və spesifikdir. Ona görə də mötəbərlik tələbini ödəyir. O, Pakistana qayıdacağı təqdirdə dini inancına və sosial normaları pozduğuna görə ona və ailə üzvlərinə ziyan vurula bilər. Ərizəçiyə qarşı təqibi həyata keçirən Pakistan hökuməti və X1 ki, bu sonuncu ən radikal siyasi partiyadır. Ərizəçinin təqib edilməsinin əsasını onun dini mənsubiyyəti və sosial normaları pozması təşkil edir. Bu hal ayrı-seçkilik faktı kimi qiymətləndirilməlidir. İddiaçının izahatları cavabdeh tərəfindən mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirilməyib və qəbul etdiyi qərar “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun əsaslandırılmayıb. Belə ki, əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq, və ya rədd edən sübutlar göstərilməyib. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ΙΙ. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı ona qaçqın statusu verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun şikayətinə imtina qərarı ilə cavab vermiş, narazı qalan iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi rədd olunmuşdur. İddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri, eləcə də, işdə olan digər sənədlər təhlil edildikdə, iddiaçıya Azərbaycan Respublikasında qaçqın statusunun verilməsini zəruri edən faktiki şərtlər sübuta yetirilmir. Belə ki, «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən : «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir.” Cavabdehin iş materiallarına əlavə edilmiş imtina qərarından, iddiaçı ilə aparılmış müsahibənin nəticələrinə əsasən müəyyən olunur ki, onun qaçqın statusu verilməsi ilə bağlı vəsatəti qanunvericiliyin sadlalanan tələbləri qaydasında cavabdeh tərəfindən ətraflı araşdırılaraq qiymətləndirilmə aparılmış və nəticələri üzrə qəbul olunmuş əsaslandırılmış qərar qəbul edilməklə, vəsatət təmin edilməmiş, qaçqın statusu verilməsindən imtina olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən 61.1. Yazılı, və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İşə əlavə olunmuş cavabdehə müraciəti üzrə iddiaçının doldurduğu ərizə-anket, vəsatəti və bununla bağlı cavabdehin onunla aparılan müsahibənin nəticələrinə dair 22 avqust 2020-ci il tarixli DMX İQ-14/1 nömrəli qərarının qarşılıqlı təhlili ilə müəyyən olunur ki, cavabdehin imtina qərarı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğundur. Belə ki, həmin sənədlərdən aydın olur ki, cavabdeh tərəfindən 25 may 2022-ci il tarixdə iddiaçının vəsatəti qeydiyyata alınaraq adına 35-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlər (surətləri) işinə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı bildirmişdir ki, X2 vilayətinin Mardan şəhərində doğulmuş, milliyyətcə puştun, dini etiqadına görə müsəlmandır (sünni). Mardan şəhər orta məktəbində 10 il oxuduğunu, 2010-cu ildə məktəbi bitirmiş, 2010-2013-cü illərdə “X6" adlı kollecdə təhsil almış, sonra “X7” univesitetinə daxil olub, sosiologiya ixtisası üzrə 4 il bakalavr, 1 il isə magistr təhsili almışdır. Lakin ailə qurduğu üçün magistr təhsilini natamam qoymuşdur. O, 2018-ci ildən “Dare-Arqam” və “SMART school” adlı məktəblərdə ingilis dili dərsi keçmiş, 2020-ci ildən etibarən isə Peşavar şəhərində “Abbasi” adlı radioda jurnalist kimi işləmiş, qadın azadlığına həsr olunmuş verilişlər hazırlamışdır. Fazl Ullah adlı həmyerlisi ilə 17 iyul 2021-ci il tarixdə rəsmi nikah bağlamış, özünün və ərinin qohumları bu evliliyə narazı olmuş, onu hədələmiş, bu səbəbdən də xx.xx.2022-ci il tarixdə ölkəni tərk edərək, Azərbaycana gəlmiş, gəldikdən sonra tanımadığı 2 şəxsin onları hosteldən çıxararaq başqa bir yerə aparmış, 4 gün orada girov saxladıqdan sonra Pakistan Səfirliyinin köməkliyi ilə azad buraxılmışdır. Cavabdeh tərəfindən ərizəçinin qeyd etdiyi halların inandırıcılığı qiymətləndirilərkən söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmiş, ölkəsinə qayıdacağı təqdirdə əsaslı təqib qorxusunun olub-olmaması ilə bağlı aparılmış araşdırma zamanı, bu qorxunun tam əsaslı olmadığı müəyyən edilmişdir. Belə ki, müsahibə zamanı ərizəçinin Pakistanda hökumət orqanları tərəfindən təhdid və təqib olunmamış, ailəsində evliliyinə görə yaranan münaqişə səbəbindən ölkəsini tərk etdiyi məlum olmuş, bundan əlavə, müsahibə zamanı verdiyi izahatlarına əsasən müəyyən olunmuşdur ki, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Beləliklə də cavabdeh tərəfindən sənədlər üzrə araşdırma aparıldıqdan sonra, iddiaçının şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə olunaraq onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər qiymətləndirilərək “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən müsahibənin nəticələri əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi nəzərə alınmaqla, ərizəçiyə qaçqın statusu verilməsindən imtina olunmuşdur (Komissiyanın 12 saylı protokolu).” Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının vəsatətinə əsasən hərtərəfli araşdırma aparılmaqla, onun Pakistan Respublikasında təqibə və təsirə məruz qaldığını əsaslandıran dəlilləri həqiəqətə uyğun olduğu təkzib olunmuş, onun istinad etdiyi halların doğruluğuna tam aydınlıq gətirə bilmədyi, mötəbərliyi açıq şübhə doğuran və ziddiyyətli faktlar müəyyən edilmişdir ki, bütün bunlar da ona qaçqın statusu verilməsi imkanını istisna edir. Başqa sözlə, ona qaçqın statusunun verilməsi ilə bağlı iddiaçının irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilmir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçının Qaçqınların və məcburi köçkünlərin statsu haqqında” Qanunun 1 hissəsinin 1-ci bəndində “qaçıqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı və Azərbaycan Respublikası Prezideninin xx.xx.2000-ci il tarixli 419 N-li Fərmanı ilə təsdiq olunmuş “Qaçqın statusu verilməsi haqqında” vəsatətə baxılması Qaydası” nın 3-cü və 7-ci bəndləri nəzərə alınaraq iddiaçı ilə aparılan müsahibədən sonra ələdə olunmuş nəticələr üzrə ərizəçinin əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyinə görə qaçqın statusu verilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması, işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsaslandırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2682/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2682/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar