Məhkəmə qərarları › İş №2-1(103)-2227/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2227/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2227/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtinanın qanunsuz hesab edilərək iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, cavabdeh tərəfindən iddiaçıya münasibətdə 55 yaşdan güzəştli şərlərlə pensiya təyinatı ilə əlaqədar qəbul edilmiş “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-14463/2024 saylı qərarın ləğv edilməsi və pensiya fərqinin qanunla müəyyən edilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2-1(112)-3661/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin üzərinə 2019-cu ilin yanvarın 8-dən 2022-cü ilin yanvarın 8-nədək olan dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əvvəlki imtinanın qanunsuz hesab edilməsi, pensiya fərqinin qanunla müəyyən edilmiş qaydada ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və əmək pensiyasının təyin edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci il tarixdən Xüsusi Təhlükəli İnfeksiyalarla X5 Hüquqi Şəxsində (əvvəlki S.İmaməliyev adına Respublika Taun əleyhinə stansiya) ümmunoloji laboratoriyanın həkim immunoloqu vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına 2 nömrəli əlavəsinin 2 nömrəli siyahının XXİV bölməsinin (səhiyyə və sosial təmint idarələri) **********54 şifrəsi (tauna qarşı idarələrdə məşğul olan işçilər) XTİNM işçilərinə şamil olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin 24.0.3-cü bəndinə əsasən, XTİNM işçilərinin iş müddəti ikiqat ölçüdə hesablanır. Əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixdə (52 yaşının tamam olduğu) yarandığından və 1998-ci ildən bu günə qədər həmin zərərli və ağır işdə işlədiyindən iddiaçı cavabdehə müraciət etsə də, ona güzəştli şərlərlə yaşa görə əmək pensiyası təyin edilməmiş, yalnız xx.xx.2024-cü il tarixdə xx.xx.2022-ci il tarixdən pensiya hesablanmağa başlamışdır. Beləliklə də, cavabdeh iddiaçının xx.xx.2019-cu ildən xx.xx.2022-cü il tarixədək olan pensiyasını qanunsuz olaraq hesablamamışdır. İddiaçı bununla əlaqədar olaraq cavabdehə rəsmi müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixdə 3-17-1/2Ş- 224583/2024 saylı məktubla imtina vermişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 11 sentyabr 2024-cü il tarixdə Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 55 yaşdan, yəni 08 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı xx.xx.1998-ci il tarixdən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli X2 həkım-immunoloq vəzifəsində işlədiyi dövrün ikiqat ölçüdə hesablanaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunverıcilılklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında Qanunun 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü ıl tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 50 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 iyun 1997-ci ıl tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. 1997-cı il. № 6. maddə 453) ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunun 9.8-ci maddəsi üzrə qadınlara 52 yaşdan pensiya təyin edilməsi üçün isə aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur: 1. İddiaçının 52 yaşı tamam olmalıdır (yaş tələbi); 2. İddiaçı xx.xx.2006-cı il tarixədək ən azı 20 il ümumi sığorta stajına malik olmalıdır (ümumi staj tələbi); 3. İddiaçı 2ci bənddə qeyd edilən stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli staj tələbi). İşin faktiki hallarından məlum olur ki, iddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuş və xx.xx.2019-cu il tarixdə 52 yaşı tamam olmuşdur. Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 47-ci maddəsinə əsasən bu Qanun xx.xx.2006-cı il tarixdən qüvvəyə minmişdir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəaları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçı xx.xx.2006-cı il tarixədək həmin qanunla tələb olunan ümumi və güzəştli sığorta stajını qazanmış olmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçının 01.01 2006-cı il tarixədək olan güzəştli iş stajı 10 ildən az (7 il 11 ay 29 gün (xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər daxil olmaqla)) təşkil edir. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunvercıliyin güzəştli iş stajına dair tələbi təmin edilmir. Əlavə olaraq qeyd edilir ki, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 68-ci maddəsinə əsasən cüzam və taun əleyhinə müəssisələrdə işləmiş şəxslərin iş müddəti ikiqat ölçüdə hesablanır. Sözügedən maddənin tələbləri isə iddiaçının ümumi iş stajı hesablanarkən ona tətbiq edilmişdir. Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/3-1- 8881/2025 nömrəli xidməti məktubunda qeyd olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən əmək pensiyası təyin edilərkən onun ümumi iş stajı (xx.xx.2022-ci il tarixə) 59 il 5 ay 25 gün (xx.xx.2006-cı il tarixədək 29 il 1 ay 25 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1985-ci il, 08 10.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il və xx.xx.1998-31 12.2005-ci il (taun əleyhinə müəssisədə iş müddəti - ikiqat ölçüdə) tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 30 il 4 ay (taun əleyhinə müəssisədə məcburi dövlət sosial sığorta haqqı ödənilən 15 il 2 ay iş müddəti - ikiqat ölçüdə)) təşkil etmişdir. Analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)- 2019/2021 saylı qərarında məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimi əsaslandırılmışdır: iddiaçının apelyasiya şikayətındəki “güzəştli arayışa əsasən o, həkim vəzifəsində 5 il 09 ay tam ış günü ərzində işləmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən onun cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə sığorta stajına daxil olmalı, 11 il 08 ay hesablanmalıdır" barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında" Qanunun 24.0.3-cü maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. Qanunun qeyd edilən müddəasından görünür ki, cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə yalnız əmək pensiyası hüquq verən sığorta stajına daxil edilə bilər. Həmin dövrün güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi staja yenidən daxil edilməsi qanunun tələbinə ziddir və iddiaçının bu barədə dəlili əsassızdır. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri. Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını. X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının taun əleyhinə müəssisədə işlədiyi dövr ikiqat hesablandıqdan sonra hazırki iddia tələbi (52 yaş) üzrə xx.xx.2006-cı il tarixədək olan ümumi stajı 29 il 1 ay 25 gün təşkil edir. Qanunvericilikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması zamanı həm ümumi, həm də güzəştli iş stajının ikiqat ölçüdə hesablanması nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının xx.xx.2006-cı il tarixədək olan güzəştli iş stajı 10 ildən az (7 il 11 ay 29 gün (xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər daxil olmaqla)) təşkil edir. Eyni zamanda qeyd edilir ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2-1(112)-3661/2025 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, ləğv edilmiş cavabdehin xx.xx.2019-cu il tarixli, **********9 saylı məktubuna əsasən iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtinanın qanunsuz hesab edilərək iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, cavabdeh tərəfindən iddiaçıya münasibətdə 55 yaşdan güzəştli şərlərlə pensiya təyinatı ilə əlaqədar qəbul edilmiş “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-14463/2024 nömrəli qərarın ləğv edilməsi və pensiya fərqinin qanunla müəyyən edilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2-1(112)-3661/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi (Sığorta stajının hesablanmasında güzəştlər) əmək pensiyası hüququ verən sığorta stajına müəyyən dövrlərin ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilməsi eyni zamanda həmin dövrün (cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin) zərərli əmək şəraiti kimi də nəzərə alınmasını ehtiva etməlidir. Belə ki, zərərli staj artıq şəxsin müəyyən edilmiş sığorta stajına uyğun olaraq nəzərə alınmalıdır. Odur ki, şəxsin stajının ikiqat ölçüdə qismən nəzərə alınması (sığora stajına münasibətdə ikiqat, zərərli staja münasibətdə birqat) qanunun teoloji təfsirinə uyğun hesab edilə bilməz. Belə ki, teoloji təfsir qanunun məqsədini və onun qəbul olunmasının əsas ideyasını nəzərə alaraq edilən təfsirdir. Qanunun məqsədi isə cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin iki qat ölçüdə nəzərə alınmasıdır. Məhkəmənin mövqeyindən müəyyən olunur ki, birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinin əsasında həm ümumi, həm də güzəştli əmək fəaliyyətinin ikiqat ölçüdə hesablanmasını qanunun məqsədinə uyğun hesab edir. Qeyd olunanlarla razılaşmayaraq bildirilir ki, əmək pensiyalarının təyin olunması ilə bağlı münasibətləri tənzimləyən, həmçinin bu sahədə mövcud olan anlayışları özündə ehtiva edən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa nəzər saldıqda görünür ki, həmin Qanunda iş stajı, zərərli iş stajı və ağır iş stajı anlayışları fərqləndirilir. Həmin Qanunun 24-cü maddəsində işə sadəcə olaraq iş stajının ikiqat ölçüdə hesablanması qeyd olunmuş, cavabdeh inzibati orqan tərəfindən isə qanunun tələbi nəzərə alınmaqla iddiaçının ümumi iş stajı müvafiq qaydada hesablanmışdır. Yuxarıda qeyd olunanlara, həmçinin qanunvericiliyin tələbinə münasibətdə bildirilir ki, işə birinci instansiya məhkəməsi qismində baxmış Bakı İnzibati Məhkəməsinin iddiaçının həm ümumi, həm də güzəştli əmək fəaliyyətinin ikiqat ölçüdə hesablanması şəklində mövqeyi qanunun tələbinə ziddir. Bundan başqa qeyd edilir ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. 04 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirmişdir ki, apellyasiya şikayətinin əsasını normanın tətbiqi qaydası təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əsaslar müəyyən edilir. İkiqat stajın hesablanılması isə sığorta stajına tətbiq edilən güzəştdir. Tərəfimizdən güzəştli iş stajı 10 ildən az olduğuna görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçının güzəştli iş stajının 10 il təşkil etsə idi, mübahisə mövcud olmazdı. İddiaçıya münasibətdə güzəştli iş stajının ikiqat hesablanılması qanuna ziddir. Elə olduğu halda əməliyyat axtarış fəaliyyəti, müharibə iştirakçıları və sair kimi şəxslərə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən pensiya təyin edilməlidirmi. İnzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı deyil, yalnız güzəştli iş stajı mübahisələndirilir. Hazırkı məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuş və xx.xx.2019-cu il tarixdə 52 yaşı tamam olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən azdır. (7 il 11 ay 29 gün (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1-8881/2025 saylı xidməti məktubunda qeyd olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən əmək pensiyası təyin edilərkən onun ümumi iş stajı (xx.xx.2022-ci il tarixə) 59 il 5 ay 25 gün (xx.xx.2006-cı il tarixədək 29 il 1 ay 25 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985- xx.xx.1985-ci il, 08 10.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989- xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il və xx.xx.1998-31 12.2005-ci il (taun əleyhinə müəssisədə iş müddəti-ikiqat ölçüdə) tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 30 il 4 ay (taun əleyhinə müəssisədə məcburi dövlət sosial sığorta haqqı ödənilən 15 il 2 ay iş müddəti-ikiqat ölçüdə)) təşkil etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 79/01 nömrəli Arayışa əsasən, İddiaçı xx.xx.1998-ci il tarixdən “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” X7ndə (əvvəlki S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) immunoloji laboratoriyanın həkim-immunoloqu vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarın 2 №-li əlavəsinin 2 №-li Siyahısının XXİV bölməsinin (Səhiyyə və sosial təminat idarələri) 22600000-1754a şifrəsi (tauna qarşı idarələrdə məşğul olan işçilər) XTİNM işçilərinə şamil olunur. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun “Sığorta stajının hesablanmasında güzəştlər” 24cü maddəsinin 24.0.3. bəndinə əsasən XTİNM işçilərinin iş müddəti ikiqat ölçüdə hesablanır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 17 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1998-ci il tarixindən S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyada həkim-immunoloq vəzifəsində işləyir. Respublika Taun Əleyhinə Stansiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixi, 320 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına salınmışdır. Həmin qərara əlavə edilmiş 2 saylı siyahının XXİV bölməsinin (Səhiyyə və Sosial təminat idarələri) 22600000-1754 şifrinə əsasən tauna qarşı idarələrdə məşğul olan bütün işçilər güzəştli şərtlərlə pensiya hüququna malikdir. - “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 14463/2024 saylı Qərara əsasən (pensiya işi 066910) İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi əsas götürülərək yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. (Əlavə məlumat: 55 yaş Ümumi iş stajı: 29 il 1 ay 25 gün (xx.xx.2006-cı ilədək) Güşəztli iş stajı: 24 il 6 gün 19-cu bölmə TAUN Pensiyanın məbləği: 311,36 manat). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır). xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır). xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2.1ci maddəsinə əsasən, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-ci maddəsi əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.16- cı maddəsinə əsasən, 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Şəxsin (qadının) 52 yaşı qanunvericiliyə xx.xx.2017-ci il tarixinə qədər edilmiş dəyişikliyə qədər tamam olduqda onun ümumi və güzəştli stajının tamam olduğu vaxt xx.xx.2006-cı il tarixə qədər deyil, ondan sonrakı dövr də nəzərə alınmalıdır (52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixədək). İddiaçı xx.xx.1967-ci il təvəllüdür, 52 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Odur ki, iddiaçının 52 yaşı xx.xx.2017-ci il tarixinə kimi tamam olmadığından onun xx.xx.2006-cı il tarixədək olan əmək stajı nəzərə alınmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən, ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. İddiaçı xx.xx.1998-ci il tarixdən hazırki tarixədək (Əmək şəraiti zərərli olan işlərdə çalışıdığı dövr xx.xx.2006-cı il tarixinədək hesablanmalı olduğuna görə 7 il 11 ay 29 gündür) immunoloji laboratoriyanın həkim-immunoloqu peşəsində işləyir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: tauna qarşı idarələrdə məşğul olmaqdan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə 22600000—1754a vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Qeyd edilən hal iş yerindən arayışla da təsdiqlənmişdir. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq belə qənaətə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi (Sığorta stajının hesablanmasında güzəştlər) əmək pensiyası hüququ verən sığorta stajına müəyyən dövrlərin ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilməsi eyni zamanda həmin dövrün (cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin) zərərli əmək şəraiti kimi də nəzərə alınmasını ehtiva etməlidir. Belə ki, zərərli staj artıq şəxsin müəyyən edilmiş sığorta stajına uyğun olaraq nəzərə alınmalıdır. Odur ki, şəxsin stajının ikiqat ölçüdə qismən nəzərə alınması (sığora stajına münasibətdə ikiqat, zərərli staja münasibətdə birqat) qanunun teoloji təfsirinə uyğun hesab edilə bilməz. Belə ki, teoloji təfsir qanunun məqsədini və onun qəbul olunmasının əsas ideyasını nəzərə alaraq edilən təfsirdir. Qanunun məqsədi isə cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin iki qat ölçüdə nəzərə alınmasıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiyası məhkəməsinin iddiaçının həm ümumi, həm də güzəştli əmək fəaliyyətinin ikiqat ölçüdə hesablanması şəklində mövqeyinin qanunun tələbinə zidd olası ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəməyə bildirmişdir ki, onunla işləyən digər şəxslərə inzibati orqan tərəfindən güzəştli iş stajı ikiqat hesablanıb, ona münasibətdə isə fərqli yanaşma sərgilənir. İddiaçının müraciəti əsasında cavabdehdən iddiaçı ilə eyni idarədə işləmiş xx.xx.1954-cü il təvəllüdlü X1 (FİN: 1QGFJS0) məxsus olan pensiya işinin əsli tələb edilmiş və pensiya işində olan sənədlərdən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-824/2022 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsində nəzərdə tutulan stajın “ikiqat ölçüdə” hesablanması şəxsin ümumi iş stajına münasibətdə tətbiq oluna bilər, güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajının hesablanmasında da ayrıca tətbiq edilməsi yolverilən hal deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: - (24.0.3) cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti – ikiqat ölçüdə. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə; (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Həmin qərarla təsdiqlənmiş Siyahının “19. Tibb və sosial təminat müəssisələri” bölməsində tauna qarşı müəssisələrdə məşğul olan işçilər peşəsi nəzərdə tutulmuşdur. İddiaçı 3 mart 2008-ci il tarixdən Respublika Taun Əleyhinə Stansiyada işləmiş, 3 iyun 2014-cü il tarixdən həmin qurumda virusoloji laboratoriyanın müdiri vəzifəsində müvəqqəti icraçı kimi çalışmışdır. Həmin stansiyada iş stajı 6 il 3 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 24.0.3-cü maddəsinin tələbinə əsasən 3 mart 2008-ci il tarixdən işləmiş, 3 iyun 2014-cü il tarixədək Respublika Taun Əleyhinə Stansiyadakı iş müddəti ikiqat ölçüdə hesablanmaqla güzıştli iş stajı 12 il 6 ay təşkil edir. İddiaçıya pensiya təyin edilməsi ilə bağlı əsas şərtlərdən biri kimi güzəştli iş stajının minimum 12 il 6 ay olması tələb edilir ki, cavabdeh əksini iddia etsə də məhkəmə araşdırması nəticəsində həmin şərtin yerinə yetirildiyi öz təsdiqini tapmış, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinindən yeganə imtina əsası qismində çıxış edən güzəştli iş stajının olmaması barədə halın mövcud olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1955/2022 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2163/2024 saylı analoji mübahisə üzrə qərarında aşağıdakılar göstərilmişdir: “ ... 35. Lakin cavabdeh iddiaçıya təyin edilmiş pensiya ödənişlərini bərpa etməyərək öz mülahizəsinə uyğun olaraq araşdırma aparmış və təyin edilmiş pensiyanın ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli yeni qərar qəbul etmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçıya pensiya təyinatı zamanı onun xüsusi (güzəştli) stajı düzgün hesablanmamışdır. Belə ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X4 Əleyhinə Şöbəsində zooloq işlədiyi dövr iki qat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilməli olduğu halda, qanunvericiliyin tələblərinə zidd olaraq həm ümumi, həm də güzəştli iş stajına iki qat ölçüdə daxil edilmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin həmin mövqeyini əsaslı hesab etmir. Belə ki, iddiaçının pensiya hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablanması qeyd edilmişdir (hazırkı qərarın 24-25-ci bəndləri)

37. Göründüyü kimi, qanunun göstərilən normalarında yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Digər tərəfdən şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır.

38. Məhkəmə kollegiyası həmçinin apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisələrdə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay kimi hesablanmasını nəzərdə tutur. Əks halda 24-cü maddə həmin kateqoriyadan əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı.

39. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2-1(112)-3661/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2-1(112)-3661/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar