Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2228/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxs: X3) “doğum haqqında akt qeydində adın yazılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-1(112)-2055/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 09.07.2020-ci il tarixində doğulmuş oğlunun doğum haqqında akr qeydində adının “Muhamməd” olaraq yazılmasından imtinasının qanunsuz hesab edilməsi, 09.07.2020-ci il tarixində doğulmuş oğlunun doğum haqqında akt qeydində adının “Muhamməd” olaraq yazılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17.11.2020-ci il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-1(112)-2055/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-1(112)-2055/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən cavabdehə məktub ünvanlanaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən 25.05.2021-ci il tarixdə alınmış, apellyasiya şikayəti isə 27.07.2021-ci il tarixdə sürətli poçt xidmətinə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq cavabdehə təklif olunmuşdur ki, apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 19.08.2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim etsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, həmin müddətdə COVİD-19 virusuna yoluxduğu üçün paellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmışdır. İddiaçının nümayəndəsi şikayətin mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti mümkün hesab edilməməli və apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. İş materiallarına əsasən müəyyən olunur ki, məhkəmə tərəfindən cavabdehə ünvanlanmış qərar 25.05.2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Apellyasiya şikayəti isə 27.07.2021-ci il tarixdə, yəni, məhkəmənin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ötürülməklə sürətli poçt xidmətinə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq cavabdehə apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 19.08.2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Cavabdeh tərəfindən nə qeyd olunan sübutlar, nə də ki, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi həmin müddətdə COVİD- 19 virusuna yoluxduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, şikayət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azər Hüseynov Hakimlər Səadət Bəktaşi Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2228/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2228/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver