Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2228/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2276/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********551600 saylı qərarının ləğv edilməsi və İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********551600 saylı qərara əsasən İddiaçı MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli qərarda qeyd edilənlərə görə cəmiyyətin təsərrüfat obyektinin qeydə alınmadığı aşkar edilmişdir. Lakin xx.xx.2023-cü il tarixində təsərrüfat obyektinin uçota alınması vergi orqanı tərəfindən təsdiq edilmişdir. Bundan əlavə, qərarda qeyd edilənlərdən fərqli olaraq xx.xx.2022- xx.xx.2022-ci il tarix aralığında satışda qeyd edilən bütün malların elektron qaimə fakturalar üzrə alış sənədləri mövcuddur. Həmçinin cəmiyyətin yarandığı tarixdən bu günə qədər olan tarix ərzində təqdim etdiyi bütün elektron qaimə fakturaların alış sənədləri mövcuddur. Bu da iddiaçını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 265 №-li qərarına əsasən riskli vergi ödəyicisi meyarına daxil etmir. Əlavə olaraq, vergi orqanı tərəfindən göndərilən xx.xx.2023-cü il tarixli **********566300 nömrəli və xx.xx.2023-cü il tarixli **********589200 nömrəli “Əldə edilmiş riskli elektronqaimə fakturalar barədə məlumat” başlıqlı mətkublarda qeyd edilən vergi ödəyicilərindən əldə edilən elektron qaimə fakturaların əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunması qanunauyğun deyildir. Çünki, həmin vergi ödəyiciləri elektron qaimə fakturaları və iddiaçının malları qəbul etdiyi tarixdən sonrakı dövrlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bu da cəmiyyət üçün heç bir mənfi hal yaratmamalıdır. Çünki hər hansı vergi ödəyicisinin gələcəkdə riskli vergi ödəyicisi olub olmaması barədə məlumatı əvvəlcədən əldə etmək mümkünsüzdür. Riskli vergi ödəyicisi hesab edilməyi barədə qəbul edilmiş qərarda qeyd edilən əsaslar tərəflərindən aradan qaldırılmışdır. Lakin bu kimi hallar vergi orqanı tərəfindən nəzərə alınmamış və riskli vergi ödəyicisi barədə qərar ləğv edilməmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən hüquqi şəxs "xxxx" MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 3.7 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Dolab 50x50x84 (h), Stellaj 1200x1000x900 və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********739200 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Meyarların 2.1.1.-ci, 3.1.1.-ci və 2.1.3-cü bəndlərinə əsasən hüquqi şəxs "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********551600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Təhlil zamanı, vergi ödəyicisi tərəfindən təsərrüfat subyekti (obyekti) qeydiyyata alınmasına baxmayaraq, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş 2.9 min manat dəyərində olan 2 ədəd riskli elektron qaimə-fakturaların ləğv edildiyi, digər 1 ədəd 695 manat dəyərində olan riskli elektron qaimə-fakturanın isə ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Araşdırma zamanı, həmçinin bank hesabı məlumatlarına əsasən ləğv edilmiş elektron qaimə-fakturalara görə qarşı tərəfə hər hansı geri qaytarma məbləği müəyyən edilməmişdir. Göründüyü kimi araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatlar tam aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır....” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2276/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********551600 saylı qərarı ləğv edilmiş və İddiaçı MMC riskli vergi ödəyiciləri siyahısından çıxarılmışdır. Cavabdeh həmin qərarla razılaşmamış, apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən hüquqi şəxs "xxxx" MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 3.7 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Dolab 50x50x84 (h), Stellaj 1200x1000x900 və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə 25.01,2023-cü il tarixli **********739200 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci,3.1.1 -ci və 2.1.3-cü bəndlərinə əsasən hüquqi şəxs "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********551600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qəbul edilmiş qərarda qeyd edilən əsaslar iddiaçı tərəfindən aradan qaldırılmışdır. Lakin bu kimi hallar vergi orqanı tərəfindən nəzərə alınmamış və riskli vergi ödəyicisi barədə qərar ləğv edilməmişdir. Bununla əlaqədar bildirilir ki, təhlil zamanı vergi ödəyicisi tərəfindən təsərrüfat subyekti (obyekti) qeydiyyata alınmasına baxmayaraq, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş qaimələrdən 2.9 min manat dəyərində olan 2 ədəd riskli elektron qaimə- fakturaların xx.xx.2023-cü il tarixdə ləğv edildiyi, digər 1 ədəd 695 manat dəyərində olan riskli elektron qaimə-fakturanın isə ləğv edilmədiyi, həmçinin təqdim edilmiş elektron qaimə- fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Araşdırma zamanı bank hesabı məlumatlarına əsasən ləğv edilmiş elektron qaiməfakturalara görə qarşı tərəfə hər hansı geri qaytarma məbləği müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə qərarında qeyd olunanların əksinə iddiaçı tərəfindən riskli əməliyyatlar tam aradan qaldırılmamış və bu səbəbdən iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir...” İddiaçı apellyasiya şikayətinə etirazında şikayətin əsassız olduğunu qeyd edərək iddia ərizəsinə uyğun tələbinin əsaslı olduğunda israrlı olaraq, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi isə izahatında göstərimişdir ki, iddiaçı iki əsasla riskli vergi ödəyicisi hesab olunur: təsərrüfat subyektinin olmaması və 3,80 manat qaimə olması, halbuki bu məbləğdə əmliyyat mövcud olmayıb. Qaimələrin siyahısı var, Alınan malların hərəkəti ilə bağlı açıqlama cədvəli var. Qərar 13 fevralda çıxdığı halda, obyektin qeydiyyatı 3 fevralda mövcud olub. Odur ki, məhkəmədən birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Konkret halda isə cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarın qəbul olunması zəruriliyi mötəbər sübutlarla əsaslandırılmamış, iddiaçının vergi qanunvericiliyinin tələblərini pozmaqda təqsirli olması və onun riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyicəlirin siyahısına salınmasına əsas ola bilən halların mövcudluğu sübuta yetirilməmişdir. Belə ki, Vergi Məcəlləsindən 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na (bundan sonra-“Meyarlar”) əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Cavabdehin işə əlavə olunmuş mübahisələndirilən qərarında iddiaçının riskli vergi ödəyici siyaıhısına daxil edilməsi üçün “Meyarları”n 2.1.1.ci, 2.1.3-cü və 3.1.1-ci yarımbəndlərində nəzərdə tutulan meyarlara cavab verdiyi aşağıdakı kimi əsaslandırılır: “...Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə, cəmi, 3,8 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Dolab 50x50x84(b), Stellaj 1200x1000x900 və s.” satışda qeyd olunduğu müəyyən edilməmişdir. Eyni zamanda Eyni zamanda, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir...” Cavabdehin qeyd olunan əsaslandırılmasından göründüyü kimi, iki səbəbdən iddiaçı riskli vergi ödəyicisi hesab olunmuşdur: birincisi, qaimə-fakturalar üzrə 3,8 manat dəyərində mallar təqdim edilsə də, vergi ödəyicisinin alışında və idxalında mallar müəyyən olunmamışdır İkincisi, iddiaçının təsəsrrüfat subyekti müəyyən edilməmişdir. Lakin cavabdeh tərəfindən bu iki halın mövcudluğu sübutlarla əsaslandırılmamışdır. Belə ki, iş materiallarına, eyni zamanda, hazırkı mərəhlədə təqdim edilmiş fakturaların siyahısına əsasən mübahisələndirilən zaman çərçivəsində iddiaçı tərəfindən istər 3,8 manat, istərsə də 3,7 min manat dəyərində mallara dair qaimə fakturalar təqdim edildyi müəyyən olunmur. Başqa sözlə, həmin dəyərdə fakturaların mövcudluğu sübütlarla əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanun 61.1-ci maddəsinin tələbinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsəinə əsasən isə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qanunun tələbindən göründüyü kimi, inzibati akt - işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, qəbul edilərkən qanunlar və digər normativ hüquqi aktlara istinad edilməklə əsaslandırılmış hesab olunur. İlk öncə işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməlidir. Cavabdeh orqan tərəfindən isə qanuun qeyd olunan tələbinə riayət olunduğu müəyyən edilmir. Cavabdehin qərarda istinad etdiyi, iddiaçının təsərrüfat subyektinin olmamasına gəldikdə, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” Dövlət Vergi Xidmətinin **********1 saylı arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının - 1025 ünvan 1 ünvanında, ********** kodu ilə qeydə alınmışdır. İşə əlavə olunmuş 05. Yanvar 2023-cü il tarixli icarə müqaviləsindən də görünür ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən 1000 manat aylıq icarə haqqı ilə icarəyə götürılmüşdür. Göründüyü kimi, iddiaçının xeyrinə olan hallar cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən nəzərə alınmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: “Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.” Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur.Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi və prosesssual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2276/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2276/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2228/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2228/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver