Məhkəmə qərarları › İş №2-1(103)-2229/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2229/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2229/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3653/2022 saylı 14 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəlldülüdür. NZ seriyalı ******* saylı xx.xx.1974-cü il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, Şəkəralı Əsgərov xx.xx.1973-cü ildə Leytenant Şmidt adına zavoda Poladtökmə sexinə qəlibçi şagirdi vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-cü ildə eyni sexdə 2-ci dərəcəli qəlibçi vəzifəsinə keçirilmiş, xx.xx.1974-cü ildə işdən azad edilmiş, xx.xx.1977-ci ildə həmin zavodda Poladtökmə sexinə zərərli və ağır işlər sahəsində 2-ci dərəcəli qəlibçi yığan vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci ildə işdən azad edilmiş, xx.xx.1977-ci ildə Nərimanov RDİŞ yanında İMŞ-nin 26-cı briqadasında gözətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci ildə briqadir vəzifəsinə keçirilmiş, xx.xx.1980-cı ildə DİN orqanlarında işə keçirilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilədək Azərbaycan SSR daxili işlər orqanlarında fasiləsiz olaraq 2 il 10 ay 27 gün işləmiş, xx.xx.1983-cü ildə “Azərmetaltəchizatsatış” İdarəsinə 6-cı dərəcəli qaynaqçı-təmirçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə “Azərmetaltəchizatsatış” İdarəsinə qaynaqçı-santexnik vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Nizami RDİŞ yanında İMŞ-yə gözətçi vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə “Radioqayırma” BİB hərbiləşdirilmiş mühafizəyə bölmə komandiri vəzifəsinə qəbul edilmişdir. İddiaçı ona yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış **********0 saylı 14 oktyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, əmək kitabçasına görə hərbi xidmət müddəti nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 24 il 3 ay təşkil etməklə qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı sığorta stajına (24 il 3 aya) uyğun olaraq 18.337,30 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 9 aprel 2021-ci il tarixli məktubuna əsasən 6 may 1996-cı il tarixdən 16 oktyabr 1998-ci il tarixədək olan dövrün 1 il 7 ay müddətində əmək haqqı alınması barədə heç bir məlumat olmadığından, həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən ona (iddiaçıya) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində sosial müavinət təyin edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, onun hərbi xidmət müddəti nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 26 il təşkil edir. Bu səbəbdən o, əmək pensiyası təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin sonuncu tərəfindən ona əmək pensiyası təyinatından imtina etmişdir. O, hesab edir ki, cavabdeh orqanın imtinası tam əsassızdır. Çünki, o, 6 may 1996-cı il tarixdən 16 oktyabr 1998-ci il tarixinədək Bakı Zərif Mahud Kombinatında baş mühafizəçi vəzifəsində çalışmış və əmək haqqı almışdır. Orada çalışmağını da əmək kitabçası təsdiq edir. Bundan başqa, Dövlət Arxivinn Bakı Filialında Bakı Zərif Mahud Kombinatının sənədləri natamam şəkildə saxlanılır. Belə olan təqdirdə, onun həmin kombinatda işləyib əmək haqqı almağı barədə qeydlər olmaya da bilər, lakin əmək kitabçası bunu təsdiq edir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. İddiaçı 3 mart 2021-ci il tarixdə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona 65 yaşdan, yəni 03 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin iddiaçının hərbi xidmət müddəti nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək sosial sığorta stajının 24 il 03 ay olması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində əmək kitabçasında qeyd edilən bütün dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «Əmək pensiyaları haqqında» Qanununun 7ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafaiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövr əmək kitabçasında qeyd edilən dövrləri əhatə edir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 2 sentyabr 1985-ci il tarixli əmək kitabçasına əsasən o, 6 may 1996-cı il tarixdən 16 oktyabr 1998-ci il tarixədək Bakı Zərif Mahud Kombinatında baş mühafizəçi vəzifəsində çalışmışdır. Lakin Bakı Zərif Mahud Kombinatının faktiki və arxiv sənədlərinin (əmrlər kitabı, əməkhaqqı cədvəlləri) saxlanıldığı ünvan məlum olmadığından, müvafiq illər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Eyni zamanda, DSMF tərəfindən Bakı Zərif Mahud Kombinatının 6 may 1996-cı il tarixdən 16 oktyabr 1998-ci il tarixədək mövcud olub-olmadığını araşdırmaq məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanan 22 dekabr 2021-ci il tarixli **********79 nömrəli məktuba gələn cavabda Bakı Zərif Mahud Kombinatının dövlət reyestrində 29 mart 1995-ci il tarixdə D-442 nömrə ilə dövlət qeydiyyatından keçməsi, kombinatın 22 aprel 1998-ci il tarixdə ləğv edilməsi barədə məlumat verilmişdir. İddiaçının 22 aprel 1998-ci il tarixdə ləğv edilmiş Bakı Zərif Mahud Kombinatından 16 oktyabr 1998-ci il tarixdə işdən azad edilməsi onun 2 sentyabr 1985-ci il tarixdə tərtib edilmiş əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alır. Bundan əlavə 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisələndirilməyən 24 il 03 ay sosial sığorta stajının nəzərə alındığı təqdirdə qanunla tələb edilən 25 il sosial sığorta stajı və ya pensiya kapitalı tələbi (28.800 manat) ödənilmir. 24 il x 306 = 7.344 manat; 1) 2007-ci il üzrə: 7.344 + 8,3% = 7.953 manat; 2) 2008-ci il üzrə: 7.953 + 16,7% = 9.281 manat; 3) 2009-cu il üzrə: 9.281 + 20,8% = 11.212 manat; 4) 2010-cu il üzrə: 11.212 + 1,5% = 11.380 manat; 5) 2011-ci il üzrə: 11.380 + 5,7% = 12.029 manat; 6) 2012-ci il üzrə: 12.029 + 7,9% = 12.979 manat; 7) 2013-cü il üzrə: 12.979 + 1,1% = 13.122 manat; 8) 2014-cü il üzrə: 13.122 + 2,4% = 13.437 manat; 9) 2015-ci il üzrə: 13.437 + 1,4% = 13.625 manat; 10) 2016-cı il üzrə: 13.625 + 4% = 14.170 manat; 11) 2017-ci üzrə: 14.170 + 12,4% = 15.927 manat; 12) 2018-ci il üzrə: 15.927 + 5,7% = 16.835 manat; 13) 2019-cu il üzrə: 16.835 + 3% = 17.340 manat; 14) 2020-ci il üzrə: 17.340 + 16.6 % = 20.219 manat; 15) 2021-ci il üzrə: 20.219 + 5.7 %= 22.524 manat. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3653/2022 saylı 14 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehn üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərfəli və obyektiv araşdırmamışdır. Qərar əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun sığorta stajının 25 ildən az, yəni 24 il 03 ay olması və pensiya kapitalının kifayət qədər olmaması, yəni 28800 manatdan az 18337.30 manat olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hərbi xidmət və əmək kitabçasında qeyd olunan dövrlər də nəzərə alınmaqla ümumi iş stajının 25 ildən artıq, yəni 25 il 5 ay olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1956-cı ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, o, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 13 gün) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Bununla yanaşı, qanunvericiliyin yuxarıda bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, onun xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək 1 il 1 ay 11 gün, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək 6 ay 23 gün, xx.xx.1977-ci ildən xx.xx.1980-cı ilədək 3 il 4 ay 8 gün, xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilədək 2 il 10 ay 27 gün, xx.xx.1983-cü ildən xx.xx.1985-cı ilədək 1 il 9 ay 11gün, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək 1 il 2 ay 17 gün, xx.xx.1986-cı ildən xx.xx.1996-cı ilədək 10 il 5 ay 5 gün, xx.xx.1996-cı ildən xx.xx.1998-ci ilədək (2 il 5 ay 10 gün) olan müddət də nəzərə alınmaqla, ümumilikdə iş stajı 25 ildən artıq təşkil edir. İddiaçının xx.xx.1996-cı ildən xx.xx.1998-ci ilədək işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir halın olmadığı halda 1996-1998-cü illər üzrə olan dövrü qəbul etmir, yeganə dəlil olaraq həmin dövrdə işlədiyi müəssisənin arxiv sənədlərinin Arxivə təhvil verilmədiyinə istinad edir. Beləliklə, hazırda cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 25 ildən az olması, pensiya kapitalının kifayət qədər olmaması, eləcə də onun işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi səbəbindən xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixinədək Bakı Zərif Mahud Kombinatında işlədiyi dövrlərdə sosial sığorta stajının araşdırılmasının mümkün olmaması və buna görə də pensiya hüququnun yaranmaması qənaətindədir. İşdə olan Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində xx.xx.1995-ci il tarixdə D-442 nömrə ilə dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Köndələn küçəsi, 3 olan Bakı Zərif Mahud Kombinatının xx.xx.1998-ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. Həmçinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Zərif Mahud Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında İddiaçı 41 saylı xx.xx.1996-cı il tarixli əmrlə xx.xx.1996-cı il tarixdən kombinatın daxili mühafizə komandasına baş mühafizəçi vəzifəsinə işə qəbul edildiyi, 1996-cı ilin noyabr, dekabr ayları və 1997-ci ilə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Əmək haqqı cədvəllərində onun əmək haqqının 1996-cı ilin noyabr ayında 170000 manat, dekabr ayında 64762 manat, 1997-ci ilin yanvar ayında 137619 manat, fevral ayında 194000 manat, mart, aprel may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarında 200000 manat, dekabr ayında isə 300000 manat olduğu müəyyən olunur. Dövlət Arxivinin Bakı Filialında saxlanılan Bakı Zərif Mahud Kombinatının natamam arxiv sənədlərinin 1996-cı ilin may-oktyabr aylarına dair əmrlərində və əmək haqqı cədvəllərində İddiaçı barəsində heç bir məlumatın olmadığı və Bakı Zərif Mahud Kombinatının 1998-ci ilə dair əmr kitabları və əmək haqqı cədvəllərinin Filiala təhvil verilmədiyi qeyd olunmuşdur. Beləliklə, sadalanan hallardan görünür ki, iddiaçının işlədiyi müəssisə xx.xx.1996xx.xx.1998-ci illərdə mövcud olmuşdur. Cavabdehin istinad etdiyi hal- iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi barədə gətirdiyi dəlillə bağlı qeyd olunmalıdır ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilmə vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçasının, Dövlət Arxivinn Bakı Filialının və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məktublarının məzmunundan aydın olur ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1998ci il tarixədək işlədiyi müəssisə xx.xx.1998-ci il tarixədək mövcud olmuşdur. Buna görə də iddiaçının 1996-1998-ci illər üzrə iş stajını sübut edən əsas sənəd- əmək kitabçası təqdim olunan digər sənədlərlə birlikdə qiymətləndirilərək, həmin dövrdə iş yeri olan müəssisənin fəaliyyət göstərməsi (xx.xx.1998-ci ilədək), iddiaçının da həmin müəssisədə işləməsi faktı təsdiq olunduğu üçün iddiaçının əmək haqqı aldığı müddətlər (1996-cı ilin noyabr və dekabr ayları, 1997-ci il bütövlükdə) ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan xx.xx.1996-cı il tarixdən müəssisənin ləğv edildiyi xx.xx.1998-ci il tarixədək olan dövr üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi müddət onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən 24 il 3 aydan əlavə olaraq xx.xx.1996-xx.xx.1998-ci illər üzrə olan dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixə ümumilikdə 25 il 6 ay 25 gün iş stajı vardır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərtinin ödənildiyi anlamına gəlir və buna görə də qanunun digər şərtinin- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Bundan başqa qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi qərarının nəticəvi hissəsində iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunmasını qeyd etsə də, bu pensiyanın ona hansı tarixdən hesablanıb verilməsini dəqiq göstərməmişdir. Lakin bu hal kobud qanun pozuntusu sayılmadığı üçün qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı “iddiaçıya 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3653/2022 saylı 14 fevral 2022-ci il tarixli qərarı “iddiaçıya 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3653/2022 saylı 14 fevral 2022-ci il tarixli qərarı “iddiaçıya 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər: Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar