Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2229/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2237/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli NA00014470 nömrəli məktubdakı qərarın ləğv edilməsi, X7 Yol Nəqliyyatı Universiteti tərəfindən verilmiş B21 seriyalı 109315 nömrəli diplomda göstərilən ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi öhdəliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı ildə X7 Yol Nəqliyyatı Universitetinə qəbul olmuş, xx.xx.2021-ci il tarixinədək Daşınma proseslərinin idarə edilməsi fakültəsinin “Daşınmaların təşkili və nəqliyyatda idarəetmə” tədris proqramı üzrə qiyabi tədris forması ilə təhsil almış, B21 № 109315 saylı Bakalavr diplomu ilə məzun olmuşdur. İddiaçı diplomunun Azərbaycan Respublikasının ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsi üçün Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə rəsmi şəkildə müraciət etmiş, imtina barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən qərar verilərkən işə formal baxılmışdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 28 iyul 2023-cü il tarixli NA00014470 nömrəli imtina məktubun məzmununda bildirilmişdir ki, “təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir”. İddiaçı bütün semestrləri akademik borc olmadan başa vurmuşdur. Təhsil aldığı zaman proqram fənlərindən kafi, yaxşı, əla və məqbul qiymət almış, tədris təcrübəsini keçmiş, kurs işlərini yazmış, ixtisası üzrə dövlət imtahanlarını vermişdir. Rus və ukrayna dillərində səlist yaza, danışa, oxuya bilər, nənəsi əslən ukraynalıdır. COVİD-19 pandemiyası ilə əlaqədar bütün dünyada təhsil verən universitetlər pandemiya davam etdiyi vaxtda distant təhsil (məsafədən) dərslərin onlayn formada təşkilinə keçirilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin imtina məktubunda hesablanan müddətin pandemiya dönəminə təsadüf etməsinə baxmayaraq, bu hal gözardı edilmişdir. X7 Yol Nəqliyyatı Universiteti tərəfindən verilən arayışın tərcüməsində aydın görünür ki, təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmişdir, pandemiya ilə bağlı sərhədlər bağlanana qədər təhsil illərində müntəzəm olaraq Ukrayna Respublikasında olmağı barədə X6 Limanına məxsus möhürlü, ad və soyadı qeydli baqaj etiketi də mövcuddur. Ukraynaya təhsili ilə bağlı gediş-dönüş səfərləri barəsində Dövlət Sərhəd Xidmətinə sorğu göndərilə bilər. Hər bir semestr üçün ödədiyi təhsil haqlarını təsdiqləyən imzalı qəbzləri də vardır. Diplomu vermiş Universitet rəsmi saytda ölkəmizin tanıdığı təhsil müəssisələrindəndir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi obyektiv və ədalətli araşdırma aparmadan, təqdim etdiyi bütün zəruri sənədləri nəzərə almadan, diplom üzrə ixtisasın tanınmasından imtina etmişdir. X7 Yol Nəqliyyatı Universiteti tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli B21 № 109315 nömrəli diploma əlavədən görünür ki, həmin sənəddə onun təhsil aldığı ixtisasın səviyyəsi, nail olduğu nəticələr və sair barədə məlumatlar göstərilmişdir. Ukrayna Təhsil Nazirliyi tərəfindən apostildən də məlum olur ki, onun adına olan xx.xx.2021-cı il tarixli B21 № 109315 nömrəli diplomla bağlı verilmişdir. Bununla yanaşı, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etməsi üçün səbəb ola bilən mənfi rəy yalnız “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.7-ci bəndində sadalanan hallarda verilə bilər. Cavabdehin istinad etdiyi hal isə həmin bənddə nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-2237/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı ildə X7 Yol Nəqliyyatı Universitetinə qəbul olmuş, xx.xx.2021-ci il tarixinədək Daşınma proseslərinin idarə edilməsi fakültəsinin “Daşınmaların təşkili və nəqliyyatda idarəetmə” tədris proqramı üzrə qiyabi tədris forması ilə təhsil alməş, B21 № 109315 saylı Bakalavr diplomu ilə məzun olmuşdur. Onun məzun olduğu X7 Yol Nəqliyyatı Universiteti rəsmi saytda ölkəmizin tanıdığı və beynəlxalq səviyyədə qəbul edilən təhsil müəssisələrindəndir. Diplomunun Azərbaycan Respublikasının ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsi üçün Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə rəsmi şəkildə müraciət etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 28 iyul 2023-cü il tarixli NA00014470 nömrəli imtina məktubunun məzmununda bildirilmişdir ki, “təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir.” Məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü ildə məhkəmə iclası keçirilmiş, təqdim etiyi bütün zəruri sənədlərinə baxmayaraq, iddiaçının müvafiq tədris müddətlərində guya iştirak etmədiyi nəzərə alınmışdır: 2016/2017-cü tədris ili üzrə - 6 gün, 2017/2018-ci tədris ili üzrə - 13 gün, 2018/2019-cı tədris ili üzrə - 12 gün, 2019/2020-ci tədris ili üzrə - 11 gün + pandenıiya dövrü, 2020/2021-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü). Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2237/2024 saylı qərarı ilə “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qanunvericiliyə görə, tədris məsafəli və məsafəsiz, yəni distant olan onlayn üsullarla həyata keçirilə bilər. Bu, pandemiya dövründə olmuşdur və bu təcrübə indi də davam edir. İddiaçı uzun müddətdir ki, zob xəstəliyindən əziyyət çəkdiyi üçün əməliyyat olunmuşdur. Bu da onun tələbəlik dövrünə təsadüf etmişdir. Əməliyyatdan sonra müəyyən bir vaxt tələb olunur ki, reabilitasiya prosesindən keçsin. Ona görə də Universitet onun səhhətini nəzərə alaraq, distant təhsil təyin etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin NA00014470 nömrəli xx.xx.2023-cü il tarixli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərarından görünür ki, Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvaiifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın: 1.2-ci bəndinə əsasən bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. 1.5-ci bəndinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9-ci bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»: 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.4-cü bəndinə əsasən isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. 2.5-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: 3.8-ci bəndinə əsasən tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.10-cu bəndinə əsasən aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). İşin faktiki hallarından görünür ki, X7 Yolu Nəqliyyatı Universiteti tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli B21 № 109315 nömrəli Bakalavr diplomuna əsasən İddiaçı 2021-ci ildə X7 Yolu Nəqliyyatı Universitetinin tam kursunu bitirmiş və ona Nəqliyyat texnologiyaları ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh inzibati orqana müvafiq tələblə müraciət etsə də, iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edildiyindən cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada hazırki işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtifa edir. Belə ki, qanunvericilik tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirilmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir. Qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübut da təqdim olunmamışdır. Beləliklə, tələbənin xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamışdır. Belə ki, iddiaçı X7 Yolu Nəqliyyatı Universitetinin tədris normativi üzrə orada təhsil almaq üçün həmin ölkədə qısa müddət ərzində olmuşdur (2016/2017-ci tədris ili üzrə 6 gün, 2017/2018-ci tədris ili üzrə 13 gün, 2018/2019-cu tədris ili üzrə 12 gün, 2019/2020-cu tədris ili üzrə 11 gün+ pandemiya dövrü, 2019/2020-cu tədris ili üzrəgetməyib (pandemiya dövrü)). Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir, bu baxımdan qısa müddətə tədris proqramını yerinə yetirmək qeyri-mümkündür. İddiaçı ali təhsil müəssisəsinin normativi qarşılığında həmin ölkədə qısa müddət olduğu üçün tədris proqramının yerinə yetirilməsi baxımından təhsilin müddətinin yetərli olmaması səbəbi ilə cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2237/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2229/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2229/2024
24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver