Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-223/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X23 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X14 və X22 ibarət tərkibdə, X17-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2285/2024 saylı 24 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2005-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 035054 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi 03 otaq 49.3 yaşayış sahəsi, 75.3 döngə 4, ev 48 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və 08 saylı reyestr kitabında 1103 səhifədə qeydə alınmışdır. xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 75.3 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi dövlət mülkiyyətində olmaqla iddiaçının istifadəsindədir. İddiaçı hazırda həmin ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin onun tələbi təmin olunmamışdır. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixli “Qanunçuluq” Vəkil bürosuna ünvanlanan məktubuna əsasən bildirilmişdir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdehə etdiyi müraciət hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə təmin edilməmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini 2018-ci il tarixdə əldə edərək həmin tarixdə də daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarımı qeydə aldırmışdır. Bu barədə ona ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarış da verilmişdir. Mülkiyyət hüquqlarını qeydə aldıran zaman torpaq sahəsinin də mülkiyyətində olduğu qənaətinə gəlmişdir. Lakin 2023-cü ilin əvvəllərində ona məlum olmuşdur ki, torpaq sahəsi dövlət mülkiyyətində olmaqla ona istifadəyə verilmişdir. İddiaçı fərdi yaşayış evi ilə bağlı sənədləri toplayaraq cavadeh inzibati orqana müraciət etmişdir. Müraciəti əsasında cavadehin ona ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-16415/2023 **********15 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq keçmiş Əzizbəyov RİH-nın 33 saylı xx.xx.2005-ci il tarixli sərəncamına, 10 saylı DNK-nın xx.xx.2005-ci il tarixli arayışına və Bakı şəhəri 7 saylı DNK-nın xx.xx.1959-cu il tarixli müqaviləsinə əsasən qeydə alınmışdır. Bundan sonra o, yenidən zəruri sənədləri inzibati orqana təqdim edərək mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etsə də, yenə cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə ona məlumat verilmiş, lakin hüquqları qeydə alınmamışdır. Cavabdehin ilkin imtina məktubundan da görünür ki, mülkiyyətində olan fərdi yaşayış evi 1959-cu ildən ilkin hüquqmüəyyənedici sənədlə qeydə alınmışdır. Bu səbəbdən də o qənaətdədir ki, ölkəmizdə aqrar islahat həyata keçirilərkən qeyd olunan evin altında olan torpaq sahəsidə özəlləşdirilməli və xususi mülkiyyətinə verilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı tərəfindən qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən texniki pasport Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə uyğun deyil. Belə ki, texniki pasport xx.xx.2004-cü il tarixlidir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə yerli baxış zamanı məlum olmuşdur ki, A yaşayış evi sökülmüşdür. Təqdim edilən texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü fərqi var. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2285/2024 saylı 24 aprel 2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması və iddianın təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə qərarından da göründüyü kimi, çıxarılan qərar onunla əsaslandırılmışdır ki, "daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. İş materiallarında olan texniki pasport isə xx.xx.2004-cü il tarixdə tərtib edilmişdir. Göründüyü kimi, məhkəmə öz mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı ilə əsaslandırmış və niyəsə bu əsaslandırmanı da həmin siyahının 2.4-cü bəndinə istinadla başa çatdırmışdır. Təbii ki, bu da sonda iddiaçının hüquqlarını pozmuş və iddiaçı ona məxsus torpaq sahəsi üzərində haqqı olan hüquqdan məhrum olunmuşdur. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”na istinad etmək istəyirdisə həmin normativ sənədi tam olaraq araşdırmalı, iş materiallarını və işin hallarını bu Siyahı çərçivəsində tam tədqiq etməli və bundan sonra istinad edilməli hüququ müəyyən etməli idi. Məhkəmə isə qərar çıxarmaq üçün yalnız öz daxili inamını əsas götürmüş və bu yolla çıxardığı əsassız qərarını "əsaslandırmışdır". Lakin, inzibati prosessual qanunvericilik hakimdən tələb edir ki, məhkəmənin mövqeyi üçün əsas olmuş səbəbləri öz qərarında göstərsin və bu səbəbləri ətraflı izah etsin. Təəsüflər olsun ki, məhkəmə qərarında bir dənə də olsun belə səbəb göstərməmiş, bir kəlmə də olsun bu barədə qeyd etməmişdir. Məhkəmə qeyd edilən siyahının 2.4-cü bəndinə istinad edərkən heç olmasa həmin siyahını tam tədqiq etmiş olsaydı 1.8-ci bəndlə iddiaçının hüquqlarının təsbit edildiyini görər və həmin əsasla iddianı təmin edərdi. Ən azından Siyahıda öz əksini tapan bu bənd məhkəmə baxışı zamanı nümayəndə tərəfindən məhkəməyə bildirilmiş və buna əsas olan sənədin də iş materiallarında olduğunu məhkəmənin diqqətinə çatdırmışdı. Belə ki, iş materiallarına əlavə edilən, eləcə də cavabdeh inzibati orqan tərəfindən təqdim edilən sənədlərin arasında olan Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİHB-nın xx.xx.2005-ci il tarixli 33№-li Sərəncamından görünür ki, “Bakı şəhəri XDS İK-nin 25.06.76-cı il tarixli 30/413 saylı “Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqında”kı qərara uyğun olaraq İdarələrarası komissiyanın 17.01.05-ci il tarixli aktına əsasən Mərdəkan qəsəbəsi, H.Z. Tağıyev küçəsi döngə 4-də yerləşən vət. X8 məxsus 48 saylı mülkün ilkin ilkin hüquqi qeydiyyata alınması barədə sənədlərə baxaraq komissiya üzvləri qeyd edir ki, mülk tik-A-1940-cı ildə tikilib...”. Qeyd edilən sübutdan da açıq-aydın görünür ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi 1940-cı il tarixdə inşa edilmiş, həmin evə görə ilkin sənəd isə Bakı şəhəri XDS İK-nin 25.06.76-cı il tarixli 30/413 saylı “Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqında”kı qərarı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.8- ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd əsas hesab edilir. Göründüyü kimi, işdə olan sənədlərlə torpaq sahəsinə və evə dair ilkin hüquqmüəyyənedici sənəd Bakı şəhəri XDS İK-nin 25.06.76-cı il tarixli 30/413 saylı qərarıdır ki, bu qərar natamam icra olunmuş, fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydə alınsa da, torpaq sahəsi üzərindəki hüquqlar qeydə alınmamışdır. Bu isə onu deməyə əsas verir ki, məhkəmənin istinad etdiyi normativ sənədlər və işin halları bir-biri ilə üst-üstə düşmür və məhkəmənin istinadları əsassızdır. Bu səbəbdən də Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2285/2024 saylı qərarı qanunsuz və əsassız olmaqla, iddiaçıya münasibətdə ədalətsiz bir qərar olduğu üçün həmin qərar ləğv edilməli və iş tam və hərtərəfli araşdırılmaqla iddianın təmin olunmasına dair qərar çıxarılmalıdır. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştiraçısı hazırki işə cavabdehin hümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili Nümayəndə iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Bununla yanaşı iddiaçının vəkili məhkəmə kollegiyasına İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini də təqdim etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş və iddia tələbi “ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi hasara alınmış 1000.0 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin” kimi dəqiqləşdirilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə işdən müəyyən olunur ki, İddiaçı birinci instansiya məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi “ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” barədə olmuşdur. Bununla bağlı o, inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir. Qeyd olunan imtina ilə razılaşmayan iddiaçı həmin iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək “ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi hasara alınmış 1000.0 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin” kimi qoyulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ..... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “ ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” barədə olmuşdur. Daha sonra işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçının hüquqi marağına uyğun olaraq iddiaçıya tələbini dəqiqləşdirməklə bağlı hüquqi yardım göstərmiş və buna görə də iddiaçı iddia tələbini “ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi hasara alınmış 1000.0 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəqiqləşdirmişdir. Həmin dəqiqləşmə məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilmişdir. İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunan iddiaçının vəkili Nümayəndə ünvanlanan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 4 oktyabr 2024-cü il tarixli 3-48-2F/2-Ə-4730- 8-4919/2024 saylı məktubunda bildirilmişdir ki, 7 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətinizə əsasən keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 1976-cı il 30/413 saylı qərarı xx.xx.1976-cı il tarixli deyil, xx.xx.1976-cı il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda hüquqi yardım göstərdiyiniz şəxs İddiaçı Hüseyn oğlu barəsində heç bir məlumat yoxdur. Həmin məktuba Bakı şəhəri ZDS-in xx.xx.1976-cı il tarixli, 30/413 saylı qərarının surəti əlavə edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi qeyd edilən istiqamətdə ətraflı araşdırma aparmamışdır. Odur ki, məhkəmə kollegiyası iddiaçının tələbinin əsasını təşkil edən sənədlərin müəyyən edilməsi üçün aidiyyatı orqanlara müvafiq sorğular göndərmişdir. Həmin sorğulara cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 28 yanvar 2025-ci il tarixli 3-21-3-30/2- 3398/2025 saylı məktubu ilə ünvan 3 ünvanına dair arxiv sənədlərinin təsdiq edilmiş surəti məhkəmə kollegiyasına təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.1959-cu il tarixli müqavilədən aydın olmuşdu ki, Əzizbəyov rayon X10 Mərdəkan qəsəbə İcraiyyə Komitəsinin 2064 saylı xx.xx.1959-cu il tarixli qərarı ilə “alıcı” X9 Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 750 kv.m. torpaq sahəsində yerləşən 939 nömrəli 24 kv.m. ölçüdə 1 otaqlı yaşayış evi təqdim olunmuşdur. Eyni zamanda məhkəmə sorğularına əsasən təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdu ki, əvvəllər Əzizbəyov rayon X10 Mərdəkan qəsəbə İcraiyyə Komitəsinin 2064 saylı xx.xx.1959-cu il tarixli qərarına əsasən bağlanılmış xx.xx.1959-cu il tarixli müqavilə ilə “alıcı” X9 750 kv.m. torpaq sahəsində yerləşən 1 otaqlı yaşayış evi təqdim olunmuş və həmin 750 kv.m. torpaq sahəsi uzun müddət sonuncunun sahibliyi və istifadəsində olmuş, yalnız xx.xx.2004-cü il tarixdə sonuncunun adına Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Bundan sonra X13 ona məxsus 48 saylı şəxsi evin ilkin hüquqi qeydiyyata alınması ilə bağlı müraciət etmiş və Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 33 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə adı çəkilən mülkün vətəndaş X4 adına Bakı şəhər Tİ və MHQİ-dən ilkin qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. Həmin sərəncamın məzmununda həqiqi torpaq sahəsinin eksplikasiyaya əsasən 1117.8 kv.m, tikinti altında olan sahənin isə 198 kv.m. təşkil etdiyi göstərilmişdir. Digər verilmiş sorğulara əsasən təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2005ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən X5 vərəsəsi X20 olmuş və şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Mİ və MHQİ-nin re.08, səh. 1103, qeydiyyat 30/1103, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə və 30/84 nömrəli xx.xx.2005-ci il tarixli arayışa əsasən Bakı şəhəri Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, döngə 4, ev 48-də yerləşən ümumi sahəsi 75,30 kv.m, yaşayış sahəsi 49,30 kv.m,olan 3 otaqdan, köməkçi sahəsi 26,0 kv.m, olan mülk qeyd olunmuşdur. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhər XDS İK-nin 25.06.76-cı il tarixli, 30\413 saylı «Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqında»kı qərara uyğun olaraq İdarələrarası komissiyanın 17.01.05-ci il tarixli aktınına əsasən Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, döngə 4-də yerləşən vət. X8 məxsus 48 saylı mülkün ilkin hüquqi qeydiyyata alınması barədə sənədlərə baxarkən Komissiya qeyd etmişdi ki, mülk A tikilisi 1940-cı ildə tikilib, cəmi torpaq sahəsi - 1117,0 kv.m-dən ibarət olmuşdur; 0040858 nömrəli xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” X20 “alıcı” X11 Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə 30/1551 qeydiyyat arayışına əsasən 1117,80 torpaq sahəsində Bakı şəhəri Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, döngə 4-də yerləşən 03 otaq ümumi sahəsi 75,30 kv.m, yaşayış sahəsi 49,30 kv.m, köməkçi sahə 26,0 kv.m, açıq eyvan 43,5 kv.m-dən ibarət olan 48 saylı fərdi evi alıcının mülkiyyətinə vermişdir. Satılan daşınmaz əmlak Bakı şəhər Tİ və MHQ İdarəsi tərərfindən 08 nömrəli reyestr kitabıbının 103-cü səhifəsində, xx.xx.2005-ci il tarixdə verilmiş 30/1123 qeydiyyatlı qeydiyyat vəsiqəsi əsasında məxsusdur; 0231250 nömrəli xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” X16 “alıcı” X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu ildə verilmiş 29820 arayışa əsasən 03 otaqlı yaşayış sahəsi 49,30 kv.m, ümumi sahəsi 75,30 kv.m olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini alıcının mülkiyyətinə vermişdir; xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 75.3 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə istifadə hüququ X3 adına qeydiyyata alınmışdır; 388142 nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanılması müqaviləsindən görünür ki, “hədiyyə verən” X12 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 75.3 kv.m olan fərdi yaşayış evini “hədiyyə alan” İddiaçı hədiyyə etmişdir; xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 75.3 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi dövlət mülkiyyətində olmaqla iddiaçının istifadəsindədir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 17 yanvar 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, keçmiş Bakı şəhər ZDS-nin (indiki BŞİH) arxiv fondu üzrə 1959-cu ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin xx.xx.1959-cu il tarixli, 2064 saylı qərarı Dövlət Arxivini Bakı filialına təhvil verilməmişdir; Bakı Şəhər İcra Hakimiyyətin 13 mart 2025-ci il tarixli 3-52/2-834/2025 saylı məktubu ilə bildirilmişdir ki, Bakı Şəhər Əzizbəyov rayon ZDS-nin 1959-cu ilə dair qərarları Bakı Şəhər İcra Hakimyətinin arxivində aşkar edilməmişdir. İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair ümumi məlumat belə olmuşdur. Hüquq müəyyənedici Sıra N-si Texniki göstəriciləri Faktiki sənəd üzrə A Yaşayış evi ( 3 otaq) Y/s -49.3 Sökülüb (Çıxarışa əsasən) Üm/s - 75.3 Sökülüb A Yaşayış evi ( 4 otaq) Y/s -87.95 Y/s -86.9 (Layihəyə əsasən) K/s -91.95 K/s -91.9 Üm/s - 179.9 Üm/s- 178.8 Torpaq sahəsi 1000.0 m2 Bundan başqa həmin müayinə (baxış) aktında qeyd olunur ki, torpaq sahəsinin bir tərəfi yol, bir tərəfi dalan, qalan tərəfi qonşudur. Çıxarış və texniki pasporta əsasən A yaşayış evi sökülmüşdür. Təqdim olunmuş layihəyə əsasən yeni yaşayış evi və həyət tikililəri inşa olunmuşdur. Layihəyə uyğundur. Faktiki torpaq sahəsi 1000.0 kv.m təşkil edir. Yeni inşa olunmuş 2 mərtəbəli yaşayış evin tikintialtı sahəsi 178.2 kv.m, torpaq sahəsi 1000.0 kv.m təşkil edir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının hüquq müəyyənedici sənədləri mövcuddur və iddiaçı hazırda ona məxsus fərdi yaşayış evinin yerləşdiyi 1000 kv.m. torpaq sahəsi üzərində də mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Cavabdeh inzibati orqan isə iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinasını ilkin olaraq, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə əsaslandırmış, lakin iddiaya dair yazılı etirazında əlavə dəlil kimi iddiaçı tərəfindən təqdim edilən texniki pasportun Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə uyğun olmaması, yəni texniki pasportun xx.xx.2004-cü il tarixli olması, İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə yerli baxış zamanı A yaşayış evinin sökülməsi və təqdim edilən texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü fərqinin olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin verildiyi vaxt qüvvədə olan (1999-cu ilədək qüvvədə olmuş) Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsinə görə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və ya bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər qismində: 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Hazırki işdə də iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin (1000 kv.m.) 750 kv.m. hissəsinin hələ Əzizbəyov rayon ZDS-nin Mərdəkan qəsəbə İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli Qərarı və xx.xx.1959-cu il tarixdə bağlanmış müqaviləyə əsasən 1940-cı ildə tikilmiş fərdi yaşayış evi ilə birlikdə verildiyi və uzun zaman həmin 750 kv.m. torpaq sahəsinin 1 otaqlı fərdi yaşayış evi ilə birlikdə ilkin təqdim olunan Yafta X2 və istifadəsində olduğu müəyyən olunur. Sonuncunun adına həmin fərdi yaşayış evinə dair texniki pasport 2004-cü ildə tərtib olunsa da, bu hal fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin Yafta X1 və istifadəsində də məhz 2004-cü ildən olduğu qənaətinə gəlmək üçün əsas vermir. Belə ki, iş materialları, o cümlədən məhkəmə kollegiyasının verdiyi sorğulara əsasən təqdim olunan sənədlərdən- Əzizbəyov rayon ZDS-nin Mərdəkan qəsəbə İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli Qərarı və arayışı əsasında bağlanılmış xx.xx.1959-cu il tarixli müqavilənin, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 33 saylı xx.xx.2005-ci il tarixli sərəncamının məzmunundan açıqaydın görünür ki, X8 1 otaqlı fərdi yaşayış evi onun yerləşdiyi 750 kv.m. torpaq sahəsi ilə birlikdə təqdim olunmuş, həmin ev 1940-cı ildə inşa edilmiş və demək ki, sonuncunun həmin fərdi yaşayış evi və onun yerləşdiyi 750 kv.m.-lik torpaq sahəsinə əmlak hüquqları da məhz 1959-cu ildən mövcud olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan məsələ ilə bağlı göstərdiyi dəlil əsassızdır və bu dəlil iddiaçının iddia etdiyi torpaq sahəsinin 750 kv.m. hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb, daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarışın verilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Cavabdeh qurum iddiaçının tələbinin təmin olunmasından ümumilikdə imtina etməsi ilə bağlı hər hansı sübutu da məhkəmə araşdırmaları zamanı təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. O ki qaldı iddiaçının 1000 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı tələbinin 250 kv.m. torpaq sahəsinə aid olan hissəsinə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 33 saylı xx.xx.2005-ci il tarixli sərəncamının məzmununda sözügedən torpaq sahəsinin ölçüsünün 1117,8 kv.m., işə apellyasiya qaydasında baxılarkən cavabdeh qurumun mütəxəssisləri tərəfindən torpaq sahəsinə keçirilmiş baxışla bağlı tərtib olunan müayinə aktında isə torpaq sahəsinin ölçüsünün 1000 kv.m. kimi qeyd olunması həmin ölçüdə (250 kv.m.) torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədin mövcudluğu anlamına gəlmir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, məhkəmə araşdırmaları zamanı xx.xx.1959-cu il tarixli müqavilə, onun bağlanması üçün əsas olan və məzmununda qeyd olunan xx.xx.1959-cu il tarixli Əzizbəyov rayon ZDS-nin Mərdəkan qəsəbə İcraiyyə Komitəsinin qərarında fərdi yaşayış evinin verildiyi zaman onunla birlikdə təqdim olunan evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 750 kv.m. qeyd olunmuşdur. Odur ki, iddia iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin yalnız 750 kv.m. hissəsində təmin oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin qismən, yəni 750 kv.m. hissədə təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8 və 10.2.1-ci maddələrinə əsasən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin yerləşdiyi (tikintialtı və həyətyanı) 750 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan sözügedən torpaq sahəsinin ümumilikdə iddiaçının adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul olunduğu üçün qərar ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qərar qəbul edilməli, bununla da iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi hasara alınmış 750.0 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh qurumun üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2285/2024 saylı 24 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi hasara alınmış 750.0 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X31 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-223/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-223/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver