Məhkəmə qərarları › İş №2-1(103)-2230/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2230/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2230/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10030/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir (İPM m.34.1). İddianın əsaslarına görə İddiaçı 1988-ci ildə Ukrayna Respublikasının Çernobıl şəhərində X2 baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş və İİ qrup əlil olmuşdur. Hazırda təqaüd alır. Onun adına mənzil, fərdi yaşayış evi, torpaq sahəsi qeydiyyata alınmamışdır. 2014-cü ildən qeydiyyatda olduğu və yaşadığı ev bir tanışına məxsusdur. Müvəqqəti olaraq orada yaşamasına icazə verilmişdir. Mənzil növbəsinə alınması ilə bağlı iddiaçı ərizə ilə cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə müraciət etsə də, ona müsbət cavab verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əgər o, müvəqəti yaşadığı evdən çıxarılarsa, faktiki olaraq yaşamağa heç bir yeri yoxdur. Cavabdeh iddia ilə bağlı məhkəməyə ünvanladığı 15 sentyabr 2022-ci il tarixli məktubunda iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının qeydiyyatda olduğu mənzilin hər ailə üzvünə düşən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq üçün müəyyən edilmiş normadan artıq olduğu müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10030/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçının mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota (mənzil növbəsinə) götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın əsassız hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçının qeydiyyatda olduğu mənzilin hər ailə üzvünə düşən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota durmaq üçün müəyyən edilmiş normadan artıq olduğu müəyyən edildiyindən onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə müraciətinin təmin edilməsindən RİH tərəfindən imtina olunmuşdur. Məhkəmə qərarı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 481-48.2, 51.2.51.3 və 53.1.2-ci maddələrində istinad olunan hallar nəzərə alınmadığından əsassızdır. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçı İİ qrup əlil kimi birinci növbədə yaşayış sahəsi ilə təmin olunmalı şəxslərə aiddir. İddiaçının qeydiyyatda olduğu ünvandakı yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən uçot normasından az olmasına gəldikdə isə, məhkəmə qeyd edir ki, onun mülkiyyətində ayrıca yaşayış sahəsi yoxdur. Qeydiyyatda olduğu ünvandakı yaşayş sahəsinin ölçüsünün isə, ona münasibətdə uçot normasının müəyyən olunmasında nəzərə alınan hal deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixdə verilmiş 053904 №-li vəsiqədən görünür ki, 1959-cu il təvəllüdlü iddiaçı, 1988-ci ildə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş, səbəbi “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olmaqla ona müddətsiz ikinci qrup əlillik verilmişdir. İşə əlavə olunmuş 3 saylı Bakı DOST Mərkəzinin 10 may 2022-ci il tarixli arayışna əsasən isə müəyyən olunur ki, o, İİ dərəcə əlilliyinə görə 268,62 manat məbləğində əlillik pensiyası alır. Eyni zamanda, işə əlavə olunmuş Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron arıyışdan görünür ki, iddiaçının adına, respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. İşə əlavə olunmuş 103 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) 473 №-li xx.xx.2022-ci il tarixli arayışından isə görünən hal ondan ibarətdir ki, iddiaçı qohumu evinə, o cümlədən, həmin MKİS-ə məxsus Hövsan qəs., E.Qasımov küçəsi, 15 №-li binada yerləşən 3 otaqlı 81 №-li mənzilin evin sahibi (kirayişini) X1 məxsus evdə pasport qeydiyyatına alınmışdır. Qeyd olunan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməməsi əsassızdır. Çünki, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Beləliklə də mənzil qanunvericiliyinin qeyd olunan tələbləri baxımından, iddiaçı yuxarıda tədqiq edilən sübutalara əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qiymətləndirilməsini zəruri edən hallara malikdir. Odur ki, cavabdeh orqan tərəfindən məsələnin həllindən iddiaçının yaşadığı mənzilin sahəsi adambaşına düşən normadan artıq olduğunu əsas gətirməklə imtina etməsi tamamilə qanunsuzdur, iddiaçının hüquqularını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsi məhz, haqlı olaraq öz qərarında qeyd olunanlar nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə işin hallarına, maddi hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən mənzil qanunvericiliyinin tələblərinin pozulduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10030/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10030/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar