Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2230/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-553/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, vaxtilə adı sənədlərdə qeyd olunan Sovxoza aid ərazinin hüdudları daxilində ona ayrılmış 0,07 ha torpaq sahəsinə (faktiki 585 kv.m sahəyə) dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 iyul 1990-cı il tarixli qərarla sovxozda çalışan işçilərə fərdi ev tikmək üçün 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən verilmiş arayışda da ona torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Uzun müddətdir torpağa sahiblik edir. Torpaqda tikili var. Hazırda istfadəsində olan torpaq sahəsinə mülkiyyət hüququ verən sənəd almaq istəyir. Bununla bağlı cavabdeh quruma müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən cavabdeh orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın qanunvericilikdə nəzərdə tutuluş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa mane törətdiyini göstərməli idi. Cavabdeh qurum imtina məktubunda evin Sovxoza ayrılan ərazidən kənarda yerləşdiyini qeyd edir. Bu mövqe ilə razılaşmır. Qonşularına da vaxtı ilə sovxoz tərəfindən torpaq sahəsi ayrılmışdır. Uzun illərdir ki, həmin ərazidə yaşayır. İmtina məktubunda yerləşmə cizisinin olmaması göstərilir. Xəzər rayon İcra Hakimiyyəti ərazinin onlara aidiyyəti olmadığını deyir. Daha sonra torpaq sahəsinin 585 kv.m olduğu qeyd edilib. Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-553/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərarını ədalətsiz hesab edir. Məhkəmə tərəfindən təqdim edilən sənədlərə obyektiv hüquqi qiymət verməmişdir. 10 iyul 1990-cı il tarixli qərarına görə Sovzozda çalışan işçilərə fərdi ev tikmək üçün 0,07 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə arxiv arayışı da var. Cavabdeh imtina məktubunda yazır ki, guya ki, torpağın yerləşdiyi ərazi ayrıc aktından kənarda yerləşir. Cavabın nə ilə əsaslandırılması məlum deyil. İddiaçı Xəzər rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. Evin yerləşdiyi yerdən bir qədər aralıda hələ də sovxozdan qalan qurğu görünür. Evin hər tərəfində evlər tikilib. Qonşular da bu ərazilərin sovxoza aid olduğunu qeyd edirlər. Yaxınlığındakı evin və torpağın çıxarışı var. Ekspertin rəyində göstərilir ki, sahəsi hasardaxili 585 kv.m-dir. Torpaq sahəsi üzərinəd yaşayış evi və köməkçi tikili mövcuddur. Həmçinin qeyd edir ki, sahə Donuzkökəltmə sovxozunun ayrıcından kənarda yerləşir. İddia rədd edilərkən yerləşmə cizgisinin olmaması göstərilir. Qərarda göstərilir ki, Xəzər rayon İcra Hakimiyyəti yerləşmə cizisi verməkdən imtina etmişdir. İddiaçı bu məsələ ilə bağlı icra hakimiyyətinə müraciət etməmişdir. Xəzər rayon İcra Hakimiyyətində bu ərazinin sovxozun ərazisi olmasını həm şifahi, həm də yazılı təsdiq etmişlər. Məhkəməyə təqdim edilən cavab məktubunda Donuzkökəltmə sovxozu ərazisində istifadəsində olan torpaq sahəsi ifadəsi qeyd olunmuşdur. Bu ərazi sovxoza aid olmasaydı, ayrıc aktından kənarda yerləşsəydi bəzi qonşulara çıxarış verilə bilməzdi. Yerləşmə cizgisinin olmaması vətəndaşın təqsiri deyil. Sovxozun ərazisi ayrıc aktından kənarda ola bilməz. Texniki sənədin qərara əlavə edilməməsi vətəndaşın təqsiri deyil. İddiaçıya ayrılan torpaq sahəsi barədə qərar qanunla müəyyən edilmiş qaydada geri çağırılmayıb, ləğv edilməyib, dəyişdirilməyib, qüvvədən düşmüş hesab edilməyib. Hüquqi cəhətdən etibarlı sayılır. Dəqiq istinad və cizginin olmaması imtina üçün əsas ola bilməz. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, torpaq sahəsinə dair təsdiq edilmiş yerləşmə cizgisi təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Abşeron Rayon Donuzkökəltmə sovxozuna ayrılan ərazilərin ayrıc aktından kənarda yerləşir. Bundan başqa torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 700 kv.m göstərilsə də, faktiki 585 kv.m təşkil edir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli 135 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X3 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 nömrəli qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur: ...522. İddiaçı... Əsas: F.101, s.la, s.v.69,b.8. Qeyd: Əmrə sxem, ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: Göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 585.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Sahəyə dair sənəd təqdim edilməyib. Elektron kadastr baza məlumatlanna əsasən göstərilən sahə bütövlüklə Donuzkökəttmə Sovxozunun ayrıcından kənarda yerləşir. Qeyd olunduğu kimi göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 585.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4427 nömrəli ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 585.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Sahəyə dair sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bütövlükdə Donuzkökəltmə Sovxozunun ayrıcından kənarda yerləşir. Qeyd olunduğu kimi göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 585.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»: 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış. İşin faktiki halları ondan ibarətdir ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli 135 nömrəli əmrinə əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır və adlı siyahıda 522-ci sırada İddiaçı adı qeyd edilmişdir. Lakin əmrə sxem, ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir. İddiaçı hazırda qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə əmrə torpağın yerləşmə sxemi (cizgisi) əlavə edilməmişdir. Əmrə əsasən ayrılmış torpağın yerinin müəyyən edilməsi üçün iddiaçı torpağın yerləşdiyi ərazi üzrə rayon icra hakimiyyətinə həmin torpağın yerləşmə sxeminin (cizgisi) tərtib olunaraq ona verilməsi üçün müraciət etməli, müraciətinin təmin olunmasından imtina edildiyi təqdirdə isə inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Eyni zamanda qeyd edilməlidir ki, hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir və keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlükdə Donuzkökəltmə Sovxozunun ayrıcından kənarda yerləşir. Göründüyü kimi, iddiaçıya hüquq məüyyənedici sənədlə torpaq sahəsi ayrılmış olsa da, iddiaçı ona ayrılan sahədə deyil, tamam başqa bir ərazidə yerləşən torpaq sahəsinə iddia edərək həmin sahənin ona ayrılmasına istinad etmişdir. Eyni zamanda, iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə sxemi də mövcud olmadığı üçün həmin sahənin iddiaçıya ayrılmış torpaq sahəsi olması sübuta yetirilmir. İddiaçının nümayəndəsi iddiaçının istifadəsində olan torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alındığını iddia edərək X1 məxsus xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsini məhkəməyə təqdim etmişdir. Lakin həmin qeydiyyat vəsiqəsindən görünür ki, həmin vəsiqə Abşeron rayon Donuzkökəltmə sovxozunun əmri əsasında deyil, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 saylı qərarına əsasən verilmişdir. Yəni həmin əmlakla bağlı bərabərlik və etimad hüququnun qorunması prinsiplərindən çıxış edərək iddiaçının da hüquqlarının qeydə alınması mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-553/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2230/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2230/2025
15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver