Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2231/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı) «iddiaçının barəsində notarial hərəkətlərinin aparılması ilə bağlı məhdudiyyət tətbiq edilməsi hərəkətlərinin qanunsuz sayılması və həmin məhdudiyyətin götürülməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 982/2023 nömrəli 28 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCnin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktları ilə bağlı Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq idarəsində istintaq olunan cinayət işinin istintaqı zamanı cinayət təqibini həyata keçirən İstintaq idarəsinin 16 avqust 2017 tarixli 05/1857-10 nömrəli sənədlə İddiaçı barəsində “bütün notariat hərəkətlərinin aparılmasından imtina edilməsi” barədə hazırda qüvvədə olan məhdudiyyətinin tətbiq olunması hərəkətinin qanunsuz hesab edilməsi və “bütün notariat hərəkətlərinin aparılmasından imtina edilməsi” barədə hazırda qüvvədə olan məhdudiyyətinin götürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-982/2023 nömrəli 28 fevral 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin müvafiq inzibati məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sorğusuna cavab olaraq göndərdiyi 26 dekabr 2022-ci il tarixli məktubuna əsasən mümkün saymamışdır. Həmin məktubda qeyd edilmişdir ki, "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-nin direktoru olmaqla Bankın 3.011.032 manat pulunu ələ keçirməsi ilə bağlı 25 may 2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına verilmə qismində qətimkan tədbiri seçilmişdir. Həmçinin məlum olmuşdur ki, İddiaçı direktoru olduğu "xxxx" MMC-nin "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə 6.337.436 manat kredit borcu olmuş, sonradan həmin borc üzrə tələb hüququ “Aqrarkredit" QSC BOKT-a keçmişdir. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir». Buna görə də məhkəmə cavabdeh Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onun barəsində olan məhdudiyyətin tətbiqini cinayət-prosessual fəaliyyəti çərçivəsində qəbul etdiyini, onun cinayət-prosessual fəaliyyəti ilə bağlı qərar və ya hərəkətləri mübahisələndirdiyindən və mübahisələndirilən qərar və ya hərəkət inzibati icraat çərçivəsində qəbul olunmadığından, cavabdehə qarşı hazıkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmamalı olduğu qənaətinə gəlmişdir. Məhkəmənin iddianın mümkün saylmaması barədə qərardadını əsassız, qanunsuz və ədalətsiz hesab edir. Göstərilənlərə əsasən qərardadın ləğv edilməsi və işin müvafiq inzibati məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 05 fevral 2022ci il tarixli məktubundan və ona əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı barəsində "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə Cavabdeh xx.xx.2017-ci il tarixli, 05/1857-10 nömrəli sənədinə əsasən bütün notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə məhdudiyyət mövcuddur. Qeyd edilənlərə əsasən İddiaçı barəsində etibarnamənin təsdiqindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilir ki, Azərbaycan Respublikası Daxii İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciəti əsasında “Elektron notariat” informasiya sistemində İddiaçı barəsində məhdudiyyət yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxii İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 26 dekabr 2022-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı barəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məktuba baxılmışdır. "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-nin direktoru olmaqla Bankın 3.011.032 manat pulunu ələ keçirməsi ilə bağlı 25 may 2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına verilmə qismində qətimkan tədbiri seçilmişdir. Həmçinin məlum olmuşdur ki, İddiaçı direktoru olduğu "xxxx" MMC-nin "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə 6.337.436 manat kredit borcu olmuş, sonradan həmin borc üzrə tələb hüququ “Aqrarkredit" QSC BOKT-a keçmişdir. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Göründüyü kimi, "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktları ilə bağlı cinayət işi vardır, həmin cinayət işi üzrə iddiaçı barəsində Cavabdeh müraciətinə əsasən bütün notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə məhdudiyyət mövcuddur və hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı hazırda Cavabdeh cinayət-prosessual fəaliyyəti ilə bağlı qərar və ya hərəkətlərini mübahisələndirdiyindən və mübahisələndirilən qərar və ya hərəkət inzibati icraat çərçivəsində qəbul olunmadığından, Cavabdehnə qarşı hazıkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-982/2023 nömrəli 28 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2231/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2231/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver