Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2231/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Bilgəh bələdiyyəsi) «torpaq sahəsi və üzərində inşa edilmiş evə dair mülkiyyət hüququnun qeydiyyata alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5960/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Bilgəh bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 204 saylı qərarı əsasında ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 800 kv.m. torpaq sahəsi və ikimərtəbəli mansardlı fərdi yaşayış evi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m. 34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Bilgəh bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 204 saylı qərarına əsasən Bilgəh bələdiyyəsi ərazisində yerləşən 800 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Qərara əsasən həmin tarixdə iddiaçı ilə bələdiyyə arasında torpaqların alqı-satqısına dair akt imzalanmış və həmin akta əsasən iddiaçı bələdiyyənin hesabına 10880000 (on milyon səkkiz yüz səksən min) manat vəsait ödəmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi iddiaçının faktiki istifadəsində və sahibliyindədir. 2023-cü ildə iddiaçı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həmin torpaq sahəsində məlumatlandırma icraatı qaydasında ikimərtəbəli mansardlı fərdi yaşayış evi inşa etdirmişdir. 27 noyabr 2023-ci il tarixində torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin 28 dekabr 2023-ci il tarixində inzibati orqan tərəfindən ona ünvanlanmış müvafiq cavab məktubu ilə əmlak üzərində hüquqlarının dövlət qeydyyatına alınmasından imtina olunmuş əsası kimi torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş DT və XK-si tərəfindən təsdiq edilmədiyi qeyd edilmişdir. Halbuki DTXK-si tərəfindən verilən rəyin inzibati akt qüvvəsinə malik olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında öz əksini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin məhkəmə sistemində reformaların dərinləşdirilməsi barədə 03 aprel 2019-ci il tarixli fərmanında xüsusən qeyd edilir ki, məhkəmələr ümümilləşdirmə praktikasına diqqət yetirməlidir və eynilik təşkil edən iddialar üzrə fərqli qərarların qəbul ediməsi yolverilməzdir. Digər tərəfdən Ali Məhkəmənin 04 may 2023-ci il tarixli qərarında qeyd edilir ki, Əmlak Məsələləri üzrə Dövlət Xidməti torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciətə baxarkən vətəndaşın bərabərlik hüququna riayət etməyə borcludur. Belə ki, bu orqan torpaq sahələrinin ayrılması haqqında verilən sərəncam əsasında bir neçə şəxsin hüquqlarını qeydiyyata alaraq onlara reyestrdən çixarış təqdim etsə də,eyni iddia ilə müraciət edən vətəndaşlara torpaq sahələrinin ayrılması hüququnu qeydə almaqdan imtina edib. İddiaçının iddiası eyni faktiki hallara və hüquqi əsaslara əsaslanırdı. Bu baxımdan hazirki ərizənin qoşmasına əlavə edilən Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1290/2022 saylı qərarı (iddiaçı Zeynalov Allahverdi ƏMDK -nə qarşı) hazirki iddia tələbi ilə tam eynilik təşkil edən iddia tələbi üzrə bir qərardır və inzibati orqanın imtinasında qeyd edilən arqumentlərə hüquqi cavab verir. Eyni zamanda, Ali Məhkəmənin bu qərarından sonra Sumqayit İnzibati Məhkəməsi tərəfindən qəbul edilən daha 4 (dörd) qərar qoşmaya əlavə olunub. Bu qərarlarda hazirki iddia tələbi ilə tam eynilik təşkil edən inzibati işlər üzrə qəbul edimiş qərarlardı və bu qərarlardan inzibati orqan apellyasiya şikayəti vermədən, icra edərək, vətəndaşlara çıxarışlar vermişdir (iddiaçilar X11 oglu, Əli-zadə Xatirə Afət qızı, X10 oglu və X1 ƏMDXnə qarşı). Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5960/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bilgəh bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 204 saylı qərarı ilə İddiaçı verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 800 kv.m torpaq sahəsi və inşa edilmiş ikimərtəbəli mansardlı fərdi yaşayış evi üzərində vahid əmlak kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar idarədə heç bir məlumat aşkar edilməmişdir. Həmçinin, yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd olunmamışdır. Bundan başqa, iddia olunan torpaq sahəsi Bilgəh bağ massivinin ərazisində yerləşir. Torpaq sahəsinin qonşuluğunda yerləşən ərazilər bağ sahəsi kimi dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bilgəh bağ massivinə dair bağların bölgüsünün sxematik xəritəsinə əsasən iddia olunan torpaq sahəsi 1448 və 1449 a saylı bağların ərazisinə uyğun gəlir. İddiaçı tərəfindən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasınınQanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, iddia olunan fərdi yaşayış evi 3 mərtəbəlidir və evin 3-cü mərtəbəsində aşırım mövcuddur. İddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair aktları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. Həmçinin iddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar İdarədə heç bir məlumat aşkar edilməmişdir. İddia olunan torpaq sahəsinə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.1993cü il tarixli 1254 saylı sərəncamı və yerləşmə cizgisi əsasında X5 tərəfindən müraciət olunmuşdur. X5 həmçinin həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-991/2023 saylı qərardadı ilə iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinin təmin edilməsi, iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı“çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin iş üzrə keçirilmiş ekspertiza nəticəsində məhkəməyə təqdim edilmiş Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/436 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindədə sübuta yetirilmişdir ki, həmin torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən Bilgəh bağ massivinin ərazisidir... Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin dəqiq yerləşməsi müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı tam araşdırma aparılmamışdır. Bundan başqa iddia olunan torpaq sahəsinin Bilgəh bağ massivinin ərazisində yerləşməsi ilə əlaqədar heç bir araşdırma aparılmamış, sorğu verilməmiş, ekspertiza keçirilməmişdir...” İddiaçı apellyasiya şikayətinə etirazında cavabdehin apellyasiya şikaytinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır. “...Cavabdeh öz yazdığı ilə sübut edir ki, digər şəxs Qismət Rəsulovun iddiası həmin torpaq sahəsinə olsa da öz qanuni əsaslarını tapmamış, iddiasını geri götürmüşdür. Həmin iş üzrə məhkəmə qərarı 13 dekabr 2023-cü il tarixdə qəbul olunmuş, iddiaçının cavabdehə müraciəti isə 26 noyabr dekabr 2023-cü il tarixdə olmuş, sonuncu tərəfindən həmin müraciət 30 dekabr 2023-cü il tarixdə cavablandırılmışdır.Cavabdehin həmin məhkəmə işindən xəbəri olmayıb, 3-cü şəxs tərəfindən iddia qaldırılması ilə bağlı heç bir qeydi də yoxdur. Torpağın bağ masssivinə aid olmasına gəldikdə iş materiallarında olan Bakı şəhər İcra hakimiyyəti tərəfindən təsdiqlənmiş xəritədə t mübahisəli torpaq sahəsi məhz Bilgəh bələdiyyəsinin mülkiyyətinə təhvil verilmiş torpaq sahəsinə aiddir. Digər məsələ, yəni evin iki və ya üç mərtəbəli olması ilə bağlı qeyd edir ki, ev məlumatlandırma icraatı qaydasında inşa edilmi, iki mərtəbə və mansartdan ibarətdir. Həmin ev 3 mərtəbəli olduğu halda qanunvericiliyin hər hansı tələbəlri pozulmamışdır. Apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qərarı əsaslıdır, maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmişdir. Odur ki, qüvvədə saxlanılmalıdır...” İşin apellyasiya mərhələsində məhkəmənin xx.xx.2024-cü iltarixli qərardadı ilə iş üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, sonuncu tərəfindən 15 oktyabr 2024-cü il tarixli 30-16-16/2-105353 saylı ekspert rəyi verilmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi mübahisəli torpaq sahəsinin bələdiyyənin ərazisi olması barədə idarənin arxivində məlumat aşkarlanmamışdır. Ekspert rəyində həmin torpaq sahəsinin bələdiyyə ərazisi olması ilə razı deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin apellyasiya şikayətinə etirazına uyğun verdiyi izahatında, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumat verilmiş üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla, işə baxılması mümkün hesab olunmuşdur. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının cavabdehə qarşı iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, Bilgəh bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 204 saylı qərarı əsasında ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 800 kv.m. torpaq sahəsi və ikimərtəbəli mansardlı fərdi yaşayış evi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə belə hesab edir ki, iddiaçı tələbində haqlıdır. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin: 6-cı hissəsinə əsasən “bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər; 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər...” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun 1-ci hissəsinin 2-ci abzasına əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. İş materialları üzrə müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 204 nömrəli 27 aprel 2005-ci il tarixli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün Bilgəh qəsəbəsi ərazisində Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) 800 kv.m torpaq sahəsi mülkiyyətinə verilmiş, eyni tarixli torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmiş və “Torpaqların alqı-satqısına dair akt” tərtib olunmuş və 439 nömrəli 27 aprel 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən torpağın 10880000 AZM dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Konkret halda, cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi 1-ci məsələ iddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar edilməməsi ilə bağlıdır. Məhkəmə tədqiqatı ilə müəyyən olunur ki, cavabdehin qeyd olunan dəlili aşağıdakılara görə əsassızdır. Birincisi, Bilgəh bələdiyyəsinin iddiaçının vəkilinin sorğusuna cavab olaraq 14 nömrəli 26 yanvar 2024-cü il tarixli məktubunda aşağıdakılar bildirilir: “... bələdiyyənin elektron baza məlumatlarına əsasən Bilgəh bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 204 saylı qərarı əsasında iddiaçıya Bilgəh qəsəbəsinədə ayrılan 800 kv.m. torpaq sahəsi həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı yolu ilə yuxarıda adı qeyd edilən vətəndaşın mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2-ci maddəsinin tələblərinə uyğun olaraq bələdiyyələrin yerləşdiyi inzibati ərazi üzrə torpaqlar bələdiyyə mülkiyyətində sayılır. Bu baxımdan vətəndaş İddiaçı Bilgəh bələdiyyəsinin 27 aprel 2005-ci il tarixli 204 saylı qərarı əsasında ayrılmış torpaq sahəsi Bilgəh bələdiyyəsinin inzibati ərazi hüdudlarında yerləşməklə, bələdiyyənin xüsusi mülkiyyətində olmuşdur. Hazırki məktubun qoşmasına əlavə edilən Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq Sərəncamı və Bilgəh Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrini əks etdirən xəritə də buna sübutdur. Eyni zamanda, qeyd edilən bələdiyyə qərarları hal-hazırda qüvvədədir, qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi və rüsumlar adıçəkilən vətəndaşlar tərəfindən vaxtı-vaxtında ödənilir...” Digər tərəfdən işə əlavə olunmuş, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 817 nömrəli xx.xx.2000-ci il tarixli “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” sərəncamından və Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunmuş xx.xx.2000-ci il tarixdə təsdiq olunmuş Xəritəsindən də görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanına müvafiq olaraq, həmin sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində, Sabunçu rayon üzrə Bilgəh qəsəbəsinin 689,46 hektar torpaq sahəsi Bilgəh qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Hazırkı mərhələdə, iddiaçıya ayrılmış həmin torpaq sahəsinin Bilgəh bələdiyyəsinə aid torpaq sahəsi olub-olmadığına aydınlıq gətirilməsi üçün təyin edilmiş AR ƏN Məhkəmə Ekspertizası Mərəkəzinə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə həmin Mərkəz tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli ekspert rəyindən də görünür ki, tədqiqatın nəticəsi olaraq ekspert tərfindən aşağıdakılar müəyyən olunmuşdur: - “Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarına (kadstrportali.az) əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdəiyyəsinin 27 aprel 2005-ci il tarixli qərarı əsasında İddiaçı ayrılmış 800 kv.m torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinə ayrılmış torpaq sahəsidir. Torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir. Həmin torpaq sahəsi Bilgəh bələdiyyəsinə verilən torpaq sahəsinin Bilgəh bələdiyyəsinə verilən torpaq sahələrinin xəritə sxemində göstərilmişdir və koordinatları aşağıdakı kimidir: Sxem iş materiallarının 35-ci səhifəsinə əlavə edilmişdir.”(İşin 35-ci vərəqində olan Bilgəc qəsəbəsinin yerquruluşu planından çıxarışdan da görünür ki, iddiaçıya məxsus torpaq sahəsi qəsəbə əarazisi daxilində yerləşməklə X-417457.48; Y- 4491015.30 koordinatlarında yerləşir.) Qeyd olunmalıdır ki, işə əlavə olunmuş “X2”nin mütəxəssis rəyindən də görünür ki, iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsinin Bilgəh bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Beləliklə də tədqiq olunan sübutlarla müəyən olunan halla onu deməyə əsas verir ki, cavabdeh orqanın mübahisəli torpaq sahəsinin bağ massivinə aid dövlət torpağı olması ilə bağlı irəli sürdüyü dəlillər əsassızdır və formal olaaq iddiaçıya ayrılmış torpaq sahəsinin qeydiyyatından imtina üçün gətirdiyi bir bəhanədir. Həmin torpaq sahəsinə dair X5 başqa bir şəxsində müraciətinin və iddiasının olması ilə bağlı dəlillərinə gəldikdə, onun həmin dəlillərinin də “feyk” olduğu iş materiallarına əsasən öz təsdiqini tapır. Belə ki, işə əlavə olunmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 991/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən müəyyən olunur ki, Q.Ə.Rəsulov adında şəxsin cavabdeh orqana qarşı Bakı şəhər İHB-nın xx.xx.1993-cü il tarixli 1254 saylı sərəncamı ilə ona Bilgəh qəsəbəsi ünvanında ayrılmış 0.12 ha torpaq sahəsinə cavabdehin mütəxəssisləri tərəfindən baxış keçirilərkən də sözügedən torpaq sahəsinin bağlar massivində 1449a-1448 saylı bağların yerinə uyğun gəldiyi və faktiki sahəsi 0,0952 ha təşkil etdiyi aşkar olunduğu irad tutulsa da, Q.Ə.Rəsulov adında şəxs iddia ərizəsini də geri götürmdüyünə görə məhkəmə həmin qərardadla iş üzrə icraata xitam vermişdir. Konkret halda da, cavabdehin apllyasiya şikayətindən göründüyü kimi, hazırkı iddiaçının bağ sahəsinin bağlar massivində 1449a-1448 saylı bağların yerinə uyğun gəldiyi qeyd olunur. Q.Ə.Rəsulov adında digər şəxsin cavabdehin həmin dəlilinə rəğmən iddia ərizəsini geri götürməklə, deməli, birincisi hazzırkı iddiaçıya qarşı da hər hansı iddiası mövcud deyil. İkincisi, qeyd edilən halda torpaq sahəsinin ölçüsü 0,0952 ha təşkil etdiyi halda, konkret halda hazırkı iddiaçının torpaq sahəsinin ekspert və mütəxəssis rəyinə əsasən müəyyən olunan ölçüsü 0,0800 ha-dan artıq deyil. Göründüyü kimi, cavabdehin isinad olunan dəlili də hazırkı işdə bir əngəl yaratmaq naminə irəli sürüldüyü açıq görünür “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan da göründüyü kimi, Bilgəh bələdiyyəsinin qeyd olunan qərarına əsasən iddiaçıya ayrılan torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınması üçün Qanunun sözügedən olunan normalarında nəzərdə tutulan sənədlər mövcuddur. Ən azından qeyd olunmalıdır ki, bələdiyyənin həmin qərarı və bu qərar əsasında tərtib olunmuş torpaq sahəsinin alqı-satqı aktı bu günə kimi ləğv olunmamış, geri çağırılmamış, hər iki sənəd öz qüvvəsini saxlayır. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci madddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Məcəllənin 64.2-ci maddəsi isə nəzərdə tutur ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin qeydiyyatından imtina olunmasının da əsassız olduğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu və 8.0.10.2ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə münasibətdə: - məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd –həmin tikilinin qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur 80.4-cü maddəsinin tələbinə görə isə sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İş materiallarından da görünür ki, mübahisəli torpaq sahəsində inşa edilmihş fərdi yaşayış evinin müvafiq lisenziyası (No091041) olan şəşəxs tərəfindən memarlıq planı tərtib olunmuş və razılaşdırılması üçün iddiaçı tərəfindən ekspress poçt vasitəsilə, yerli icra hakimiyyəti orqanuna (Sabunçu rayon İcra Hakimiyyətinə) göndərilmiş, 10 gün müddətində müvafiq cavab almayan iddiaçı tərəfindən tikinti işlərinə başlanılaraq sona çatdırmışdır. Cavabdehin apellyasiya şikayətində iddia olunan fərdi yaşayış evinin üç mərtəbəli və üçüncü mərtəbəsində aşırım mövcud olduğunu mübahisələndirməsinə gəldikdə, evin memarlıq planından görünür ki, ev iki mərtəbəli və mansardlıdır. Cavabdehin evin mansardını üçüncü mərtəbə kimi qələmə verməsi və mənasına varmadan burada “aşırım” mövcud olmasını vurğulamaqla nə demək istədiyi əsaslandırılmamışdır. Hər bir halda, memarlıq planından görünən odur ki, ev memarlıq planı baxımından, Şəhərsalma və Tikinti Məcəlləsinin qeyd olunan 80.1-ci maddəsinin tələblərinə uyğundur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh, mübahisəli torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməklə, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5960/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 73, 82, 87, 89, 90, 94, 108-110-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5960/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2231/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2231/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver