Məhkəmə qərarları › İş №2-1(103)-2231/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2231/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2231/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “əmrin ləğvi” tələbinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “əmrin ləğvi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3529/2025 saylı 05 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı barəsində Dövlət Təhlükəsizlik Xidmətinin qəbul etdiyi xx.xx.2016-cı il tarixli 3543 nömrəli əmrin ləğv edilməsi və bu barədə şəxsi işində düzəlişlər aparılması öhdəliyinin cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-2016-cı illərdə milli təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti rəisinin xx.xx.2016-cı il tarixli 3543 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156e bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və həmin ilin 24 dekabr tarixində həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə görə təqaüdə çıxmışdır. Hazırda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Həmin dövrdə barəsində tətbiq olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156.e bəndinin əssasız olmasına etiraz etmiş, əlavə araşdırmaların aparılması və qeyd olunan maddənin ləğv edilərək 156.b bəndi ilə əvəz edilməsi xahişi ilə müxtəlif vaxtlarda Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə və daha yuxarı instansiyaya müraciət ünvanlamış, lakin müsbət cavab almamışdır. Silahlı Qüvvələrin ehtiyatına 156.e bəndi ilə buraxılmağı barədə əmrin tövsif hissəsi şablon xarakterli olmaqla, həqiqəti əks etdirməmişdir. Belə ki, həmin əmrin tövsif hissəsində guya onun təyinatından sonra Balakən rayon şöbəsində əməliyyat işinin keyfiyyətinin və statistik göstəricilərin aşağı düşməsi, işçilərə qarşı hər hansı həvəsləndirici tədbirlərin görülməməsi və onlarda mənəvi ruh düşkünlüyünün yaranması barədə əssasız iddialar qeyd olunmuş, bu barədə ətraflı araşdırmalar aparılmamış və göstərilənlərlə əlaqədar heç bir izahat tələb olunmamış, ondan və əməkdaşlardan izahatlar alınmamışdır. Həmin dövrdə iddiaçı şöbəni qəbul etdikdən sonra siqnal yoxlaması işlərinin sayı 8-dən 20 və ya 22-yə çatdırılmış, cəlbetmə işləri illik plandan artıq və vaxtında yerinə yetirilmiş, əməliyyat-qeydiyyat işləri açılmış, fəal tədbirlərin keçirilməsi üçün bir və ya iki məhkəmə sanksiyaları alınmış, iki nəfər işçiyə baş əməliyyat müvəkkili verilmişdir. 2017-ci ildə Şəki şəhərində keçirilən illik hesabat müşavirəsində isə Balakən rayon şöbəsinin göstəriciləri müsbət qiymətləndirilmişdir. Hazırda təqaüdçüdür, eyni zamanda yuxarıda qeyd olunan təşkilatda işləyir, onun DTX-ya yenidən hərbi xidmətə bərpa olunmaq kimi bir iddiası yoxdur, üzərindən 8 ilə yaxın vaxt keçməsinə baxmayaraq, 156.e bəndinə əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı reputasiyasına ciddi ziyan vurmaqla, onu mənəvi cəhətdən sıxır, çünki o, həqiqətən təmiz və səliqəli xidmət etmiş, onunla birgə xidmət etmiş əməkdaşların da bütün bunları təsdiq edəcəklərinə şübhə etmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3529/2025 saylı 05 fevral 2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3529/2025 saylı 05 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən hər hansı araşdırma aparılmadan, qarşı tərəfdən heç bir izahat tələb edilmədən əsassız olaraq ’’Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156.e bəndinə əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı reputasiyasına ciddi ziyan vurmuşdur. Əmrin ləğvi və həmin Əsasnamənin 156.b bəndinə dəyişdirilməsi, həmçinin xidməti araşdırmaların aparılması tələbi ilə müxtəlif vaxtlarda dəfələrlə DTX-ya ərizə ilə müraciət emiş, lakin müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfin xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi Əmrin ləğvinə dair xx.xx.2025-ci il tarixli Etiraz əzirəsində ona qarşı irəli sürülmüş iftira dolu iddialara məhkəmənin hazırlıq iclası prossesində heç bir aydınlıq gətirilməmiş, israrlı tələblərinə baxmayaraq cavabdeh tərəfin nümayəndəsi həmin iddiaları müdafiə edən düzünə və ya dolayısı hər hansı fikirlər səsləndirməkdən çəkinmişdir. Tərəflərin izahatları İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı tələbi “onun barəsində qəbul edilmiş xx.xx.2016-cı il tarixli 3543 nömrəli əmrin ləğv edilməsi və bu barədə şəxsi işində düzəlişlər aparılması öhdəliyinin cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ötürüldüyündən iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2016-cı il tarixli 3543şh nömrəli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən İddiaçı xidməti uyğunsuzluğa görə xx.xx.2016-cı il tarixdən ehtiyata buraxılmışdır. İddiaçı hazırda həmin əmri mübahisələndirir. İş materiallarına əlavə edilmiş hərbi biletin surətindən görünür ki, iddiaçı xidmətdən azad edildikdən sonra Nərimanov Rayon İdarəsində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Bu da iddiaçının mübahisələndirilən əmrdən həmin tarixdən məlumatlı olduğunu göstərir. İddiaçı həm ərizələrində, həm də apellyasiya şikayətində həmin əmrdən məlumatlı olmasını etiraf etmişdir. Buna baxmayaraq əmrin qəbulundan 8 il sonra, yəni xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Hazırki vəziyyətdə iddia müddətinin ötürülməsindən uzun müddət keçməsini nəzərə alaraq məhkəmə kollegiyası həmin müddətin bərpası ilə bağlı ərizə vermək üçün iddiaçıya hüquqi yardım göstərməyə də lüzum görməmişdir. Məhkəmə kollegiyası hazırki işdə yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən iddianın uzun zaman keçdikdən sonra bərpası mümkün olmayan müddət ötürülməsi ilə verildiyi qənaətinə gəlir və hesab edir ki, həmin müddətin bərpası qanunla mümkün olmadığından birinci instansiya məhkəməsi iddianın qeyri-mümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3529/2025 saylı 05 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X4 Orxan ismayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar