Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2232/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1955/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 09-12 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1964-cü il tarixdə doğulmuşdur. O, əmək kitabçasına (İT-İ № 0809092) əsasən 3 dekabr 1981-ci il tarixdən 4 yanvar 1998-ci il tarixədək "AZON" Zavodunda işləmişdir ki, həmin zavod rejimli obyekt idi və oradakı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə aiddir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət edərkən onun 57 yaşı tamam olmuş və sığorta stajı 20 ildən çox təşkil etmişdir. Cavabdeh inzibati orqana müraciət etməmişdən əvvəl iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun təsdiq olunması məqsədilə işlədiyi zavoda sorğu göndərmişdir. Sorğu ilə bağlı zavod tərəfindən təqdim olunmuş 13 aprel 2021-ci il tarixli 03/130 nömrəli arayışda onun 8 yanvar 1982-ci il tarixdən 1 fevral 1988-ci il tarixədək 43 saylı sexdə çeşidləyici vəzifəsində, 1 fevral 1988-ci il tarixdən 4 yanvar 1998-ci il tarixədək 43 saylı sexdə mikrosxem yığıcısı (yarımötürücü cihazların qaynaqçısı) vəzifəsində işlədiyi göstərilmişdir. O, hesab edir ki, yuxarıda göstərilən hallar və 3 saylı Bakı "ASAN xidmət" mərkəzinə təqdim olunan sənədlər ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququnu verir. Lakin cavabdeh ona güzəştli şərtlərlə pensiya təyinatından imtina edərək onun güzəştli iş stajının 10 ildən az təşkil etdiyini bildirmişdir. İmtina məktubundan göründüyü kimi, cavabdeh tərəfindən yalnız 8 yanvar 1982-ci il tarixdən 1 fevral 1988-ci il tarixədək əhatə olunan dövr güzəştli iş stajı kimi nəzərə alınmış, zavod tərəfindən 1 fevral 1988-ci il tarixdən 4 yanvar 1998-ci il tarixədək göstərilən iş fəaliyyəti güzəştli iş stajı kimi qiymətləndirilməmişdir. "xxxx" MMC-nin arayışından görünür ki, mikrosxem yığıcısı və yarımötürücü cihazların qaynaqçısı eyni işdir, mikrosxemlərin yığılması məhz yarımötürücü cihazların qaynaq edilməsi ilə əmələ gəlir. Bu iş prosesində işçi qurğuşun buxarı ilə nəfəs almaq məcburiyyətindədir. Bu səbəbdən də o, 2000-ci ildə ağciyər xəstəliyi keçirmişdir. Onun ciyəri 90% funksiyasını itirmişdir. Zərərli işin fəsadlarını o, bu gün də səhhətində hiss edir. İddiaçının qeyd etdiyi faktları və gördüyü işini mahiyyətini zavodda işləyən işçilər də təsdiqləyə bilər. Zavodun təqdim etdiyi arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XVİ bölməsinə (istehsalatda zərərli maddələrlə işləyən sahəyə – şifrə 2170100a, kod 11982) və 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 13(a) bölməsinə daxildir. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə məhkəməyə ərizə təqdim edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1955/2022 saylı, 17 fevral 2022-ci il tarixli nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi xx.xx.1988-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin 43 saylı sexində mikrosxem yığıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 23 gün (xx.xx.1982-xx.xx.1988-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17418,33 manat təşkil edir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37 7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı və vəkili X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdə “AZON” zavoduna qaynaqçı şagirdi vəzifəsinə qəbul olunmuş, xx.xx.1982-ci il tarixdən çeşidləyici şagirdi vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci il tarixdə İİ dərəcəli cihaz, lövhə və kristal çeşidləyicisi peşəsi verilmiş, xx.xx.1984-cü il tarixdə cihaz, lövhə və kristal çeşidləyici İİİ dərəcəsi verilmiş, xx.xx.1988-ci il tarixdən yenidən tarifləmə ilə əlaqədar olar İV dərəcəli mikrosxem yığıcısı vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası RTT Baş İdarəsinin Rayonlararası İstehsalat Təmir Tikinti Birliyinin Təmir Tikinti sahəsinə nəzarətçi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2004-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən (xx.xx.1981-ci il tarixli 434 nömrəli əmr) xx.xx.1998-ci il tarixədək (xx.xx.1998-ci il tarixli 239 nömrəli əmr) “Azon” zavodunda işləmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 43 saylı sexdə çeşidləyici vəzifəsində işləmişdir. Bu işin icrası zamanı “BK” yapışqanı, aseton, qliserin, hidrogen peroksid, toluol və fotorezistlə bütöv iş saatı işləmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XVİ bölgüsünə (istehsalatda zərərli maddələrlə işləyən sahə – şifr 2170500a, xod 18654) və 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 13.3(a) bölməsinə daxildir. xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 43 saylı sexdə mikrosxem yığıcısı (yarımötürücü cihazların qaynaqçısı) vəzifəsində işləmişdir. Yarımötürcü cihazların birləşməsindən mikrosxem hazırlanır və bu işin icrası zamanı 450°C temperaturda, mikrosxemdə hidrogen qazı istifadə edilməklə, Al və Au naqilləri ilə çıxışlara texniki qaynaq edilərək birləşmə əməliyyatı yerinə yetirilmişdir. Mikrosxemlər hər hansı maddi daşıyıcının üzərində yaxud içərisində yerləşdirilmiş çoxfunksiyalı yarımkeçirici cihazların tərkib hissəsi olan elektron qurğulardır. Yarımkeçiricılər böyük termoelektrik güc faktorlarına malikdirlər ki, bu da onları termoelektrik generatorlar üçün faydalı edir, həmçinin yüksək termoelektrik göstəricilər onları termoelektrik soyuducularda əhəmiyyətli edir. Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 2170100a, Kod 11982-ə və 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 13(a) bölməsinə daxildir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 saylı imtina məktubundan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək dövr ərzində "xxxx" MMC-nin 43 saylı sexində mikrosxem yığıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (6 il 23 gün – 8 yanvar 1982-ci il tarixdən 1 fevral 1988-ci il tarixədək) dövr) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41.000 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17.418,33 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdən görünür ki, iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, 16 fevral 2016-ci il tarixdə 52 yaşı tamam olan hazırkı iddiaçının 1 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi staja, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 10 ildən artıq staja malik olması müəyyən edilir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı müəyyən edilərkən onun "xxxx" MMC-nin 43 saylı sexində işlədiyi mikrosxem yığıcısı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmamasına istinad olunmuşdur. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmamış və iddiaçıya "xxxx" MMC-dən verilmiş arayış və əmək kitabçasına əsasən belə nəticəyə gəlmişdir ki, onun 1988 – 1998-ci illərdə adıçəkilən qurumda işlədiyi həmin peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir, cavabdehin dəlilləri formal mülahizələrə söykənir. Məhkəmə həmçinin qeyd etmişdir ki, 11 dekabr 2017ci il tarixdə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə müraciət edən şəxs «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının işlədiyi mikrosxem yığıcısı – yarımörtücü cihazların qaynaqçısı vəzifəsi ilə oxşar əmək funksiyası eyni funksional xarakter daşıyır ki, bu da müvafiq olaraq güzəştli arayışda öz təsdiqi tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 178 nömrəli 31 oktyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Peşə təhsili üzrə ixtisasların Təsnifatı»nda mikrosxemlərin yığıcısı “elektron avadanlıqlarına xidmət” sahəsinə aiddir. Belə olan halda, iddiaçının "xxxx" MMC-də işlədiyi mikrosxem yığıcısı peşəsinin funksional xarakter baxımından yarımörtücü cihazların qaynaqçısı peşəsinə uyğunluğu, eyni zamanda həmin peşənin radioelektronika sahəsinə aid olması, artıq iddiaçının həmin dövrləri (1 yanvar 1988-ci il tarixdən 4 yanvar 1998-ci il tarixədək) güzəştli iş stajı kimi nəzərə alınması üçün əsas yaradır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “güzəştli iş stajının və tələb olunan minimum məbləğdə sığorta kapitalının toplanmaması” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 52 yaşdan (16 fevral 2016-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur və əmək kitabçasına əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “AZON” zavodunda qaynaqçı şagirdi, çeşidləyici şagirdi, cihaz, lövhə və kristal çeşidləyicisi, mikrosxem yığıcısı (16 il, 1 ay 1 gün), xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Respublikası RTT Baş İdarəsinin Rayonlararası İstehsalat Təmir Tikinti Birliyinin Təmir Tikinti sahəsinə nəzarətçi vəzifəsində işləmişdir (6 il, 9 ay 8 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 22 il 10 ay 09 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azon” zavodunda işləmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 43 saylı sexdə çeşidləyici vəzifəsində işləmişdir. Bu işin icrası zamanı “BK” yapışqanı, aseton, qliserin, hidrogen peroksid, toluol və fotorezistlə bütöv iş saatı işləmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XVİ bölgüsünə (istehsalatda zərərli maddələrlə işləyən sahə – şifr 2170500a, xod 18654) və 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 13.3(a) bölməsinə daxildir. xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 43 saylı sexdə mikrosxem yığıcısı (yarımötürücü cihazların qaynaqçısı) vəzifəsində işləmişdir. Yarımötürcü cihazların birləşməsindən mikrosxem hazırlanır və bu işin icrası zamanı 450°C temperaturda, mikrosxemdə hidrogen qazı istifadə edilməklə, Al və Au naqilləri ilə çıxışlara texniki qaynaq edilərək birləşmə əməliyyatı yerinə yetirilmişdir. Mikrosxemlər hər hansı maddi daşıyıcının üzərində yaxud içərisində yerləşdirilmiş çoxfunksiyalı yarımkeçirici cihazların tərkib hissəsi olan elektron qurğulardır. Yarımkeçiricılər böyük termoelektrik güc faktorlarına malikdirlər ki, bu da onları termoelektrik generatorlar üçün faydalı edir, həmçinin yüksək termoelektrik göstəricilər onları termoelektrik soyuducularda əhəmiyyətli edir. Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 2170100a, Kod 11982-ə və 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 13(a) bölməsinə daxildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 15 il 11 ay 26 gün güzəştli iş stajı olmuşdur. İşin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 2 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində pensiya ödənişi məhz onun hüququ yarandığı 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən həyata keçirilməli olmasını bildirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyası təyin edildikdən sonra onun yenidən hesablanması zaman yaranmış fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək, müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1955/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilməklə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilisin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Səadət Bəktaşi Hakimlər: Azər Hüseynov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-2232/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2232/2022
12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver