Məhkəmə qərarları › İş №2-1(103)-2232/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2232/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2232/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "mənzilə mülkiyyət hüququnun qeydə alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair" inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1204/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia (İPM m.34.1.) ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Zeytun sovxozunun 23 mart 1979cu il tarixli 30 saylı orderinə əsasən ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ev 9, 3 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Abşeron rayon 1 saylı Zeytun sovxozu Komissiyasının 23 mart 1979-cu il tarixdə verilmiş 30 saylı orderinə əsasən Abşeron rayonu 1 saylı Zeytun sovxozu ərazisində Hövsan qəsəbəsi, Zeytun sovxozu, ev 9, 3 saylı mənzili iddiaçı və ailə üzvləri X1, X6, X3 istifadəsinə verilmişdir. Həmin Orderdə adları qeyd olunan şəxslər 1979-cu ildən hal-hazırkı tarixədək sözügedən mənzildə qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdeh orqana rəsmi qaydada müraciət etmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********14 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1204/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Abşeron rayon 1 saylı Zeytun sovxozunun 23 mart 1979-cu il tarixli 30 saylı orderinə əsasən ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ev 9, 3 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin («İPM») 85ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçının sənədlər toplusuna əlavə etdiyi Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, F570 nömrəli məktubunda Abşeron Rayon 1 saylı Zeytun sovxozunun 1979-cu il tarixli arxiv sənədlərində vətəndaş İddiaçı adına ev orderinin verilməsi haqqında heç bir məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Məhkəmə tərəfindən mənzilə dair hüquqmüəyyənedici sənəd təqdim edilməməsi dəlilinə münasibət bildirilməmiş, orderin verilməsinə əsas olan qərarın mövcud olubolmaması araşdırılmamış və təqdim edilmiş orderin mötəbərliliyini sübut edəcək dəlillər toplamamışdır...” Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarili iclasında iştirak edən cavabdehin nümayəndəsi T.V.Yeganlı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Hazırkı iclası barədə xəbərdar edilsə də cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştiak edən iddiaçının nümayəndəsi mübahisəli mənzilə dair iddiaçya verilmiş orderin əslini məhkəməyə təqdim edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə Abşeron rayon 1 saylı Zeytun sovxozunun 23 mart 1979-cu il tarixli 30 saylı orderinə əsasən ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ev 9, 3 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası iş materialları üzrə aşkar olunan aşağıdakı hallara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, iddiaçı tələbində haqlıdır. Abşeron rayon 1 saylı Zeytun sovxozunun 23 mart 1979-cu il tarixli, 30 saylı orderin əslinə əsasən müəyyən olunmuşdur ki, Abşeron rayonu 1 saylı Zeytun sovxozu ərazisində Hövsan qəsəbəsi, Zeytun sovxozu, ev 9 (1-2-ci mərtəbə), mənzil 3 ünvanında yerləşən sahəsi 64/39,7 kv.metr olan üçotaqlı mənzil İddiaçı və onun ailə üzvləri X1, X6, X3 istifadəsinə verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-cı il tarixdən, X1 xx.xx.1980-cı il tarixdən, X2 xx.xx.1997-ci il tarixdən, X4 xx.xx.2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci, habelə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddələrinə əsasən: - Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur . Qeyd olunanlardan göründüyü kimi, iddiaçının mübahisəli mənzilə dair təqdim etdiyi order onun mülkiyyət hüququnun reyestrdə qeydə alınmasına əsasverici sənəd olduğu halda, cavabdeh orqan apellyasiya şikayətində əsassız olaraq iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyini əsas tuturaq mənzilə dair onun mülkiyyət hüququnun qeydə alınmasından imtina edir. Cavabdeh apellyasiya şikayətinin digər bir dəlilində mübahisəlndtirir ki, Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, F570 nömrəli məktubunda 1 saylı Zeytun sovxozunun 1979-cu il tarixli arxiv sənədlərində iddiaçının adına ev orderi haqqında heç bir məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası onu qeyd edir ki, orderin arxivdə aşkar edilməməsi iddiaçının hüquqlarını məhdudlaşdıra bilməz. Birincisi ona görə ki, onun işə əlavə olunmuş əmək kitbaçasının sürətinə əsasən müəyyən olunur ki, 1954-cü il təvəllüdlü iddiaçı həqiqətən də xx.xx.1978 - xx.xx.1980-cı illərdə 1 saylı Zeytun sovxozunda işləmişdir. İkincisi, orderin hazırkı mərhələdə əsli onun özündə mövcuddur və həmin orderin hazırkı mərhələdə məhkəməyə təqdim edilmiş əslinin mötəbərliyini şübhə altına ala biləcək halların mövcudluğu müəyyən edilmir . Belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Üçüncü bir tərəfdən birinci instansiya məhkəməsinin sorğusu əsasında cavabdnehdən, yəni Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozu, ev 9 ünvanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzillərə dair idarənin arxivində saxlanılan qovluq sənədlərinə əsasən müəyyən edilmişdir ki, “V.A.İ” adında şəxsin ərizəsinə əsasən Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozu ərazisi, ev 9, mənzil 4 həmin şəxsin adına xx.xx.2011-ci il tarixdə isə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata (qeyd No-si **********) alınmış və reyestrdən ona çıxarış verilmişdir. Həmin çıxarışın verilməsinə əsas olan sənədə də həmçinin, 1 saylı Zeytun sovxozu tərəfindən verilmiş 2 iyul 1979-cu il tarixli 45 saylı order təşkil etmişdir ki, bu orderdə iddiaçıya verilən mübahisəli 23 mart 1979-cu il tarixli, 30 saylı orderlə eyni formada və oxşar məzmunlu üslubda tərtib edilmiş və sovxoz rəhəbərliyi tərəfindən imzalanaraq dairəvi möhürlə təsdiq olunmuşdur ( Eyni zamanda, həmin evin 2 saylı mənzili də oxşar tərtibatlı order əsasında başqa bir şəxsin adına da mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir). Göründüyü kimi, iddiaçı ilə eyni binada digər mənzil istifadəçilərinin mülkiyyət hüquqları analoji orderlər əsasında cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində artıq qeydiyyata alınıb, onlara reyestrdən çıxarışlar verilmişdir. Belə olan halda, həmin evin 3 saylı mənzilinə dair iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina olunması onun bərəbərlik hüququnu pozmuş olur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Beləliklə də, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnun qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcdulğu sübuta yetirilir. Başqa sözlə, cavabdeh həmin mənzilin onun adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina olunması onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi də məhz onu nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmənin gəldiyi nəticə işin sübutlarla müəyyən edilən hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur, məhkəmə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunvericiliyə zidd olduğunu mübahisələndirməyə çalışan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati 2-1(112)-1204/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1204/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar