Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2232/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; iddia müddəti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4864/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixli 1000/218Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə Keçirilməsi mümkün olmadiqda və ya həmin vəzifədən imtina etməsi əsası ilə xx.xx.2024cü il tarixdən xitam verilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 12 fevral 2024-cü il tarixli 1000/218ş nömrəli əmrinin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi və buraxılmış prosessual müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 2000-2004-cü illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini (ingilis dilində) təhsil alaraq fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin 2002-2006-cı illərdə “İ.B Business Services" şirkətinin Tərcümə şöbəsində tərcüməçi vəzifəsində işləmişdir. Həmçinin 2006-2018-ci illərdə Bakı Slavyan Universitetində müəllim və baş müəllim vəzifələrində pedoqoji fəaliyyətlə məşğul olmuşdur. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" X6 şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Katibliyində Sənədlərlə iş şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən isə Gömrük Komitəsinin sərəncamına götürülərək xx.xx.2024-cü il tarixli, 1000/218Ş saylı əmrlə xidmətinə xitam verilmişdir. Əmrin səbəbi kimi isə onun təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçilməyindən imtina etməsi göstərilmişdir. Ancaq hesab edir ki, həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü iİ tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə Komitə Aparatının yeni struktur bölmələri yaradılmış, həmin idarələrin strukturu və ştat cədvəlləri təsdiq edilmiş, bir sıra vəzifələr ixtisar edilərək təşkilatı-ştat tədbirləri həyata keçirilmişdir. Bunu nəzərə alaraq “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”-nin 50-ci maddəsini nəzərə alaraq Komitə Əməkdaşları xx.xx.2023-cü il tarixli əmrlə sərəncama götürülmüşdür. İddiaçı da xx.xx.2023-cü il tarixdə ona müvafiq vəzifənin təklif edilməsi üçün Komitəyə dəvət edilmişdir. Həmin görüşdə ona "Azərterminalkompleks” Birliyinin Gömrük brokeri işinin təşkili şöbəsində kompüter operatoru vəzifəsi təklif edilmişdir və o da həmin vəzifədən imtina etmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərovun qəbulunda olan zaman ona Tibb Xidmət idarəsinin X8 Hosbitalında kadrlar üzrə mütəxəssi, Astara Gömrük İdarəsinin Sənəd dövriyyəsi bölməsində baş inspektor, "Azərterminalkompleks" Birliyinin Gömrük brokeri işinin təşkili şöbəsində kompüter operatoru və "Azərterminalkompleks" Birliyinin Sənəd dövriyyəsi şöbəsində baş mütəxəssis vəzifələri təklif edilmiş və o, həmin vəzifələrə keçməyinə razı olmamışdır. Həmçinin Azərbaycan Gömrük X5 Birliyinin xx.xx.2024-cü il tarixli protokolunda qeyd edilmişdir ki, onun barəsində Komitə tərəfindən xx.xx.2024-cü il tarixli təqdimatın araşdırılması gündəliyə daxil edilmişdir. İclasda çıxış edən X7 İdarəsinin inspektoru Dilarə Naftalıyeva bildirmişdir ki, xx.xx.2024-cü ildə İnsan Resursları İdarəsinə dəvət olunmuş və həmin görüşdə ona Tibb Xidmət idarəsinin X8 Hosbitalında kadrlar üzrə mütəxəssi, Astara Gömrük İdarəsinin Sənəd dövriyyəsi bölməsində baş inspektor və “Azərterminalkompleks" Birliyinin Sənəd dövriyyəsi şöbəsində baş mütəxəssis vəzifələri təklif edilmiş və o, həmin vəzifələrə keçməyinə razı olmamışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərə baxdı inzibati orqan tərəfindən və həmkarlar ittifaqları tərəfindən göndərilən məktublarda ziddiyətlərin olmasının şahidi olur. Belə ki, həmkarların cavabında İnsan Resurslarının nümyəndəsi ona 4 vakant vəzifə təklif edilmişdir, halbuki Dövlət Gömrük Komitəsinin 27 noyabr tarixli cavabında ona bir ştat yerinin, 05 fevral tarixli məktubunda 4 ştat yerinin təklif edildiyi göstərilmişdir. Bu ziddiyyətlərin olması İnzibati aktın qəbulunda müəyyən qanun pzountularının olmasına işarədir. Həmçinin inzibati orqan tərəfindən inzibati icraat hər tərəfli, obyektiv və aşkarlıqla aparılmalıdır və vəzifə səlahiyyətlərindən irəli gələrək hər tərəfli araşdırma aparmalıdır. İnzibati orqan qeyd edir ki, bəzi ştatlar yaranmağı və bəzi ştatların ixtisar edildiyi üçün 01 noyabr 2023- cü ildə sərəncama götürülmüş və sonradan ona təklif edilən yerlərdən imtina etmişdir. Əvvəla onu bildirir ki, iddiaçı gömrük xidməti kapitanı olmuş və ona təklif edilən yerlər hazırkı vəzifəsindən və həmin vəzifələr üzrə təklif edilən maaş həmin vaxt aldığı maaşdan bir neçə dəfə az idi. Daha güclü səlahiyyətlərə malik inzibati orqan açıq-aşkar ona etdiyi təkliflə onun işdən çıxmağına səbəb olmuşdur. Gömrük orqanlarında Xidmət haqqında 1999-cu il tarixli əsasnamənin 2-ci bəndində qeyd edilmişdir ki, əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Hazırkı məsələdə də inzibati orqan ştat tədbirləri və ştat ixtisarı ilə əlaqədar onun sərəncama götürüldüyünü və daha aşağı maaşlı iş təklif edildiyini əsas gətirir. Halbuki burada da konkret olaraq onun vəzifəsinin dəyişdirilməsini əsaslandırmamışdır. Belə ki, gömrük orqanlarında xidmət haqqında əsasnamənin 2-ci bəndindən çıxış edərək hesab edirik ki, hazırkı mübahisəyə Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndini əlavə edə bilərik. Belə ki, həmin bənddə qeyd edilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların (bu əsaslara ştat ixtisar və s. aiddir) hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Hazırkı mübahisədə də inzibati orqan tərəfindən ştat ixtisarı vəya tədbiri nəticəsi ilə xidmətə xitam verərkən onu əsaslandırmalı idi. Həmçinin Əmək Məcəlləsinin 78.3-cü maddəsinə əsasən Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Hazırkı iş üzrə də onun işinə xitam verilərkən olan vəzifəm ixtisar olunmamışdır və həmin vəifəyə digər şəxs təyin olunmuşdur. Həmçinin qeyd olunan normaların inzibati icraata tətbiq olunması inzibati icraatın mahiyyətinə də zidd deyildir. Həmçinin həmin əmr inzibati akt sayılır və həmin akt inzibati icraat nəticəsində qəbul edilmişdir. Həmin inzibati icraatın materiallarının əldə edilməsi üçün müraciət etsək də bizə heç bir məlumat verilməmişdir. Bundan əlavə əmrin ləğv edilməsi üçün inzibati orqana etdiyi müraciət də cavabsız qalmışdır. İtirilmiş prosessual müddətlə bağlı onu bildirir ki, onun həyat yoldaşı Komitədə işləmişdir və qanunsuz olaraq işdən azad olunmuşdur. Həyat yoldaşı ona görə susmuşdur ki, Komitə tərəfindən iddiaçının işinə maneçilik törədilməsin. Buna baxmayarq bu ilin fevral ayında onun bəhanə edilərək işdən azad edilməsi nəticəsində həyat yoldaşı müxtəlif orqanlara şikayətlər yazmağa başlamışdır. Həmin şikayətlərlə hesab etmişlər ki, məhkəməyə müraciət hüququnun müddəti ötürülməmişdir. Həmçinin inzibati qaydada şikayətlərə də cavablar gəlməmişdir ki, həmin qərarlardan məhkəmə qaydasında şikayət edə bilər. Hazırkı məsələyə də ən sadə məntiqlə baxsaq işdə müəyyən qaranlıq nüanslar olduğu açıq-aşkar görünür. Ona görə də hesab edir ki, prosessual müddətin bərpası nəticəsində əldə olunan nəticə ilə bərpa olunmaması nəticəsində qaranlıq qalacaq məsələsinin əsaslılığını və önəmlilik dərəcəsi müəyyən edilərək qiymət verilsin. Belə ki, prosessual müddətin bərpası nəticəsində məhkəmənin itirəcəyi ən pis ehtimalla qısa müddətli vaxt itkisi ilə müddətin bərpa olunması nəticəsində gömrük sahəsində böyük təcrübəyə malik və gələcək perespektivi olan vətəndaşa qarşı edilən hüquqpozmanının qarşısının alınması ehtimalının müqayisəli şəkildə nəzərə alıb qərar verilməsi daha məqsədə uyğundur. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Belə ki, İPM-ln 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandınlmalıdır. Həmin məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Yenə həmin məcəllənin 24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Yenə həmin məcəllənin 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.
4. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bu tələb Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - AR İPM) 35-ci maddəsində qeyd olunmuşdur. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. AR İPM başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İiddia mümkün sayılmadıqda məhkəmə AR İPM 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Belə ki, İddia müddəti iddiaçının müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilməsi üçün qanunverici iddianın məzmunundan asılı olaraq iddia müddəti müəyyənləşdirmişdir. AR İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, məcburetmə haqqında iddia isə tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində, inzibati orqanın hərəkətsizliyindən müdafiə ilə bağlı iddia müddəti isə müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək qaldırıla bilməsi (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) müəyyən olunmuşdur. AR İPM ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin baxımı təqdim edilmə anından, təqdim edilmənin Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməli olduğunu qeyd etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndində təsbit edilmiş "məhkəmə hüququ" məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi 'köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o. hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu inzibati hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri -mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “E.Həkimovun şikayəti ilə əlaqədar” 03.11,2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəlləsinin 296.3- cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinın) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qanunvericiliyin tələbindən görünür ki, iddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmrin xx.xx.2024-cü il tarixdə verildiyini bildiyi tarixdən bir ay müddətində məhkəməyə müraciət edə bilərdi. İş materallarına əlavə edilmiş iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsinə dair Komitənin xx.xx.2024-cü il tarixli 1000/218Ş nömrəli əmri iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilsə də iddiaçı qeyd olunan əmrin ona təqdim edilməsindən 9 (doqquz) ay 13 (on üç) gün sonra yəni xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırki iddia tələbindən də müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdən işdən azad edildiyindən xəbərdar olmuşdur. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərdən də müəyyən edilir ki, iddaçı iddia müddətini ötürsə də iddia müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən sübutlara malik olmalıdır ki, belə sübutlarda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçı qeyd olunan əmri ilə onun hüquqlarının xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu səbəbdən də iddiaçının iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.
5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4864/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ən geci xx.xx.2024cü il tarixdə işdən azad edildiyi əmrin surətində imza etməklə həmin əmrin surətini əldə etdiyi vaxtdan onun sözügedən əmrdən məlumatlı olduğu təsdiq olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, əmrdən sonra xidməti vəzifəsinin icrasına buraxılmaması da iddiaçıya həmin vaxtdan əmrin elan edildiyini sübut edir.
7. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan ən geci xx.xx.2024cü il tarixdən məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə xx.xx.2024-cü il tarixdə hazırkı məhkəmədə iddia qaldırmışdır.
8. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4864/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia ərizəsində prosessual müddətin ötürülməsinin üzrlü səbəblərdən olduğunu bildirirərək, bunu faktlarla əsaslandırsa da, birinci instansiya məhkəməsi tərəfindən bunlara əhəmiyyət verilməmişdir. Belə ki, iddiaçının həyat yoldaşı Komitədə işləmişdir və qanunsuz olaraq işdən azad olunmuşdur. Həyat yoldaşı ona görə susmuşdur ki, Komitə tərəfindən iddiaçının işinə maneçilik törədilməsin. Buna baxmayaq bu ilin fevral ayında iddiaçının işdən azad edilməsi nəticəsində həyat yoldaşı müxtəlif orqanlara şikayətlər yazmağa başlamışdır. Həmin şikayətlərlə iddiaçı hesab etmişdir ki, məhkəməyə müraciət hüququnun müddəti ötürülməmişdir. Həmçinin inzibati qaydada şikayətlərə də cavablar gəlməmişdir ki, həmin qərarlardan məhkəmə qaydasında şikayət edə bilək. Hazırkı məsələyə də ən sadə məntiqlə baxsaq işdə müəyyən qaranlıq nüanslar olduğu açıq-aşkar görünür. iddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi qərəzli və əsassız qərar qəbul etmiş, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən çəkinmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarı
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
24. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
25. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
26. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
27. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə düzgün hüquqi qiymət vermişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
30. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
31. Hazırkı iş üzrə mübahisə predmeti kimi iddiaçı cavabdehin 12 fevral 2024-cü il tarixli 1000/218ş nömrəli əmrini xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirir.
32. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, sözügedən xx.xx.2024-cü il tarixli 1000/218Ş nömrəli əmrin surətindən görünür ki, iddiaçı əmrlə tanış olması barədə həmin əmrin surətində xx.xx.2024-cü il tarixdə imza etməklə əmrin surətini əldə etmişdir. Beləliklə, iddiaçının ən geci xx.xx.2024-cü il tarixdə işdən azad edildiyi əmrin surətində imza etməklə həmin əmrin surətini əldə etdiyi vaxtdan onun sözügedən əmrdən məlumatlı olduğu təsdiq olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, əmrdən sonra xidməti vəzifəsinin icrasına buraxılmaması da iddiaçıya həmin vaxtdan əmrin elan edildiyini sübut edir.
33. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan ən geci xx.xx.2024-cü il tarixdən məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə xx.xx.2024-cü il tarixdə hazırkı məhkəmədə iddia qaldırmışdır.
34. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
35. Müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
36. Beləliklə iddiaçı aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddəti ötürmüş hesab olunur.
37. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, müddətlə bağlı iddianın mümkünlüyünə dair işində qeyd edilmişdir ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
38. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4864/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4864/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.