Məhkəmə qərarları › İş №2-1(103)-2233/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2233/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2233/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Azayeva Gülşəhər Kazım qızı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)- 4099/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 23-25 noyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası X4 Universiteti (RDİU) tərəfindən 05.07.2019-cu il tarixdə verilmiş 106124 ******* saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və nostrifikasiyası haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun tərəfindən 02.10.2019-cu il tarixdə diplomun tanınması və müvafiq şəhadətnamənin alınması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifıkasiya İdarəsinə elektron qaydada A78D5A3A7D33686 nömrəli müraciət ünvanlanmışdır. Həmin müraciət üzrə cavabdeh orqan tərəfindən müvafiq araşdırmalar mərhələli olaraq aparılmışdır. Lakin aparılmış araşdırmaların sonunda 17.02.2020-ci il tarixdə iddiaçıya ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, elektron müraciətə baxılaraq diplom üzrə ixtisasın ölkə ərazisində tanınmasından imtina edilmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2-1(112)-4099/2020 saylı qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli 2-1(112)-4099/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim M.Qarayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən onun diplomunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. Müvafiq icra hakimiyyəti orqanından əldə olunan məlumatlara əsasən, hesab edirlər ki, iddiaçı həmin ölkədə qısa müddət (İ il - 8 gün, İİ il - 14 gün, İİİ il - 1 ay 5 gün, İV il – 16 gün, V il - 22 gün) olduğundan onun diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 04 iyun tarixli 104 nömrəli qərarı ilə təsdiq olunmuş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin 1.5-ci maddəsinə əsasən ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti göstərilən müddətdən bir il çoxdur. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Qeyd olunanlara əsasən, iddiaçının aldığı təhsilin həm məzmununun, həm də müddətinin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli 2-1(103)- 626/2021 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)- 4099/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 16.06.2021-ci il tarixli, 2-1(102)-1012/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2-1(103)-626/2021 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Azayeva Gülşəhər Kazım qızı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə təkrar apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Rusiya Federasiyası X4 Universiteti (RDİU) tərəfindən 05.07.2019-cu il tarixdə verilmiş 106124 ******* saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və nostrifikasiyası haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, bakalavr proqramı üzrə nəticələr və məzmunu haqqında məlumatı əks etdirən diploma əlavədə iddiaçının akademik saatların miqdarına uyğun olaraq aldığı qiymətlər, yazdığı kurs işləri və onların qiymətləndirilməsi aydın şəkildə şərh edilmiş və ümumi nəticəsi məqbul sayılmışdır. Bundan əlavə, iddiaçının təhsil aldığı illərdə ölkədən çıxışı və girişi ilə bağlı məlumatlar onun ümumvətəndaş pasportunda qeyd edilmişdir. Cavabdeh inzibati orqan imtina məktubunda iddiaçıya verilən diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olmamasına istinad etsə də, həmin uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamışdır. Məhkəmə qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın İddiaçınun diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.27-8.28-ci bəndlərinə görə xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentlyinin müəyyən edilməsini (nostrifika-siyası) həyata keçirmək və vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadət-namələr vermək Təhsil Nazirliyinin hüququ deyil, həmin Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirməli olduğu funksiyasıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Rusiya Federasiyasının X4 Universiteti tərəfindən 05 iyul 2019-cu il tarixdə verilmiş 106124 ******* saylı, 8/1135 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı həmin Universitetin bakalavriat üzrə tam kursunu 38.03.01 “İqtisadiyyat” hazırlıq istiqaməti üzrə mənimsəyib və yekun dövlət attestasiyasını uğurla keçib. Dövlət İmtahan Komissiyasının qərarı ilə ona bakalavr dərəcəsi verilmişdir (protokol № 20/15, 25 iyun 2019-cu il). Diplom Dağıstan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 03.09.2019-cu ildə 514751 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İş materiallarında olan Rusiya Federasiyasının X4 Universiteti tərəfindən 05.07.2019cu ildə verilmiş 8/1135 qeydiyyat nömrəli bakalavr diplomuna 106124 ******* nömrəli əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı həmin Universitetin “İqtisadiyyat” ali peşə istiqaməti üzrə təhsil aldığı zaman proqram fənlərindən kafi, yaxşı, əla və məqbul qiymətlər almış, tədris təcrübəsini keçmiş, 4 kurs işi yazmış, ixtisası üzrə dövlət imtahanlarını vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatından məlum olur ki, İddiaçı təhsil aldığı 2014-2019cu illərdə Rusiya Federasiyasının ərazisində olmuşdur. İş materiallarında olan Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsinin İddiaçı ünvanlanmış 17 fevral 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Rusiya Federasiyasının X4 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”n 3.7-ci bəndinə əsasən A78D5A3A7D33686 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Səhər Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən, iddiaçının təhsil aldığı Rusiya Federasiyasının ərazisində birinci il - 8 gün, ikinci il - 14 gün, üçüncü il - 1 ay 5 gün, dördüncü il - 16 gün və beşinci il - 22 gün olmuşdur. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Həmin Qanunun 27.4-cü maddəsinə əsasən xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: Bənd 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş: 5-ci bənd. Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. İş materiallarından görünür ki, iddiaçı diplomun tanınması və müvafiq şəhadətnamənin alınması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olduğunu əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçının təhsil aldığı tədris proqramının həcmi 240 saat olsa da, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Səhər Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən, iddiaçının təhsil aldığı Rusiya Federasiyasının ərazisində birinci il - 8 gün, ikinci il - 14 gün, üçüncü il - 1 ay 5 gün, dördüncü il - 16 gün və beşinci il - 22 gün olduğu görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqram”a əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. (İddiaçıya verilmiş diploma əlavənin 1-ci səhifəsində iddiaçının əyani təhsil aldığı qeyd edilmişdir). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində (sessiya dövründə) olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, 5 il əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftə müəyyən edildiyi halda, iddiaçının qısa müddət ərzində tədris yükünü mənimsəməsi mümkün deyildir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının sessiya müddətində təhsil aldığı universitetin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsinin qeyri mümkün olduğunu bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından cavabdehin imtinasını əsaslı sayır. Hazırki iş üzrə Ali Məhkəmənin qərarında göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş cavabdehin imtina məktubunda qeyd edilir: Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Voljsk X5 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə ...” (səh 6) Lakin iş materiallarında olan bakalavr diplomundan görünür ki, iddiaçı X4 Universitetini bitirmişdir. İmtina məktubundan da göründüyü kimi, cavabdeh Rusiya Federasiyasının Voljsk X5 Universitetinin tədris normativini təhlil etmiş, apelyasiya instansiyası məhkəməsi özü də bu hala diqqət yetirməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin imtinasında göstərilən yanlışdığın texniki səhv nəticəsində olması müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şifahi və eyni zamanda yazılı izahatında bildirmişdir ki, cavabdehin imtinasında Rusiya Federasiyasının X4 Universiteti əvəzinə texniki səhv olaraq Rusiya Federasiyasının Voljsk X5 Universiteti qeyd edilmişdir. Odur ki, həmin yanlışdığın texniki səhv nəticəsində olmasının nəzərə alınması məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-4099/2020 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar