Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2233/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2475/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2003-cü il tarixli icarə müqaviləsi əsasında istifadəsinə verilmiş torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31.2 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin torpaq sahəsinin istifadəyə verilməsi haqqında xx.xx.2003-cü il tarixli, № 01/034 saylı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 34875,5 kv.m olan torpaq sahəsi iddiaçıya ayrılmışdır. İstifadəsində olan həmin torpaq sahəsində layihə əsasında fərdi yaşayış evi tikmişdir. Bununla əlaqədar olaraq, istifadəsində olan ümumi sahəsi 34875,5 kv.metr torpaq sahəsində tikdiyi fərdi yaşayış sahəsinin dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq reyestrdən çıxarışın və texnki pasportun verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina məktubu ilə hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim olunan müqavilədə tərəf olaraq İddiaçı göstərilsə də, müqavilə "xxxx" MMC-nin nümayəndəsi qismində İddiaçı tərəfindən imzalanmışdır. Həmin müqavilədə Balaxanı Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 06 saylı qərarına istinad olunsa da, qərar İdarəyə təqdim edilməmişdir. Müqavilədə torpaq sahəsinin istehsalatla məşğul olmaq üçün ayrıldığı qeyd edilsə də, iddiaçı tərəfindən həmin torpaq sahəsində yerləşən əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınması xahiş olunur. Lakin fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1 və 8.0.10.2-ci maddəsinə uyğun sənədlər təqdim olunmamışdır. xx.xx.2022-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı müəyyən olunmuşdur ki, göstərilən ərazidə talvardan ibarət daş sexi mövcuddur. xx.xx.2022-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 3.878 ha təşkil edir və ərazidəki tikili ikimərtəbəli olmaqla 3 otaqdan ibarətdir və hal-hazırda gözətçi evi kimi istifadə edilir. Elektron baza məlumatlarına əsasən torpaq sahəsinin 5289 kv.m. hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir və torpaq sahəsindən 8.4 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir və faktiki göstərilən sahənin 731 kv.m. hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, sözügedən “Torpaq sahəsinin plan və ölçü” sənədindəki torpaq sahəsinin koordinatları ilə faktiki sahə arasında konfiqurasiya və perimetrik ölçü fərqi var. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2475/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir, məhkəmə tərəfindən fərdi yaşayış evinə dair sənəd təqdim edilməməsi dəlilinə münasibət bildirilməmişdir. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətininzəruri olaraq cəlb edilməsinə dair qərardad qəbul edilsə də, bu formal xarakter daşımış, faktiki olaraq üçüncü şəxsin məhkəmədə iştirakına, iddiaya dair münasibətini bildirməyə imkan yaradılmamışdır. İşə baxan məhkəmə tərəfindən sözügedən torpaq sahəsinin hansı təyinatda olması və ya təyinatı üzrə istifadə edilib-edilməməsi məsələsi də araşdırılmamışdır. Halbuki, sözügedən torpaq sahəsinin təyinatı sənaye təyinatlıdır və həmin torpaq sahəsinin üzərində tikinti aparmaq qanunvericiliklə qadağan edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cü maddəsinin 2-ci bəndində torpaqların kateqoriyalara bölünməsi göstərilmişdir. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini isə Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli xx.xx.1999-cu il tarixli Fərmanın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bu səbəbdən yuxarıda göstərilən torpaq sahəsinə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ya Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti tərəfindən hüquqmüəyyənedici sənədlərin verilməsi yalnız Nazirlər Kabinetinin torpağın təyinatının dəyişdirilməsi barədə qərarımövcud olduğu halda həyata keçirilə bilər. Lakin göründüyü kimi Nazirlər Kabinetinin belə bir qərarı mövcud deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin tələbinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericilikdə müəyyən edilmiş qaydada, ayrılan və ya əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar kateqoriyasına aiddir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işləri və ya hər hansı fəaliyyət növü ilə məşğul olmaq qadağandır. İş materiallarından görünür ki, cavabdeh tərərindən verilmiş Elektron baza məlumatlarına əsasən torpaq sahəsinin 5289 kv.m. hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir və torpaq sahəsindən 8.4 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir və faktiki göstərilən sahənin 731 kv.m. hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, sözügedən “Torpaq sahəsinin plan və ölçü” sənədindəki torpaq sahəsinin koordinatları ilə faktiki sahə arasında konfiqurasiya və perimetrik ölçü fərqi var. Belə ki, mühafizə zonaları ona görə tətbiq edilir ki, insanların həyatını, sağlamlığını və əmlakınımüdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanımühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Göründüyü kimi, mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri də boru kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Vətəndaşın həmin mühafizə zolağında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İlk öncə Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Hazırki işin hallarından görünür ki, iddiaçının hazırki iddianın qaldırılmasında hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2003-cü il tarixli icarə müqaviləsi əsasında istifadəsinə verilmiş torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 31.2 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi ilə bağlıdır. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsi ilə bağlanmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən Balaxanı qəsəbəsində sənaye ərazisində istehsalatla məşğul olmaq üçün torpaq sahəsi 99 illik iddiaçının istifadəsinə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtiadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-2394/2014 saylı qərarına əsasən müqavilədə dəyişiklik edilərək torpaq sahəsinin iddiaçının istifadəsinə daimi verilməsi vəzifəsi Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsinə həvalə edilmişdir. Cavabdeh tərəfindən torpaq sahəsi ilə bağlı A№537024 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət Kadastr kitabında xx.xx.2015-ci il tarixli 41441 nömrə ilə uçota alınmışdır. Hazırki iş üzrə ilk növbədə müəyyən edilməli hal iddiaçının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsini tələb etdiyi ümumi sahəsi 31.2 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni sahibliyində, istifadəsində, yaxud mülkiyyətində olub-olmamasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbinin əsası kimi Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə istinad etsə də, həmin müqavilədən görünür ki, müqavilənin əvvəlində müqavilənin gələcəkdə istifadəçi adlanan İddiaçı şəxsində onunla Balaxanı Bələdiyyəsi arasında bağlanması qeyd edilsə də, müqavilənin sonunda istifadə edən qismində "xxxx" MMC qeyd edilmiş, həmçinin müqavilə bələdiyyənin və "xxxx" MMC-nin möhürləri ilə təsdiq edilmişdir. İşdən görünür ki, iddiaçı hazırki iddianın irəli sürülməsi üçün subyektiv hüquqa malik olmamışdır, belə ki, iddiaçının "xxxx" MMC ilə bağlılığını təsdiq edən sənəd məhkəmə araşdırmaları zamanı təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməli olması nəticəsinə gələrkən o hala da istinad etmişdir ki, cavabdeh orqan iddiaçının inşa etdiyi evin qanuni əsaslarla istifadə etdiyi torpaq sahəsinə dair təqdim etdiyi Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsi ilə bağlanmış xx.xx.2003-cü il tarixli müqaviləni nəzərə almadığı halda inzibati iş məhkəmə icraatında oldugu dövrdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışla həmin torpaq sahəsi üzərində iddiaçının icarə hüququnu dövlət qeydiyyatına almışdır. Qeyd olunan çıxarış İN yanında ƏMDX ilə bağlanmış 6655 saylı xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən verilmişdir. Bununla bağlı apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi/3.3154 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli, **********26 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışın verilməsi ilə bağlı, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanaraq İddiaçı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 6655 saylı, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin bağlanmasına dair bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 25 iyun 2024-cü il tarixli 110 nömrəli sərəncamı ilə bu sərəncama əlavədə göstərilən obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinə dair bağlanmış icarə müqavilələri ləğv edilmişdir, əlavəyə əsasən eyni zamanda İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 6655 nömrəli icarə müqaviləsi torpaq sahəsinin icarə hüququnun X2 adına xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi ilə qeydiyyata alındığı və icarə haqqı borcunun xx.xx.2024-cü il tarixinə kimi ödənildiyi nəzərə alınaraq ləğv edilmişdir. Təqdim edilmiş sənədlərdən həmçinin müəyyən edilir ki, 29 iyul 2024-cü il tarixli, 8959 nömrəli hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanındakı qeyriyaşayış binasının yerləşdiyi 33154.0 kv.m torpaq sahəsi icarəçi X5 tərəfindən icarə şərtləri əsasında müvəqqəti icarəyə qəbul edilmiş, həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışla həmin torpaq sahəsi üzərində X2 icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsini tələb etdiyi ümumi sahəsi 31.2 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə hüquqi bağı müəyyən edilmədiyindən, qeyd olunan torpaq sahəsi 29 iyul 2024-cü il tarixli, 8959 nömrəli müqaviləyə əsasən X3 icarəyə verildiyindən, eyni zamanda sonuncunun torpaq sahəsi üzərində icarə hüququ çıxarışla dövlət qeydiyyatına alındığından iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir, odur ki, cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2475/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-2233/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2233/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver