Məhkəmə qərarları › İş №2-1(103)-2233/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2233/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2233/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə, İddiaçı tərəfindən verilmiş “dövlət hesabına vəkillə təmin olunma” barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4665/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin dayandırdığı məhkəmə qərarının icrasına məcbur edilməsi və kəsilən pensiyaya əlavənin bərpa edilməsi, maddi ziyan olaraq 4973 (dörd min doqquz yüz yetmiş üç) manat, mənəvi ziyan olaraq 18188 (on səkkiz min yüz səksən səkkiz) manat, toplam 23161 (iyirmi üç min yüz altmış bir) manatın cavabdehdən tutulub pensiya hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı həmçinin “dövlət hesabına vəkillə təmin olunma” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) e-2-1(112)-4665/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) e-2-1(112)- 4665/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qərardadı ilə “dövlət hesabına vəkillə təmin olunma” barədə ərizə təmin edilməmişdir. Hazırda həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Günəş Yusif qızı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.5. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. 67-1.1. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.2. Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. 67-1.3. Bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. 67-1.4. Bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: 67- 1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; 67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; 67-1.4.3. valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət hesabına vəkillə təmin edilmə maddi cəhətdən vəkillə müqavilə bağlamağa maddi imkanı olmayan şəxslərin kassasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə edilməsi məqsədini daşıyır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, dövlət hesabına təyin edilən vəkilə ödəniş dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyindən, həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, sui-istifadə hallarının qarşısının alınması üçün mümkün qədər ehtiyatlı davranılmalıdır. İddiaçı əsassız iddialar qaldırmaqla, həmin iddialar üzrə qərarları hər üç məhkəmə instansiyasında mübahisələndirməklə hüququndan sui-istifadə edir, süni şəkildə məhkəmə işlərini artırır. Hüquqdan sui-istifadə edən şəxslərin dövlət hesabına vəkillə təmin edilməsi isə dövlət büdcəsi vəsaitlərinin əsassız xərclənməsinə səbəb olur. Bundan başqa, sadalanan normalardan görünür ki, məhkəmə, dövlət hesabına vəkilin prosesdə iştirakını iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu müəyyən edildikdə təmin edir. Hazırkı işdən isə görünür ki, iddiaçının iddia tələbi müstəqil iddia növü qismində inzibati məhkəmə icraatında mahiyyəti üzrə baxılması mümkün olmayan iddiadır. Beləliklə, iddiaçının dövlət vəsaiti hesabına vəkillə təmin olunması üçün prosessual qanunvericiliklə tələb olunan əsaslar müəyyən olunmur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, əsassız olaraq dövlət hesabına vəkillə təmin edilmə qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırki iş üzrə cavabdehə münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya baxışı zamanı təkrar olaraq ərizə ilə məhkəməyə müraciət edərək onun dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Lakin qeyd olunan ərizə əvvəlki ərizə ilə məzmun və əsaslandırılma baxımından eyni olduğu üçün və hazırda da əvvəlki ərizə ilə bağlı müraciətə baxıldığı üçün iddiaçı tərəfindən təkrar olaraq verilmiş ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4665/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar