Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2234/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-415/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya hüququ yaranan gündən - xx.xx.2012-ci il tarixdən dövlət qulluqçusu kimi pensiya təyin edilərək pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik onun hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2012-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən əmək pensiyası təyin edilmişdir. Lakin hesab edir ki, ona münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu düzgün tətbiq edilməmişdir. Belə ki, onun 15 ildən yuxarı dövlət qulluğu stajı pensiya təyin edən təşkilat tərəfindən nəzərə alınmamışdır. Əmək fəaliyyətinə xx.xx.1967-ci ildə başlamasına baxmayaraq, dövlət qulluqçusu kimi fəaliyyətinə xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilədək Abşeron Raispalkomda başlamışdır. O, xx.xx.1969-cu il ildən xx.xx.1974-cü ilədək Azərbaycan Respublikası Nazirlər Sovetinin Maddi texniki təchizat Baş İdarəsində mühəndis iqtisadçı vəzifəsində işləmişdir. xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək həmin təşkilatda böyük mühəndis vəzifəsində işləmişdir. xx.xx.1977-ci il tarixdən köçürülmə yolu ilə həmin təşkilatın X5 Baş İdarəsinə şöbə rəisi təyin olunmuşdur. xx.xx.1978-ci ildən bu təşkilat Azərbaycan SSR Dövlət Təchizat Komitəsinə çevrilmişdir. Burada o, müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1985-ci ildə işdən azad olunmuşdur. Beləliklə, onun 16 ildən artıq dövlət qulluğunda stajı olmasına baxmayaraq, dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə müraciət etsə də, ona dövlət qulluqçusu kimi pensiya təyin edilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılmış yeni quruma - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2020-ci ildə və təkrarən xx.xx.2020-ci ildə müraciət etdikdən sonra nəhayət sentyabr ayının sonlarında - 22 sentyabrda ona imtina cavabı göndərmişdir. Cavabdehin fikrincə xx.xx.1977-xx.xx.1985-ci illər guya dövlət qulluğuna aid deyildir. Lakin cavabdeh 1975-1977-ci illər stajını dövlət qulluğuna aid etmişlər. O, əmək kitabçasının surətini onlara təqdim etsə də, əmək kitabçasını tam araşdırmamış, 11-ci qeyddən sonra əmrin tarix və nömrəsi ilə açıq-aşkar göstərilmişdir ki, xx.xx.1978-ci ildə bunların dövlət qulluğuna aid etmədiyi təşkilat Azərbaycan SSR Dövlət Təchizatı Komitəsinə çevrilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 15 ildən yuxarı dövlət qulluğu stajına görə 30 faiz əlavə, dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı həcmində mükafat və 1 aylıq vəzifə maaşı həcmində maddi yardım, İ dərəcəli dövlət qulluqçusuna verilən əlavə, 15 faiz həcmində rəhbər işçilərə ödənilən səlahiyyət əlavəsi nəzərə alınaraq pensiya hüququ yaranan gündən xx.xx.2012-ci il tarixdən dövlət qulluqçusu kimi pensiya təyin edilərək pensiyanın yenidən hesablanması və hesablanma zamanı yaranmış fərq məbləğinin birdəfəlik onun hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Eyni zamanda xx.xx.1977xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından həmin dövrdə işlədiyi vəzifələrin dövlət qulluğu stajına aid deyil. Beləliklə, iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az təşkil etdiyi üçün dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-415/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə xx.xx.1967-ci ildə başlamasına baxmayaraq, dövlət qulluqçusu kimi fəaliyyətinə xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilədək Abşeron Raispalkomda başlamışdır. O, xx.xx.1969-cu il ildən xx.xx.1974-cü ilədək Azərbaycan Respublikası Nazirlər Sovetinin Maddi texniki təchizat Baş İdarəsində mühəndis iqtisadçı vəzifəsində işləmişdir. xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək həmin təşkilatda böyük mühəndis vəzifəsində işləmişdir. xx.xx.1977-ci il tarixdən köçürülmə yolu ilə həmin təşkilatın X5 Baş İdarəsinə şöbə rəisi təyin olunmuşdur. xx.xx.1978-ci ildən bu təşkilat Azərbaycan SSR Dövlət Təchizat Komitəsinə çevrilmişdir. Burada o, müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1985-ci ildə işdən azad olunmuşdur. Onun 16 il dövlət qulluğu stajını nəzərə alaraq xx.xx.2012-ci il tarixdən, yəni hüququnun yarandığı tarixdən əmək pensiyası dövlət qulluqçusu kimi yenidən hesablanmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1949-cu ildə doğulmuşdur. İddiaçıya xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilədək Abşeron rayon İcraiyyə Komitəsində, xx.xx.1969cu il ildən xx.xx.1974-cü ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Maddi Texniki Təchizat Baş İdarəsində mühəndis iqtisadçı vəzifəsində, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək həmin yerdə böyük mühəndis vəzifəsində, xx.xx.1977-ci ildən xx.xx.1985-ci ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Maddi Texniki Təchizat Baş İdarəsinin “Azəryeyintitəchizatsatış”İdarəsində (“Азерпищеснабсбыт”) - (Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi (Госснаб Азербайджанской ССР) işlədiyi dövrlərin dövlət qulluğu stajı hesab edilməsini və ona pensiya hüququ yaranan gündən xx.xx.2012ci il tarixdən dövlət qulluqçusu kimi pensiya təyin edilərək pensiyanın yenidən hesablanmasını və yaranmış fərq məbləğinin birdəfəlik onun hesabına köçürülməsini xahiş edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). - 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 20.11-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarından aydın olur ki, iddiaçıya xx.xx.2012-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı dövlət qulluğunda kifayət qədər staja malik olduğunu iddia edərək, ona hüququ yarandığı andan dövlət qulluqçusu kimi pensiyasının təyin edilməsini və əlavələrin ödənilməsini xahiş etmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından aydın olduğu kimi, iddiaçının pensiya hüququ yaranan tarixə (2012-ci ilə) dövlət qulluğu vəzifəsində minimum qulluq stajı kimi 5 il tələb olunurdu. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1967-ci ildə Abşeron rayonu 7842 nömrəli X3 əməliyyat bölməsinin nəzarətçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1968-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1968-ci ildə Abşeron rayon X1 İcraiyyə Komitəsində Rayon İcraiyyə Komitəsinin yanında Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın katibi vəzifəsinə təyin edilmiş, xx.xx.1969-cu ildə Abşeron Rayon İcraiyyə Komitəsinin Yol Şöbəsində mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.1969-cu ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1969-cu ildə Azərbaycan SSR X6 Yaradıcılıq Birliyində tətdiqi incəsənət sexinə mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.1969-cu ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1969-cu il ildə Azərbaycan SSR Nazirlər Sovetinin Maddi Texniki Təchizat Baş İdarəsində plan-iqtisadyyat şöbəsinə mühəndis iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-cü ildə hərbi xidmətə getməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.1975-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin Maddi Texniki Təchizat Baş İdarəsində balans və fondlar şöbəsinə baş mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1977ci ildə “Azəryeyintitəchizatsatış” (“Азерпищеснабсбыт”) İdarəsinin sərəncamına verilmişdir, xx.xx.1977-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin Maddi Texniki Təchizat Baş İdarəsinin “Azəryeyintitəchizatsatış” (“Азерпищеснабсбыт”) İdarəsində yağ məhsulları şöbəsinə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.1978-ci “Azəryeyintitəchizatsatış” (“Азерпищеснабсбыт”) İdarəsindən köçürmə yolu ilə Baş İdarənin texniki şöbəsinə baş mühəndis vəzifəsinə təyin edilmişdir, xx.xx.1978-ci ildə Azərbaycan SSR Nazirlər Soveti Maddi Texniki Təchizat Baş İdarəsi (Главснаб Азербайджанской ССР) Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi (Госснаб Азербайджанской ССР) adlandırılmışdır, xx.xx.1979-cu ildə həmin şöbədə aparıcı mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1982-ci ildə “Azəryeyintitəchizatsatış” (“Азерпищеснабсбыт”) İdarəsində rəis müavini vəzifəsinə təyin edilmiş, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1982-ci il tarixli 480 nömrəli Sərəncamına əsasən “Азерпищеснабсбыт” (Azəryeyintitəchizatsatış) və “Азерснабсбыт” (Azərtəchizatsatış) İdarələri yenidən təşkil olunaraq Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi Məhsul Göndərilməsi üzrə Azərbaycan Birliyi “Azərtəchizsatış” adlandırılmışdır, xx.xx.1983-cü ildə avadanlıq şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan da görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin Baş Material-Texniki Təchizat İdarəsi təsərrüfat hesabı əsasında fəaliyyət göstərdiyi üçün iddiaçının həmin İdarədə (o cümlədən həmin İdarənin “Азерпищеснабсбыт” (Azəryeyintitəchizatsatış) idarəsində) işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. Bundan başqa, xx.xx.1978-ci ildə Azərbaycan SSR Nazirlər Soveti Maddi Texniki Təchizat Baş İdarəsi (Главснаб Азербайджанской ССР) Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi (Госснаб Азербайджанской ССР) adlandırılmışdır. Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiyi müəyyən olunmadığı üçün və iddiaçının 1978- 1982-ci illərdə işlədiyi “Азерпищеснабсбыт” (Azəryeyintitəchizatsatış) idarəsi adı çəkilən Komitənin Aparatında nəzərdə tutulmadığı üçün həmin illər də dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1982-ci il tarixli 480 nömrəli Sərəncamına əsasən “Азерпищеснабсбыт” (Azəryeyintitəchizatsatış) və “Азерснабсбыт” (Azərtəchizatsatış) İdarələri yenidən təşkil olunaraq Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi Məhsul Göndərilməsi üzrə Azərbaycan Birliyi “Azərtəchizsatış” adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda dövlət orqanları arasında birliklər sadalanmadığı və həmin qurumlar dövlət orqanı statusuna malik olmadığı üçün iddiaçının həmin birlikdə işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir. Göründüyü kimi, iddiaçının xx.xx.1969-cu ildən xx.xx.1974-cü ilədək, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək, xx.xx.1977-ci ildən xx.xx.1985-ci ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Maddi Texniki Təchizat Baş İdarəsində, Azərbaycan SSR Nazirlər Sovetinin Maddi Texniki Təchizat Baş İdarəsinin “Azəryeyintitəchizatsatış” (“Азерпищеснабсбыт”) İdarəsində, Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsində (Госснаб Азербайджанской ССР) və onun “Azəryeyintitəchizatsatış” (“Азерпищеснабсбыт”) İdarəsində, Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi “Azərtəchizsatış” Məhsul Göndərilməsi üzrə Azərbaycan Birliyində işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir. İddiaçının yalnız xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilədək (1 il) Abşeron rayon X1 İcraiyyə Komitəsində işlədiyi vəzifələr dövlət qulluğu vəzifələri hesab edilir və iddiaçının dövlət qulluğunda tələb olunan müddətdən azdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-415/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2234/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2234/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver