Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2236/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ailə başçısının itirilməsi ilə əlaqədar olaraq mərhum X3 adının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilən siyahıya növbədənkənar daxil edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-471/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. AZ-İİ № 013637 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X7 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmışdır.
2. AZ-ll № 222800 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
3. Xəstəlik haqqında şəhadətnamədən görünür ki, X6 “İdiopatik pulmonar fibroz. Qarışıq tipli, əhəmiyyətli dərəcəli ventilyasiya pozğunluğu ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə əsasən həm dinc dövrdə, həmdə müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuşdur.
4. İş materiallarında olan vəsiqələrdən görünür ki: baş leytenant X6 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 070t №-li, xx.xx.2008-cı il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medal ilə təltif olunmuşdur. baş leytenant X6 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0107t №-li, xx.xx.2013-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi medal ilə təltif olunmuşdur baş leytenant X6 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0133t №-li, xx.xx.2014-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşdur baş leytenant X6 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0117t №-li, xx.xx.2016-cı il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə təltif olunmuşdur. Baş leytenant X6 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0178t №-li, xx.xx.2018-cı il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018) yubiley medal ilə təltif olunmuşdur. X1 Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0173 t №-li, xx.xx.2021-cı il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə təltif olunmuşdur.
5. DƏDRX 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada İddiaçı barəsində məlumat yoxdur.
6. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, mərhum X3 adı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, 1992-2000-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə başlamış, müvafiq komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısında 3525-ci sıradadır. Hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin daimi mənzillə təmin olunması yuxarıda qeyd edilən Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən növbəlilik əsasında prioritet ərazi üzrə həyata keçirilir.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum həyat yoldaşı X3 adının Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilən siyahıya ailə başçısının itirilməsi ilə əlaqədar olaraq növbədənkənar daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X6 1983-cü ilin yanvar ayının 2-də Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, 2000-ci ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2004-cü ildə həmin məktəbi yerüstü artileriya ixtisası üzrə bitirərək, 2004-cü ilin iyun ayından 2005-ci ilin iyun ayına qədər Silahlı Qüvvələrin Təlim və X5 artileriya ixtisası üzrə Zabit ixtisası kursunda təhsil almışdır. 2005-ci ilin iyun ayından 2021-ci ilin sentyabr ayınadək düşmənlə təmas xəttində, ən qaynar nöqtələrdə: Tovuz rayonunun Əlibəyli və Muncuqlu kəndlərində, Daşkəsən rayonu və Göygöl rayonu ərazisində Murov dağında ağır dağ şəraitində, soyuqlu-şaxtalı ərazilərdə, daha sonra Füzuli və Hadrut rayonunda xidmət etmiş və 27.09-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, 2005-ci ilin iyun ayından 2012-ci ilin iyul ayına qədər artileriya təlim divizionunda artileriya təlim taqım komandiri, 2012-ci ilin iyul ayından 2013-cü ilin noyabr ayınadək minaatan batareyanın taqım komandiri 2013-cü ilin noyabrından 2016-cı ilin iyun ayınadək Tank əleyhinə batareyada taqım komandiri, 2016-cı ilin iyun ayından isə haubitsalı artilleriya batareyasının komandiri vəzifələrində xidmət etmişdir. 2014-cü ilin iyun ayında qüsursuz xidmətə görə 3-cü dərəcəli, 2016-cı ilin iyun ayında qüsursuz xidmətə görə 2-ci dərəcəli, 2021-ci ilin iyun ayında isə qüsursuz xidmətə görə 1- ci dərəcəli medalları ilə, 2008- ci ildə Azərbaycan Respublikası Silahlı qüvvələrinin 90 illiyi, 2013-cü ildə 95 illiyi və 2018-ci ildə 100 illiyi yubiley medalları ilə təltif edilmişdir. 2017-ci ilin may ayından özündə xəstəlik əlamətlərini müşahidə etmiş, 2018-ci ilin yanvar ayının 25-dən may ayının 2-nə qədər hərbi hospitalda müalicə olunmuş, Ağciyər vərəmi diaqnozu ilə Hərbi Həkim Komissiyasının qərarı ilə müalicəyə göndərilmiş, 18 may 2018-ci ildən 19 iyul 2018-ci il tarixədək orada müalicə olunmuşdur. 2020-ci ilin oktyabr ayından yenidən xəstəliyi ağırlaşmış, "Hər iki ağciyərin ocaqlı vərəmi, bərkimə mərhələsində, KB (-) mənfi, Ağciyərlərin xroniki interstisial xəstəliyi" diaqnozu qoyulmuşdur. Xəstəliyin hərbi xidmət dövründə alınması müəyyən edilmişdir. Nəhayət, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim Komissiyasının 01 iyul 2021-ci il tarixli rəyi ilə “İdiopatik pulmonar fibroz. Qarışıq tipli, əhəmiyyətli dərəcəli ventilyasiya pozğunluğu ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu ilə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız” hesab edilmişdir. Bundan sonra, iddiaçının mərhum həyat yoldaşı xx.xx.2021-ci il tarixdə əlilliklə istefaya göndərildi, təxminən 4 ay ağır vəziyyətdə xəstə yatdı, haldan düşmüş orqanizmi koronavirus yükünü də dəf edə bilmədi və 26 dekabr 2021-ci ildə ömrünün 39-cu ilində vəfat etdi. İddiaçının həyat yoldaşı formal olaraq şəhid olmasa da, daha ağır müsibətlər və iztirablar keçirmiş, təxminən 4 il hərbi xidmətlə əlaqdar düçar olduğu ağır xəstəliklə mücadilə etsə də, hərbi xidmətdən ayrılmaq istəmirmiş, hərbi xidmətini davam etdirmişdir. 38 yaşında, ağır hərbi şəraitin yaratdığı xəstəlik nəticəsində vəfat etmiş Azərbaycan Ordusunun kapitanı X4 10 yaşlı oğlu Rəsul və 7 yaşlı oğlu İsmayıl iddiaçının himayəsində qalmışdır. İddiaçının nominal yaşayış yeri (rəsmi qeydiyyatı) Bakı şəhəri, Yasamal rayonu olsada, faktiki olaraq heç bir yerdə evi və ya mənzili yoxdur. İddiaçı hazırki tələblə bağlı cavabdehə müraciət etsə də, onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiyada Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. İddiaçının mərhum həyat yoldaşı X3 adı 1992- 2000-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə başlamış, müvafiq komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısında 3525-ci sıradadır. Beləliklə də cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi öz səlahiyyətləri daxilində iddiaçının mərhum həyat yoldaşı X3 adınının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsi ilə əlaqədar olaraq adı çəkilən Komissiyaya təqdim ediləcək siyahıya daxil etmişdir. Lakin, İddiaçı mərhum həyat yoldaşı X3 dövlət vəsaiti hesabına mənzil növbəsində qabağa çəkilməsinin əsası və qaydası qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçı və iddiaçı ilə eyni vəziyyətdə olan digər ərizəçilərin müraciətlərini müsbət həll etmək mümkün olmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-471/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, məhkəmə iddianın rədd edilməsinin yeganə hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi quluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanına istinad edilmiş və həmin Fərmanla hərbi qulluqçuya mənzilin növbədənkənar verilməsi mexanizmi tənzimlənməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində bu məsələ nizamlanmış, lakin məhkəmə mübahisələndirilən qərarda bu normaya istinad etməmiş, ümumiyyətlə həmin normanın tələbinə münasibət bildirməmişdir. Qeyd edilən maddədə göstərilmişdir ki, hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. İstinad olunan normanın tələbindən göründüyü kimi, həlak olmuş hərbi qulluqçunun ailəsinin növbədənkənar mənzil almaq hüququ qanunla tanınmışdır. Hazırkı iş materiallarında olan arayışlardan və xəstəlik haqqında şəhadətnamədən məlumdur ki (qeyd edilən materiallara məhkəmə qərarında da istinad olunmuşdur), mərhum ərim X3 vəfatına təkan verən “Hər iki ağciyərin ocaqlı vərəmi, bərkimə mərhələsində, KB (-) mənfi, Ağciyərlərin xroniki interstisial xəstəliyi” və “İdiopatik pulmanor fibroz. Qarışıq tipli, əhəmiyyətli dərəcədə ventilyasiya pozğunluğu xəstəliyi” hərbi xidmət dövründə alınmışdır. Bunun nəticəsidir ki, E.İ.Dəmirov vəfat etdikdən sonra ailəsinə 1000 manat məbləğdə sığorta ödənişi olunmuşdur.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kolleqiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
16. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanının:
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
3. Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 21.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 22.Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı mərhum əri, X3 adının “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilən siyahıya daxil edilməsi üçün növbədənkənar qaydada daxil edilməsini tələb edir. İddiaçı bu tələbi əsaslandıraraq bildirir ki, ərinin adının siyahıya daxil edilməsi ailə başçısının itirilməsi ilə əlaqədar olaraq, həmin Fərmanla müəyyən edilmiş imtiyazlardan yararlanması məqsədini güdür.
23. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiyanın dekabr 2022-ci tarixli müvafiq protokoluna uyğun olaraq, İddiaçı mərhum əri X1 mənzil növbəsinə qəbul edilmiş və hal-hazırda onun adı 1992-2002-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə başlamış, müvafiq komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısında ailə tərkibi nəzərə alınmaqla 2523-cü sıradadır. Hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin daimi mənzillə təmin olunması yuxarıda qeyd edilən Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən növbəlilik əsasında həyata keçirilir.
24. Göründüyü kimi iddiaçı “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanına əsaslanaraq, ailə başçısını itirməsi səbəbindən növbədənkənar mənzillə təmin olunmasını tələb etməkdədir.
25. Bununla bağlı kollegiya qeyd edir ki, Fərmanın müvafiq bəndlərində hərbi qulluqçunun qüsursuz hərbi xidmətinin anlamı və hansı dövrlərin qüsursuz xidmətə daxil edilmədiyi əsasları göstərilmişdir. Lakin Fərman, hərbi qulluqçuların qüsursuz xidmətinə görə mənzil növbəsinə daxil edilməsi və ya növbədə olan şəxslərin növbədənkənar şəkildə siyahıya daxil edilməsi məsələlərini tənzimləyən xüsusi bir mexanizm təqdim etmir. Həmçinin, iddiaçının tələbi əsasında mərhum ərinin adının növbədənkənar şəkildə daxil edilməsi, növbəsinin qabağa çəkilməsi, bu prosesin digər növbədəki şəxslərin hüquqlarına və mənafelərinə təsir edəcəyini nəzərə almalıdır. Belə bir dəyişiklik, növbədə olan digər şəxslərin mənzil almaq hüquqlarının pozulmasına və nəticədə onların gözlənilən mülkiyyət hüququnun daha gec realizə edilməsinə səbəb olacaqdır.
26. Bundan başqa o da nəzərə alınmalıdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2780/2023-cü il tarixli qərarına əsasən İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçunun ailə üzvləri kimi mənzil uçotuna alınması öhdəliyi Bakı şəhər, Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Başqa sözlə desək iddiaçı hərbi qulluqçunun ailə üzvü kimi iki qurum tərəfindən mənzil uçotuna götürülüb (Müdafiə Nazirliyində mərhum hərbi qulluqçunun siyahıdan yararlanan ailə üzvü kimi) və növbəlik qaydalarına uyğun olaraq mənzillə təmin edilməsi gözləntisi var. Lakin, burada o da nəzərə alınmalıdır ki, mənzil şəraitin yaxşılaşdırılması üçün mənzilə ehtiyacı olan şəxsə bir əsasla mənzil verilə bilər. Yəni, İddiaçı əsaslardan hər hansı biri ilə mənzillə təmin olunacağı təqdirdə (Müdafiə Nazirliyi və ya ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzil veriləcəyi halda) onun adı mənzil şəraitin yaxşılaşdırılması ilə bağlı mövcud siyahıdan çıxarılacaqdır.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
28. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
29. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-471/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-471/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.