Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2237/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh) «yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılma» barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1495/2021 saylı 18 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İPM-in 33-cü maddəsini rəhbər tutaraq, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, İ.Abuşov küçəsi, 16/10 saylı evdən pasport qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Nərimanov RPİ-nə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Abuşov küçəsi, 16 saylı evin 10 saylı mənzili iddiaçıya məxsusdur və özbaşına tikilidir. İşıq, qaz, su təchizatı barədə müqavilələr iddiaçı ilə bağlanmışdır. Bu yaxınlarda sözügedən mənzilin özəlləşdirilməsi məsələsi ilə əlaqədar sorğu verilərkən məlum olmuşdur ki, Cavabdeh onun razılığı və məlumatı olmadan həmin mənzilə qeydiyyata alınmışdır. İddiaçının adıçəkilən şəxslə tanışlığı olmamışdır. Bundan sonra iddiaçı Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-yə müraciət etmişdir. Lakin həmin təşkilat məsələnin həllindən imtina etmişdir (rədd cavabı vermişdir). İmtina məktubu belə əsaslandırılmışdır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinin tələblərinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılması məsələləri İdarənin səlahiyyətində olmadığından, Cavabdeh qeydiyyatdan çıxarılması İdarə tərəfindən mümkün olmamışdır, ona görə də məhkəməyə müraciət edilməsi məqsədəuyğundur. Göstərilənlərə və İPM-in 33-cü maddəsinə əsaslanaraq, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, İ.Abuşov küçəsi, 16/10 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Nərimanov RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Sonradan iddiaçı məhkəməyə əlavə ərizə təqdim edərək cavabdeh kimi Bakı şəhəri Nərimanov RPİ-nin, üçüncü şəxs kimi Cavabdeh cəlb olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6034/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə icraatına Bakı şəhəri Nərimanov RPİ cavabdeh qismində, Cavabdeh isə onun cavabdeh kimi prosessual iştirakına xitam verilməklə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1495/2021 saylı 18 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: R.Kərimli) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi, 16 saylı evin 10 saylı mənzili ona məxsusdur və özbaşına tikilidir. İşıq, qaz, su təchizatı barədə müqavilələr onunla bağlanmışdır. Bu yaxınlarda sözügedən mənzilin özəlləşdirilməsi ilə əlaqədar sorğu verilərkən məlum olmuşdur ki, Cavabdeh onun razılığı və məlumatı olmadan onunla qeydiyyata alınmışdır. Onun həmin şəxslə heç bir tanışlığı yoxdur. Sorğuya cavabı aldıqdan sonra o, Cavabdeh mənzilindən pasport qeydiyyatından çıxarılması üçün Nərimanov RPİ-ə müraciət etmiş, lakin polis bu məsələnin həllindən imtina etmişdir- yəni rədd cavabı vermişdir. İmtina məktubunu belə əsaslandırmışdır ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" AR Qanununun 9-cu maddəsinin tələblərinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılması məsələləri idarənin səlahiyyətində olmadığından, Cavabdeh qeydiyyatdan çıxarılması idarə tərəfindən mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət edilməsi məqsədəuyğundur. O, da bundan sonra İnzibati məhkəməyə müraciət etmişdir. Göründüyü kimi məhkəmə qərarla iddianı rədd etmişdir. Məhkəmə qərarda Azərbaycan Respublikası MM-nin 27.1-ci maddəsinə istinad etmiş və qeyd etmişdir ki, "Fiziki şəxsin adətən yaşadığı yer, onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər". “Yaşayış yeri və olduğu yer haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olamayan şəxslər, Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər." Hakimin hazırki iş üzrə bu maddəyə istinad etməsini qeyri-obyektiv hesab edir və bildirir ki, cavabdeh ona tamamilə yad adamdır, o, onu tanımır, onun evində bir gün də olsa yaşamamış, qonaq kimi də onu görməmişdir. Tanımadığı və onun evində yaşamayan bir insanın onun evinə qeydiyyata salınması qanun pozuntusudur. Çox qəribədir, onun razılığı və məlumatı olmadan tanımadığı şəxs Cavabdeh evinə kimlərsə tərəfindən qeydiyyata salınıb və onu çıxarmağa ixtiyarı yoxdur. Nəzərə çatdırır ki, həmin evin sənədsiz olması, yəni özbaşına tikili olması barədə Mənzil İstismar sahəsindən arayışı təqdim etmişdir. Cavabdeh onun evində yaşamır və heç vaxt da yaşamayıb. Belə olan halda o, kimi evdən çıxarsın? Digər tərəfdən özbaşına tikililərdə yaşayış sahəsindən istifadə hüququ tanınmır. Belə olan halda onu hansı istifadə hüququ barədə məhkəməyə iddia verə bilər? Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, İ.Abuşov küçəsi, 16/10 saylı evdən pasport qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Nərimanov RPİ-nə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, İddiaçı yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, İ.Abuşov küçəsi, ev 16/10 özbaşına tikili olsa belə (bu halı iddiaçı özü təsdiqləyir və bunu təkzib edən sənəd təqdim olunmur), üçüncü şəxs Cavabdeh həmin ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birinin, o cümlədən adıçəkilən şəxsin yaşayış sahəsindən çıxarılması və ya onun yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu müəyyən edilmir. Belə olan halda, məhkəmə cavabdeh Bakı şəhəri Nərimanov RPİ-nin imtinasını qanuna zidd qiymətləndirmir və hesab edir ki, bu imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün yaşayış sahəsindən çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalı və bundan sonra şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanına (rayon polis şöbəsinə) müraciət olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 saylı Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, İ.Abuşov küçəsi, 16/10 saylı ev üzərində mülkiyyət hüququ olmadığı üçün onun qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxslə müqayisədə üstün hüququ yoxdur və onlar qanun nöqteyi nəzərindən eyni vəziyyətdədirlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin qeydiyyatdan çıxarılmaması ilə bağlı hərəkətləri ilə iddiaçının heç bir hüququ pozulmamışdır. Çünki cavabdeh vətəndaşların yaşayış yerləri üzrə qeydiyyatını aparmaqla öz fəaliyyətini yalnız qanunla müəyyən edilmiş qaydada qurmalı olan dövlət orqanıdır, yəni cavabdeh vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxma və qeydiyyata salınması ilə bağlı məsələləri hüquq çərçivəsində həll etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsində sadalanan əsaslar olmadığı halda isə vətəndaşın, bu halda üçüncü şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinə uyğun deyildir. Beləliklə qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hazırki mübahisə üzrə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər isə qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1495/2021 saylı 18 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2237/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2237/2021
19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver