Məhkəmə qərarları › İş №2-1(103)-2237/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2237/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2237/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xx.xx.2017-ci il tarixdə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5083/2022 saylı 23 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5324/2017 saylı xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı «əlilliyin müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixdən 3 iş günü müddətində əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-324/2018 saylı xx.xx.2018-ci il tarixli qərarından görünür ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-l(81)-5324/2017 saylı iş üzrə 03 oktyabr 2017-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bundan sonra iddiaçıya məhkəmə qərarının icrası ilə bağlı xx.xx.2017-ci ildə əlillik təyin edilmişdir. Alt sistemdən çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş əlillik xx.xx.2019-cu il tarixdə etibarsız sayılmışdır. Bundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia verərək, ona xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5083/2022 saylı 23 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin Əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış birgə yoxlamanın nəticəsi üzrə İddiaçı dair 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 2788003AABHE nömrəli göndəriş əsasında təyin olunmuş əlillik təyinatı "Əlillik" altsistemində etibarsız hesab edilmişdir. Belə ki, İddiaçı dair Forma 088 rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın 1.3.1-ci bəndinə əməl edilmədiyi və göndərişlərin tam əsaslandırılmadığı müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019- cu il tarixli xx/xx-4330 nömrəli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş, 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016- cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın 1.3.1-ci bəndinə əməl edilməməsi ilə bağlı məktuba baxılmışdır. Siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupun 13 may 2019-cu il tarixli aktına əsasən «Tibbi arayışların elektron registri»ndə etibarsız hesab edilmişdir. Məktuba əlavə edilmiş siyahıda 30-cu sırada İddiaçı adı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 2.5-ci bəndinə göndərişlər görə həmin qaydaların 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. İddiaçı ikinci dərəcə əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq həyata keçirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla yuxarıda da göstərildiyi kimi, iddiaçının bərpa edilməsini tələb etdiyi əlillik ona məhkəmə qərarı əsasında verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona xx.xx.2017-ci il tarixdə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə qanunvericilikdə əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində etibarsız hesab edilməsi nəzərdə tutulmamasına, hazırda iddiaçıya əlilliyin təyini barədə qərarın qüvvədə olmasına, cavabdehin həmin qərarın ləğv edilməsi barədə sübutları məhkəməyə təqdim edə bilməməsinə, iddiaçının əyani müayinəyə cəlb edilməməsinə, onun əlilliyinin qiymətləndirilməsinin cavabdeh tərəfindən Əlillik Altsistemində etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsaslarının mövcud olmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə işə mahiyyəti üzrə baxmamışdan əvvəl iddianın mümkünlük məsələsinə qiymət verməli idi. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5324/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2017-ci il tarixdən 3 iş günü müddətində əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilməsi qərara alınmış və həmin qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra məhkəmə qərarının icrası ilə bağlı iddiaçıya xx.xx.2017-ci il tarixdən İİ dərəcə əlillik təyin olunmuşdur. Bu fakt işə apellyasiya qaydasında baxılarkən tərəflərin verdikləri izahatlarla da tam təsdiq olundu. Nəzərə almaq lazımdır ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçıya əlillik təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, həmin əlillik Əlillik Altsistemində etibarsız sayıldığı üçün onun bərpa edilmə məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əlilliklərə münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Məhkəmə qərarının icrası qaydasında təyin edilmiş əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edildiyi müəyyən olunarsa, bunun səbəbləri dəqiqləşdirilməli, nəticəsindən asılı olaraq hüquqi marağına uyğun prosessual hərəkət etməsi üçün iddiaçıya hüquqi yardım edilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası qaydasında təyin edilmiş əlilliyin əbrpa edilməsi üçün yenidən eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe belə əsaslandırılmışdır (2-1(102)-835/2022 saylı xx.xx.2022-ci il tarixli qərar). Qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5083/2022 saylı 23 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5083/2022 saylı 23 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar