Məhkəmə qərarları › İş №2-1(103)-2238/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2238/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2238/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əlilliyin araşdırldığı müddət üçün pensiyanın ödənilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2041/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında iddia qaldıraraq “əlillik müddətinin davam etdirilib etdirilməməsinin araşdırılmasına sərf olunmuş xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığına görə ödənilməli olan əmək pensiyasının birdəfəlik ödənilməsinin təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM.m.34). İddiaçı həmin tələbini onunla əsaslandırır ki, iddiaçıya təyin olunmuş pensiya tamamilə əsassız olaraq ona ödənilmir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3.1-ci maddəsinə görə əlillik müddəti bitdikdən sonra 6 (altı) ay ərzində, şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Cavabdeh təyin olunmuş əliliyə görə pensiya əlilik müddəti bitdikdən sonra təkrar qiymətləndirilməklə bərpasına sərf olunan müddət altı aydan çox keçdiyi üçün ötən müddətə görə pensiyanın ödənilməsinin ona münasibətdə mümkün hesab etməmişdir. İddiaçı hesab edir ki, əlilliyinin müddətinin bitməsi onun sağlamlığına qovuşması mənasına gəlmir, onun əlilliyinin bərpasından söhbət gedə bilməz. Bərpa dedikdə onun əlillik müddətinin davam etdirilməli olduğu başa düşülməlidir. Ona görə də cavabdeh Qanunun 3.3.1-ci maddəsinin tələbini əsas götürməklə, əlillik müddəti ilə əlaqədar aparılan araşdırmalara sərf olunan müddətə görə ona pensiyanın ödənilməsindən imtinası qanuna uyğun sayıla bilməz. İddiaçının cavabdehə mübahisələndirilən dövr üzrə pensiya ödənişi ilə bağlı müraciətinə imtina cavabı verilərək ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubunda cavabdeh tərəfindən bildirilmişdir ki, Tibbi-Sosial Ekspertiza və X1 altsistemi proqram təminatına əsasən əlillik müddətinin xx.xx.2021-ci il tarixində bitməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyanın ödənişi həmin tarixdən dayandırılmışdır. Tibbi-Sosial Ekspertiza və X1 altsistemi proqram təminatına əsasən əlilliyi xx.xx.2022-ci il tarixindən İİ dərəcə olmaqla bərpa olunduğu üçün əmək pensiyanısının ödənişi həmin tarixdən 268.61 manat olmaqla bərpa edildiyi halda ona 259.78 manat ödənilmişdir. Qeyd olunana əsasən ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək) hesablanmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində, xx.xx.2021-ci il tarixindən sonra şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Lakin əlillik müddətinin bitdiyi tarixdən 6 aydan çox (7 ay 17 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz imtina cavabına uyğun əsaslandırılaraq qeyd olunmuşdur ki, iddiaçının əlilliyinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022ci il göndərişi əsasında, xx.xx.2022-ci il tarixdə 2-ci dərəcə müddətsiz əlilliyin müəyyən edilməsi ilə bağlı qərar qəbul edilmiş və qeyd edilən tarixdən müvafiq olaraq əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməkdədir. Qanunvericilik normalarından da aydın olur ki, əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarix həmin şəxsin qeyd edilən tarixdən etibarən əlilliyə görə əmək pensiyasının ödənilməsi üçün əsasdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun “Əlilliyin müəyyən edilməsi” başlıqlı 3.3-1-ci yarımbəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunan maddə 2 iyul 2021-ci il tarixində yeni məzmunda əlavə edilmişdir. İddiaçı Z.Heydərovun əlilliyi isə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində deyil 7 ay 17 gün sonra bərpa edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2041/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlillik müddətinin davam etdirilib etdirilməməsinin araşdırılmasına sərf olunmuş xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığına görə ödənilməli olan əmək pensiyasının ödənilməsinin təmin olunması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, . İddiaçı Z.Heydərovun əlilliyi isə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində deyil 7 ay 17 gün sonra bərpa edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3-cü maddəsinə əsasən iddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qürum) tərəfindən qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilmiş və ona əmək pensiyasının ödənişi həmin tarixdən etibarən hesablanıb ödənilməyə başlanılmışdır. Məhkəmə tərfindən mövcud mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verildiyi müəyyən olunmur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əkbərova apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçı Y.Museyibova isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlaılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, 2012-ci ildən ikinci dərəcəli əlildir. Sonuncu dəfə ona, Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il göndərişi əsasında xx.xx.2022-ci il tarixdə ona TSEK-in qərarı ilə 2-ci dərəcə müddətsiz əlillik təyin olunmuş və bununla bağlı cavabdeh tərəfindən həmin tarixdən müvafiq əlilliyinə görə əmək pensiyası təyin olunmuşdur. Konkret halda, iddiaçının tələbindən göründüyü kimi, əlillyinin araşdırılmasına sərf olunmuş xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığına görə ona pensiya ödənilməsini tələb edir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxlsərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İş materiallarından isə görünür ki, İddiaçı növbəti dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə təyin olunmuş 2-ci dərəcə əlillik təyin olunmuş və həmin müddət xx.xx.2021-ci il tarixdə bitmişdır. Lakin ona həmin tarixdən 7 ay 19 gün sonra yalnız, Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il göndərişi əsasında xx.xx.2022-ci il tarixdə onun 2-ci dərəcə müddətsiz əlilliyinin müəyyən edilməsi barədə TSEK tərəfindən qərar qəbul edilmiş və həmin tarixdən hazfrkf pensiya əyinedicisi cavabdeh orqan tərəfindən “Əmək pensiyaları haqqında» Qanunun qeyd olunan 41-ci maddəsinə uyğun əlilliyi bərpa olunmuşdur. Belə olan halda, yəni, iddiaçının əlilliyi bitdiyi tarixdən 7 ay 19 gün, yəni, 6 aydan çox müddət keçdiyi halda, “Əlilliyi olan şəxlsərin hüquqları haqqında” Qanunun qeyd olunan 3.3-1-ci maddəsinin tələbi baxımından, onun əlilliyi olan şəxs hesab edilməsi istisna olunur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021xx.xx.2022 dövrü üçün pensiya ödənişi aparılmasından imtina etməsi qanunvericiliyin tələblərinə uyğundur. Lakin birinci instansiya məhkəməsi qərarında işin hallarına düzgün hüquqi qiymət verməmiş maddi hüquq normalarının qeyd olunan tələblərini nəzərə almadan iddianın təmin olunması barədə səhv nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2041/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2041/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar