Məhkəmə qərarları › İş №2-1(103)-2238/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2238/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2238/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı Türkiyə Respublikası Atatürk Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, 65025 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(112)-1847/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı Türkiyə Respublikası Atatürk Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, 65025 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-2022-ci il tarixlərində Türkiyə Respublikası Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin İctimaiyyətlə əlaqələr və Tanıtım fakültəsində (Public relations and Promotion faculty) “açıköğretim” təhsil formasında (bakalavriat) təhsil almış və həmin universiteti müvəffəqiyyətlə bitirərək ölkəyə qayıtmışdır. Diplomunun Azərbaycan Respublikasında tanınması məqsədilə “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə xx.xx.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə müraciət ünvanlamışdır. “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsi tərəfindən iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli NA00029401 nömrəli məktubla cavab verilmiş və bildirilmişdir ki, təhsil aldığı “açıköğretim” təhsil forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir, bu səbəbdən müraciəti barəsində mənfi qərar qəbul edilmişdir. Qərarı bununla əsaslandırmışdırlar ki, Azərbaycan Respublikasında mövcud olan qanunvericilikdə sözü gedən təhsilin forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi metodu nəzərdə tutulmamışdır. Habelə, Azərbaycan Respulikası Prezidentinin 18 avqust 2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalilifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.5-ci yarımbəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsasın yarandığı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalilifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci yarımbəndinə əsasən, Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aiddir. Qeyd olunanlarla əlaqədar diplomumun tanınmasından (kvalifikasiyasından) imtina edilmişdir. 4 il ərzində təhsil aldığı Atatürk Universiteti dövlət mülkiyyətində olan təhsil müəssisəsidir və o, həmin Universitetin ictimaiyyətlə əlaqələr və təqdimat fakültəsində türk dilində “açıköğretim” formatında, yəni qiyabi (distant) formada təhsil almışdır. Təhsil müddətində dərslərdə və imtahanlarda iştirak etmiş (həmin müddətlərdə xarici pasportunda Türkiyə Respublikasına giriş-çıxış etdiyinə dair təsdiqləyici möhürlər mövcuddur) və tədris prosesini uğurla başa vurduğundan Atatürk Universitetinin xx.xx.2022-ci il tarixli 65025 nömrəli bakalavr diplomuna sahibdir. Hazırda ölkədə ixtisasına uyğun işləmək və ya təhsilini davam elətdirmək üçün diplomunun tanınması vacibdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Göründüyü kimi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. “Açıköğretim” təhsil forması qeyriənənəvi təhsil formasıdır. Türkiyə Cümhuriyyətinin “X1” haqqında qanunun 8-ci maddəsinə əsasən imkanlar daxilində a) ali təhsildə çap edilmiş tədris alətləri, kasetlər, videolar, lentlər, lentlər və filmlər b) Radio və televiziya c) oxşar avadanlıq və sistemlərdən istifadə olunur. Qeyd olununan maddəyə əsasən məlum olur ki, tələbə tədris zamanı hər hansı dərs ixtisas dərsi tədris edilmədən, göndərilmiş materillar əsasında diplom əldə edir. “Açıköğretim” təhsil forması beynəlxalaq təcrübədə modul tipli təhsil formasına uyğundur. Sözügedən təhsil Azərbaycan Respublikası qanunvericilik sistemində mövcud deyildir. Həmçinin bu hal ilə bağlı Türkiyə Respublikası qanunvericiliyində də “açıköğretim” və “distant” təhslin fərqli anlayışlar olduğu qeyd olunmuşdur. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(112)-1847/2025 saylı qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-2022-ci il tarixlərində Türkiyə Respublikasında yerləşən Atatürk Universitetinin İctimaiyyətlə əlaqələr və Tanıtım fakültəsində (Public relations and Promotion faculty) “açıköğretim” təhsil formasında (bakalavriat) təhsil almış və həmin universiteti müvəffəqiyyətlə bitirərək, 65025 nömrəli diplom almışdır. Diplomunun Azərbaycan Respublikasında tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə xx.xx.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə müraciət etmiş, xx.xx.2024-cü il tarixli NA00029401 nömrəli məktubla cavabdeh qurumdan imtina almışdır. Cavabdeh imtina haqqında qərarını “açıköğretim” təhsil formasının ənənəvi təlim metodlarına əsaslanan təhsil alma formasına aid olmadığı və Azərbaycan Respublikasında mövcud olan qanunvericilikdə sözügedən təhsilin forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi metodunun nəzərdə tutulmadığı ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmənin bu qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarında qeyd etmişdir ki, “açıq öyrətim ali təhsil qurumlarında üz-üzə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir.”. Lakin məhkəmə öz mülahizəsi zamanı Türkiyə Respublikasında “açık öğretim” formasında təhsilin keçirilmə qaydalarına bələd olmadığı müəyyən olur. “Açık öğretim” növündə təhsil alan tələbələrə universitet tərəfindən müəyyən şərtlər yaradılmalıdır və yaradılır. Bu şərtlər isə universitetlərin öz mülahizələrinə əsasən deyil, Ali Təhsilin Təşkili üzrə əsas qurum olan “YÖK” tərəfindən müəyyənləşdirilir. Həmin şərtlərə təhsil alan tələbənin informasiya və idarəetmə ehtiyatlarına – kitabxanalara, mühazirələrə, sillabuslara, yerinə gəldikdə inzibati idarəetmə məkanlarına (dekanlıq, rektorluq və s) çıxışının təmin edilməsi, tələbənin tələb etməsi halında mühazirənin canlı ünsiyyətlə müvafiq texniki avadanlıqlardan istifadə etməklə tədris verənlə əlaqə quraraq dinləməsi, emaillərə və digər suallara cavab verməsi, imtahanların məsafədən deyil, məhz şəxsən iştirak etməklə keçirilməsi kimi tələblər qoyulmuşdur. Məhkəmə qərarda qeyd etmişdir ki: “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır.”. Beləliklə, məhkəmə qanunverici orqanın səlahiyyətlərinə sahib çıxaraq, distant təhsilə yeni anlayış gətirmişdir. Heç bir qanunvericilik aktında mövcud olmayan bu anlayışdan istifadə etməklə qanunsuz olaraq, öz mülahizəsi əsasında hansısa anlayışa şərh vermək birinci instansiya məhkəməsinin səlahiyyətləri xaricində olan məsələdir. Məhkəmənin qərarda da istinad etdiyi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (13-cü maddə) Azərbaycan Respublikasında Təhsil alma forması kimi distant təhsil alma forması tanınmışdır. Lakin bu təhsil alma formasının müddətləri, həyata keçirilmə şərtləri, qaydaları barədə digər sahəvi və ya aydınlaşdırıcı qanunvericilik aktları mövcud deyildir. Belə olan halda Türkiyədə “açıköğretim” adlanan və mahiyyətcə dilimizdə qəbul edilən distant təhsilalma formasına uyğun təhsil sənədinin tanınmasından imtina əsassız və qanunsuz hesab edilməlidir. Birinci instansiya məhkəməsinin mülahizəsi əsasında belə hesab etmək olar ki, eyni mahiyyət kəsb edən, lakin adlanması xarici dildə fərqli olan (məsələn, yaponca “rimoto”) təhsil sənədləri tanınmamalıdır. Əgər qanunvericilikdə distant təhsilin mahiyyəti və qaydaları izah edilsəydi və “açık öğretim” bunlara uyğun gəlməsəydi qərar haqlı hesab edilə bilərdi. Lakin indiki halda, hələ ki, Ali Məhkəmənin neçə-neçə illər ərzində öz rəsmi səhifəsində dərc etdiyi çoxsaylı qərarlarda da izah edildiyi kimi “distant” və “açıköğretim”i bir-birindən fərqləndirən qanunvericilik aktlarının mövcud olmadığı şəraitdə insanların zəhmətinin qəsb edilməsinə yol vermək qanuna ziddir. Ali Məhkəmənin öz rəsmi səhifəsində dərc edilmiş bir qərarında haqlı olaraq qeyd edilir ki: “açık öğretim” təhsil növünün Azərbaycanda mövcud “distant” təhsil forması ilə uzlaşdığını qeyd etmiş və bildirmişdir ki, distant (“uzaktan öğretim”) təhsil “tələbələrə kommunikasiya texnologiyalarından istifadə edərək öyrənməyə imkan verən” müasir təcrübədir, bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə, hər yaşdan, gəlirdən və ya peşədən olan insanların öz sürət və imkanlarına uyğun olaraq öz təhsillərini nizamlayaraq, məhsuldarlığını itirmədən təhsillərini davam etdirdikləri bir sistemdir. Həmçinin, bu qərarlarda düzgün olaraq vurğulanmışdır ki, Azərbaycan qanunvericiliyində mövcud olan distant təhsil alma formasının təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması səlahiyyətli qurumun diplomların tanınmasından imtinası üçün əsas ola bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, 2018-2022ci il tarixlərində Atatürk Universitetində təhsil almışdır. Qanunvericilikdə “açığ öyrətim” təhsil forması nəzərdə tutulmasa da, həmin təhsil formasına nəzərən hər hansı bir qadağa da mövcud deyil. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin iddianın təmin edilməsi üzrə qərarları mövcuddur. Ona münasibətdə cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində “bərabərlik” və “ədalət” prinsiplərinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda Azərbaycan Respublikasında təhsilalma formalarının 4 növü təsbit olunmuşdur. Digər növ qanunda nəzərdə tutulmayan təhsilama formaları isə ölkəmizdə tanınmır. “Təhsil haqqında” Qanununda təhsilalma formaları arasında “açıq öyrətim” təhsilalma forması müəyyən edilməmişdir. Qarşı tərəf analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin iddianın təmin edilməsi üzrə qərarlarının mövcud olmasını bildirir. Lakin həmin qərarlar 2023 və 2024-cü il tarixli qərarlardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə sonuncu, yəni 2024-cü il 23 oktyabr tarixli qərarında məhkəmənin mövqeyinin dəyişdiyini görmək olur. Daha sonra “açıq öyrətim” təhsilalma formasının tanınmaması ilə bağlı daha 5 qərar da qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərardaddan isə görünür ki, analoji iş üzrə iddia ərizəsi rədd edilmiş və kassasiya şikayəti məhkəmə təcrübəsi mövcud olduğundan mümkün sayılmamışdır. İddiaçının Atatürk Universitetində aldığı təhsil formasının “distant” təhsilalma forması ilə oxşarlığı ilə bağlı isə bildirilməlidir ki, iddiaçıya məxsus təhsil sənədlərində “distant” təhsilalma forması deyil, “açıq öyrətim” təhsilalma forması qeyd olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İnzibati Prosessual Məcəllənin 85.2 və 85.3-cü maddələri). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Türkiyə Respublikası Atatürk Universiteti tərəfindən verilmiş 65025 №-li diplomun surətindən görünür ki, İddiaçı Atatürk Universitetinin xüsusi qanun və qaydalarına əsasən təhsili müvəffəqiyyətlə bitirdiyinə görə Turkiyə Respublikası qanunlarının verdiyi bütün haqq və səlahiyyətlərdən istifadə etmək üzrə ona diplom verilmişdir. İş materiallarında olan Diploma əlavədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı “İctimaiyyətlə əlaqələr və Marketinq, Bakalavr dərəcəsi” istiqaməti üzrə “İctimaiyyətlə əlaqələr və Marketinq” ixtisası verilmişdir. Təhsilin müddəti 4 il təşkil edir. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 14 iyun 2024-cü il tarixli, NA00029401 saylı “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarından görünür ki, ərizəçinin müraciətinə baxılaraq onun bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.5-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalilifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci yarımbəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aiddir. Bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ənənəvi təlim metodlarına əsaslanan təhsilalma forması olaraq “əyani” və “qiyabi” təhsilalma formaları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-38-2/33-2763/24 saylı məktubda bildirilmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı 2018-2022-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında müvafiq məlumatlar qeydə alınmışdır: xx.xx.2018-ci il tarixdə çıxış Türkiyə, xx.xx.2018-ci il giriş Türkiyə, xx.xx.2019-cu il tarixdə çıxış Gürcüstan, xx.xx.2019-cu il giriş Gürcüstan, xx.xx.2019-cu il tarixdə çıxış Gürcüstan, xx.xx.2019-cu il giriş Gürcüstan, xx.xx.2019-cu il tarixdə çıxış Türkiyə, xx.xx.2020-ci il giriş Türkiyə, xx.xx.2021-ci il çıxış Rusiya, xx.xx.2021-ci il giriş Rusiya, xx.xx.2021-ci il çıxış Türkiyə, xx.xx.2021-ci il giriş Türkiyə, xx.xx.2021-ci il çıxış Türkiyə, xx.xx.2021 giriş Türkiyə. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə görə, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarında aşağıdakılar göstərilmişdir: “ ... 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü maddəsinə əsasən, qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən. 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-cü maddəsinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: “ … 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması)”. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma forması müəyyən edilmişdir, yəni təhsil qanunvericiliyində “açıq öyrətim” təhsilalma forması nəzərdə tutmamışdır. İddiaçı təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ının 2.2-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıq öyrətim” təhsil forması nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, dünyada mövcud olan ayrı-ayrı təhsilalma formalarını qəbul etmək, eləcə də ali təhsilin müxtəlif pillələrinə münasibətdə həmin formalardan hər hansı birini (və ya bir neçəsini) qəbul etməmək hər bir dövlətin həyata keçirdiyi təhsil siyasəti və bundan irəli gələn mülahizə sərbəstliyi ilə sıx bağlı olan məsələdir. Dövlətlər özlərinin bu sahədəki siyasətlərini və mülahizə sərbəstliyi imkanlarını müxtəlif amilləri nəzərə almaqla formalaşdırır və həyata keçirirlər. Bir qayda olaraq, belə mülahizə sərbəstliyi daxilində edilmiş seçimlər məhkəmə nəzarətindən kənardırlar. “Açık öyrətim” formasının Azərbaycan Respublikasında tanınmamasına qiymət verilməsi, hazırkı işin halları baxımından məhkəmə qaydasında yoxlanılmalı və qiymətləndirilməli məsələni təşkil edə bilməz. Qanunvericinin mülahizə sərbəstliyi çərçivəsində etdiyi bu seçim Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartı kimi qəbul edilməlidir. Müvafiq olaraq xaricdə açık öyrətim formada alınmış təhsil, təhsilalma forması ilə bağlı dövlət standartına uyğunsuzluq halı yaratdığı üçün ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtinaya əsas təşkil edə bilər. Qeyd olunanları nəzərə alaraq, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də, Bakı İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(112)-1847/2025 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(112)-1847/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar