Məhkəmə qərarları › İş №2-1(103)-2239/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2239/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2239/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “həqiqi hərbi xidmət qulluqçusu kimi pensiya təyin olunması ilə bağlı məlumat vərəqəsinin tərtib edilib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması” barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2271/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 3-cü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə pensiya təyin edilməklə həmin pensiyanın 26.03.1998-ci il tarixdən hesablanıb verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya həqiqi hərbi xidmət qulluqçusu kimi pensiya təyin olunması ilə bağlı məlumat vərəqəsinin tərtib edilib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2271/2021 saylı 25 fevral 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iş üzrə cavabdeh kimi prosessual iştirakına xitam verilərək 3-cü şəxs qismində inzibati icraata cəlb edilmiş, iş üzrə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti əsl cavabdeh və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 3-cü şəxs qismində işə cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2271/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: M.Qarayeva) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, 1998-ci ilin 26-sı mart ayından qeyri-qanuni işindən azad olunmuşdur. Ancaq bunlara baxmayaraq, o, neçə dəfələrlə Dövlət Sərhəd Xidmətinin rəisinin qəbulunda və şəxsi heyətlə iş üzrə rəisin müavinin qəbulunda olmuşdur. O, könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda, suverenliyi uğrunda, müstəqilliyi uğrunda silaha sarınıb bir zabit kimi Qarabağda gedən döyüşlərə qatılmışdır. Özündən başqa 100 nəfərə də komandir olmuşdur. O, 23 ildir hərbi pensiyanı ala bilmir. Məcbur olub məhkəmələrə müraciət etmişdir. Məhkəmələr də onun iddiasını bərpa etmir. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2-1(81)-798/2016 saylı 12 iyun 2018-ci tarixli qərarı ilə (X6) iddiası təmin edilməmişdir. Birinci İnstansiya Məhkəməsi hesab etmişdir ki, iddiaçı 1988-ci ilin fevral ayından kənd ərazisi özünümüdafiə dəstəsində könüllü olaraq 01.12.1991-ci il tarixədək bölük komandiri vəzifəsində xidmət etsə də həmin illərin güzəştli xidmət illərinə daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qərarda qeyd edilmiş (Hakim T.Əsədova) onun şəxsi işini kadrlar şöbəsinin rəisi Rahibə məhkəmə zalına gətirmişdir. Orada o, dövlət Sərhəd Xidmətinin Kadrlar Şöbəsinin rəisi Rahib və X6 bütün güzəştli şərtlərlə təqvim illərini saymışlar. 11 il Dövlət Sərhəd Xidmətində, 1990-1991-1992-ci il və 1993-cü il fevral ayının 15-nə qədər Müdafiə Nazirliyində 702 briqada, 814 batalyonda bölük komandiri vəzifəsində olmuşdur. Özü də ön cəbhədə, döyüş bölgəsində. Müdafiə nazirliyinin Arxiv idarəsindən arayışı var. 3 il bir günü 3 günlə götürülsə cəmi 9 ildir. 11 il Dövlət Sərhəd Xidməti, 9 il Müdafiə Nazirliyi cəmi 20 il. Ancaq hakimlər qanunlara göz yumub, yazdığı iddia ərizəsinə baxmadan qərardad qəbul edirlər. Onda 23 noyabr 1992-ci il tarixdə Nazirlər Kabinetinin 631 nömrəli qərarı nə üçün qəbul edilib? Onun nə qədər haqqı hüququ bərpa edilməyib, təkrar-təkrar şikayətini edəcəkdir. O, bir zabit kimi könüllü olaraq Qarabağ döyüşlərində bölük komandiri kimi və Naxçıvan MR-də xidmətdə olmuş, Azərbaycanın müstəqilliyi uğrunda, suverenliyi uğrunda, ərazi bütövlüyü uğrunda zülm çəkib, can vermişdir. Özü qəlpə yarası almışdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin və üçüncü şəxslərin nümayəndələri apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona həqiqi hərbi xidmət qulluqçusu kimi pensiya təyin olunması ilə bağlı məlumat vərəqəsinin tərtib edilib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya təyin edilməsi məqsədi ilə məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş üzrə Departamentinə təqdim edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-798/2016 saylı, 12 iyun 2016-cı il tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 1988-ci ilin fevral ayından kənd ərazisi özünümüdafiə dəstəsində könüllü olaraq 01.12.1991-ci il tarixədək bölük komandiri vəzifəsində xidmət etsə də həmin illərin güzəştli xidmət illərinə daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının qulluq müddəti təqvim hesabı ilə 20 ildən az olduğundan iddia təmin edilməməlidir. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1970/2017 saylı iş üzrə 19 sentyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və M.S.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-798/2016 saylı, 12 iyun 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (102)-200/2018 saylı iş üzrə 31 yanvar 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1970/2017 saylı iş üzrə 19 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı iş üzrə də tələbin irəli sürülməsində əsas məqsəd məhz “iddiaçıya həqiqi hərbi xidmət qulluqçusu kimi pensiya təyin olunması ilə bağlı məlumat vərəqəsinin tərtib edilib təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. İddia tələbinin məzmunundan da məlum olur ki, iddiaçı həmin iddianı yenidən məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia ilə bağlı məhkəmənin qüvvədə olan qərarı olduğu halda eyni məsələ ilə əlaqədar təkrarən yenidən məhkəməyə müraciət etməsi ilə bağlı iddiaçının hərəkətlərinə qanunun ona verdiyi imkanlardan sui-istifadə etmək cəhdi kimi qiymət verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (102)-200/2018 saylı iş üzrə 31 yanvar 2018-ci il tarixli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-798/2016 saylı, 12 iyun 2016-cı il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı məlumatların məlumat vərəqəsinə daxil edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1970/2017 saylı iş üzrə 19 sentyabr 2017-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin qeyd olunan qərarı ilə təmin edilməmiş və apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçı artıq eyni əsasla eyni inzibati orqana qarşı iddia qaldırmış və məhkəmə qərarları ilə onun iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 798/2016 saylı, 12 iyun 2016-cı il tarixli qərarı qanuni qüvvəyə minmədiyi halda İnzibati Prosessual Məcəllənin 45.5.1-ci maddəsinə, qanuni qüvvəyə mindiyi halda isə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən iddiaçı eyni predmet, eyni əsaslarla məhkəməyə müraciət edə bilməz. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 saylı Plenumunun Qərarının 1.1-ci maddəsinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2271/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar