Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2239/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X4 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “bağ sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2025 saylı 11 fevral 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativ tərəfindən verilmiş 62 №-li orderlə Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən İddiaçı Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəzdində sahəsi 0,12 ha olan 759 M/2 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı hazırki tələblə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin onun tələbi təmin olunmamışdır. Belə ki, cavabdehin sonuncu xx.xx.2024-cü il tarixli, **********47 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, idarənin arxivində təqdim edilmiş X3 və istismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi aşkar edilməmişdir. Həmçinin orderdə istinad olunan və orderin verilməsinə əsas olmuş Bakı Şəhər İcraiyyə Komitəsinin 4/143 №-li, xx.xx.1990-cı il tarixli sərəncamının İdarənin arxivində mövcud olan nüsxəsində İddiaçı adı aşkar olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur və torpaq sahəsinin yerləşməsi İdarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritədə 759n/2 bağ nömrəsi aşkar olunmamış, həmçinin göstərilən ərazidə sxematik xəritədə bağ nömrəsi qeyd edilməmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarı ilə 62 nömrəli Order əsasında Şüvəlan bağlar sahəsində 51 nömrəli X2 nəzdində olan torpaq sahəsindən 1200 kv.metr ölçüdə, 759 M/2 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarı ilə 62 nömrəli order əsasında Şüvəlan bağlar sahəsində 51 nömrəli X2 nəzdində olan torpaq sahəsindən 1200 kv. m. ölçüdə, 759 M/2 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi iddiaçı tərəfindən daş hasara alınmış və faktiki istifadəsindədir. İddiaçı qanuni istifadəsində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi müraciətinə 26 fevral 2024-cü il tarixli, 3-21-3-30/2-N0025- 8/2024 **********47 saylı məktubla cavab verərək bildirmişdir kı, təqdim edilmiş X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi və həmin orderin verilməsinə əsas olmuş Bakı şəhər icraiyyə Komitəsinin 4/143 saylı 13 06.1990-cı il tarixli sərəncamın idarənin arxivində mövcud olan nüsxəsində iddiaçının adı aşkar olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilərkən göstərilən torpaq sahəsinin qonşu torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuş və torpaq sahəsinin yerləşməsi idarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edərək sxematik xəritədə 759n/2 bağ nömrəsi aşkar olunmamış, həmçinin göstərilən ərazidə sxemtik xəritədə bağ nömrəsi qeyd edilməmişdir. İddiaçının torpaq sahəsinə dair orderdə bağın nömrəsi 759 M/2 kimi qeyd edilmişdir. Həmçinin müraciət ərizəsində də bağın nömrəsi 759 M/2 kimi qeyd edilmişdir. Lakın cavabdehin imtina məktubundan görünür ki, onların araşdırması 759 M/2 nömrəli bağ sahəsi ilə bağlı olmamış, iddiaçıya heç bir aidiyyəti olmayan 759 n/2 nömrəli bağ sahəsi ilə bağlı olmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********47 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxivində təqdim edilmiş X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi aşkar edilməmişdir. Həmçinin orderdə istinad olunan və orderin verilməsinə əsas olmuş Bakı Şəhər İcraiyyə Komitəsinin 4/143 №-li, xx.xx.1990-cı il tarixli sərəncamının İdarənin arxivində mövcud olan nüsxəsində İddiaçı adı aşkar olunmamışdır. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan əlavə sxematik xəritədə 759n/2 bağ nömrəsi aşkar olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2025 saylı 11 fevral 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması və iddianın təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, bağ sahəsinin ayrılması barədə orderin nüsxəsi iddiaçıda olsa da, həmin order aşkar olunmamış və daha vacib olanı, orderin verilməsinə əsas olan Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarı aşkar olunsa da, bu qərarda bağ sahəsinin iddiaçıya ayrılması ilə bağlı heç bir məlumat verilmir, daha doğrusu, həmin qərarda iddiaçının adı ümumiyyətlə qeyd olunmur. Bu isə, hər hansı bir mülkiyyət hüququnun və ya daşınmaz əmlakın ayrılmasına dair təsdiqedici sənədin etibarlılığını və hüquqi qüvvəsini şübhə altına qoyur. Məhz bu səbəbdən, iddiaçının bağ sahəsi üzərində hüquqlarının mövcudluğu qeyri-müəyyəndir və iddiaçının mülkiyyət hüquqlarına dair hər hansı bir nəticə çıxarılmasına əsas vermir. Göründüyü kimi, bağ sahəsinin iddiaçıya ayrılması barədə sənədlərin mövcudluğu müəyyən olunmur və bu da iddiaçının mülkiyyət hüququnun etibarlı olduğunu təsdiq etmək üçün yetərli əsasları təmin etmir.” barədə qeyd etdikləri işin hallarına uyğun olmadığından və iddianın təmin edilməməsinə əsas olmadığından qəbul edilməzdir. Eyni zamanda birinci instansiya məhkəməsinin qərarında “Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi bağ sahəsinə dair əsaslandığı sənədlər əsasında artıq mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Bu bağ sahəsi ilə qeydiyyata alınmış bağ sahəsinin nömrəsi ilə bağlı fərq olsa da, məhkəmə qərarı əsasında faktiki olaraq eyni dislokasiyada yerləşən 759 M/1 nömrəli bağ sahəsi üzərində digər şəxsin hüquqlarının qeydiyyatın aparılması həyata keçirilmişdir ki, bu vəziyyətdə iddiaçının eyni sənədlər əsasında başqa bağ sahəsinə dair təkrar qeydiyyatın aparılmasını tələb etməsi qanunvericiliyin tələblərinə ziddir.” barədə qeyd etdikləri də işin hallarına uyğun olmadığından və iddianın təmin edilməməsinə əsas olmadığından qəbuledilməzdir. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarında iddiaçının adının ümumiyyətlə qeyd olunmaması iddianın rədd edilməsinə əsas оla bilməz. Belə ki, bağ sahəsinin iddiaçıya ayrılmasına dair Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativ tərəfindən verilmiş 759 M/2 nömrəli bağ sahəsinə aid 62 №-li order qüvvədədir və heç kim tərəfindən mübahisələndirilmir. Həmin sənədi arхivdə saxlamaq vəzifəsi iddiaçıya aid olmadığından, оnun arхivdə aşkar edilməməsi iddiaçının müraciətindən imtina üçün əsas оla bilməzdi. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, hazırkı mübahisənin predmeti X6 adına qeydə alınmış 759 M/1 nömrəli bağ sahəsi deyil, 759 M/2 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasıdır. Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativ tərəfindən verilmiş və qüvvədə оlan 62 №-li order 759 M/2 nömrəli bağ sahəsi üzərində iddiaçının hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas olsa da, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bu isə iddia tələbinin təmin edilməməsi ilə nəticələnmişdir. 59 M/2 nömrəli bağ sahəsi üzərində iddiaçının hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməsə də, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bu isə iddia tələbinin təmin edilməməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq norması pozaraq, sübutu (Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəznində sahəsi 0,12 ha olan 759 M/2 nömrəli bağ sahəsinin İddiaçı ayrılmasına dair Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativ tərəfindən verilmiş və qüvvədə оlan 62 №-li orderə) tam və hərtərəfli araşdırmamış, düzgün qiymətləndirməmişdir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə məlumatlandırılmasına baxmayaq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi “Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarı ilə 62 nömrəli Order əsasında Şüvəlan bağlar sahəsində 51 nömrəli X2 nəzdində olan torpaq sahəsindən 1200 kv.metr ölçüdə, 759 M/2 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə olmuşdur. Bununla bağlı o, inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Qeyd olunan imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etsə də, iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;..... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativ tərəfindən verilmiş 62 №-li orderlə Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarına əsasən İddiaçı Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəzdində sahəsi 0,12 ha olan 759 M/2 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçının hüquqi marağı həmin hüquqmüəyyənedici sənəd əsasında ona ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Cavabdehin imtina dəlilləri “idarənin arxivində təqdim edilmiş X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsinin aşkar edilməməsi, orderdə istinad olunan və orderin verilməsinə əsas olmuş Bakı Şəhər İcraiyyə Komitəsinin 4/143 nömrəli xx.xx.1990-cı il tarixli sərəncamın İdarənin arxivində mövcud olan nüsxəsində İddiaçı adının aşkar olunmaması, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyinin məlum olmaması və sxematik xəritədə 759n/2 bağ nömrəsinin aşkar olunmaması” ilə bağlı olmuşdur. İşə baxan birinci intansiya məhkəməsinin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdi ki, Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1991-ci il tarixli 4/143 nömrəli qərarı ilə 51 nömrəli bağ tikinti kooperativi nəzdində Şüvəlan qəsəbəsində 759n/2 saylı bağ sahəsinin ayrılmasına dair İddiaçı adına 62 nömrəli order və həmin orderin verilməsinə əsas olmuş sənəd, eləcə də bağ sahəsinə dair cizgi idarənin arxivində aşkar olunmamışdır. Həmin sorğuya əlavə olunmuş Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarından görünür ki, torpaq sahəsinin iddiaçıya ayrılmasına dair məlumat aşkar olunmamışdır. İşə baxan birinci intansiya məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli, 3-48-2F/2-990/2024 nömrəli cavab məktubuna əsasən keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. Keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarı 1 saxlama vahidindən (qovluqdan) ibarət olmaqla 96 (doxsan altı) vərəq təşkil edir. Odur ki, vərəq sayının çoxluğunu nəzərə alaraq “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanununun 21.2.3-cü maddəsinin tələblərini (sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa) nəzərə alaraq qeyd olunan qərarın ksero surətlərinin təqdim olunması imkan xaricindədir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən öz mövqeyini “iddiaçının iddia etdiyi bağ sahəsinə dair əsaslandığı sənədlər əsasında artıq mülkiyyət hüquqlarının qeydiyyatının aparılması” ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi Şüvəlan bağlar sahəsindəki 51 nömrəli BTK tərəfindən verilmiş 62 №-li order “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. İddiaçının təqdim etdiyi 51 nömrəli BTK tərəfindən verilmiş 62 №-li orderin məzmununda istinad olunan “Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarında İddiaçı adının olmaması” barədə dəlilə münasibətdə isə qeyd olunmalıdır ki, həmin qərar ümumi xarakterli qərar olub, ona əlavə olunmuş siyahının isə yekun siyahı olmadığı ehtimal olunur. Belə ki, adı çəkilən qərarda bağ sahələrinin ayrıldığı BTK-ların nömrələri arasında 51 nömrəli BTK və digər BTK-ların qeyd olunmadığı halda, ona əlavə olunan siyahıda 51 nömrəli BTK və digər BTK üzvlərinə də bağ sahələrinin ayrıldığı qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi 51 nömrəli BTK tərəfindən verilmiş 62 №-li order məzmununda istinad olunan Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarında və ona əlavə olunan siyahıda İddiaçı adının olmaması səbəbindən qeyri-mötəbər sayıla bilməz. Belə ki, həmin adı çəkilən qərara əlavə olunan siyahıların tərtib olunması və ona sonradan əlavələrin olunması o dövrdə müvafiq icra hakimiyyəti orqanının vəzifəsi olmuşdur, buna görə məsulliyyət iddiaçının üzərinə qoyula bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təqdim olunan order yuxarıda adı çəkilən Qanunun 8.0.7-ci maddəsinə əsasən iddiaçının iddia etdiyi bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yetərli əsasdır. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bununla yanaşı iş üzrə müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-7991/2024 nömrəli qərarı ilə Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarı ilə 93 nömrəli order əsasında Şüvəlan bağlar sahəsində 51 nömrəli X1 nəznində olan sahəsi 1200 kv.m ölçüdə, 759 M/1 nömrəli bağ sahəsi üzərində iddiaçı X6 (hazırki işdəki iddiaçının qardaşının) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı-ölçüsü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilmişdir. Məhkəmə kollegiyasına təqdim olunan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 759 m/1 saylı bağ sahəsi (0.12 kv.m torpaq sahəsi) X6 adına xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırki işdə sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və işlərə məhkəmə qaydasında baxılarkən oxşar mübahisələr üzrə cavabdeh qurumun inzibati praktikası və mövcud məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ sahəsinə bitişik olan bağ sahəsi üzərində onun qardaşı X6 mülkiyyət hüququnun məhkəmə qərarı əsasında qeydə alındığı müəyyən olunmuşdur. Həmin məhkəmə qərarı ilə razılaşan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilməmiş və inzibati orqanın bu sahədə artıq inzibati praktikası mövcuddur. Oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin eyni imtina dəlilləri ilə bağlı müvafiq qərarında (2-1(102)-1842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarda) göstərilmişdir ki, “.... inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.”. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-1842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdi ki, “....hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?” Oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqe əsas götürülərək hazırkı mübahisəyə baxılarkən təqdim olunan sənədlərdən məlum olmuşdu ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ sahəsinə bitişik olan, qardaşı X6 adına başqa bağ sahəsi üzərində mülkiyyət hüququ qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Nəzərə alınmalıdır ki, sözügedən bağ sahəsi ilə bağlı iddiaçının qardaşı X6 təqdim etdiyi sənədlər (order, onun məzmununda qeyd olunan Bakı şəhər İK-nin qərarı) iddiaçının təqdim etdiyi sənədlərlə eyni olmuşdur. Odur ki, həmin sənədlər əsasında digər şəxsin hüququ məhkəmə qərarı əsasında (həmin məhkəmə qərarı ilə cavabdeh qurum razılaşaraq apellyasiya şikayəti verməmişdir) qeydə alınıb, bu barədə müvafiq çıxarış verildiyi halda, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququnun qeydiyyata alınması və çıxarışın verilməsindən imtina olunması əsassız olmuşdur. Odur ki, hazırki vəziyyətdə cavabdeh qurumun iddiaçıya tələbinin təmin olunmasından imtina etməsi ilə iddiaçının bərabərlik və inzibati orqanın praktikasına etimad hüququnun qorunması prinsipləri pozulmuşdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdu ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi- 62 nömrəli Orderlə Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarı əsasında ona ayrılan 759 M/2 nömrəli bağ sahəsidir. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi qənaətinə gələrkən istinad etdiyi “qeydiyyatı aparılmış bağ sahəsi”nin nömrəsi isə fərqlidir, yəni iddiaçının qardaşının adına rəsmiləşdirilmiş 759 m/1 nömrəli bağ olmuşdur. Bu baxımdan 759 M/2 nömrəli bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul olunduğu üçün qərar ləğv edilməli, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməli, bununla da iddiaçının apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1036/2025 saylı 11 fevral 2025-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarı əsasında 62 nömrəli Orderlə Şüvəlan bağlar sahəsində 51 nömrəli X2 nəzdində olan torpaq sahəsindən ayrılmış 1200 kv.metr ölçüdə olan, 759 M/2 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X11 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2239/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2239/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver