Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-224/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3254/2020 saylı, 15.09.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 12 fevral 2020-ci il tarixdə cаvаbdеhə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1 may 2002-ci tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “X1 haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 01 may 2002ci tarixində təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “X1 haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 25 mart 1961-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 14 iyul 1993-cü il tarixinədək istehsalatın müxtəlif sahələrində çalışmış, 14 iyul 1993-cü il tarixdən 01 sentyabr 2006-cı il tarixinədək “Bulla-Dəniz” NQÇİdə elektrikqaz qaynaqçısı vəzifəsinə və 01 sentyabr 2006-cı il tarixdən 02 may 2009cu il tarixinədək “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “X1 haqqında” Qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərə yaşa görə əmək pensiyası ona 57 yaşı tamam olduğu 1 may 2002-ci il tarixdən təyin olunmuşdur. Lakin aylıq pensiya haqqının məbləğində sonrakı artımlar həmin qanunun tələblərinə müvafiq surətdə nəzərə alınmamışdır. Onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququn yarandığı vaxtdan, yəni ona pensiya təyin edildikdən sonrakı dövrdə çalışdığı peşələrdə çalışan işçilərin orta aylıq əmək haqlarındakı artımlar barədə məlumat əldə edilməsi məqsədilə “Azneft” İB-nə müraciətinə cavab olaraq verilmiş 7 oktyabr tarixli arayışda sonuncu illər üzrə artımlar öz əksini tapmışdır. Hamin arayışa əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan digər işçilərin, yəni “elektrik qaz qaynaqçı”larının orta aylıq əmək haqqı 2015-ci ildə 902,85 manat, 2016-cı ildə 1054,02 manat, 2017-ci ildə 1042,48 manat, 2018-ci ildə isə 1099,04 manat təşkil etmişdir. İddiaçıya 1 may 2002-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləği “X1 haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 90%-i miqdarında müəyyən edilmişdir. Hazırda aylıq pensiya haqqı 403 manat təşkil edir. Bu isə sözügedən qanunun tələblərinə uyğun deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)3254/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası “X1” haqqında Qanunun qüvvədə olduğu zaman təyin edildiyi üçün aylıq pensiya haqqı məbləği də həmin qanunun müddəalarına uyğun hesablanmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-589/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 15.09.2020-ci il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul olunmaqla, iddia təmin edilərək 1 may 2002ci tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “X1 haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsi cavabdehə həvalə edilmişdir. Cavabdeh 14 aprel 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli, 2-1(102)-1113/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-589/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə gönərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Növbəti apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3254/2020 saylı, 15.09.2020-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3254/2020 saylı, 15.09.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1945-ci il təvəllüdlüdür, 1961-ci il tarixdən 2009-cu ilə qədər müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya 01 avqust 2002-ci il tarixdə 57 yaşı tamam olduqda “X1 haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. 2008 və 2009-cü illər üzrə əmək haqqının aylar üzrə məbləği nəzərə alınmaqla yenidən hesablanma həyata keçirilmiş, son olaraq isə 17.01.2020-ci il tarixli qərarla əmək pensiyası yenidən hesablanmış, 01.01.2020-ci il tarixindən əmək pensiyasının məbləği 433.79 manata çatdırılmışdır. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsini, “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndini, 17-ci maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 01 may 2002-ci tarixində təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “X1 haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüququ normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İşə kassasiya şikayətinə əsasən baxılarkən məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı məhkəməyə qədər cavabdehə müraciət etdiyi 3 dekabr 2019-cu il tarixli ərizəsində “X1 haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanunu ilə 1 may 2002-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin həmin Qanunun tələblərinə uyğun olaraq yenidən hesablanaraq müəyyən edilməsini xahiş etmişdir. İddiaçı 10 fevral 2020-ci il tarixli iddia ərizəsində də həmin tələblə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 15 sentyabr 2020-ci il tarixli ərizəsində 1 may 2002-ci tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “X1 haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə qədər cavabdehə müraciət etdiyi 3 dekabr 2019-cu il tarixli ərizəsində təyin edilmiş pensiyanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsini bildirməmişdir. Apelyasiya məhkəməsi iddia tələbinin bu hissəsi ilə bağlı iddia tələbinin hədlərini müəyyən edən İPM-in 52-ci maddəsinə uyğun araşdırma aparmamış, iddiaçının əvvəllər belə tələblə cavabdehə müraciəti olub-olmamasını müəyyən etməmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, iddiaçı cavabdehə müraciətində və məhkəməyə təqdim etdiyi iddia ərizəsində 2002-ci ildə pensiya təyin olunarkən həmin vaxt qüvvədə olmuş “X1 haqqında” Qanunun ayrı-ayrı maddələrinə istinad edərək həmin maddələrin tələblərinin pozulmasını bildirmişdir. Apelyasiya instansiyası məhkəməsi 2002-ci ildə iddiaçıya güzəştli şərtlə pensiya təyin edilən zaman iddiaçının istinad etdiyi “X1 haqqında” Qanunun yuxarıda sadalanan normalarına, o cümlədən pensiya təyinatının əmək haqqı əsasında hesablanmasına cavabdeh tərəfindən əməl edilib-edilməməsi ilə bağlı araşdırma aparmamışdır. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, qeyd olunan norma pensiya təyin olunan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə tənzimlənməsini ehtiva edir. Pensiyanın təyin olunması və hesablanması qaydaları isə, şəxs pensiya çıxan zaman qüvvədə olan qanunvericiliyə əsasən tənzimlənir. Ali Məhkəmənin iddiaçının məhkəməyə qədər cavabdehə müraciət etdiyi 3 dekabr 2019-cu il tarixli ərizəsində təyin edilmiş pensiyanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsini bildirməməsi göstərişinə münasibətdə kollegiya qeyd edir ki, hər iki tələbdə iddiaçı əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq surətdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etdiyindən, hazırki iddia mümkündür. Eyni zamanda Ali Məhkəmənin apelyasiya instansiyası məhkəməsinin 2002-ci ildə iddiaçıya güzəştli şərtlə pensiya təyin edilən zaman iddiaçının istinad etdiyi “X1 haqqında” Qanunun yuxarıda sadalanan normalarına, o cümlədən pensiya təyinatının əmək haqqı əsasında hesablanmasına cavabdeh tərəfindən əməl edilib-edilməməsi ilə bağlı araşdırma aparmaması göstərişinə münasibətdə qeyd edir ki, əvvəlki apellyasiya baxışı zamanı məhkəmə tərəfində cavabdehdən iddiaçının pensiya işinin təqdim olunması xahiş olunmuşdur. Pensiya işinə əsasən müəyyən olunmuşdur ki, iddiaçıya pensiya təyin olunarkən qanunvericiliyin tələbləri pozulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3254/2020 saylı, 15.09.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3254/2020 saylı, 15.09.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-224/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-224/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver